Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-254/2022 28.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X33 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-898 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında 1955-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evi və həmin yaşayış evinin yerləşdiyi 791 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X15 məxsus olması barədə mərhumun adına vahid daşınmaz əmlak kimi DƏDR-dən çıxarışın və texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən X16, X6, X3, Həmidov (Həşimov düzgün yazılış) Asif Həsənpaşa oğlu və Həmidova (Həşimova düzgün yazılış) Sevda Firuddin qızının adına hazırlanmış JN-898 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında 1955-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evi və həmin yaşayış evinin yerləşdiyi 0.09 ha həyətyanı torpaq sahəsinə mərhum atası X11 adına vahid daşınmaz əmlak kimi DƏDR-dən çıxarışın və texniki pasportun hazırlanması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbi dəqiqləşdirərək “JN-898 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında 1955-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evi və həmin yaşayış evinin yerləşdiyi 791 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X15 məxsus olması barədə mərhumun adına vahid daşınmaz əmlak kimi DƏDR-dən çıxarışın və texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmiş, həmçinin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X33 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-254/2022 nömrəli qərardadı ilə X16, X12, X3, X21 və X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-254/2022 nömrəli qərardadı ilə X12, X3, X21 və X13 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakı, adi cəlb etmədən zəruri cəlb etməyə dəyişdirilmiş, Qəbələ bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmiş. X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsinin özünün və ailə üzvlərinin faktiki istifadəsində olmasına baxmayaraq, həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” X10 və onun ailə üzvlərinin adına tərtib edilməsini bildirərək, həmin şəhadətnamənin ləğvini cavabdeh orqandan tələb etmiş, həmçinin həmin şəhadətnamədə qeyd edilən və faktiki istifadəsində olan torpaq sahəsi üzərində (fərdi yaşayış evi ilə birlikdə) mərhum Cahangir Əhmədovun mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Lakin, cavabdeh orqan şəhadətnamənin ləğv edilməsinin onun səlahiyyətində olmamasını və müvafiq şəhadətnamə ləğv olunmadan qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınmasının mümkünsüzlüyünü bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu müvafiq torpaq sahəsinin 485 inventar nömrəli texniki pasportla mərhum Cahangir Əhmədova məxsus olması və mübahisələndirdiyi şəhadətnamədə adları qeyd edilən şəxslərin həmin torpaq sahəsinə heç bir aidiyyətinin olmaması ilə əsaslandımışdır. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, JN-898F saylı Şəhadətnamənin ləğv edilməsi səlahiyyələri daxilində deyildir. Torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqları olmaqla həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Faktiki istifadədə olan torpaq sahəsi 0.087 hektar təşkil edir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi və digər tikililər mövcuddur. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZ-İİ 092015 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.1970-ci ildə vəfat etmişdir. - X38 Xidmət mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 1310 №-li məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş xx.xx.1939-cu il təvəllüdlü X4 hər hansı əmlakına dair X38 Xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmamış, o cümlədən, “Elektron notariat” informasiya sistemində vərəsəlik işi açılması barədə məlumat aşkar edilməmişdir. - cavabdehin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - X38 Xidmət mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixdə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı 703 №-li məktubunda qeyd edilmişdir ki, vətəndaş X7 miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd əsasında xx.xx.1970-ci il tarixdə vəfat etmiş X11 adına vərəsəlik işi açılması və ondan qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, ancaq miras qalmış əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilməmişdir. Odur ki, mərhum X15 məxsus olan əmlak – Qəbələ rayonunda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə hüquqların DƏDR-də qeydiyyata alınmasının təmin edilməsi xahiş olunur. - JN-898F, kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X17, X8, X5, X24 və X14 həyətyanı məqsədilə 0.07 ha torpaq sahəsinin verilməsi qeyd edilmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısında X11 və İddiaçıadları aşkar edilməmişdir. Məktuba əlavə edilmişvətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 898 sıra nömrəsinin qarşısında X9 ailə tərkibi 5 nəfər olmaqla, 0.07 ha torpaq sahəsinin ayrılması barədə qeyd vardır. - 485 inventar nömrəli texniki pasportdan görünür ki, ev sahibinin adı X23, evin tikildiyi il 1955-ci il , evin yerləşdiyi torpaq sahəsi 791 kv.m qeyd edilmişdir. - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 26 №-li məktubuna əlavə edilmiş X11 təsərrüfatına dair təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, onun və ailə üzvlərinin faktiki istifadəsində 0.07 ha torpaq sahəsinin olması ilə bağlı qeydiyyat aparılmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 485 inventar nömrəli texniki pasportda qeyd edilən 791 kv.m torpaq sahəsi JN-898F kod 40601004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.07 ha torpaq sahəsi, o cümlədən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.09 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı tərəfindən göstərilmiş, faktiki naturada ölçülmüş 0.0885 ha torpaq sahəsi Qəbələ şəhərinin inzibati sərhədləri daxilində yaşayış məntəqəsi torpaqları olmaqla, uqodiyası çoxillik əkmələrdir. Sözgedən torpaq sahəsi JN-898F nömrəli şəhadətnamə ilə xüsusi mülkiyyətə verilmişdir. Torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (2.4) zəruri sənədlər olaraq qeyd edilmişdir. İş materiallarında olan 485 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport sözügedən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun məhrum X15 məxsus olmasını sübut edir. Həmin texniki pasportun xx.xx.2001-ci ilədək tərtib edilməsi heç bir şübhə doğurmur. 485 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin hüdudları mütəxəssis tərəfindən təqdim edilmiş sxemdə aydın şəkildə qeyd edilmişdir. Həmin torpaq sahəsi ləğvi tələb edilən JN-898F nömrəli şəhadətnamədəki torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarını yox, cavabdeh orqanın, müvafiq şəhadətnamənin hazırlanmasında ifadə olunan faktiki xarakterli hərəkətlərini mübahisələndirir. Belə olan halda sözgedən şəhadətnamənin 485 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin üzərinə tərtib edilməsi və mülkiyyətçi olaraq üçüncü şəxslərin adlarının daxil edilməsi qanunsuz olmuşdur. Belə ki, “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Lakin, JN-898F nömrəli şəhadətnamə tərtib edilərkən qanunvericiliyin həmin tələbi nəzərə alınmamış və 485 inventar nömrəli texniki pasporta əsasən iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə üçüncü şəxslərin adının daxil edildiyi müvafiq şəhadətnamə hazırlanmışdır. Həmin torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını işdə olan Qəbələ rayon Dövlət Arxivinin təqdim etdiyi təsərrüfatbaşına kitabdan çıxarışlar da təsdiq edir. İşdə olan mütəxəssis rəyindən də göründüyü kimi JN-898F nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsi, 485 inventar nömrəli texniki pasportda qeyd edilən torpaq sahəsi ilə tamamilə üst-üstə düşür. Halbuki, “Torpaq islahatı haqqında” haqqında Qanunun tələbləri baxımından JN-898F nömrəli şəhadətnamə 485 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinə uyğun tərtib edilməli və həmin şəhadətnamədə mülkiyyətçi olaraq iddiaçı və onun ailə üzvləri qeyd edilməli idi. İddia olunan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 1955-ci ildə tikilməsi yuxarıda məzmununa istinad olunmuş, 485 inventar nömrəli texniki pasportla müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X15 məxsus olması müəyyən edildiyindən, iddiaçı həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində də mülkiyyət hüququnun mərhum X15 məxsus olması barədə dövlət reyestrində müvafiq qeydiyyatın aparılmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-) 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X33 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN-898F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında 1955-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evi və həmin yaşayış evinin yerləşdiyi 791 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X15 məxsus olması barədə mərhumun adına vahid daşınmaz əmlak kimi DƏDR-dən çıxarışın və texniki pasportun hazırlanması vəzifəsi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.