Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-26/2020 18.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı və nümayəndəsi X4 üçüncü şəxs X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) “X5 adına verilmiş JN-427A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5 adına verilmiş JN-427A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində JN 4107A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən 0.08 ha torpaq sahəsi vardır. İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin layihəsi əsasında həmin torpaq sahəsində ev inşa edərək orada yaşayır. İddiaçı ev inşa olunan torpaq sahəsinə dair çıxarış almaq üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan müəraicətdən imtina edərək bildirmişdir ki, iddiaçının sənədləşdirmək istədiyi fərdi yaşayış evi baza xəritəsinə əsasən JN-427A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X5 mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş materiallarına istinadən iddia mümkün sayılmamalıdır. Belə ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23.07.2004-cü il tarixli, 293 saylı sərəncamına əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Şəhadətnamədən göründüyü kimi, hazırda mübahisələndirilən JN seriyalı 427 A “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” Mingəçevir şəhər İcra Hakimiyyətinin 23.07.2004-cü il tarixli, 293 saylı sərəncamına əsasında verilmiş, həmin sərəncam hazırda qüvvədə olmaqla iddiaçıya münasibətdə ləğv və ya etibarsız hesab edilməmişdir. Həmin qərar mübahisələndirilmədən qərar əsasında hazırlanmış Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə hər hansı dəyişikliyin edilməsi və ya ləğv edilməsi mümkün deyildir. Eyni zamanda qeyd edirlir ki, hazırda mübahisələndirilən JN seriyalı 427 A “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” Mingəçevir şəhər İcra Hakimiyyətinin 23.07.2004-cü ii tarixli, 293 saylı sərəncamına əsasında verilmişdir. Belə olan halda iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürərək və hazırkı vaxtadək həmin sərəncamı mübahisələndirməyərək həmin iddianı irəli sürmək hüququnu itirmişdir. Belə ki, “Torpaq islahatı Haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər Rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. İddiaçı bu hüququndan istifadə etməmiş Prosessual müddəti ötürərək əsassız olaraq mübahisələndirmə haqqında iddia ərizəsi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Ona görə də cavabdeh orqan qeyd olunanları, tərəflər arasında yaranmış mübahisənin olmasını həmçinin İddiaçı iddiasının qanunsuz olduğunu nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmamasını və buna müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs iddia tələbinə etiraz olaraq bildirmişdir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 saylı qərarına əsasən onun mülkiyyətinə şəhərin sağ sahilindən 0,07 ha torpaq sahəsi ayrılmışdır. Onun torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməsi var. Onunla qonşuluqda bacısı X1 mülkiyyətində 0,08 ha torpaq sahəsi vardır. Üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsində o, özünə 3 otaqdan ibarət ev tikdirmiş və hal-hazırda həmin evdə yaşayır. Bacısı Zemfiranın və onun ailəsinin hal-hazırkı zamanda yaşamağa evləri olmadığı üçün onlar müvəqqəti olaraq üçüncü şəxsin evində yaşayırlar. Üçüncü şəxsin adına məhkəmədən bildiriş gələndən sonra bilmişdir ki, bacısı Zemfira “Çıxarışın verilməsi haqqında“ iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Bacısının yazdığı iddia ərizəsi şər və böhtandır. Qeyd olunan torpaq sahəsi sənəd əsasında üçüncü şəxsə məxsusdur. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan JN 4107A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23.07.2004-cü il tarixli 293 nömrəli Qərarı ilə 0.08 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Mingəçevir şəhər İH Memarlıq və Tikinti şöbəsinin 21.10.2009-cu il tarixli 248 nömrəli “Tikinti-quraşdırma işlərinin başlanmasına İcazə” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, sifarişçi X3 H.Hüseynov küçəsi ünvanında Azərbaycan Respublikası DT və XK-nin “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan cavabdehin 27.03.2019-cu il tarixli **********17 nömrəli məktubundan müəyyən edilir ki, sözügedən torpaq sahələrində mütəxəssis tərəfindən texniki müayinə baxışı keçirilərək ərazidə inventarlaşdırma işləri aparılmış və ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və mövcud faktiki ölçüləri müəyyən olunmuşdur. Hər iki torpaq sahəsi fiziki sərhədlərlə əhatələnmiş bir ərazidə yerləşir. Şəhadətnamələrdə göstərilən torpaq sahəsinin sərhəd ölçülərinin planlarının konfiqurasiyasının mövcud vəziyyətdən çox fərqli olması, həmçinin hər iki torpaq sahəsini bir-birindən ayıran istər fiziki, istərsə də sərhədi təyin edən döngə nöqtələrinin nişanları mövcud olmadığından fərdi yaşayış evinin hansı torpaq sahəsində yerləşmə vəziyyətinə dair müqayisəli sxemin tərtib edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02.08.2019-cu il tarixli **********28 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir:
1. Mingəçevir şəhəri H.Hüseyinov küçəsində iddiaçı X2 və üçüncü şəxs X6 birlikdə, faktiki istifadələrində 0.15 ha torpaq sahəsi vardır. Bu torpaq sahələri yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir.
2. İddiaçı adına tərtib edilmiş JN seriyalı 4107 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan 0.08 ha torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsinin koordinatları və konfiqurasiyası üst-üstə düşmür.
3. X6 adına tərtib edilmiş JN seriyalı 427A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan 0.07 ha torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsinin koordinatları və konfiqurasiyası üst-üstə düşmür.
4. JN seriyalı 427 A nömrəli və JN seriyalı 4107 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər DWJ elektron baza xəritələrində əksini tapmışdır.
5. DWJ elektron baza xəritələrinə əsasən JN seriyalı 427 A nömrəli və JN seriyalı 4107 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərdə göstərilən torpaq sahələri qonşuluqda yerləşir. Qonşuluqda yerləşən torpaq sahələri arasında mərz mövcuddur.
6. Mingəçevir şəhəri H.Hüseyinov küçəsində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi X7 verilmiş JN seriyalı 427 A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsində yerləşir. Evin kim tərəfindən tikildiyini müəyyən etmək mümkün deyildir. İş üzrə əhəmiyyət kəsb edən və mütəxəssisin səlahiyyətlərinə aid olan məsələlər aşkar olunduğu təqdirdə bu barədə mütəxəssis rəyində münasibət bildirilməsi mütəxəssisə həvalə olunduğundan bildiririk ki, həm İddiaçı adına tərtib edilmiş JN seriyalı 4107 A nömrəli, həm də X5 adına tərtib edilmiş JN seriyalı 427 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin verilməsi üçün Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli Sərəncamı əsas göstərilmişdir Halbuki, həmin Sərəncam “Bələdiyyələrin əraziləri və torpaqları haqqında“ Azerbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu ıl tarixli, 237 nömrəli Fərmanın 4-cü, 5-ci və 6-cı bəndlərinin icrasının təmin edilməsi məqsədilə, yəni qanuni istifadədə olan yaşayış evlərinin, (binaların) həyətyanı torpaq sahələrinin əvəzsiz olaraq həmin evlərin (binaların) mülkiyyətçilərə verilməsinin sənədləşdirilməsi barədədir. Yuxarıda qeyd olunan şəhadətnamələr hazırlanan vaxt X2 və X5 istifadə etdikləri torpaq sahələri qanuni istifadədə deyil, özbaşına tutulmuş torpaqlar olmuşdur. İş materiallarında olan “Mingəçevir şəhəri ərazisində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəl”in təsdiq edilmiş surətindən müəyyən edilir ki, iş üzrə üçüncü şəxs X5 0.07 ha torpaq sahəsi qanuni istifadəsindədir. Hazırkı işdə mübahisə olunan DTXK-nin Mingəçevir şəhər şöbəsinin tərtib etdiyi JN- 427A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” İnzibati Prosessual Məcəllə və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmiş sərəncam əsassında verilməklə, İnzibati Prosessual Məcəllə və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl tərtib olunmuşdur. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən, qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Şəhadətnamədən göründüyü kimi, hazırda mübahisələndirilən JN seriyalı 427A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” Mingəçevir şəhər İcra Hakimiyyətinin 23.07.2004-cü il tarixli, 293 saylı Sərəncamı əsasında verilmişdir, lakin iddiaçı həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmiş və bununla da mübahisələndirmə imkanını itirmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan tələblə cavabdeh inzibati orqana əvvəlcədən müraciət olunmamışdır. İddiaçı tikdirdiyini iddia etdiyi evə çıxarış almaq üçün müraciət edəndə həmin evin 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsində inşa edildiyini bilmiş bundan sonra məhkəmədə hazırki iddianı qaldırmış, lakin şəhadətnamənin ləğv edilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bununla belə cavabdehin etirazında şəhadətnamənin ləğv edilməsi tələbinə münasibət bildirilmişdir ki, məhkəmə də imtinanın olmaması əsası ilə iddianın mümkün sayılmamasını hazırki halda əhəmiyyətsiz hesab edir. Hər bir halda hətta iddiaçı hazırki tələblə əvvəlcədən inzibati orqana müraciət etmiş olsa idi belə bu iddianın yuxarıda göstərilən səbəblərə görə mümkün sayılması ilə nəticələnməyəcəkdi. İddiaçının tələbi və iş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, iddiaçı və 3-cü şəxs arasında olan mübahisə mülki xarakterli olmaqla ümumi məhkəmədə baxılmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, və 80 maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) “X5 adına verilmiş JN-427A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Məhkəmə xərci iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 107,96 (yüz yeddi manat doxsan altı qəpik) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X11 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlqar Cabbarov