Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2551/2024 10.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının Məmmədov Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh orqanın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “22 may 1986-cı il tarixində tərtib edilmiş 32 nömrəli doğum haqqında akt qeydində adının “Elvin” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “22 may 1986-cı il tarixində tərtib edilmiş 32 nömrəli doğum haqqında akt qeydində adının “Elvin” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı 26 mart 1986-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. Ona məxsus olan Qırğızıstan Respublikası tərəfindən verilmiş İD3671349 nömrəli şəxsiyyət vəsiqəsində adı Elvin, soyadı isə Nəcəfov kimi qeyd edilmişdir. Bundan əlavə, ona məxsus olan Qırğızıstan Respublikası tərəfindən verilmiş PE1626922 nömrəli pasportda adı Elvin, soyadı isə Nəcəfov kimi qeyd edilmişdir. Göründüyü kimi, ona məxsus olan bütün sənədlərdə adı “Elvin” kimi qeyd edilmişdir. Belə ki, o, Cavabdehnə müraciət edərək, doğum haqqında akt qeydində adının "Eldar"dan "Elvin”ə dəyişiklik edilməsini xahiş etmişdir. Cavabdeh 06 iyun 2024-cü il tarixli məktubu ilə ona bildirilmişdir ki, Şəki şəhər İHB-nın Aydınbulaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1986-cı il tarixli 32 nömrəli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adı Eldar, lakin PE1626922 nömrəli pasportunuda adı Elvin kimi yazılmışdır. Həmçinin doğum haqqında akt qeydində düzəlişə əsas olan sənədin (doğum haqqında ilkin şəhadətnamənin) əslinin də, olmadığını itirildiyi bildirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq tərəfindən həyata keçirilir. Hamin müddəaların 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Bildirilmişdir ki, qanunvericiliyə uyğun olaraq doğum haqqında akt qeydində adına “Elvin” kimi dəyişiklik edilməsi ilə bağlı kifayət qədər əsaslar olmadığından doğum haqqında akt qeydində dəyişiklik edilməsi mümkün olmamışdır. Cavabdeh 06 iyun 2024-cü il tarixli imtinasını qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə münasibətində bildirmişdir ki, iddiaçı barəsində tərtib edilmiş doğum haqqında akt qeydində adı “Eldar” qeyd edilmişdir. İddiaçının adına tərtib edilmiş Xİ-JQ 404412 nömrəli doğum haqqında şəhadətnamə itirildiyi üçün adının özünün bildirdiyi kimi “Elvin” olaraq qeyd edilməsi faktı sübuta yetirilməmişdir. Bundan əlavə avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum akt qeydindən başqa heç bir akt qeydi aşkar edilməmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, Qırğızıstan Respublikasında pasport alanda “Eldar” adını “Elvin” kimi qeyd ediblər. Belə ki, onun yaş kağızında adı “Eldar” olmuş, sonradan pozulub “Eldar”-a çevrilmişdir. Atasının bildirdiyinə görə pozulma anası tərəfindən edilib. Səbəb isə xalası oğlunun adının “Eldar” olması olub. Yaş kağızında “Eldar” adı pozularaq “Elvin” qeyd edildiyindən sonradan alınan pasportda da, adı “Elvin” olaraq qeyd edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə münasibətlə eyni məzmunlu izahat verərək iddia tələbinin qanunamüvafiq qaydada həll edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, PE1626922 nömrəli Pasport, xx.xx.1986-ci il Tarixli 32 nömrəli doğum haqında akt qeydi, X4 filialının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Şəki şəhər İHB-nın Aydınbulaq kənd İcra Nümayəndəliyinin 1986-1990-cı illərin təsərrüfatbaşı kitabından çıxarışın surəti. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının pasportunda adı “Elvin” kimi qeyd olunsa da, doğum haqqında akt qeydində adı “Eldar” kimi qeyd edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı 22 may 1986-cı il tarixində tərtib edilmiş 32 nömrə ilə qeydə alınmış doğum akt qeydində düzəliş edilərək adının “Elvin” kimi qeyd edilməsinə nail olmaqdır. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində adına düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmamasına istinad etmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, doğum haqqında şəhadətnamə ilkin akt qeydi əsasında verilir və doğum haqqında akt qeydində düzəliş edilməsi üçün əsas sənəd qismində çıxış edir. İddiaçı doğum haqqında şəhadətnaməsini cavabdeh orqana təqdim etməmiş, onun itdiyini bildirmiş, sözügedən akt qeydində adının “Eldar” qeyd edilməsinin səhv olmasını və cavabdeh orqandan yol verilmiş həmin səhvin aradan qaldırılmasını xahiş etmişdir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalarına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsaslar (1-ci bənd) mövcud olmalıdır. Aidiyyəti şəxslər arasında mübahisə olmadığından hazırkı işə münasibətdə mübahisələndirilən akt qeydinə münasibətdə 2 hal müəyyən edilməlidir:
1. 22 may 1986-cı il tarixində tərtib edilmiş 32 nömrəli akt qeydində iddiaçının adının “Eldar” olması barədə qeydin səhv olması sübuta yetirilməlidir.
2. iddiaçının adının “Eldar”-dan “Elvin”-ə dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmalıdır. İş materiallarında olan X4 filialının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Şəki şəhər İHB-nın Aydınbulaq kənd İcra Nümayəndəliyinin 1986-1990-cı illərin təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, iddiaçı X1 təsərrüfatında uçotda olmaqla ailə üzvləri siyahısında göstərilmiş, doğum tarixi “xx.xx.1986”-cı il, adı “Eldar” olaraq qeyd edilmişdir. İddiaçı, özü də məhkəmə iclasında verdiyi izahatında ilkin doğum haqqında şəhadətnamədə adının “Eldar” olmasını, sonradan pozularaq “Elvin” qeyd edilməsini, həmin sənəd əsasında da, “Elvin” adı ilə Qırğızıstan Respublikasında pasport aldığını bildirmişdir. İddiaçının “Elvin” adı ilə Qırğızıstan Respublikasında pasport alması isə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun akt qeydinin səhv olduğunu müəyyən etmək üçün hüquqi əsas yaratmır. Belə olan halda məhkəmə hesab edir ki, ilkin akt qeydinin səhv olması müəyyən olunmadığı halda ona dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olması da qeyri-mümkündür. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 4-cü və 5-ci bəndlərində də vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi əsasları və qaydaları müəyyən edilmişdir ki, hər bir halda iddiaçının adının ilkin “doğum haqqında akt qeydi”ndə “Eldar” qeyd edilməsi səhv olmadığından, iddiaçı, ilkin doğum akt qeydinin tərtibində səhvə yol verilməsi əsasına istinad etməklə cavabdeh orqandan sözügedən akt qeydində “ad” qrafasına dəyişiklik edilməsini tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “22 may 1986-cı il tarixində tərtib edilmiş 32 nömrəli doğum haqqında akt qeydində adının “Elvin” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.