Məhkəmə qərarları › İş №2-1(116)-258/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-258/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-258/2021 02.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-138B kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsinə dair ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı hazırda Qəbələ rayon Hacıalılı (əvvəlki adı - Hacallı) kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Torpaq islahatı zamanı o, Qəbələ rayon Hacallı kəndində atası X2 təsərrüfatında qeydiyyatda olmuş və Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Hacallı kənd İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illəri əhatə edən təsərrüfatbaşına kitabında bu barədə qeydiyyat aparılmışdır. Həmin kitabdakı qeydlərə əsasən, X2 təsərrüfatında onun özü, həmçinin oğlu İddiaçı, gəlini X5 və nəvəsi X10 (cəmi 4 nəfər) qeydiyyatda olmuşlar. Təsərrüfatın istifadəsində 0,15 ha torpaq sahəsi olmuşdur. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən 1999-cu ildə təsdiq edilmiş "Qəbələ rayonunun Hacallı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl"də 138-ci sırada X2, İddiaçı, X3 və X6 adları göstərilmiş, onların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,15 ha qeyd olunmuşdur. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, JN-138F kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmiş və həmin sənədlə Qəbələ rayon Hacıalılı kəndində yerləşən 0,66 ha həyətyanı torpaq sahəsi X2, İddiaçı, X3 və X6 ümumi mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamə 138 nömrəsi ilə şəhadətnamələrin qeydiyyatı kitabında qeydə alınmışdır. Bundan başqa, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarına istinadən Qəbələ rayon Hacıalılı kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsini təsdiq edən JN-138B kod 40604018 nömrəli başqa bir "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" də mövcuddur. Həmin sənəddə onun da kitabda 138 nömrəsi ilə qeydə alındığı göstərilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, JN-138B kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,14 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin İdarə bundan imtina edərək bildirmişdir ki, həmin 138B kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin arxiv nüsxəsi Ərazi İdarəsində mövcud deyil, şəhadətnamələrin qeydiyyat kitabında həmin şəhadətnamə ilə bağlı qeydiyyat aparılmamışdır və şəhadətnamədə göstərilən 0,14 ha torpaq sahəsi elektron baza məlumatlarında öz əksini tapmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, sözügedən 0,14 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş, lakin müəyyən səbəblərdən bugünə qədər həmin torpaq sahəsinə dair mülkiyyət sənədi ala bilməmişdir. Cavabdeh iddianı qəbul etməmiş və xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçının təqdim etdiyi JN-138B kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin arxiv nüsxəsi arxiv materiallarında mövcud deyil, həmçinin "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmamış, bundan başqa, elektron baza məlumatlarında sözügedən şəhadətnamə barədə məlumat aşkar edilməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Hacallı kənd İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illəri əhatə edən təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, həmin illərdə İddiaçı, həmçinin X5 və X10 iddiaçının atası X2 təsərrüfatında qeydiyyatda olmuş, həmin təsərrüfatın istifadəsində 0,15 ha torpaq sahəsi olmuşdur. - İşdə olan, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən 1999-cu ildə təsdiq edilmiş "Qəbələ rayonunun Hacallı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl"dən görünür ki, cədvəlin 138-ci sırasında X2, İddiaçı, X3 və X6 adları göstərilmiş, onların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,15 ha qeyd olunmuşdur. - İşdə olan, JN-138F kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarı ilə 0,66 ha həyətyanı torpaq sahəsi X2, İddiaçı, X3, X6 ümumi mülkiyyətinə verilmişdir. - İşdə olan, JN-138B kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarı ilə 0,14 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********98 nömrəli etirazından görünür ki, iddiaçının təqdim etdiyi JN-138B kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin arxiv nüsxəsi arxiv materiallarında mövcud deyil, həmçinin "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmamış, bundan başqa, sözügedən şəhadətnamə barədə məlumat elektron baza məlumatlarında aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddialara aiddir. Həmin növ iddiaların mümkünlük şərtlərindən biri iddiaçının eyni tələblə əvvəlcədən cavabdehə müraciət etməsi, cavabdehin isə bu tələbi təmin etməkdən imtina etməsi, yaxud da müraciətə ümumiyyətlə cavab verməməsidir. İddiaçı məhkəməyə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin ona ünvanlanmış xx.xx.2020-ci il tarixli imtina məktubunun təsdiq edilməyən kserosurətini təqdim etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin məktubun əslinin məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilsə də, iddiaçı həmin sənədi məhkəməyə təqdim etməmişdir. Lakin bununla yanaşı, cavabdehin iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında göstərilmişdir ki, İddiaçı Qəbələ rayon Hacıalılı kəndində yerləşən JN-138B kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında verilmiş 0,14 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv materiallarında mövcud deyil, həmçinin "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmamışdır. Qeyd olunan səbəblərə görə müraciətin icrası mümkün olmamışdır. Göründüyü kimi, iddiaçı məhkəməyə müvafiq sübut təqdim etməsə də, onun əvvəlcədən cavabdehə müraciət etməsi və cavabdehin qeydiyyat aparmaqdan imtina etməsi cavabdehin özü tərəfindən etiraf edilmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddianın mümkün sayılmaması üçün əsas yoxdur. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi, torpaq islahatı zamanı torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilə bilməsi üçün həmin torpaq sahəsinin islahatdan əvvəl onun qanuni istifadəsində olması tələb olunur. Lakin müəyyən edildi ki, iddiaçının adına olan JN-138B kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 0,14 ha torpaq sahəsinin torpaq islahatından əvvəl onun qanuni istifadəsində olmasını təsdiq edən heç bir sənəd yoxdur. Məhkəmənin xx.xx.2020-ci il, xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli məktubları ilə həmin 0,14 ha torpaq sahəsinin torpaq islahatından əvvəl hansı orqanın qərarı ilə onun istifadəsinə verilməsi barədə məhkəməyə məlumat verməsi iddiaçıya təklif edilsə də, o, heç bir cavab verməmişdir. Şifahi məhkəmə baxışı zamanı da iddiaçı məhkəməyə belə bir sənəd təqdim edə bilmədi. Məhkəmə qeyd edir ki, belə olan halda, həmin 0,14 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ yarana bilməzdi. Həmçinin müəyyən edildi ki, torpaq islahatı zamanı həm İddiaçı, həm də X5 və X10 iddiaçının atası X2 təsərrüfatında qeydiyyatda olmuş, sadalanan 4 nəfərin adı "Qəbələ rayonunun Hacallı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl"ə daxil edilmiş və onların ümumi mülkiyyətinə 0,66 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin 0,66 ha torpaq sahəsinə onların mülkiyyət hüququnu təsdiq edən JN-138F kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. İddiaçının mülkiyyətinə iki müxtəlif yerdən torpaq sahəsi verilməsinin səbəbi ilə bağlı iddiaçıya məhkəmənin xx.xx.2020-ci il, xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli məktubları ilə sorğu edilsə də, o, sorğuya cavab verməmiş, şifahi məhkəmə baxışı zamanı da məsələyə aydınlıq gətirə bilməmişdir. Bundan başqa, məhkəmə təqdim olunmuş JN-138B kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də aşkar edilmiş aşağıdakı uyğunsuzluqları da qeyd edir. Əvvəla, həmin şəhadətnamədə onun 138 nömrə ilə kitabda qeydə alındığı yazılsa da, müəyyən edildi ki, şəhadətnamələrin qeydiyyatı kitabında həmin nömrə altında olan qeydiyyat iddiaçının atası X4 0,66 ha torpaq sahəsi ilə bağlı JN-138F nömrəli şəhadətnamənin verilməsi barədədir. İddiaçı adına olan JN-138B kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" həmin kitabda qeydə alınmamışdır. Bundan başqa, İddiaçı adına olan JN-138B kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" səhifəsində həmin torpaq sahəsinin qonşusu kimi X8 məxsus olan 194F nömrəli torpaq sahəsi göstərilmişdir. Ona görə də məhkəmə tərəfindən cavabdehə sorğu edilərək 194F kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin surəti alındı. Lakin müəyyən edildi ki, həmin şəhadətnamədə İddiaçı qonşu kimi göstərilməmişdir. Həmin şəhadətnamədə torpaq sahəsinin bir tərəfi X13 adlı şəxslə (182F nömrəli şəhadətnamə) qonşudur, qalan tərəfləri isə gediş-gəliş yerləridir. Göründüyü kimi, iddiaçının adına olan JN-138B kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş məlumatlar həqiqətə uyğun deyil. Bu səbəbdən də həmin sənəddə göstərilən 0,14 ha torpaq sahəsinin yerinin, koordinatlarının müəyyən edilməsi mümkün deyil. Beləliklə, sadalanan hallara görə məhkəmə bu qənaətə gəldi ki, cavabdeh 0,14 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-138B kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsinə dair ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar