Məhkəmə qərarları › İş №2-1(116)-255/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-255/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-255/2023 01.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququ yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “hüququ yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Qırğızıstan Respublikası Oş vilayətinin Aravan rayonunda anadan olmuşdur, Orta məktəbi Qırğızıstan Respublikasında bitirmiş, məktəbi bitirdikdən sonra Qırğızıstanda kolxoz tərəfindən açılmış xx.xx.1972-ci tarixli 991 saylı Əmək Kitabçasında olan məlumatlarda da qeyd edildiyi kimi xx.xx.1970-xx.xx.1972-ci illərdə Qırğızıstan Respublikasının Aravan rayonda Lenin adına kolxozda kolxozçu işləmiş və əmək kitabçamda 1970-ci ildə adambaşı iş günü sayı 232 gün, 1971-ci ildə 292 gün, 1972-ci ildə 27 gün olmuşdur. Daha sonra xx.xx.1973xx.xx.1973-cü illərdə Aravan rayon “Kırqız selxoztexnikumıı "nda elektrik qaynaqçısı işləmiş, 1973-1976-cı illərdə 3 il hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra xx.xx.1977ci ildə yenidən Aravan rayon "Kırqız selxoztexnikumıı"nda elektrik qaynaqçısı olaraq işinə davam etmişdir. xx.xx.1978-ci ildə həmin idarədə 3-cü dərəcəli qaynaqçı vəzifəsinə keçirilmişdir, xx.xx.1979-cu ilə qədər qaynaqçı işlədikdən sonra həmin tarixdən sürücü vəzifəsinə keçirilmişəm, xx.xx.1980-cı ilə qədər sürücü işlədikdən sonra həmin tarixdən yenidən 3-cü dərəcəli qaynaqçı vəzifəsinə keçrilmiş, xx.xx.1985-ci ildə 4-cü dərəcəli qaynaqçı vəzifəsinə keçirilmiş və xx.xx.1990-cı ildə Azərbaycana gəldiyi üçün öz ərizəsilə işdən azad edilmişdir. O, 1986 və 1987-ci illərdə həmin "Kırqız selxoztexnikumı"nda yaxşı işləməyinə görə mükafatlandırılmış və bu onun əmək kitabçasıda öz əksini tapmışdır. 1990-cı ildə Azərbaycana gəldikdən sonra xx.xx.1990-cı ildən P.Babayev adina üzümçülük sovxozunda elektrik qaynaqçısı olaraq işə başlamışdır. xx.xx.1997-ci ildə İcra Hakimiyyətinin qərarına əsasən X3 Müəsssisəsinə çilingər-qaynaqçı keçrilmiş və Beşevlər KTMUK-nin xx.xx.1997-ci il tarixli əmri ilə işə davam etmişdir. xx.xx.1998-ci ildə Beşevlər KTMUK-də Aqrar İslahat getdiyi üçün kooperativin fəaliyyəti dayandırılmış və o bu səbəbdən işdən azad edilmişdir. O, cavahdeh Azərbaycan Respublikasmn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Həmin orqan müraciətinə xx.xx.2022-ci il tarixdə cavab verərək güzəştli şərtlərlə pensiya təyini barədə tələbindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı ümumi sosial sığorta stajı 21 il 1 ay 21 gün ( xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984cü il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991 -ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlər) təşkil edir və buda qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır.Eyni zaman da bildiririk ki, 07 iyul 1972-ci il tarixli 991 nömrəli əmək kitabçasına əsasən 1970-1972-ci illərdə Lenin adına Aravan rayon kolxozunda işlədiyiniz dövr üzrə “il ərzində əmək günü” və “ müəyyən edilmiş əmək günləri minumumu” barədə məlumatlar göstərilməməsi səbəbindən qeyd edilən dövr sosial sığorta stajına daxil edilməmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. Əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 34560,00 manat hesablandığı halda qeydə alınan pensiya kapitalı cəmi 17190,08 manat təşkil edir.Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan ümumi sosial sığorta stajı və pensiya kapitalı tamamianmadığına görə, ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir: - İddiaçıya məxsus 01 iyul 1972-ci və 23 mart 1973-cü il tarixli Kolxozçunun əmək kitabçaları; - İddiaçıya məxsus 25 aprel 1973-cü il tarixli HC ******* nömrəli hərbi bilet; - İddiaçıya məxsus AZE seriyalı,0******* nömrəli Şəxsiyyət vəsiəqsi; - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli məktubuna əlavə edilmiş 5/402-4/463-5/433 nömrəli ekspert rəyi; - X4 filialının xx.xx.2019-cu il tarixli məktubu; - Qırğızıstan Respublikası Oş vilayətinin Aravan rayonun Dövlət Arxivinin 03 oktyabr 2023-cü il tarixli arayışları. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İşin məhkəmə araşdırılması zamanı iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının bəzi qeydlərində vizual müşahidə zamanı aşkar olunan dəyişikliklər olduğu müəyyən edilmişdir.Bu baxımdan da məhkəmənin 20 fevral 2023-cü il tarixli ,2-1(116)-255/2023 saylı Qərardadı ilə iş üzrə sənədlərin məhkəmətexniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli məktubuna əlavə edilmiş 5/402-4/463-5/433 nömrəli ekspert rəyindən müəyyən edilir ki,əmək kitabçasının müxtəlif səhifələrində düzəlişlər aparılmışdır. Ekspert rəyində deyilir: Tədqiq olunan “Əmək kitabçasının üz hissəsi boz üzlüklə cildlənmiş, üzərində “ТРУДОВАЯ КНИЖКА ЭМГЕК КНИЖКАСЫ» yazısı və “СССР” gerbinin təsviri vardır. Əmək kitabçası 34 səhifədən ibarət olub, qrafalarda qələm vasitəsi ilə icra edilmiş yazılar, imzalar və möhür əksləri vardırlar.

1. Tədqiqata təqdim edilmiş “Əmək kitabçası”nın 4-cü səhifəsində 5-ci sıradakı “год” qrafasındakı “1977” və həmin sırada 4-cü sütunda olan “İİ/İV/-77” rəqəmlərdə hər hansı bir düzəlişlərin (mexaniki üsulla pozma, üstdən düzəliş etmə, kimyəvi üsulla silmə, sonradan əlavə etmə, ağardıcı maddə ilə pozma və s.) edilib-edilməməsini müəyyən etmək üçün “Leica M 205 C” mikroskopu, «Foster-Freeman» firmasının istehsalı olan VSC- 6000/HS markalı video komporator vasitəsilə tədqiqat işləri aparıldı və aşağıdakı əlamətlər müəyyən olundu (şəkil 1): - kağız liflərinin zədələnməsi; - həmin hissələrdə kağızın üst qatının zədələnməsi; - həmin hissələrin lüminessensiyasının fərqli olması. Yuxarıda göstərilən əlamətlərə əsasən belə nəticəyə gəlindi ki, təqdim edilmiş İddiaçı adına verilmiş 23 mart 1973-cü il tarixli “Əmək kitabçası”nm 4-cü səhifəsində 5-ci sıradakı “год” qrafasındakı “1977” və həmin sırada 4-cü sütunda olan “İİ/İV/-77” rəqəmlərdən sonuncu “7” rəqəmlərində iti pridmetdən istifadə etməklə (ülgüclə, bıçaq, cızçəkən) mexaniki üsulla pozulmanın izləri müəyyən edildi. Həmin pozulmalar yerli və intensiv olduğu üçün rəqəmlərin yerində hər hansı bir digər rəqəmin olub-olmamasını müəyyən etmək mümkün olmadı.

2. Təqdim edilmiş “Əmək kitabçası”nın 2-ci səhifəsində 3-cü sırada 4-cü sütunda olan “25/İV/-73” qrafasındakı rəqəmlərdə hər hansı bir düzəlişlərin (mexaniki üsulla pozma, üstdən düzəliş etmə, kimyəvi üsulla silmə, sonradan əlavə etmə, ağardıcı maddə ilə pozma və s.) edilib-edilməməsini müəyyən etmək üçün Rəyin 1-ci bəndin tədqiqi hissəsində qeyd edilmiş metodlar vasitəsilə tədqiqat aparıldı və aşağıdakı əlamətlər müəyyən olundu (şəkil 2): - əlavə cizginin olması; - basma izinin müxtəlif olması; - qaralamanın olması; Yuxarıda göstərilən əlamətlərə əsasən belə nəticəyə gəlindi ki, təqdim edilmiş Məmmədov İddiaçı adına verilmiş 23 mart 1973-cü il tarixli “Əmək kitabçası”nın 2-ci səhifəsində 3-cü sırada 4-cü sütunda olan “25/İV/-73” rəqəmlərdəki “İV” rum rəqəmlərinin üzərlərindəki qaralamalar yerli və intensiv olduğu üçün ilkin rəqəmləri müəyyən etmək mümkün olmadı. İşin hallarından və təqdim olunan ekspert rəyindən müəyyən edilir ki,iddiaçının əmək kitabçasının bəzi qeydləri mötəbər deyildir. İddiaçı xx.xx.1955-ci il doğumlu olduğundan 15 yaşının tamam olduğu xx.xx.1970-ci il tarixdən başlayaraq onun əmək stajı aşağıdakı qaydada hesablanmışdır:

1. İddiaçıya məxsus xx.xx.1972-ci il tarixli Kolxozçunun əmək kitabçasına əsasən - 01 il 09 ay;

2. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli Kolxozçunun əmək kitabçasına əsasən; xx.xx.1973-xx.xx.1973-cü il, Aravan rayon Kırqız selxoztexnikumunda elektrik qaynaqçısı- 03 ay 23 gün; xx.xx.1980-xx.xx.1990-cı il, həmin iş yerində üçüncü və dördüncü dərəcə qaynaqçı- 09 il 11 ay 09 gün; xx.xx.1990-xx.xx.1997-ci il, P.Babayev adina üzümçülük sovxozunda elektrik qaynaqçısı-06 il 07 ay 26 gün; xx.xx.1997-xx.xx.1998-ci, Beşevlər KTMUK-nin qaynaqçı-01 il 01 ay 05 gün;

3. İddiaçıya məxsus 25 aprel 1973-cü il tarixli HC ******* nömrəli hərbi biletə əsasənxx.xx.1973-xx.xx.1976, 03 il 09 gün; Yuxarıda qeyd olunan iş illərinin cəmi 22 il 09 ay 12 gündür.Bununla bərabər ekspert tədqiqatının predmeti olmuş xx.xx.1977-xx.xx.1980-ci illəri əhatə edən 3 il 3 ay 10 günlük dövrün xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan hissəsi nəzərə alınmaqla iddiaçının həmin dövrü əhatə edən və mötəbər hesab edilən iş stajı 01 il 07 ay 28 gündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçının bütövlükdə iş stajı 24 il 05 ay 10 gün təşkil etməklə tələb olunan 25 il iş stajından azdır.Belə olan halda məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna zidd sayılmamalı və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququ yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququ yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar