Məhkəmə qərarları › İş №2-1(116)-260/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-260/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-260/2022 15.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X2 və üçüncü şəxs Şəki rayonu Baş Layısqı bələdiyyəsinin nümayəndəsi, bələdiyyənin sədri X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilərək Şəki rayonu Cunud kəndində yerləşən, mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********24 nömrəli imtinasının əsassız hesab edilməsi və Şəki rayonu Cunud kəndində yerləşən fərdi yaşayış evinin 0,12 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Şəki rayonu, Baş Layısqı kənd “Baş Layısqı” kolxozunun 21 avqust 1995-ci il tarixli 3 №-li ümumi müvəkkillər yığıncağının Protokolundan çıxarışdan da göründüyü kimi adları oxunan 30 nəfər vətəndaşa nizamnamə əsasında həyatyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. Həmin Qərarla torpaq sahəsi verilən şəxslərdən biri də hazırkı iddia üzrə İddiaçıdur. Torpaq sahəsi hazırda da iddiaçının istifadə və sahibliyindədir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********24 nömrəli imtina məktubunda qeyd etmişdir ki, aparılan araşdırma zamanı təqdim edilən Şəki rayonu, Baş Layısqı kənd “Baş Layısqı” kolxozunun 21 avqust 1995-ci il tarixli 3 nömrəli ümumi müvəkkillər yığıncağının Protokolundan arxiv çıxarışında ayrılan torpaq sahəsinin miqdarının qeyd olunmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq Şəki rayonu, Cunud kəndində yerləşən fərdi yaşayış evinin 0,12 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********12 nömrəli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə münasibətini bildirmişdir. İş üzrə üçüncü şəxs Baş Layısqı bələdiyyəsi xx.xx.2022-ci il tarixli, 138 nömrəli məktubunda qeyd etmişdir ki, Cunud kənd sakini İddiaçı istifadəsində 0,19 ha zəbt olunmuş torpaq sahəsi var. Bu müddət ərzində vətəndaş tərəfindən həmin torpağın sənədləşməsi barədə heç bir müraciət olunmamışdır. Həmin torpaq sahəsinin koordinatları elektron xəritə hazırlanması məqsədi ilə ƏMDK-nın işçiləri tərəfindən 2017-ci ildə vurulmuşdur. Lakin sonradan heç bir sənədləşmə aparılmamışdır. Həmin torpağın sənədləşməsi üçün vətəndaş Baş Layısqı bələdiyyəsinə ərizə ilə müraciət etməlidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-260/2022 nömrəli qərardadı ilə Şəki rayon Baş Layısqı bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “cavabdehin imtinası əsassız hesab edilərək Şəki rayonu Cunud kəndində yerləşən, mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın təmin olunmasına etiraz etmədiyi bildirmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: Baş Layısqı kolxozunun xx.xx.1995-ci il tarixli 3 nömrəli ümumi müvəkkillər yığıncağının iclasında həyətyanı torpaq tələbi ilə müraciət etmiş kolxoz üzvləri və qulluqçularının adları 30 nəfər olmaqla sadalanmış, həmin siyahıda 29-cu sırada İddiaçı da adının qeyd edildiyi müəyyən edilir. xx.xx.1996-cı il tarixdə tərtib olunmuş aktdan görünür ki, Baş Layısqı kolxozunun xx.xx.1995-ci il tarixli 3 nömrəli ümumi iclas qərarı ilə iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsi yerində ölçülərək təhkim edilmişdir. Baş Layısqı bələdiyyəsi tərəfindən təsdiq edilmiş İddiaçı Şəki rayonu Cunud bələdiyyəsi ərazisində yerləşən mülkiyyətində olan torpaq sahəsinin planında, torpaq sagəsinin eni 30 m uzunluğu 40 m olaraq qeyd edilmişdir. (sahəsi cəmi 1200 kv.m) Cavabdehin xx.xx.2022-ci il tarixli **********72 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı iddiasında göstərilən torpaq sahəsi naturada 1922 kv.m olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş ərazidir. Bələdiyyə mülkiyyətində olub, İddiaçı bildirdiyinə görə onun tərəfindən istifadə olunur. Məhkəmə tərəfindən sxem təqdim edilmədiyindən sənəd üzrə ayrılmış torpaq sahəsi ilə iddiaçının faktiki istiadə etdiyi torpaq sahəsinin eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. X6 filialının xx.xx.2022-ci il tarixli, 244 nömrəli məktubuna əlavə olunmuş təsərrüfatbaşına kitablarından çıxarışların arxiv nüsxələrindən görünür ki, 1996-2000-ci, 2001-2005-ci və 2006-2010-cu illərdə iddiaçı təsərrüfatında tək özü olmaqla qeydiyyatda olmuş və 0,30 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Məhkəmə tərəfindən aparılan araşdırma, eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlər və mütəxəssis rəyindən də göründüyü kimi iddia tələbində qeyd edilən torpaq sahəsindən iddiaçının faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsinə dair iddiaçının hüquqlarını təsdiq edən sənədlər mövcuddur. Cavabdehin imtinası sadəcə olaraq torpaq sahəsinin ölçüsünün göstərilməməsi ilə bağlı olmuşdur ki, iş materiallarına əlavə edilmiş torpaq sahəsinin təhvil verilməsinə dair xx.xx.1996-cı il tarixli aktda sahəsinin ölçüsü 0,12 ha olaraq göstərilmiş, Baş Layısqı bələdiyyəsinin təqdim etdiyi sxemstik planda olan ölçü göstəricilərinə əsasən ayrılmış torpaq sahəsinin ölçüsünün 0,12 ha olduğu müəyyən edilmişdir. Odur ki, işin faktiki hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin iddiaçının tələbini təmin edilməsindən imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Şəki rayonu Cunud kəndində yerləşən, İddiaçı mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar