Məhkəmə qərarları › İş №2-1(116)-2553/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2553/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2553/2024 26.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vüqar Musayev Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2024-cü il tarixli, №06 gm nömrəli əmrinin ona aid olan hissəsinin ləğv edilməsi, onun N saylı hərbi hissənin pilotsuz uçuş aparatları taborunun pilotsuz uçuş aparatları dəstəsinin “Şimşək” manqasının baş texniki vəzifəsinə bərpa olunması və işə bərpa olunanadək itirilmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “AR Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, №06 gm nömrəli əmrinin ləğv edilməsi, onun N saylı hərbi hissənin pilotsuz uçuş aparatları taborunun pilotsuz uçuş aparatları dəstəsinin “Şimşək” manqasının baş texniki vəzifəsinə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024 -cü il tarixli 2-1(112)-8252/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2024-cü il tarixli, №06 gm nömrəli əmrinin ona aid olan hissəsinin ləğv edilməsi, onun N saylı hərbi hissənin pilotsuz uçuş aparatları taborunun pilotsuz uçuş aparatları dəstəsinin “Şimşək” manqasının baş texniki vəzifəsinə bərpa olunması və işə bərpa olunanadək itirilmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, xx.xx.2012-ci il tarixdən etibarən baş gizir kimi xidmətə başlamışdır. 06 mart 2024-cü il tarixdə xidmətdə olduğu zaman həmin hərbi hissənin qərargahına çağırılmış və Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, № 06gm əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması bildirilmişdir. Əmrin surəti ona indiyə qədər təqdim edilməmiş, yalnız şifahi olaraq xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən xaric olunduğu bildirilmişdir. Halbuki o, hərbi xidmətdə olduğu müddətdə gizir kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə və şərəflə yerinə yetirmiş, hər zaman intizamlı olmaqla yanaşı, hərbçi şərəfini hər şeydən uca tutmuş və bu peşəyə xələl gətirən heç bir qüsurlu hərəkət etməmişdir. Xidmətə başladığı gündən barəsində hərbi intizamın pozulmasına görə İntizam Nizamnaməsində nəzərdə tutulmuş hər hansı cəza tədbiri tətbiq edilməmişdir, əksinə Tovuz döyüşlərinin və 2020-ci ildə başlanan Vətən müharibəsinin (44 günlük müharibənin) və 24 saatlıq Antiterror əməliyyatlarının iştirakçısı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0111 t xx.xx.2022-ci il tarixli əmrinə əsasən "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli, 2715 nömrəli sərəncamı ilə "Qubadlının azad olunmasına görə medalı" ilə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 05 noyabr tarixli, 671s nömrəli sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0177 t xx.xx.2018-ci il tarixli əmrinə əsasən "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) "Yubiley medalı ilə təltif olunmuşdur. Ona aid "Xidmət vərəqəsi"ndə göstərdikləri öz əksini geniş formada tapmışdır. İddiaçı, Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 1, 2, 156, 168-ci bəndlərinə istinad edərək xx.xx.2024-cü il tarixli, № 06gm əmri qanunsuz və əsassız hesab etdiyini bildirmişdir Təhlil olunan normaların işin hallarına tətbiqi onunla bağlıdır ki, əgər iddiaçı ehtiyata buraxılması ilə əlaqədar vəziyyətinin dəyişilməsini arzulayırsa, bu zaman çıxarılmış əmrin qanunvericiliyin pozulması ilə müşayiət olunduğunu və buraxılma ilə əlaqədar yeni halların aşkara çıxdığını sübut etməlidir. Buraxılma ilə əlaqədar yeni halların aşkara çıxması dedikdə o başa düşülməlidir ki, buraxılma haqqında əmr verildikdən sonra buraxılma ilə əlaqədar əvvəllər tərəflərə məlum olmayan həlledici məlumat, material aşkar edilmiş olsun. Bununla bağlı iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbinin onun üzərində narkotik gəzdirməsinin olduğu lakin iş üzrə sənədlərdən bu halın təsdiqlənmədiyi və bununla da, iddiaçının ehtiyata buraxılması üçün əsas olmadığı nəticəsinə gəlinməlidir. Belə ki, əmrin verilməsinə, yəni onu xidməti uyğunsuzluğa görə ordudan tərxis edilməsinin əsası kimi, iddiaçının barəsində Sunqayıt şəhər 3-cü polis bölməsinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərək narkotik vasitə aşkar olunması ilə bağlı olmuşdur. Polis bölməsində həmin materiallar toplanaraq N saylı hərbi hissəyə göndərilmişdir. Cavabdehin mövqeyinə görə də, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi üzərində narkotik vasitənin aşkarlanması olmuşdur. Lakin, iddia ərizəsinə əlavə edilmiş araşdırma materiallarından görünür ki, iddiaçının narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibarət əməllərində cinayət və inzibati xətanın tərkibi müəyyən edilməmişdir. Yəni, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi ücün səbəb kimi göstərilən halla bağlı təqsiri müəyyən edilməmiş və günahı öz təsdiqini tapmamışdır. Beləki, başqa, N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisitəhqiqatçı ədliyyə kapitanı Elnur Məmmədov tərəfindən Sumqayıt şəhər 3-cii polis bölməsinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərək narkotik vasitə aşkar olunması ilə bağlı, İddiaçı barədə toplanmış 11m/t-24 saylı materiala baxılaraq, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibatət əməllərində AR CMnin 234.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və əməllərində cinayət tərkibi olmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi iddiaçının üzərindən narkotik vasitənin aşkar edilməsinə görə xidməti uyğunsuzluğu barədə təqdimat vermiş N saylı hərbi hissə komandirinin köməkçisitəhqiqatçısı, onun narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibarət əməllərində AR CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığını müəyyən edərək, əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasını rədd etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2—ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Barəsində cinayət təqibi bəraətverici əsaslarla xitam verilməsinə baxmayaraq, N nömrəli hərbi hissənin şərəf məhkəməsi tərəfindən qərəzli olaraq haqqında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə müvafiq olaraq, xidməti uyğunsuzluqla ehtiyata buraxılmağına dair təqdimat vermişdir. Eyni zamanda yuxarıda göstərilən qərarla baş gizir İddiaçı əməlində inzibati xətanın olub-olunmaması baxılması üçün materiallar Lənkəran hərbi prokurorluğuna təqdim edilmişdir. Lənkəran hərbi prokurorluğunun 19 mart 2024-cii il tarixli qərarı ilə isə Müdafiə Nazirliyinin N saylı həbi hissəsinin sabiq hərbi qulluqçusu, baş gizir İddiaçı içərisində təmiz çəkisi 0,52 qram olan narkotik vasitə qurudulmuş marixuana olan bağlamanı Salyan rayonu, ərazisində aşkar etməsi və üzərində gəzdirməsi əməlində AR İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsində AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmişdir. Həmçinin, İddiaçı tutulan gün 25 yanvar 2024-cü il tarixdə tibbi müayinədən keçmiş və sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin nəticəsinə əsasən onda narkotik vasitənin qəbulu faktı aşkar edilməmişsdir. Eyni zamanda N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 136 saylı təliqəsinə əsasən N saylı hərbi hissəsinin hərbi qulluqçularından götürülmüş qan və sidik nümunələrinin tərkibində narkotik vasitə və psixitrop maddələrin olub-olmamasını müəyyən etmək üçün Məhkəmə Tibbi-Ekspertiza və Anatomiya Mərkəzinə verilmişdir. İddiaçıdan götürülmüş analiz nümunələri neqativ cavablandırılmış, yəni hər hansı narkotik mənşəli təsir edici vasitələrdən istifadə olunma müəyyən edilməmişdir. Bununla da, iddiaçının ümumiyyətlə nakotik vasitədən istifadə etməsi öz təsdiqini tapmamışdır. İddiaçının barəsində şərəf məhkəməsi keçirilmiş və ona ictimai töhmət verilməsi bildirilmişdir. Şərəf məhkəməsində qəbul edilən qərar ona ictimai töhmətin verilməsi barədə olsa da, hərbi hissə komandiri sonradan həmin qərarın dəyişdirilməsinə nail olmuş və onun ordu sıralarından ehtiyata xidməti uyğunsuzluqla çıxarılmağı barədə yeni bir qərar çıxarmışdır. Lakin, iddiaçının barəsində aparılan araşdırmaların nəticəsi gözlənilmədən, onun barəsində əsassız səbəblərlə xidməti uyğunsuzluğa görə əmr verilmişdir. Bundan əlavə 2-ci Qarabağ müharibəsinin başlanılması ilə əlaqədar olaraq iddiaçı nəinki sıravi xidmət etmiş, eyni zamanda gizir kimi döyüş tapşırığını uğurla yerinə yetirmiş, qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş, şəxsi igidlik və şücaət nümayiş etdirmiş və bu səbəblə də ölkə başçısı tərəfindən təltif edilmişdir. Bütün qeyd olunanlar isə iddiaçı barəsində qəbul olunmuş xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 13.02,2024-cü il tarixli, № 06gm əmrin qeyriqanuniliyinə dəlalət edir və həmin əmrin ləğv edilməsini qaçılmaz edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanun: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə 14. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. AR İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Belə ki, hazırki iş üzrə iddiaçı ehtiyata buraxılması barədə əmri mübahisələndirir. Həmin əmri cavabdeh malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul etmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərdən istifadə edərək verilmiş qərarına (iddiaçını məhz xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məsələsinə) qiymət verilərkən sonuncunun biri-digəri ilə uzlaşmayan mövqeyi aşkara çıxmış olur, bu isə öz növbəsində cavabdehin hərəkətlərinin əsaslılığının öz təsdiqini tapmadığına dəlalət edir. Belə ki, cavabdeh tərəfindən iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi üzərində narkotik vasitənin aşkar edilməsi olmuşdur. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, göstərilən fakt Azərbaycan Ordusunda şəxsi heyətin döyüş hazırlığına, nizam-intizamına mənfi təsir göstərir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxs ordu sıralarında xidmət edə bilməz. İddiaçının əməllərində onun narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibarət əməllərində cinayət və inzibati xətanın tərkibi müəyyən edilməmişdir ki, sonuncunun xidmətə uyğun olmayan gizir kimi ordu sıralarından tərxis olunması barədə cavabdehin mövqeyi ilə uzlaşmır. "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan müayinə zamanı şəxsin narkotik vasitə istifadə etdiyi aşkar edilirsə, bu halın özü həqiqi hərbi xidmətdən ehtiyata buraxılma (xidməti uyğunsuzluğa görə) üçün yetərli əsas ola bilər. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması halları qeyd olunmuşdur. Həmin maddənin 41.0.6-cı bəndində xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) olan hal ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əsas kimi göstərilmişdir. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi narkotik vasitə qəbulu hərbi qulluqçunun nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda hərbi qulluqçunun xidmətdən kənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün "xidməti uyğunsuzluğuga görə"həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya əsas ola bilər. Lakin şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır. Göstərilənlər nəzərə alınaraq iddia təlbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı, xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur. İddiaçı, N nömrəli hərbi hissədə xidmətdə olduğu müddət ərzində özünü müsbət cəhətdən tanıtmağa çalışmışdır. xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və əsaslı şübhələr olduğundan hal şahidlərinin iştirakı ilə onun üstünə baxış keçirilmişdir. Keçirilən baxış zamanı onun üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 0,72 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Faktla bağlı olaraq bölmə komandiri mayor Vüsal Vəliyevin raportuna əsasən baş gizir İddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğu əməllərə görə 1 fevral 2024-cü il tarixdə "Gizirlərin şərəf məhkəməsi”nə çıxarılmışır. Şərəf məhkəməsinin qərarına əsasən "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsadət qaldırılmışdır. Müdafiə nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının 13 fevral 2024-ci il tarixli 06 gm nömrəli əmri Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156 "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. . .. Azərbaycan Respublikası Silahlı X1 98-cı maddəsinə (intizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 06 aprel 2020-ci il 9 nömrəli əmri ilə təsdiqlənmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın tələblərinə əsasən Hərbi qulluqçu Hərbi Andı pozmamalı, xidməti borcunu layiqincə yerinə yetirməli və nalayiq hərəkətlərə yol verməməli, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salmamalı, cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə səbəbkar olmamalıdır. Həmçinin hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, hərbi xidmətdə olmadığı hallarda belə, hərbi geyim formasında spirtli içkilər qəbul etməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, hərbi qulluqçunun şərəf və ləyaqətinə xələl gətirən, eləcə də xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Təbidir ki, Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrlarla komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskresion səlahiyyətə sahibdir. Bütun göstərilənləri nəzəra alaraq Müdafiə nazirliyin Hərbi Hava Qüvvələri komandanın əmrin ləğv edilərək İddiaçı xidmətə bərpası mümkün deyil. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli, qərar, İnzibati xəta haqqında iş üzrə icraatı başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardad, Məhkəmə Tibbi Ekspertiza və X3 514/k-517/k nömrəli Rəyi, Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2024-cü il tarixli tibbi müayinə sənədi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illlliyi X4, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalın Vəsiqəsi, Azərbaycan Respublikası 82604 nömrəli Medalının Vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Təyinat Vərəqəsi, İddiaçı Xidmət Vərəqəsi, N nömrəli hərbi hissə komandirinin N nömrəli Əmrindən çıxarış və Təqdimat, N nömrəli hərbi hissəsinin gizir şərəf məhkəməsinin xx.xx.2024-cü il tarixli protokolundan çıxarış. Əsaslandırma hissəsi : İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. Mübahisələndirilən əmr xx.xx.2024-cü il tarixində verilmiş və həmin əmr əsasında N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 69 saylı əmri verilməklə iddiaçı, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçıya verilmiş təyinat vərəqəsi (əsas olaraq Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2024cü il tarixli, №06 gm nömrəli əmri göstərilib) xx.xx.2024-cü il tarixə aid olduğundan və iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim edildiyindən mübahisləndirmə haqqında iddia növü üçün xarakterik olan 30 günlük iddia müddətinə əməl olunmuşdur. Həmçinin iddia əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı onun Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156 "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə Müdafiə nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının 13 fevral 2024-ci il tarixli 06 gm nömrəli əmrinin özünə aid hissədə ləğv edilməsinə, əvvəlki işinə bərpa edilməsin və işə bərpa olunanadək itirilmiş əmək haqqının ödənilməsinə nail olmaqdır. Məhkəmə tərəfindən mübahisələndirilən əmrin təqdim edilməsi cavabdeh orqandan tələb edilməsinə baxmayaraq, sözügedən əmr məhkəməyə təqdim edilməmişdir. Cavabdeh orqanın nümayəndəsi sözügedən əmrin təqdim edilməməsini əmrin məxfi olması ilə izah etmişdir. Cavabdeh orqanın məhkəmənin sorğularına laqeyd yanaşması, aidiyyəti üzrə cavablandırmaması icraatda olan bir çox işlərdən məlumdur. Odur ki, tələb olunan sənədləri təqdim etməməklə məhkəmə icraatının yubandırılmasının iddiaçının hüquqlarının pozulmasına səbəb olmasını nəzərə alaraq, məhkəmə mübahisələndirilən əmrin qəbul edilməsi əsaslarına dair icraat materialları ilə kifayətlənmişdir. Belə ki, icraat materiallarında olan sənədlərdə (təyinat vərəqəsi, hərbi hissə komandirinin əmri) mübahisələndirilən əmrə istinad edildiyindən və cavabdeh orqanın nümayəndəsi məhz istinad olunan əmr əsasında iddiaçının ehtiyata buraxılmasını bildirdiyindən məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxaraq hüquqi qiymət vermişdir. Mübahisələndirilən əmrin hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, həmin orqan buna müvafiq səlahiyyəti olan inzibati orqandır. Əmr icra edilmişdir və kimə ünvanlandığı aydındır. Mübahisəli inzibati aktın qanuniliyi maddi-hüquqi baxımdan yoxlanılarkən məhkəmə aşağıda qeyd edilən xüsusatlara diqqət yetirilməsini zəruri hesab edir. Qanunvericilikdə hərbi qulluqçunun yol verdiyi pozuntuya münasibətdə hansı intizam tənbehinin seçilməsi imperativ qaydada tənzimlənməmiş və hərbi qulluqçuya intizam tənbehinin tətbiq edilməsi ilə bağlı inzibati orqana mülahizə sərbəstliyi vermişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıb-almamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi (İİQ-nin 12-ci maddəsi) və mütənasiblik prinsipinin nəzərə alınması (İİQ-nin 17-ci maddəsi) aiddir. Cavabdeh orqan mübahisələndirilən əmrin qəbul edilməsini onunla əsaslandırır ki, iddiaçı, xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və əsaslı şübhələr olduğundan hal şahidlərinin iştirakı ilə onun üstünə baxış keçirilmişdir. Keçirilən baxış zamanı onun üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 0,72 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Faktla bağlı olaraq bölmə komandiri mayor Vüsal Vəliyevin raportuna əsasən baş gizir İddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğu əməllərə görə 1 fevral 2024-cü il tarixdə "Gizirlərin şərəf məhkəməsi”nə çıxarılmışdır. Şərəf məhkəməsinin qərarına əsasən "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış, yekun olaraq mübahisələndirilən inzibati akt qəbul edilməklə iddiaçı, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156 "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Göründüyü kimi cavabdeh orqan iddiaçını onun üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 0,72 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsinə görə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156 "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması qənaətinə gəlmişdir. İşdə olan N saylı hərbi hissənin iddiaçı barəsində toplanmış 11m/t-24 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibatət əməllərində AR CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və əməllərində cinayət tərkibi olmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2—ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Eyni zamanda yuxarıda göstərilən qərarla baş gizir İddiaçı əməlində inzibati xətanın olub-olunmaması baxılması üçün materiallar Lənkəran hərbi prokurorluğuna təqdim edilmişdir. Lənkəran hərbi prokurorluğunun 19 mart 2024-cü il tarixli qərarı ilə iddiaçının əməlində AR İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsində AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmişdir. Nəzərə alınmalıdır ki, “Əsasnamənin 156 "e" bəndinə uyğun olaraq xidməti uyğunsuzluqla hərbi qulluqçunun ehtiyata buraxılması hərbi qulluqçunun xidməti nüfuzuna, intizamına və ya etibarına ciddi xələl gətirən hallarda tətbiq edilə bilər. Bu norma fərdlərin şəxsi davranışlarının ümumi xidmətə mənfi təsirini nəzərə alır. Lakin faktların hərbi xidmətə birbaşa aidiyyətinin və sübut olunmuş ağır nəticələrin olması vacibdir. Aşkar edilmiş faktla bağlı iddiaçıya qarşı başlanılan cinayət işinə bəraətverici əsaslarla xitam verilmiş, həmçinin əməldə inzibati xəta tərkibinin mövcudluğu müəyyən edilməmişdir. Qeyd olunan hal hüquqi baxımdan narkotik maddələrdən istifadə və ya saxlanılmasına görə iddiaçının məsuliyyət daşımadığını göstərir. Belə olan halda yalnız narkotik vasitənin aşkarlanması faktı, hər hansı digər əsaslandırma olmadan, xidməti uyğunsuzluğa dəlalət edə bilməz. Cavabdeh orqanın mövqeyinə əsasən, hərbi qulluqçunun etik davranış Qaydalarını pozuası, xüsusən də narkotik maddələrdən istifadə və ya onlarla bağlı qanunsuz fəaliyyətlərdə iştirak şübhəsi, hərbi qulluqçunun şərəf və ləyaqətinə zərbə vura və cəmiyyətdə hərbi qulluqçulara olan hörmət hissinin zəifləməsinə səbəb ola bilər. Bununla belə, aşağıdakı məqamlar nəzərdən keçirilməlidir: Hərbi qulluqçunun üzərindən narkotik vasitə tapılması, lakin bu faktın cinayət və ya inzibati xəta tərkibinə çevrilməməsi, hüquqi baxımdan onu günahlandırmağa imkan vermir. Bu halda yalnız narkotik vasitənin mövcudluğu, istifadə və ya yayılma ilə bağlı digər sübutlar olmadan, hərbi qulluqçunun nüfuzuna ciddi xələl gətirilməsi qənaətini yarada bilməz. İddiaçının üzərindən narkotik vasitə tapılmasının hərbi kollektivdə mənfi nümunə yarada biləcəyi və cəmiyyətin hərbi qulluqçulara olan hörmət hissinə təsir göstərə biləcəyi yalnız potensial təsir ehtimalı kimi nəzərdən keçirilə bilər. Yəni, hərbi qulluqçunun üzərindən narkotik vasitənin aşkarlanmasının, etik davranış Qaydalarına əsasən nümunəvi davranış kimi qəbul edilməməsi ilə məhkəmə razılaşır. Lakin, cinayət və inzibati məsuliyyətə səbəb olmayan bir faktın xidmətə ciddi xələl gətirdiyini əsaslandırmaq və hərbi qulluqçunu xidməti uyğunsuzluqla ehtiyata buraxmaq üçün yetərli deyil. Bu baxımdan, iddiaçının üzərindən narkotik vasitənin tapılması ilə bağlı yaranmış vəziyyət etik qaydalara zidd davranış kimi qiymətləndirilsə belə, həmin faktın xidməti uyğunsuzluq əsası ilə ehtiyata buraxılması kimi qəbul edilməsi yolverilməzdir. Hərbi qulluqçunun cəmiyyətdə nümunəvi davranış tələblərinə əməl etməsi vacibdir. Lakin etik davranış pozuntusunun təsiri fərdi məsuliyyət və kollektivin dəyərinə təsir kontekstində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2 əsasən (İİİ fəsil. Hərbi intizamın pozulmasına görə cəzalar) Gizirlərə verilən intizam cəzaları aşağıdakılar müəyyən edilmişdir: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa); ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə; i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər. İstinad olunan “Nizamnamənin” 85-ci bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı, Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0111 t xx.xx.2022-ci il tarixli əmrinə əsasən "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli, 2715 nömrəli sərəncamı ilə "Qubadlının azad olunmasına görə medalı" ilə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 05 noyabr tarixli, 671s nömrəli sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0177 t xx.xx.2018-ci il tarixli əmrinə əsasən "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) "Yubiley medalı ilə təltif olunmuşdur. İddiaçının əldə etdiyi medallar və təltiflər (xüsusilə bu təltiflərdən ölkə Prezidentinin sərəncamları ilə təsis edildiyini və onların yüksək dövlət səviyyəsində qiymətləndirildiyini nəzərə alınmaqla) onun xidmətinin ümumi xarakteristikasının müsbət olduğunu təsdiq edir. Bu müsbət göstəricilər iddiaçının xidməti fəaliyyətində uzunmüddətli uğurlara malik olduğunu sübut edir. Narkotik vasitə ilə bağlı ortaya çıxan bir dəfəlik hadisənin, belə bir xidmət keçmiş şəxsin peşəkar karyerasını və şərəfini ciddi şəkildə zədələyən tədbirlə sonlandırması ədalət və mütənasiblik prinsiplərinə ziddir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi verilən intizam tənbehi pozuntuya uyğun olmalı və hərbi qulluqçunun gələcək davranışını islah etməyə, digər hərbi qulluqçular üçün nümunə olmağa xidmət etməlidir. Hazırkı iş üzrə aşkar edilmiş fakta münasibətdə xidməti uyğunsuzluqla ehtiyata buraxılma olduqca ciddi intizam tənbehi hesab olunmalıdır. Belə ki, bu zaman hərbi qulluqçu həm xidməti nüfuzunu, həm də gələcəkdə hərbi sahədə karyerasını itirir. Tənbeh verilərkən pozuntunun xarakteri, hərbi qulluqçunun əvvəlki xidməti fəaliyyəti və bu pozuntunun real nəticələri nəzərə alınmalıdır. Əgər yalnız etik qaydaların pozulması sübut edilibsə, amma ciddi nəticələr təsdiqlənməyibsə, ehtiyata buraxılma həddən artıq sərt qərar hesab olunmaqla aşkar edilmiş fakta adekvat olmayacaqdır. İnzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri güdülən qanuni məqsədə mütənasib olmalı, eləcə də, həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur. Yararlılıq tədbirin qoyulmuş məqsədə çatmaq üçün effektiv vasitə olub-olmadığını nəzərdə tutur. Zərurilik, tədbirin yalnız və yalnız məqsədə çatmaq üçün qaçınılmaz olduğu hallarda tətbiq edilməsi ilə bağlıdır. Daha yüngül və az təsir edən alternativlər varsa, daha sərt tədbir zəruri hesab edilmir. Tədbir yalnız zəruri olan hallarda və ölçüdə tətbiq edilməlidir. Eyni nəticəni verə biləcək daha yumşaq tədbirlər varsa, sərt tədbirlərin seçilməsi zərurət prinsipini pozar. Uyğunluq, tədbirin ağırlığı ilə məqsədə çatma arasındakı balansın qorunması deməkdir. Tədbirin tətbiqi məqsədi aşmamalıdır. Yəni, iddiaçının üzərindən narkotik vasitə tapıldığı üçün ehtiyata buraxılması, onun şəxsi və peşəkar həyatına ağır təsir göstərir. Bu tədbirin məqsədi, yəni etik qaydaların qorunması, bu nəticəyə haqq qazandıra bilməz. Beləliklə şərh olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, mübahisələndirilən əmrin qəbul edilməsində məqsəd hərbi intizamın qorunması və etik davranış qaydalarının pozulmasının qarşısını almaqdır. Lakin iş materialları göstərir ki, iddiaçının üzərindən narkotik vasitə tapılması cinayət təqibinə və inzibati məsuliyyətə səbəb olmayıb. Bu isə həmin faktın iddiaçının xidməti uyğunluğuna birbaşa təsirinin olmaması qənaətini yaradır. Hazırkı situasiyada daha yüngül tədbirlər də, eyni məqsədə xidmət edə bilərdi. Odur ki, görülən tədbir güdülən məqsədə uyğun olmamış, daha yüngül vasitələr mövcud olduğu halda sərt tədbirin tətbiq olunması yararlılıq əlamətinin pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçu ilə bağlı daha az müdaxilə edən intizam tədbirləri qanunvericilikdə mövcuddur. İddiaçının konkret hərəkəti üçün ehtiyata buraxılma qərarı ən sərt tədbir sayılır və onun tətbiq olunması yalnız daha yüngül tədbirlərin qeyrieffektiv olduğu halda əsaslı ola bilərdi. Narkotik maddə faktı ilə bağlı cinayət təqibinin və inzibati məsuliyyətin olmaması, bu pozuntunun iddiaçının xidmətə tam yararsız olduğunu sübut etmədiyini göstərir. Bu halda daha yüngül intizam tənbehlərindən birini tətbiq etmək kifayət edə bilərdi (daha az müdaxilə edən alternativlərin mövcudluğu zərurilik prinsipinin pozulduğunu göstərir). "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156 "e" bəndi xidməti uyğunsuzluqla bağlı tədbirlərin ciddi əsaslarla tətbiqini nəzərdə tutur. İddiaçının davranışı ağır intizam pozuntusu və ya təkrarlanan etik qayda pozuntusu olmadığından, ehtiyata buraxılma kimi sərt tədbirin tətbiqi qanunvericiliyin məqsədlərinə uyğun deyil. Buna görə də, məhkəmə iddiaçının müsbət səciyyələnən hərbi xidmətini nəzərə almaqla hesab edir ki, ehtiyata buraxılma tədbiri məqsədə çatmaq üçün ən effektiv vasitə olmamış, daha az müdaxilə edən tədbirlər mövcud olduğu halda bu qərarın tətbiqi zərurilik prinsipini təmin etməmiş, iddiaçı barəsində intizam tədbiri tətbiq edilərkən qanunvericiliyin ədalət və proporsionallıq prinsipləri pozulmuşdur. Nəticədə, tətbiq edilmiş intizam tənbehi aşkar edilmiş intizam pozuntusuna mütənasib olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2024-cü il tarixli, №06 gm nömrəli əmri İddiaçı aid hissədə ləğv edilir. İddiaçı N saylı hərbi hissənin pilotsuz uçuş aparatları taborunun pilotsuz uçuş aparatları dəstəsinin “Şimşək” manqasının baş texniki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün itirilmiş məvacibin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar