Məhkəmə qərarları › İş №2-1(116)-258/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-258/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-258/2022 22.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1, cavabdeh Qəbələ rayon Zalam bələdiyyəsinin nümayəndəsi X6, üçüncü şəxs X4 iştirakı ilə, iddiaçılar İddiaçı və X5 cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ rayonu Zalam bələdiyyəsinə qarşı “əmlakının yerləşdiyi torpaq sahəsinə olan icarə müqavilələrinə əsas olmuş Qəbələ rayonu Zalam bələdiyyəsinin (Sırt Yengicə) 15 fevral 2006-cı il tarixli 02 saylı və 10 dekabr 2009cu il tarixli 10 saylı qərarlarının ləğv olunması və həmin torpağın istifadələrinə verilməsi barədə sənədlərin hazırlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq: müəyyən etdi: İddiaçı cavabdehlər Qəbələ rayonu Zalam bələdiyyəsinə və Cavabdeh2 qarşı “Aqrar islahatı zamanı paylarına düşən əmlakın cavabdehdən alınaraq sahibliyinə və istifadəsinə verilməsi, həmin əmlakın yerləşdiyi 0.80 ha torpaq sahəsinin istifadəsinə verilməsi vəzifəsinin bələdiyyənin üzərinə qoyulması, eləcə də 0.06 ha torpaq sahəsinin Şahsoltan Süleymanovun icarəsinə verilməsinə dair Sırt Yengicə bələdiyyəsinin 15.02.2006-cı il tarixli 02 saylı qərarının və 0.80 ha torpaq sahəsinin Ş.Süleymanovun icarəsinə verilməsinə dair bələdiyyənin 10.12.2009-cu il tarixli 10 saylı qərarının ləvğ olunması vəzifəsinin cavabdeh bələdiyyənin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 20.12.2021-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanmış və iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması təklif edilmişdir. Bundan sonra iddiaçılar İddiaçı və X8 məhkəməyə 16.02.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ünvanlamış, cavabdeh qismində DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsini və Qəbələ rayonu Zalam bələdiyyəsini, üçüncü şəxs qismində Cavabdeh2 və X2 qeyd etmiş və “əmlakının yerləşdiyi torpaq sahəsinə olan icarə müqavilələrinə əsas olmuş Qəbələ rayonu Zalam bələdiyyəsinin (Sırt Yengicə) 1 fevral 2006-cı il tarixli 02 saylı və 10 dekabr 2009-cu il tarixli 10 saylı qərarlarının ləğv olunması və həmin torpağın istifadələrinə verilməsi barədə sənədlərin hazırlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 18.03.2022-ci il tarixli, 2-1(116)-258/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 22.04.2022-ci il tarixli, 2-1(116)-258/2022 nömrəli qərardadı ilə inzibati iş üzrə X9 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmənin 12.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçılar tələb hüququnu yaşadığı ərazidə aqrar islahat aparılan zaman təsərrüfatında qoyun-quzunun olması nəzərə alınaraq kolxoz dövründən qalmış və islahata təqdim edilmiş qıraqları betonla bağlanmış vannanın (daşınmaz əmlak olaraq) qiymətləndirilməklə mülkiyətinə verilmələri, vannanın yerləşdiyi torpaq sahəsinin isə bələdiyyənin balansında saxlanılmasını, əslində vannanın yerləşdiyi torpaq sahəsinin mülkiyət olaraq özlərinə verilməsi ilə əsaslandırmış, iddia etdikləri daşınmaz əmlakın yerləşdiyi torpaq sahələrinə dair Qəbələ rayon Sırt-Yengicə bələdiyyəsi tərəfindən Şahsoltan Süleymanovun icarəsinə torpaq sahələrinin verilməsinin qanunsuz olduğunu bildirmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Qəbələ rayon Zalam bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında izahat verərək göstərdi ki, həmin ərazi 0.60 ha torpaq sahəsindən ibarətdir. Əvvəllər də bununla bağlı məhkəmə prosesləri olub. İddiaçının qoyun çimizdirən vanna dediyi ərazi faktiki olaraq yoxdur və əvvəllər olmuş sahə isə torpaqla doldurulub. Eyni zamanda həmin torpaq sahəsi icarə müqaviləsi əsasında digər subyektlərin istifadəsinə verilib. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsi nümayəndəsi iddia tələbinin qanuna müvafiq qaydada həll edilməsini xahiş etdi. Üçüncü şəxs X9 məhkəmə iclasında izahat verərək həmin torpaq sahəsinin hazırda özünün faktiki istifadəsində olmasını bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin 20.12.2021-ci il tarixli hüquqi yardım məktubunda və iş üzrə keçirilən 15.12.2021-ci il və 22.04.2022-ci il tarixli məhkəmə iclaslarında iddiaçının dinlənilmə hüququ təmin edilmiş, iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtinə cavab vermədiyi izah edilmiş, işin halları tərəflərin iştirakı ilə müzakirə edilmişdir. Lakin, iddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşdə olan, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 28.08.2014-cü il tarixli, 2-1(84)- 916/2014-cü il tarixli qərardadından görünür ki, iddiaçıların cavabdehlər DTXK-nin Qəbələ rayon şöbəsi və Cavabdeh2, müstəqil tələb irəli sürən üçüncü şəxs Qəbələ rayon Böyük Pirəlli bələdiyyəsinə qarşı “aqrar islahat zamanı paylarına düşən əmlakın cavabdehdən alınaraq sahibliyinə və istifadələrinə verilməklə, həmin əmlakın yerləşdiyi 0.80 ha torpaq sahəsinin istifadələrinə verilməsi vəzifəsinin bələdiyyənin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İşdə olan, Qəbələ rayon Sırt-Yengicə bələdiyyəsinin 10.12.2019-cu il tarixli 10 №-li qərarından və 10.11.2009-cu il tarixli müqavilədən görünür ki, X3 0.80 ha torpaq sahəsi icarəyə verilmişdir. İşdə olan, Qəbələ rayon Sırt-Yengicə bələdiyyəsinin 15.02.2006-cı il tarixli 2 №-li qərarından görünür ki, X3 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, İddia tələbinin “0.06 ha torpaq sahəsinin Şahsoltan Süleymanovun icarəsinə verilməsinə dair Sırt Yengicə (Zalam) bələdiyyəsinin 15.02.2006-cı il tarixli 02 saylı qərarının və 0.80 ha torpaq sahəsinin Ş.Süleymanovun icarəsinə verilməsinə dair bələdiyyənin 10.12.2009-cu il tarixli 10 saylı qərarının ləğv olunması” hissəsi mübahisələndirmə haqqında iddia növünə aiddir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə “mübahisələndirmə haqqında” iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, iddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu (bildiyi) vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən, qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Sadalanan normaların məzmunundan göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Məhkəmə, iddia müddətinin axımının hesablanması üçün iddiaçının hüquq və azadlığının pozulduğu barədə məlumatının olduğu günün müəyyən edilməsinə münasibət bildirərək qeyd edir ki, 15.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında İddiaçı həmin qərarların mövcudluğundan 2014-cü ildən məlumatlı olmasını, buna görə də məhkəməyə müraciət etməsini, üçüncü şəxslərlə eyni kənddə yaşadıqlarından və aralarında mübahisənin yaranmasını istəmədiyindən 7 il ərzində həmin qərarları mübahisələndirmədiyini bildirmişdir. Bu həm də işdə olan mübahisəli torpaq sahəsinə dair keçirilmiş məhkəmə prosesləri və həmin proseslərdə iddiaçının iştirakı ilə də sübut olunur. Hətta iddiaçıların mübahisələndirilən qərarlardan 2014-cü ildə məlumatlı olması nəzərə alınsa belə yenə, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürülmüş olacaqdır. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçılar cavabdehin 15 fevral 2006-cı il tarixli 02 saylı və 10 dekabr 2009-cu il tarixli 10 saylı qərarlarını mübahisələndirmək imkanını artıq itirmişlər. Uzun müddət mövcud olan tələbin qaldırılmaması həmin tələbin itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Odur ki, artıq ötürülmüş prosessual müddət İPM-lə bərpa oluna bilməz. Yəni, 01.01.2011-ci il tarixədək mübahisələndirilməsi mümkün olmayan hüquqi faktlar bu tarixdən sonra da mübahisələndirilə bilməzlər. Bundan başqa “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı yönələn tələb qeyri-müəyyən olmaqla iddiaçı tərəfindən dəqiqləşdirilməmişdir. 15.12.2021-ci il tarixli məhkəmə iclasında iddiaçıya nöqsanların aradan qaldırılması təklif edilmiş, iddiaçı nöqsanların yazılı şəkildə təqdim edilməsini xahiş etmiş, məhkəmə tərəfindən 20.12.2021-ci il tarixdə iddia ərizəsində yol verilmiş və aradan qaldırılması tələb edilən nöqsanlar bir daha iddiaçının nəzərinə çatdırılmışdır. Bununla belə ötən dövr ərzində iddiaçı tərəfindən iddia ərizəsinin formasına düzəliş edilsə də cavabdehə qarşı yönəlmiş tələb qeyri-müəyyən formada ifadə olunmuşdur. Məhkəmə o qənaətə gəlir ki, iddia tələbi qeyri müəyyən ifadə olunsa da, iddiaçıların hüquqi maraqları mübahisələndirdiyi qərarların ləğvinə nail olmaq, daha sonra isə həmin torpaq sahəsi üzərində özlərinin istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı yönələn “həmin torpağın istifadələrinə verilməsi barədə sənədlərin hazırlanması” ilə bağlı hissəsi ilkin tələbdən asılı tələbdir və ilkin tələbin qeyri-mümkün olması həmin tələbin də mümkünsüzlüyünə gətirib çıxardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı və X5 cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ rayonu Zalam bələdiyyəsinə qarşı “əmlakının yerləşdiyi torpaq sahəsinə olan icarə müqavilələrinə əsas olmuş Qəbələ rayonu Zalam bələdiyyəsinin (Sırt Yengicə) 15 fevral 2006-cı il tarixli 02 saylı və 10 dekabr 2009cu il tarixli 10 saylı qərarlarının ləğv olunması və həmin torpağın istifadələrinə verilməsi barədə sənədlərin hazırlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar