Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2547/2024 29.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı (orta təhsilli, işləməyən) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: ünvan 1) cavabdeh – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Parlament prospekti 3) qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1999-cu il təvəllüdlüdür, 2016 – 2017-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindəki müvafiq hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ilin sentyabr ayında yenidən xidmətə çağırılmış və 26 sentyabr 2020-ci il tarixdən N dekabr 2020-ci il tarixədək Müdafiə Nazirliyinin tərkibindəki N nömrəli hərbi hissədə xidmət etmişdir. Hərbi hissəyə daxil olması və tərxis olunması hərbi biletdəki qeydlərdə əks olunmuşdur. Hərbi hissədə tibbi təminat üzrə tibb qardaşı kimi xidmət etmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh 15 may 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi və bu barədə məlumatın altsistemə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırılmışdır. İddiaçı tələbini belə əsaslandırır ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası əsassızdır. Belə ki, o, X1 Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamələrində döyüşlərdə tibb qardaşı kimi tibbi təminat sahəsində xidmət göstərmişdir. Ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Məhkəmədən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi və bu barədə məlumatın altsistemə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya etiraz edir və hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının döyüş əməliyyatları aparılan dövrdə xidmət keçdiyi (ezam olunduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə Müdafiə Nazirliyi nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyanın qərarı ilə ona veteran adı və vəsiqəsi verilməsindən imtina olunmuşdur. İddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia “müvafiq məlumatın altsistemə daxil edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddiaçının “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Qeyd olunmalıdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində hərbi qulluqçu kimi xidmət etməsə də, hərbi hissəyə ezam olunduğundan, ona münasibətdə müvafiq səlahiyyətli qurum qismində həmin Nazirlik çıxış etməlidir. Məhkəmə qeyd edir ki, imtina barədə məktub 15 may 2024-cü il tarixə, iddia ərizəsinin məhkəməyə daxil olması isə 12 iyun 2024-cü il tarixə, yəni imtina tarixindən 28 gün müddət keçdiyi vaxta təsadüf etdiyindən, hazırkı iş üzrə məcburetmə haqqında iddia ilə bağlı iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri ünvan 1 ünvanıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası qanuna zidd sayılmalı və iddiaçının hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1ci bəndinin 9, 10-cu yarımbəndlərinə görə müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. İş materiallarında olan İddiaçı məxsus SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, həmin sənəddə İddiaçı barəsində aşağıdakı qeydlər aparılmışdır: - N sentyabr 2020-ci il tarixdə MN N hərbi hissənin siyahısına daxil olmuş və N dekabr 2020-ci il tarixdə siyahıdan çıxarılmışdır (tərxis olunmuşdur). N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. - Hərbi biletin “İV. Ehtiyatda olarkən xidmət. 23. Vəzifəsinin və hərbi-uçot ixtisasının adı (vəzifə ixtisası)” qrafası – tibb qardaşı (sanitar təlimatçı). İş materiallarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini – tibb hissəsinin rəisinin (vəzifəni icra edən şəxsin) və tibb hissə rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi tərəfindən İddiaçı ilə bağlı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların tibbi təminatı üzrə tapşırıqların yerinə yetirmiş hərbi qulluqçular barədə arayış – məlumat tərtib edilmişdir. Arayış – məlumatda aşağıdakılar qeyd olunur: - Əsgər İddiaçı döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə xidmət keçmişdir, N sentyabr 2020-ci il tarixli 270 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, N dekabr 2020-ci il tarixli N nömrəli əmrlə hərbi hissədən çıxmışdır, N sentyabr 2020-ci il tarixli 034 nömrəli əmrlə tibbi təminat üzrə tapşırıqlar ilə bağlı fəaliyyətə cəlb olunmuşdur, Talış kəndi və Suqovuşan qəsəbəsi ərazilərində tibb hissəsinin tibb qardaşı kimi xidmət etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N oktyabr 2024cü il tarixli arayışında qeyd olunur ki, əsgər İddiaçı N nömrəli hərbi hissənin səyyar tibb qrupunun tibb qardaşı kimi döyüş əməliyyatları aparılan zaman (N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətlərində yaralılara yerində ilkin tibbi yardım göstərmiş və təxliyyəni həyata keçirmişdir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, qanunvericilik normaları müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində iştirak etmiş hərbi qulluqçularla yanaşı, hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri, yəni döyüş təminatı, mənəvi-psixoloji təminat və tibbi təminat üzrə tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxsləri də müharibə veteranı sayır və onlara müharibə veteranı adı və vəsiqəsinin verilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə, iddiaçının 2020-ci ilin sentyabr ayından döyüş bölgəsinə ezam olunması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin əmri ilə rəsmiləşdirilmişdir və o, döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçulara ilkin tibbi yardım göstərilməsində, həmçinin yaralıların təxliyyə olunmasının həyata keçirilməsində iştirak etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, onun müvafiq dövrdə döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissəyə ezam olunmasının əsası məhz ilk tibbi yardım və yaralıların təxliyyəsinin həyata keçirilməsi işinə cəlbdir. Bununla da, xüsusilə də xidmət etdiyi N nömrəli hərbi hissənin tərtib etdiyi anketməlumatdan və məktubdan müəyyən edilir ki, İddiaçı 2020-ci ilin N sentyabr tarixindən 10 noyabr 2020-ci il tarixinədək döyüş bölgəsinə (Goranboy rayonuna ezam olunması halı işin mübahisəli halı deyil) ezam olunaraq, döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. Cavabdehin dəlilinə, yəni iddiaçının ezam olunduğu hərbi hissənin yerləşdiyi yerin ərazi meyarlarına uyğunsuzluğuna gəldikdə isə, məhkəmə vurğulayır ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etdiyindən, ora ezam olunmuş mülki şəxslərin döyüş təminatı ilə bağlı vəzifələrini yerinə yetirmə yerinin döyüş bölgəsinin yaxın ərazində olması məntiqli və ağlabatandır və işin bu xüsusiyyəti “ərazi meyarlarına zidd” dəyərləndirilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinə ünvanlanmış sorğuya (tələbnaməyə) həmin qurumdan alınmış cavabdan xx xxxxxx 1996cı il tarixdə Mingəçevir şəhərində doğulmuş İddiaçı məhkumluğuna, eləcə də barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya onun amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Bu isə, belə nəticə yaradır ki, İddiaçı «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin “Qeyd” hissəsində göstərilən şəxslərin dairəsinə aid edilmir. Odur ki, məhkəmə tərəflərin dəlil və sübutlarına mövcud qanunvericiliyin tələbləri baxımından qiymət verərək cavabdehin imtinası ilə razılaşmır və iddiaçının dəlillərini əsaslı sayır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq, İPM-in 69, 73.1, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2-1(116)-2547/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2547/2024
29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver