Məhkəmə qərarları › İş №2-1(116)-2566/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2566/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2566/2024 24.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı iştirakı ilə iddiaçı – İddiaçı cavabdehlər – Mingəçevir “ASAN Xidmət” Mərkəzinə – Mingəçevir şəhər 14 saylı Mənzil İstismar Sahəsinə qarşı «vərəsəlik haqqında arayışın və onun əsasında verilmiş hüquqi sənədlərin ləğv edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi, 31) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 28/1 saylı evin 33 saylı mənzili 1967-ci ildə İddiaçı atası (mərhum) X8 verilmişdir. İddiaçı 1968-ci il təvəllüdlüdür və doğulduğu vaxtdan həmin mənzildə yaşamış, sonradan ailə qurmuşdur. Mənzil 1995-ci ildə X5 adına özəlləşdirilmişdir. İddiaçının atası X9 ilə anası X6 arasındakı nikah 1995-ci ildə pozulmuşdur. Sonradan Məsim X1 ilə nikaha daxil olmuşdur. Məsim Məmmədov 2006-cı ildə vəfat etmiş və notariat qurumunda onun ölümü ilə əlaqədar vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Mingəçevir şəhər 14 saylı Mənzil İstismar Sahəsindən müvafiq arayış alınmışdır. Arayışda və vərəsəlik hüququ haqqında şəhadətnamədə İddiaçı adı göstərilməmişdir. İddiaçı Mingəçevir Şəhər Məhkəməsində cavabdehlər Mingəçevir “ASAN Xidmət” Mərkəzinə və Mingəçevir şəhər 14 saylı Mənzil İstismar Sahəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi, mənzilə hüququn qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mənzilə miras paylarının müəyyən olunması» tələbini irəli sürərək iddia qaldırmışdır. Şəhər Məhkəməsinin 2(051)-2678/2018 saylı iş üzrə 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X5 adına verilmiş 12 oktyabr 2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və X2 adına verilmiş Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 28/1 saylı evin 33 saylı mənzilinə aid MH seriyalı ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, həmin mənzilə 1/2 hissədə Mustafayeva (Məmmədova) Rəsmiyyə Ramazan qızının, qalan 1/2 hissədə X4 paylarının müəyyən olunması və mənzilin paylara mütənasib surətdə bölünməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2069/2021 saylı iş üzrə 9 dekabr 2021-ci il qətnaməsi ilə maraqlı şəxs X4 apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2678/2018 saylı iş üzrə 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2582/2022 saylı iş üzrə 11 may 2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı cavabdehlər Mingəçevir “ASAN Xidmət” Mərkəzinə və Mingəçevir şəhər 14 saylı Mənzil İstismar Sahəsinə qarşı «vərəsəlik haqqında arayışın və onun əsasında verilmiş hüquqi sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdehlər9n üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizısi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı mövqeyini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), Mingəçevir şəhər 14 saylı Mənzil İstismar Sahəsinin vərəsəliklə bağlı arayışı qanunsuzdur və həmin arayış əsasında notariusun verdiyi vərəsəlik hüququ haqqında qanunsuz şəhadətnamə ilə hüquq əldə olunmuş, nəticədə onun atasına məxsus əmlak sonuncunun sonrakı nikah bağladığı şəxsin qohumuna bağışlanmışdır. Vərəsəlik arayışının və onun əsasında verilmiş sənədlərin ləğvi ilə bağlı dəfələrlə cavabdeh tərəfə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Odur ki, vərəsəliklə bağlı həmin arayışın və digər sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını tələb edir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 47 və 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin 1 iyul 2024-cü il tarixli sərəncamı ilə 15 gün müddətində iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. Lakin cavabdehlərin yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlsə də, cavabdehlər (nümayəndələri) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan keçirilməsini mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olduğunu bildirdi. O, qeyd etdi ki, Mənzil İstismar Sahəsindən verilmiş arayışda vərəsə qismində onun adı qeyd olunmamışdır. Qeydiyyat şöbəsindən sənəd aldıqdan sonra Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə mənzilə miras paylar bölünmüşdür. Şəki Apellyasiya Məhkəməsində qarşı tərəfin şikayəti təmin olunaraq, qətnamə ləğv edilmişdir. Ali Məhkəmədə də qərar onun xeyrinə çıxarılmamışdır. Hazırda yenidən məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Notariat haqqında» Qanunun 17-ci maddəsində dövlət notariusunun apardığı notariat hərəkətlərinin sırasında vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi də nəzərdə tutulur. Həmin Qanunun 26-cı maddəsinə görə xüsusi notarius bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır. Həmin Qanunun 57-ci maddəsinə görə mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, iddiaçının qaldırdığı məsələ – mənzil istismar sahəsinin verdiyi vərəsəlik haqqında arayışın və onun əsasında verilmiş hüquqi sənədlərin ləğv edilməsi barədədir və mahiyyətinə görə iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirir. Baxmayaraq ki, “hüquqi sənədlərin ləğv edilməsi” ifadəsi qeyri-məhdud dairəni əhatə edir, həmin sənədlərin mötəbərliyi vərəsələlik hüququ haqqında şəhadətnamənin qanuniliyinə qiymət verilərkən yoxlanıla bilər. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə isə inzibati akt sayılmır, mülki-hüquqi əqddir. Məhkəmə qeyd edir ki, istər vərəsəlik hüququ haqqında şəhadətnamə, istərsə də onun verilməsinə əsas kimi çıxış edən mənzil istismar sahəsinin arayışı inzibati icraat çərçivəsində qəbul olunmuş inzibati akt olmadığından, onların mübahisələndirilməsi də inzibati məhkəmə icraatının predmeti deyil. Bundan başqa, notariat ofisləri (notariuslar) inzibati orqan kimi təsnif olunsalar da, notariat hərəkətlərindən şikayətlərə, notariusun verdiyi vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi barədə iddialara mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmasının davam etdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 12 nömrəli 24 dekabr 2021-ci il tarixli qərarında da təsbit olunmuşdur. Həmin qərarın 6-cı bəndi ilə «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarının 8-ci bəndində dəyişikliklər edilmiş və həmin bəndin aşağıdakı redaksiyada verilməsi göstərilmişdir. - Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, «Notariat haqqında» Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Nəzərə alınmalıdır ki, İPM-in 2.1-ci maddəsi inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatının inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilməsini qanunla başqa aidiyyət qaydasının müəyyən edilməməsi ilə şərtləndirir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Mingəçevir “ASAN Xidmət” Mərkəzinə və Mingəçevir şəhər 14 saylı Mənzil İstismar Sahəsinə qarşı «vərəsəlik haqqında arayışın və onun əsasında verilmiş hüquqi sənədlərin ləğv edilməsi» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar