Məhkəmə qərarları › İş №2-1(116)-2543/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2543/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2543/2024 17.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katib Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı ünvan 1 ünvanında tikilmiş çoxmənzilli yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2020-ci il tarixli 19 saylı icazəsi ilə istismarına icazə verilmiş Göyçay şəhəri, S.Vurğun küçəsi 57 ünvanında tikilmiş çoxmənzilli yaşayış binası üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Göyçay Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2020-ci il tarixli 19 saylı icazəsi ilə istismarına icazə verilmiş Göyçay şəhəri, S.Vurğun küçəsi 57 ünvanında tikilmiş çoxmənzilli yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 42 nömrəli sərəncamı və obyektin tikintisinə 14 nömrəli icazə ilə ünvan 2 ünvanda çoxmərtəbəli yaşayış binasının tikintisi üçün iddiaçının mülkiyyətində olan 0.13751 ha torpaq sahəsində verilmiş sxem üzrə tikintialtı sahəsi 455.7 kv.m ölçüdə olan zirzəmili dördmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Göyçay Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2020-ci il tarixli tikinti obyektinin istismarına 19 nömrəli icazəsi ilə tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair nomrativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq 28 dekabr 2020-ci il tarixindən həmin tikinti obyektinin istismarına icazə verilmişdir. İddiaçı Göyçay Rayon İcra Hakimiyyəti başçısının həmin sərəncamına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia ərizəsinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı, Göyçay Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2020-ci il tarixli 19 saylı icazəsi ilə istismarına icazə verilmiş ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binası üzərində hüquqlarının dövlət qeydiyyatına alnması tələbi ilə müraciət etmiş, müraciəti qanunamüvafiq qaydada araşdırılaraq iddiaçıya 3-21-3-36/2-1885/2024 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli imtina məktubu ünvanlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsinin 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün sənəd-əsas olaraq qəbul edilmişdir. Belə ki, təqdim olunmuş hüquqmüəyyənedici sənədlər araşdırılan zaman 23 yanvar 2020-ci il tarixli **********28-12301 reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan qeyriyaşayış binasının sökülməsi və qeydiyyatının ləğvi ilə bağlı müraciətin edilmədiyi, həmçinin mülkiyyətində olan torpaq sahəsinin "Göyçay-inşaat MMC”-yə qoşulması, bağışlanması və ya birləşməsinə dair hüquqi sənədlərin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Eyni zamanda bildirilir ki, araşdırmalar zamanı istismara hazırlıq aktının təqdim edilmədiyi, tikinti obyektinin istismarına xx.xx.2018-ci il tarixli, 14 nömrəli icazə sənədinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi məlum olmuşdur. Belə ki, “Tikinti obyektinin istismarına icazə” sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin yazılmadığı və tikilən, istismar edilən və sökülən tikinti obyektlərinin elektron reyestrinə daxil edilmədiyi aşkar edilmişdir. Bu səbəbdən iddiaçıya **********71 nömrəli imtina barədə bildiriş göndərilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-ci il tarixli imtina məktubu; ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyeystrindən çıxarış, Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 42 nömrəli Sərəncamı; Göyçay Rayon İcra Hakimiyyətinin obyektin tikintisinə dair 14 nömrəli, xx.xx.2018-ci il tarixli İcazə sənədi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 16 saylı Ucar Ərazi İdarəsinin Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə baxış aktı; qeyri-yaşayış binasının memarlıq-planlaşdırma bölməsi, xx.xx.2024cü il tarixli Ö/006464 nömrəli istismara hazırlıq aktı, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin nəzdindəki Təhlil qrupunun xx.xx.2023-cü il tarixli, 1333/12 №-li rəyi, xx.xx.2017-ci il tarixli, 408-1/6736 inventar nömrəl əmlak kompleksinə dair texniki pasport. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Göyçay şəhəri, S.Vurğun küçəsi 57 ünvanında tikilmiş çoxmənzilli yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdır. İddia olunan qeyri-yaşayış binasının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilməsi işin mübahisəsiz halıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçının, sözgedən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün istinad olunan Qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetirilməlidir. İş materiallarında olan, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyeystrindən çıxarışdan görünür ki, Göyçay şəhəri, Səməd Vurğun küçəsində yerləşən 0,1375 ha torpaq sahəsi üzərində iddiaçının tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 42 nömrəli Sərəncamı ilə həmin torpaq sahəsində iddiaçıya verilmiş sxem üzrə tikintialtı sahəsi 455,7 kv.m olan zirzəmili 4 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş, xx.xx.2018-ci il tarixli 14 №-li obyektin tikintisinə icazə sənədində zirzəmili 4 mərtəbəli yaşayış binasının tikintialtı sahəsi 455,7 kv.m, ümumi sahəsi 2107,2 kv.m, ümumi torpaq sahəsi 0,13751 ha göstərilmiş, tikinti obyektinin layihəçisinin “AZƏRDÖVLƏTLAYİHƏ” dövlət baş layihə institutu olması qeyd edilmişdir. İddia olunan qeyri-yaşayış binasının memarlıq-planlaşdırma bölməsi “AZƏRDÖVLƏTLAYİHƏ” dövlət baş layihə institutu tərəfindən tərtib edilmiş, Dövlət Ekspertiza Baş İdarəsi ilə razılaşdırılmış, Göyçay rayin İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi tikilinin layihəsinin təsdiq edilməsi və onun istismara qəbuluna razılıq verilməsi Göyçay rayon İcra hakimiyyətinin səlahiyyətində olmuş və Göyçay rayon İHB-nın xx.xx.2020-ci il tarixli 19 №-li tikinti obyektinin istismarına icazə sənədi əsasında tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü qeyd olunaraq tikinti obyektinin istismarına icazə verilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli Ö/006464 nömrəli istismara hazırlıq aktında tikintinin başlanması tarixi xx.xx.2019-cu il, qurtarması tarixi isə xx.xx.2020-ci il qeyd edilmişdir. Obyektin əsas göstəriciləri olaraq qeyd edilmiş məlumatlar Göyçay rayon İHB-nın xx.xx.2020-ci il tarixli 19 №-li tikinti obyektinin istismarına icazə sənədində qeyd edilmiş texniki parametrlərə uyğundur. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin nəzdindəki Təhlil qrupunun xx.xx.2023-cü il tarixli, 1333/12 №-li rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin nəzdindəki Təhlil qrupunun xx.xx.2023-cü il tarixli, 1333 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsin dispoziyasında qeyd edilən “tikinti obyektinin istismarına icazə sənədi”-nin mahiyyəti də, mövcud vəziyyətin tikintiyə dair normativ aktlara uyğun olduğunun təsdiq edilməsindən ibarətdir. Yəni, “tikinti obyektinin istismarına icazə sənədi” ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X3 iddia olunan “tikilinin yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə” qərarı məzmunca eyni məsələləri həll edən hüquqi sənədlərdir. Hazırkı işdə iddia olunan qeyri-yaşayış binasına münasibətdə hər iki sənəd mövcuddur və qeyd olunan hal tikinti obyektinin istismara yararlı olmasını və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü birbaşa sübut edir. Göründüyü kimi iddia olunan tikiliyə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinin dispoziyasında tələb olunan şərtlərin hamısı (torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi) yerinə yetirilmişdir. Cavabdeh orqanın iddia tələbinə etirazının dəlilləri 23 yanvar 2020-ci il tarixli **********28-12301 reyestr nömrəli çıxarış ilə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının sökülməsi və qeydiyyatının ləğvi ilə bağlı müraciətin edilməməsi, torpaq sahəsinin "Göyçay-inşaat MMC”-yə qoşulması, bağışlanması və ya birləşməsinə dair hüquqi sənədlərin ərizəyə əlavə edilməməsi, istismara hazırlıq aktının təqdim edilməməsi, tikinti obyektinin istismarına xx.xx.2018-ci il tarixli, 14 nömrəli icazə sənədinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi (Tikinti obyektinin istismarına icazə” sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin yazılmaması və tikilən, istismar edilən və sökülən tikinti obyektlərinin elektron reyestrinə daxil edilməməsi) ilə bağlı olmuşdur. Məhkəmə cavabdeh orqanın dəlillərinə münasibətdə qeyd edir ki, sadalanan halların heç biri iddia olunan qeyri-yaşayaış binası üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina üçün əsas hesab edilə bilməz. Məhkəmə “iddia olunan tikinti obyektinin istismarına xx.xx.2018-ci il tarixli, 14 nömrəli icazə sənədinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi” ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 103.1.6cı maddəsinə əsasən tikinti obyektinin istismarına icazədə qeyd edilməli olan məlumatlardan biri Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsidir. Bundan başqa müvafiq icazə sənədinə tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; tikinti obyektinin istismar təyinatı; tikinti obyektinin əsas texniki göstəriciləri qeyd olunur. Müvafiq məlumatların qeyd olunması aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə məlumatların qeyd edilməməsi və ya düzgün qeyd edilməməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Odur ki, müvafiq kodun göstərilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Formaya görə təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, hansı tarixdən tikinti obyektinin istismarına icazə verilməsi rayon icra hakimiyyətinin başçısına həvalə edilmişdir. İşin yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi iddia olunan tikinti obyektinə münasibətdə Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tikinti obyektinin istismarına icazə sənədində qeyd edilən məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuşdur. Göyçay Rayon İcra Hakimiyyəti sözügedən obyektin tikinti layihəsinə uyğun inşa edildiyini müəyyən etmiş və ötən müddət ərzində müvafiq sərəncam və digər sənədlər mübahisələndirilməmişdir. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həlledici olan - tikintisi başa çatmış obyektin tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün müəyyən olunmasıdır. Qanunvericilikdə hüququn qeydə alınması üçün tikinti obyektinin istismarına icazə sənədinin tələb olunmasının əsas məqsədi də məhz həmin halın təsdiq edilməsidir. Cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək isə Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı sənəd ötən müddət ərzində mübahisələndirilməmişdir. Odur ki, müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. “İddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının sökülməsi və qeydiyyatının ləğvi ilə bağlı müraciətin edilməməsi” ilə bağlı etirazın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqan bu mövqeyini xx.xx.2017-ci il tarixdə tərtib edilmiş əmlak kompleksinə dair texniki pasportun mövcudluğu ilə əsaslandırsa da, işin yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi iddia olunan tikinti obyektinin yerləşdiyi torpaq sahəsi iddiaçıya tam xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Həmin torpaq sahəsi üzərində yerləşən hər hansı digər tikinti obyekti üzərində əmlak hüquqlarının dövlət qeydiyyatı aparılmamışdır. **********28 reyestr nömrəli çıxarışda da, daşınmaz əmlakın növü olaraq “torpaq sahəsi” qeyd edilmişdir. Odur ki, həmin torpaq sahəsi üzərində əvvəllər hər hansı digər tikilinin mövcud olması hazırkı tələbin təmin edilməsindən imtinaya əsas ola bilməz. Torpaq sahəsinin "Göyçay-inşaat MMC”-yə qoşulması, bağışlanması və ya birləşməsinə dair hüquqi sənədlərin ərizəyə əlavə edilməməsi” ilə bağlı cavabdeh orqanın etirazı isə qeyri-müəyyən olmaqla hazırkı tələb üzrə iddiaçının müraciətinin təmin edilməsinə nə kimi maneə yaratması (ümumiyyətlə müvafiq sənədlərin hansı məqsədlə tələb edilməsi) aydın deyil. “İstismara hazırlıq aktının təqdim edilməməsi” ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən sənəd icraat materiallarında mövcuddur və ilkin inzibati araşdırmada həmin sənədin iddiaçıdan və ya aidiyyəti qurumdan alınaraq işdə olan digər sənədlərlə birgə təhlil edilməsi cavabdeh orqanın vəzifəsi olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan tikinti obyekti üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” (Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1435/2023 nömrəli qərarında yuxarıda qeyd olunmuş hüquqi mövqe öz əksini tapmışdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 16 saylı ünvan 5 ünvanında tikilmiş çoxmənzilli yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar