Məhkəmə qərarları › İş №2-1(116)-2569/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2569/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2569/2023 15.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Ucar rayonu Qarabörk Bələdiyyəsinin 15 fevral 2007-ci il tarixdə alqı-satqı , 22 fevral 2007-ci il tarixdə baxış aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ucar rayon şöbəsinin rəyi, Ucar Rayon İcra Hakimiyyəti Memarlıq şöbəsinin rəyi, Ucar rayonu Qarabörk Bələdiyyəsinin 07 mart 2007-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya satılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ucar rayonu Qarabörk Bələdiyyəsinin 15 fevral 2007-ci il tarixdə alqı-satqı , 22 fevral 2007-ci il tarixdə baxış aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ucar rayon şöbəsinin rəyi, Ucar Rayon İcra Hakimiyyəti Memarlıq şöbəsinin rəyi, Ucar rayonu Qarabörk Bələdiyyəsinin 07 mart 2007-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya satılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2569/2023 nömrəli qərardadı ilə Ucar rayonu Qarabörk Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Ucar rayonu Qarabörk Bələdiyyəsinin hesabına xx.xx.2007-ci il tarixdə 73 manat pul köçürmüşdür. Pulu bələdiyyənin hesabına köçürəndən sonra müvafiq olaraq xx.xx.2007-ci il tarixldə alqı-satqı aktı tərtib olunmuş, xx.xx.2007-ci il tarixdə baxış aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ucar rayon şöbəsinin rəyi, Ucar rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi, Ucar rayon Qarabörk bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı protokolundan çıxarışla Ucar rayonunun Qarabörk kəndi ərazisindən istifadəyə 0.06 ha torpaq sahəsi verilmişdir. Ucar rayonunun Qarabörk kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi müraciətinə xx.xx.2023-cü il tarixdə verdiyi imtina məktubunda vermişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyi üçün məhkəyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki,sənədlərin araşdırılması zamanı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlərin, eyni zamanda təqdim edilmiş sənədlərə dair dövlət arxivlərində saxlanılan arxiv əsaslarıının təqim edilmədiyi aşkar edilmişdir. Bu səbəbdən də vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin və cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə onların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Ucar filialının xx.xx.2023-cü il tarixli 46 nömrəli məktubunda qeyd edilmişdir ki, Ucar rayon Qarabörk bələdiyyəsinə aid olan sənədlər arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3569/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2007ci il tarixli 03 saylı iclas protokolundan çıxarış qərarı ilə alınmış 0.06 ha həyətyanı toraq sahəsi ilə bağlı koordinatlar əks olunan sxem mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək mümkün olmadı. Torpaq sahəsinə baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə edildiyini bildirdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0.0619 ha torpaq sahəsi elektron bazada təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilmiş elektron kadastr uçotu xəritəsində yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikinti altı torpaqlar, həyətyanı sahələr uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilmişdir. Əlavə olaraq bildirilir ki, baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə edildiyini bildirdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0.0619 ha həyətyanı torpaq sahəsinin 0.0137 ha hissəsi elektron baza məlumatlarında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********36-10301 reyestr nömrəli çıxarışla (AA 003357 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) X1 adına verilmiş 0.06ha torpaq sahəsi ilə üst-üstə düşdüyü görünsədə faktiki olaraq X1 adına verilmiş həyətyanı torpaq sahəsi başqa ərazidə yerləşir. X2 həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə idarədən 904-5/102 nömrəli texniki paspot almış və texniki pasport almış və texniki pasportda göstərilən konfiqurasiyaya görə 0.06 ha torpaq sahəsinin başqa ərazidə yerləşdiyi mütəxəssis tərəfindən aşkar olunmuşdur. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur - İddiaçının təqdim etdiyi xx.xx.2007-ci il tarixli ödəniş qəbzindən görünür ki, 73 manat məbləğində torpağın dəyəri Ucar rayonu Qarabörk Bələdiyyəsinin hesabına ödənilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon Şöbəsinin məktubundan görünür ki, Şöbə torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün satılmasına etiraz etməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili - həmin torpaq sahəsinə dair arxiv sənədlərinin təqdim edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı Ucar rayonu Qarabörk Bələdiyyəsinə sorğu verilmiş,28 sentyabr 2023-cü il tarixdə iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən qərar,torpağın dəyərinin ödənilməsinə dair qəbz və digər sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur.Əldə olunmuş mütəxəssis rəyindən də görünüdüyü kimi iddia olunantorpaq sahəsi onun faktiki istifadəsində olmaqla digər subyektlərə məxsus torpaq sahəsi ilə üstüstə düşmə halı mövcud deyildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alğı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı iclas protokolundan çıxarış qərarı ilə İddiaçı şəxsi mülkiyyətinə 0.06 ha torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2007-ci il tarixli qəbzə əsasən Ucar rayonu Qarabörk Bələdiyyəsinin hesabına ödənilmişdir. İddiaçının ilkin müraciəti zamanı inzibati icraat natamam aparılmış,ilkin imtina məktubunda qeyd olunan əsasın yoxlanılması istiqamətində araşdırma aparılmamışdır. Belə ki,məhkəmə araşdırması zamanı əldə olunan sənədlərin mötəbərliyinə şübhə olmamış,iddia olunan torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun tərəfindən həmin torpaq sahəsinin bələdiyyənin hesabına ödəmiş olduğu təsdiq olunmuşdur. Yuxarıda qeyd olunanlara və işin hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya ayrılmış və faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqularının qeydə alınmasından imtina etməkdə cavabdeh haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Ucar rayonu Qarabörk Bələdiyyəsinin 07 mart 2007ci il tarixli 03 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar