Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2539/2024 25.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Lətif oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı (yaşayış yeri Göyçay şəhəri, Şəhriyar küçəsi, ev 8A, mənzil 49-dur, orta təhsillidir, işləmir), cavabdehin nümayəndəsi Nümayəndə3 (yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 17C, mənzil 54-dür, ixtisası hüquqşünas, vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının aparıcı mütəxəssisidir) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Göyçay şəhəri, Şəhriyar küçəsi, ev 8A, mənzil 49) cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (yerləşdiyi yer: Bakı şəhəri, X1 küçəsi 143) qarşı «keçmiş dövr üzrə müavinətin ödənilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 2005-ci il təvəllüdlüdür, bir neçə il əvvəl aldığı xəsarətlə bağlı görmə qabiliyyəti pisləşmiş və o, aidiyyəti tibbi müəssisədə müayinədə olmuş və müalicə olunmuşdur. Müvafiq tibbi əməliyyatdan sonra xəstəliyi ilə əlaqədar ona Dövlət Sosial Müdafiə Fondu tərəfindən müavinət təyin edilmişdir. 2023-cü ilin mart ayında 18 yaşının tamam olması səbəbindən həmin müavinət dayandırılmış və həkimlər ona əlillik verilməsi ilə bağlı yenidən müayinədən keçməyi tövsiyə etmişlər. Müayinə ilə əlaqədar isə, hərbi bilet alınması zəruri olmuşdur. Bununla bağlı o, Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinə müraciət etmişdir. Nəhayət ona hərbi bilet 2023-cü ilin iyul ayında müayinədən keçdikdən sonra həmin ilin dekabr ayında verilmişdir. Bundan sonra Göyçay Rayon Xəstəxanasının göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyası 2024-cü ilin aprel ayının 18-də iddiaçıya üçüncü dərəcəli əlillik təyin etmişdir. Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona sosial müavinət ödənişi aparsa da, ödənişin əhatə etdiyi dövr onu qane etməmişdir. Belə ki, 2023-cü ilin aprel ayından 2024-cü ilin aprel ayınadək olan dövr üzrə müavinət ödənilməmişdir. İddiaçı həmin dövr üzrə müavinətin ona ödənilməsi ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Bundan sonra İddiaçı cavabdeh DSMF-yə qarşı «keçmiş müddət üzrə müavinətin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh inzibati orqan DSMF-nin həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh dəyişdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki (iddia ərizəsinə əsasən), «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə ömürlük təyin edilir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçının əlilliyinin verilməsi ondan asılı olmayan səbəblərdən vaxt itkisi ilə olmuşdur. TSEK-in qərarı ilə əlillik 2024-cü ilin aprel ayının 18-də bərpa olunmuşdur. İnzibati orqan müavinətin hesablanmasında ötən ayları nəzərə almamışdır. Halbuki, bu müddət də nəzərə alınmalıdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24, 67-ci maddələrinə əsaslanaraq, ona 2023-cü ilin aprel ayından 2024-cü ilin aprel ayınadək olan dövr üzrə müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh inzibati orqan iddiaya etiraz edir. Qurum mövqeyini belə əsaslandırır ki (iddiaya qarşı yazılı etiraza əsasən), iddiaçının əlillik müddəti 1 mart 2023-cü il tarixdə bitdiyi halda, onun təkrar müayinə nəticəsində əlilliyinin təsdiqi 18 aprel 2024-cü il tarixdə həyata keçirilmişdir. Bu isə öz növbəsində qanunvericiliklə əlilliyin təkrar müayinə nəticəsində müəyyən olunması üzrə 6 aylıq müddətin ötürülməsi kimi qiymətləndirilir. İddiaçı 1 mart 2023-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək, yəni 1 il 17 gün əlilliyi olan şəxs hesab edilməmişdir. İddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, əlilliyin təyin olunması tarixinin uzanmasına səbəb onun hərbi biletinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən gec verilməsi olmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, iddiaçının əlilliyi 6 aydan artıq müddət keçdikdən sonra yenidən təyin olunmuşdur. İddia tələbi əsassızdır. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Göyçay rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Göyçay şəhəri, Şəhriyar küçəsi, ev 8A, mənzil 49-dur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı əlilliyə görə sosial müavinətin 2023-cü ilin aprel ayından 2024-cü ilin aprel ayınadək olan dövr üzrə ödənilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. «Sosial müavinətlər haqqında» Qanunun 4.0.1.3-cü maddəsinə görə bu Qanunla təyin edilən aylıq müavinətlər sırasına əlilliyə görə müavinət də daxildir. Həmin Qanunun 7.0.3-cü maddəsinə görə «Əmək pensiyaları haqqında» Qanunun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, əlilliyə görə müavinət – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Göründüyü kimi, qüvvədə olan qanunvericilik normaları nəzərdə tutur ki, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Pensiya hüququ olmayan əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə, ona əlilliyə görə müavinətin verilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Lakin müddət bitdikdən sonra 6 ay müddətində təkrar qiymətləndirilmə nəticəsində onun əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs sayılır. İddianın dəlilləri isə ondan ibarətdir ki, müddətin keçməsi iddiaçının təqsiri üzündən deyil, ona hərbi biletin vaxtında verilməməsi və bundan asılı olaraq əlilliyin qiymətləndirilməsi kimi səbəblərdən baş vermişdir. Lakin nəzərə alınmalıdır ki, istər hərbi biletin verilməsi, istərsə də əlilliyin qiymətləndirilməsi hazırkı inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının, eləcə də DSMF-nin özünün səlahiyyətlərinə aid deyil. Qeyd olunanların məcmusunda belə nəticə yaranır ki, İddiaçı 18 yaşının tamam olduğu, yəni əlillik müddətinin bitdiyi 1 mart 2023-cü il tarixdən yenidən qiymətləndirmə nəticəsində əlilliyinin müəyyən edildiyi 18 aprel 2024-cü il tarixədək olan dövrdə “əlilliyi olan şəxs” statusuna malik olmamışdır. Belə olan halda, məhkəmə iddiaçının dəlillərini əsassız sayır, cavabdehin mövqeyi ilə razılaşır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «keçmiş dövr üzrə müavinətin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 52, 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «keçmiş dövr üzrə müavinətin ödənilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2-1(116)-2539/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2539/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver