Məhkəmə qərarları › İş №2-1(116)-2560/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2560/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2560/2024 23.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixdən ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclasda baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “sosial yardım təyin olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim etmiş, cavabdeh olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyd edilməsini, xx.xx.2022-ci il tarixdən ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Cavabdeh orqan iddia tələbinə münasibətini aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımının (bundan sonra ÜDSY) təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli **********92001 nömrəli ərizə ilə müraciət etmişdir. Edilən müraciətlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" nın 3.2-ci bəndinə (bundan sonra Qaydalar) əsasən VEMTAS tərəfindən araşdırılma başlanılmış və həmin qaydaların 3.3-cü bəndinə müvafiq olaraq, xx.xx.2023-cü il tarixdə maddi-məişət yoxlaması əsasında iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi ünvana baxış keçirilməsi üçün tərəfimizdən əməkdaşların getməsinə baxmayaraq, iddiaçı qeyd olunan ünvanda olmadığı üçün ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə maddi-məişət şəraitinin yoxlanılması məqsədilə təkrar olaraq, ünvana baxış keçirilmiş və ünvanda qeyd olunan ərazidə eyni həyətdə 3 fərqli evin mövcud olduğu aşkar olunmuşdur. Belə ki, məhkəmə qətnaməsinə əsasən, həyat yoldaşı ilə boşandığı üçün o, 4 övladı ilə həmin evlərdən 1-də yaşayır. Digər 2 evdən 1-də onun keçmiş qaynatası və qaynanası yaşamaqdadır. Digər evdə isə yaşayışın olmadığını qeyd etmişdir. Eləcə də, yoxlama zamanı iddiaçı hər evin özünə məxsus işıq, su və qaz sayğacının olduğunu qeyd etmişdir. İddiaçı öz iddia ərizəsində yalnız özünün xx.xx.2024-cü il tarixli müraciətinə əsaslansa da, bundan sonra müraciətindən imtina edilməsinə baxmayaraq, bir neçə dəfə təkrar müraciət etmişdir. Bu səbəbdən, onun xx.xx.2023-cü il tarixli müraciəti üzrə ÜDSY təyinatı əsassızdır. Belə ki, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-584/2024 nömrəli qərarının 48-ci bəndində qeyd olunmuşdur ki, iddiaçı cavabdehə dəfələrlə müraciət etsə də, hər müraciətə mənfi cavab verilməsinə baxmayaraq, inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmişsə, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. “İnzibati icraat haqqında” Qanunun 64.1 və 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağrılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Eləcə də, iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə uyğun olaraq, aparılmış maddi- məişət yoxlaması zamanı iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi ünvan 1 ünvanına yalnız telefon vasitəsilə əlaqə saxlanıldıqdan sonra kənar ərazidən övladları ilə birgə yaxınlaşması mümkün olmuşdur. Belə ki, o bibisinin yas mərasimi əlaqədar kənarda olduğunu bildirmişdir. Həmçinin, iddiaçının 21 09.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli müraciətlərinə əsasən aparılmış maddi-məişət yoxlanışı zamanı da iddiaçının yaşadığı ünvana gedilsə də, yaşadığı evdə kimsə olmamışdır. Qonşuların və sonuncu yoxlama zamanı xx.xx.2024cü il tarixli müayinə aktına əsasən onun ərizə-bəyannamə ilə qeyd etdiyi ünvanda yerləşən evi ilə eyni həyətdə olan digər evdə yaşayan keçmiş qaynatası və qaynanasımn ifadələrinə əsasən iddiaçının həmin ünvanda yaşamadığı, anası ilə birlikdə Mingəçevir şəhər, Samux küçəsində yaşadığı bildirilmişdir. Əlavə olaraq, iddiaçının yaşadığını iddia etdiyi evə məxsus sayğaclara əsasən, iddiaçının mənzilində il ərzində işıq sayğacı üzrə 14 AZN, qaz sayğacı üzrə 2.4 AZN və su sayğacı üzrə cəmi 20 AZN sərfiyyatın olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçıya izah edilmişdir ki, sonuncu imtina cavabı xx.xx.2024cü il tarixdə verilmişdir. Hazırkı iddia tələbi isə sonuncu imtina cavabı verilməsindən 4 ay sonra irəli sürülmüşdür. Bu isə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək verilmiş imtina cavabları ilə iddiaçının razılaşması kimi qəbul edilir. Odur ki, xx.xx.2022-ci il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı tələb irəli sürüləcəyi halda müddətin keçməsi və imtina ilə bağlı inzibati aktların qüvvədə olması səbəbindən mümkün olmayacaqdır. İddiaçı, məhkəmənin hüquqi mövqeyinə cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən verilmiş imtina cavabından sonra ardıcıl müraciətlərinə verilən imtina cavablarını hüquqi savadı olmadığı üçün mübahisələndirməmişdir. Sonradan məhkəməyə müraciət etməklə hüquqlarının bərpa olunmasının mümkünlüyü ona izah olunduqdan sonra hazırkı iddia tələbi ilə müraciət etmişdir. Cavabdehin bütün imtinalarını əsassız hesab edir və ünvanlı dövlət sosial yardımının məhz ilkin imtina cavabının verildiyi xx.xx.2022-ci il tarixdən təyin edilməsini xahiş edir. İddia ərizəsinin məzmunundan görünür ki, irəli sürülmüş tələb “məcburetmə haqqında” iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə iddiaçının mütəmadi şəkildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün cavabdeh orqana müraciət etməsi aşkar görünür. Belə olan halda iddiaçının məhz xx.xx.2024-cü il tarixdə - 2 ilə yaxın müddət keçdikdən sonra onun ilkin müraciətinə imtina cavabının verilməsindən məlumatlı olması “ağlabatan gözləntiyə” uyğun ola bilməz. Belə ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün cavabdeh orqana edilmiş müraciət - iddiaçıda ağlabatan müddət ərzində cavab alması gözləntisini yaradır. İddiaçının ardıcıl müraciətləri də, onun ilkin müraciətinə rədd cavabı almasından məlumatlı olmasını təsdiq edir. Nəzərə alınmalıdır ki, cavabdeh orqan imtina cavabını verməsə belə iddiaçının cavabdehin hərəkətsizliyindən hüquqi müdafiə imkanları mövcud olmuşdur. Odur ki, gözlənti müddətinin ağlabatan həddi nəzərə alınmaqla iddiaçı səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etməli, cavabdehin hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirməli idi. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülmüşdür. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin İPM-nin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Buna görə də müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutlar təqdim etməlisiniz. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür. İPM-nin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutların təqdim edilməməsi ilə bərabər, müddətə əməl olunmasına mane olan halların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəlki 15 gün ərzində aradan qalxması da, əsaslandırılmalı və müvafiq sübutlar təqdim edilməlidir. Qeyd olunan sübutlar təqdim edilmədiyi halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi İPM-nin 24.4-cü maddəsinin tələblərinə ziddir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixdən ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar