Məhkəmə qərarları › İş №2-1(116)-256/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-256/2020

03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-256/2020 03.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “21 oktyabr 2004-cü il təvəllüdlü X1 doğumu barədə Cavabdeh tərəfindən 192-ci sayla aparılmış qeydin və həmin qeyd əsasında Cavabdeh tərəfindən verilmiş AZ-İ seriyalı 759958 saylı, 12 aprel 2006-cı il tarixli doğum şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “21 oktyabr 2004-cü il təvəllüdlü X1 doğumu barədə Cavabdeh tərəfindən 192-ci sayla aparılmış qeydin və həmin qeyd əsasında Cavabdeh tərəfindən verilmiş AZ-İ seriyalı 759958 saylı, 12 aprel 2006-cı il tarixli doğum şəhadətnaməsinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,o, X2 ilə nikahını rəsmi qeyd etdirməklə evlənmişdir. Həmin nikahdan 21 oktyabr 2004-cü ildə oğulları X3 doğulmuşdur. Rusiya Federasiyası, Tümen vilayəti, Tobolsk şəhər administrasiyasının VVAQ şöbəsi tərəfindən akt qeydləri kitabında 07 fevral 2005-ci il tarixdə, 140-cı sayla qeyd aparılmış, 11 fevral 2005-ci ildə İ-ФP seriyalı, 627692 saylı doğum haqqında şəhadətnamə verilmişdir. 2006-cı ildə onlar ailəliklə vətəndaşı olduqları Azərbaycan Respublikasında olarkən bildirilmişdir ki, Rusiya Federasiyası tərəfindən verilmiş doğum şəhadətnaməsi Azərbaycan Respublikasında keçərli deyildir və onlar oğullarına Azərbaycan Respublikasında doğum şəhadətnaməsi almalıdır. Başqa dövlət tərəfindən verilmiş sənədlərin keçərli olub olmamasına dair qanunları bilmədiyindən Cavabdehnə müraciət etmiş və həmin şöbə tərəfindən ona AZ-İ seriyalı 759958 saylı, 12 aprel 2006-cı il tarixli doğum şəhadətnaməsi verilmişdir. Şəhadətnamədə doğumun 192-ci sayla aparıldığı və doğum yerinin Zərdab rayonu Alıbəyli (hazırda Əlibəyli) kəndi olduğu göstərilmişdir. 2018-ci ilin sonlarında təhsillə bağlı yeni sənədlər tələb olunduqda məlum oldu ki, X1 iki doğum şəhadətnaməsi olduğundan bu mümkün deyil. Cavabdeh şöbəyə bu barədə müraciətinə cavab olaraq xahişindən imtina edildi və 30 iyul 2019-cu il tarixli, 144 nömrəli məktubla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə istinad edilməklə məhkəməyə müraciət etmək hüququ izah edildi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qərarın 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. İddiaçı tələbində “Cavabdeh tərəfindən 192-ci sayla aparılmış qeydin” ləğv olunmasını tələb etsə, işin mahiyyətindən həmin qeydin düz olmamasının müəyyən edilməsinə dair ərizə olduğu məlum olur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə mülki qaydada baxılmalıdır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “21 oktyabr 2004-cü il təvəllüdlü X1 doğumu barədə Cavabdeh tərəfindən 192-ci sayla aparılmış qeydin və həmin qeyd əsasında Cavabdeh tərəfindən verilmiş AZ-İ seriyalı 759958 saylı, 12 aprel 2006-cı il tarixli doğum şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. İddiaçıya hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar