Məhkəmə qərarları › İş №2-1(116)-26/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-26/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-26/2024 14.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Şəki rayonu Kiş kəndində (“İdarə qabağı” adlanan ərazidə) inşa edilmiş qeyri yaşayış binasının yerləşdiyi, bələdiyyə qərarı ilə İddiaçı satılmış 100 m2 torpaq sahəsinə bitişik olan (tikilinin altında olan) 14 m2 torpaq sahəsinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsi tətbiq edilərək İddiaçı satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayonu Kiş kəndində yerləşən (“İdarə qabağı” adlanan ərazidə) inşa etdirdiyi qeyri yaşayış binasının yerləşdiyi, bələdiyyə qərarı ilə satılan 100 m2 torpaq sahəsinə bitişik olan, 14 m2 torpaq sahəsinin hərrac vasitəsi ilə satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili 14 may 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “Şəki rayonu Kiş kəndində (“İdarə qabağı” adlanan ərazidə) inşa edilmiş qeyr- yaşayış binasının yerləşdiyi, bələdiyyə qərarı ilə İddiaçı satılmış 100 m2 torpaq sahəsinə bitişik olan (tikilinin altında olan) 14 m2 torpaq sahəsinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsi tətbiq edilərək iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-26/2024 nömrəli qərardadı ilə X1 üçüncü şəxs qismində cəlb olunması barədə vəsatəti təmin edilməmişdir. İddia ərizəsinin əsaslarına görə, Cavabdeh Qərarı ilə iddiaçıya Şəki rayonu Kiş kəndi ərazisində xalq arasında “İdarə qabağı” adlandırılan ərazidən qeyri-yaşayış binası tikmək məqsədilə mülkiyyətinə 100 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. İddiaçı həmin torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödədikdən sonra sxematik plan əsasında ayrılacaq sahə müəyyən edilmiş, aidiyyəti idarə və təşkilatların təsdiqlədiyi Akt əsasında torpaq sahəsi tanıdılaraq təhvil verilmişdir. Həmin 100 kv.m torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2009- cu il tarixdə qeydiyyata alınaraq ona MA seriyalı №0004063 nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və AA 003407 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bundan sonra həmin torpaq sahəsində məişət xidməti binası inşa etmişdir. İddiaçı həmin qeyri-yaşayış binasını reyestrdə qeydə aldırmaq istərkən məlum olmuşdur ki, sözügedən bina inşa edilərkən binanın yerləşdiyi tikintialtı torpaq sahəsi X3nda göstərilən 100 kv.m torpaq sahəsindən əlavə sürüşmə nəticəsində bələdiyyə mülkiyyətində olan 14 kv.m torpaq sahəsini əhatə etmiş, qeyri-yaşayış binası ümumilikdə 100 kv.m sahədə tikilmişdir. Bu səbəbdən də binanın reyestrdə qeydə alınması mümkün olmamışdır. Qeyd olunan yaşayış sahəsi 2011-ci ildə inşa edilsə də texniki xarakterli sürüşmə-yerdəyişmə səbəbli bu günə kimi ona müvafiq qeydiyyat sənədlərinin əldə edilməsində çətinliklər meydana çıxmışdır. İddiaçı ötən müddət ərzində dəfələrlə həmin sürüşmə-yerdəyişmə nəticəsində sözügedən binanın altında qalmış torpaq sahəsini satın almağa hazır olduğumuzu bildirmişdir və bir neçə dəfə bu barədə şifahi olaraq Kiş Bələdiyyəsinə yazılı ərizə ilə müraciət etmiş. Cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı kəndin “İdarə qabağı” adlanan ərazisində mülkiyyətində olan 100 kv.m torpaq sahəsinə bitişik olan, inşa etdiyi qeyri yaşayış binasının bir hissəsinin yerləşdiyi 14 kv.m torpaq sahəsinin başqa şəxslərə satılması mümkün olmadığından, sənədləşmə aparılması üçün müəyyən vaxt çərçivəsində İddiaçı mülkiyyətinə verilməsinə etrazımız yoxdur. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizə cavabdeh tərəfindən cavablandırılmamamışdır.

2. ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəki rayonu Kiş kəndində yerləşən 0.01 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

3. AA seriyalı ******* nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi.

4. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-1646/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İddiaçının nail olmadığı hüquqi nəticəyə uyğun olaraq cavabdeh tərəfindən qəbul edilməsi tələb edilən qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt hesab olunduğundan hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir.İddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinə bitişik torpaq sahəsinin ona satılmasından ibarətdir.İddia olunan torpaq sahəsinə dair təqdim edilmiş rəydən görünür ki, iddia olunan torpaq sahəsi İddiaçı tərəfindən istifadə edilir və faktiki 14 kv.m olub, yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Torpaq sahəsi elektron uçot baza məlumatlarına əsasən, yaşayış məntəqəsi torpaqları daxilində ümumi istifadədə (yollar və küçələr) kimi göstərilmişdir.İddia olunan torpaq sahəsi xx.xx.2009-cu il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.01 ha torpaq sahəsinə bitişikdir. İddia olunan 14 kv.m torpaq sahəsi iddiaçının istifadəsindədir. İddia olunan torpaq sahəsində, sahibkarlıq məqsədi ilə 2 mərtəbəli qeyri yaşayış binası inşa edilmişdir. Göründüyü kimi iddia olunan 14 kv.m torpaq sahəsinin iddiaçıya satılması "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.4-cü maddəsinin tələbləri baxımından əsaslıdır. Belə ki, Qanunun bu normasına görə mübahisə edilən torpaq sahəsi, torpaq üzərində hüququ təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduqda və geri alınması mümkün olmadığı halda rəsmiləşə bilər. Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin geri alınmasının mümkün olubolmamasıdır.İddia olunan torpaq sahəsi qeyri-yaşayış binasının altında olmaqla geri alınması mümkün deyil,bitişik torpaq sahəsi isə iddiaçının mülkiyyətində olmaqla cavabdehin müvafiq qərarı əsasında ona ayrılmışdır.İddia olunan torpaq sahəsi ayrılan torpaq sahəsinə münasibətdə göstərilən ölçüdən artıq istifadə edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh üzərinə Şəki rayonu Kiş kəndində yerləşən, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 100 m2 torpaq sahəsinə bitişik (tikilinin altında olan) 14 m2 torpaq sahəsinin İddiaçı satılmasına dair qərar qəbul edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar