Məhkəmə qərarları › İş №2-1(116)-258/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-258/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-258/2023 18.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya Agentliyi” PHŞ-nə qarşı “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkir, döş vəzindən əməliyyat olunmuşdur. xx.xx.2009-cü ildən xx.xx.2021-ci ilədək 12 il 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar əlil olmuşdur. xx.xx.2022-ci ildə o, tibb müəssiəsinin göndərişi əsasında təkrar müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh 2-ci dərəcə müddətsiz əlillik təyin etmək əvəzinə, 3-cü dərəcə əlilliyi 5 il müddətinə təyin etmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin xx.xx.2022-ci ildə ona 3-cü dərəcə əlillik təyinatı əsassız və qanunsuzdur. Belə ki, o, fasiləsiz olaraq 10 ildən çox əlildir, bu səbəbdəndə cavabdeh tərəfindən ona 3-cü dərəcə əlillik təyini dəyişdirilməli və 2-ci dərəcə müddətsiz “Ümumi xəstəliklə əlaqədar” əlillik təyin edilməlidir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının müraciəti qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi iddiaçıya xx.xx.2009-cu il və xx.xx.2014-cü il tarixli göndərişlər əsasında 1 il müddətinə ikinci dərəcə əlillik təyin edildikdən sonra, xx.xx.2015-ci il tarixli göndəriş əsasında 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edildiyindən fasiləsizlik prinsipi pozulmuşdur. Təyin edilən əlilliyin ümumi müddəti 9 il olduğundan və fasiləsizlik prinsipi pozulduğundan iddiaçıya müddətsiz əlillik təyin edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - TƏBİB Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli 1000/22 nömrəli məktubuna əlavə edilmiş 066 nömrəli X2 Kartasından görünür ki, iddiaçıya “Döş giləsi və məməcik dairəsinin bədxassəli yenitörəməsi” diqanozu qoyulmuşdur. - TƏBİB Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli 1000/22 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli Əməliyyat Protokolundan görünür ki, Premedikasiyadan sonra ETN altında əməliyyat sahəsi yoseptlə işlənmiş, steril mələfələrlə əhatə edilmişdir. Sol süd vəzin yuxarı bayır kvdrantında şiş törəməsini əhatə edən iki yarım oval kəsiklə dəri dərialtı piy toxuması kəsilmişdir. Kəsildikdən sonra sol süd vəzin yuxarı bayır kvadrantı şiş törəməsi ilə birgə rezeksiya edilmişdir. Hemostaz. Yarada drenaj saxlanmaqla əməliyyat yarası tikilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 5030 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı iddiası ilə bağlı təyin etdiyiniz məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi və tibbi sənədləri ilə Birliyə təqdim edilməsi Sizə bildirilməsinə baxmayaraq bu günə qədər göndərilmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikasının İPMin 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin,iddia mahiyyət etibari ilə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2009-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin olunmuşdur.İddiaçıya xx.xx.2015-ci il tarixdə müayinə olunaraq ona (TSEK arayışının nömrəsi 553654) ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlillik təyin olunmuşdur.Növbəti müayinə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixində ikinci dərəcəli əlillik təyin olunmuşdur. Yuxarıda sadalananlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçının on il müddətinə fasiləsiz olaraq ikinci dərəcə əlil olduğu öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının müddəalarını işin hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya Agentliyi” PHŞ-nə qarşı “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar