Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-255/2024 30.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “nəğd şəkildə ödənilmiş məcburi dövlət sığorta haqları qəbzlərinin proqram təminatına əlavə edilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “nəğd şəkildə ödənilmiş məcburi dövlət sığorta haqları qəbzlərinin proqram təminatına əlavə edilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsində cavabdeh qisminin dəyişdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının olmasını xahiş etmişdir. Məhkəmənin 2-1(116)-2101/2023 saylı,xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.2006-cə il tarixdən sahibkar kimi Mingəçevir şəhərində 2683 nömrəli qeydiyyat nömrəsi ilə ********** saylı məcburi dövlət sosial sığorta hesabı, ********** VÖEN hesabı ilə qeydiyyata alınmışdır. Qeydiyyatdan keçdiyi vaxtdan pensiya hesablanması üzrə təsdiq olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqını AR dövlət Sosial Müdafiə fondunun Mingəçevir şöbəsinə halhazırda saxlanmış olduğu mədaxil qəbzləri vasitəsilə nəğd şəkildə ödəmişdir. xx.xx.2020ci ildə iddiaçıya yaşa görə sosial müavinət təyin olunmuşdur. İddiaçı bununla əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixində məktub ünvanlanaraq tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı dair Nazirliyin elektron proqram təminatlarında iddiaçı tərəfindən (SUN: **********9) 2007-ci il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar (Forma B1), ona uyğun təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında məlumatlar və həmin il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir.
2. xx.xx.2007-ci il tarixli 028778 nömrəli qəbzdən görünür ki, iddiaçı DSMF-nun Mingəçevir şəhər şöbəsinin hesabına 6 manat ödəniş etmişdir.”
3. xx.xx.2007-ci il tarixli 299081 nömrəli qəbzdən görünür ki, iddiaçı DSMF-nun Mingəçevir şəhər şöbəsinin hesabına 6 manat ödəniş etmişdir.
4. xx.xx.2007-ci il tarixli 299920 nömrəli qəbzdən görünür ki, iddiaçı DSMF-nun Mingəçevir şəhər şöbəsinin hesabına 6 manat ödəniş etmişdir.
5. xx.xx.2007-ci il tarixli 300477 nömrəli qəbzdən görünür ki, iddiaçı DSMF-nun Mingəçevir şəhər şöbəsinin hesabına 6 manat ödəniş etmişdir.
6. xx.xx.2007-ci il tarixli 301222 nömrəli qəbzdən görünür ki, iddiaçı DSMF-nun Mingəçevir şəhər şöbəsinin hesabına 6 manat ödəniş etmişdir.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı 2007-ci il tarixli qəbzlərə əsasən ödədiyi ödənişləri dövlət sosial sığorta haqqının iddiaçının şəxsi fərdi hesabında qeydə alınmasından ibarətdir. Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 26 fevral 2021-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu” Qaydasına əsasən Sığortaedənin sığortaçıda uçotu dedikdə, sığortaedənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulur. Məhkəmə hesab edir ki, iddiaçı, sözügedən vəsaitin fərdi hesabında əks etdirilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. İş materiallarından görünür ki, iddiaçının təqdim etdiyi 2007-cı il tarixli DSMF-nun Mingəçevir şəhər şöbəsinin ödəmiş olduğu qəbzlərə əsasən məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Müvafiq qəbz 2007-cı il tarixlərində tərtib edildiyindən nəzərə alınmalıdır ki, ödənilmiş həmin pul məbləğini, iddiaçının fərdi hesabının sığorta hissəsində əks etdirmək cavabdeh orqanın vəzifəsi olmuşdur. İddiaçı həmin pul məbləğini buna səlahiyyəti olan müvafiq orqana təqdim etməklə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı qanunvericiliyin onun üzərinə qoyduğu vəzifəni yerinə yetirmişdir. Cavabdeh orqan, təqdim edilmiş həmin qəbzin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilməmiş, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını bildirmişdir. Cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmamasına, iddiaçı tərəfindən ümumiyyətlə heç bir ödəniş edilmədiyi halda istinad edə bilərdi. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən müvafiq ödənişin edilməsi sözgedən qəbzlə sübut olunur və müvafiq qəbzin mövcudluğu iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı cavabdehin dəlillərinin əsassızlığını sübut edir. Buna görə də məhkəmə hesab edir ki, 2007-cı il tarixli DSMF-nun Mingəçevir şəhər şöbəsinin təqdim etdiyi mədaxil qəbzlərində qeyd edilmiş pul məbləği iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2020-ci il tarixinə qədər qeydə alınmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə iddiaçının DSMF-nin Mingəçevir şəhər şöbəsinin hesabına xx.xx.2007-ci il, xx.xx.2007-ci il,xx.xx.2007-ci il,xx.xx.2007-ci il və xx.xx.2007-ci il tarixli qəbzlərə əsasən ödədiyi məcburi dövlət sığorta haqqının İddiaçı şəxsi fərdi hesabında qeydə alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.