Məhkəmə qərarları › İş №2-1(116)-260/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-260/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-260/2021 30.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, üçüncü şəxslər X7 və X10 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X26 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında verilmiş 1499,01 kv.m həyətyanı torpaq sahəsinə X4, X2, İddiaçı, X7, X5, X10 adlarına, A-276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında verilmiş 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X4, X2, X3, X7, X5, X10 adlarına qeydiyyata alınaraq "Torpaq sahəsinin planı və ölçüsü"nün, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Zaqatala rayonunun Gözbarax kəndində yaşayır. X14, X11 onun valideynləri, X12 onun bacısı, üçüncü şəxslər X17, X15 və X19 isə qardaşlarıdır. X14, X11 və X12 vəfat etmişlər. Torpaq islahatı zamanı 1999-cu ildə tərtib edilmiş "Zaqatala rayonunun Gözbarax kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də 290-cı sırada X4, X2, İddiaçı, X7, X5, X10 adları göstərilmiş, onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,15 ha qeyd olunmuşdur. Bundan başqa, torpaq islahatı zamanı mülkiyyətinə torpaq payı verilən şəxslərin siyahısında 254-cü sırada X4, X2, X3, X7, X5, X10 adları göstərilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK) xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 1499,01 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı X4 adına A- 276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2010-cu ildə 200 nömrə ilə uçota alınmışdır. Bundan başqa, Zaqatala Rayon AİK-in həmin qərarına istinadən, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 1676,3 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı X4 adına A-276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2010-cu ildə 201 nömrə ilə uçota alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, 0,1499 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və 0,1676 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, mülkiyyət hüququnun qeydə alınması nəzərdə tutulmuş torpaq sahəsi və fərdi yaşayış evi üzrə mübahisə olduğundan ərizənin icrası mümkün deyildir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq "Zaqatala Rayon AİK-in xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə verilmiş A-276855 nömrəli və A-276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında torpaq sahələrinin qeydiyyata alınaraq "Torpaq sahəsinin planı və ölçüsü"nün, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli **********82 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, qeyd olunan torpaq sahələrində müvafiq ölçmə işləri aparılarkən mülkiyyətçilərdən X19 tərəfindən buna icazə verilməmişdir. Bundan başqa, Zaqatala Rayon AİK-in xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X14 və onun ailə üzvlərinə 0,1499 ha həyətyanı və 0,1676 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələri ilə bağlı A-276856 nömrəli və A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmişdir. İddiaçının iddia etdiyi hər iki torpaq sahəsinin elektron baza məlumatlarında X8, X6, İddiaçı, X13, X9, X16 məxsus olduğu göstərilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci ildə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə göndərərək "Zaqatala Rayon AİK-in xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə verilmiş A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında X4 adına, A-276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında X4, X2, X3, X7, X5, X10 adlarına qeydiyyata alınaraq "Torpaq sahəsinin planı və ölçüsü"nün, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-260/2021 nömrəli qərardadı ilə X17, X15 və X19 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Üçüncü şəxs X19 xx.xx.2021-ci ildə məhkəməyə iddiaya qarşı etiraz göndərərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək iddianın A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 1499,01 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı hissəsini dəyişdirmiş, həmin torpaq sahəsinə X4, X2, İddiaçı, X7, X5, X10 adlarına qeydiyyata alınaraq "Torpaq sahəsinin planı və ölçüsü"nün, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edildi. Üçüncü şəxslər X17 və X19 iddianın təmin olunmasına etiraz etmədiklərini bildirdilər. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda işə nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmiş, bu səbəbdən də məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 1999-cu ildə tərtib edilmiş "Zaqatala rayonunun Gözbarax kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"dən görünür ki, cədvəldə 290-cı sırada X4, X2, İddiaçı, X7, X5, X10 adları göstərilmiş, onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,15 ha qeyd olunmuşdur. - İşdə olan, mülkiyyətinə torpaq payı verilən şəxslərin siyahısından görünür ki, cədvəldə 254-cü sırada X4, X2, X3, X7, X5, X10 adları göstərilmişdir. - İşdə olan, A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon AİK-in xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 1499,01 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı X4 adına tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2010-cu ildə 200 nömrə ilə uçota alınmışdır. - İşdə olan, A-276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon AİK-in həmin qərarına istinadən, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 1676,3 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı X4 adına tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2010-cu ildə 201 nömrə ilə uçota alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Mülkiyyətinə həyətyanı torpaq sahələri və torpaq payı verilən şəxslərin siyahılarından görünür ki, İddiaçı həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmiş şəxslərdən biridir. Torpaq payı verilən şəxslərin siyahısında isə onun adı olmasa da, onun mərhum valideynlərinin adı var və o, gələcəkdə vərəsəlik məsələlərinin həll edilməsi üçün torpaq sahəsinə mülkiyyətçilərin mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edə bilər. Ona görə də məhkəmə iddianı mümkün hesab edir. Aşağıdakı hallara görə iddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsində deyilir ki, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin Qanunun 13-cü maddəsinə görə, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Müəyyən edildi ki, torpaq islahatı zamanı 1499,01 kv.m həyətyanı torpaq sahəsinin X4, X2, İddiaçı, X7, X5, X10 mülkiyyətinə, 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə X4, X2, X3, X7, X5, X10 mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahələri ilə bağlı mülkiyyətçilərin adına "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" və "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilməsə də, ailə başçısı olan X4 adına xx.xx.2010-cu ildə 1499,01 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı A-276855 nömrəli, 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı isə A-276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Həmin sənədləri iddiaçı məhkəməyə təqdim edə bilməsə də, onların surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edildi. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, 1499,01 kv.m həyətyanı torpaq sahəsi X4, X2, İddiaçı, X7, X5, X10 mülkiyyətinə, 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə X4, X2, X3, X7, X5, X10 mülkiyyətinə verildiyinə görə iddiaçı həmin şəxslərin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında verilmiş 1499,01 kv.m həyətyanı torpaq sahəsinə X4, X2, İddiaçı, X7, X5, X10, A- 276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında verilmiş 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X4, X2, X3, X7, X5, X10 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Torpaq sahəsinin planı və ölçüsü"nün, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X26 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar