Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-261/2024 15.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Yeni Şərif kəndi ərazisində fəaliyyət göstərmiş “Əzizbəyov” adına kolxozun ümumi iclasının qərarı ilə ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun 1 il müddətinə özgəninkiləşdirilməsi şərtilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “1982-ci ildə iddiaçının qeydiyyatda olduğu Balakən rayonu Yeni Şərif kəndi ərazisində fəaliyyət göstərmiş “Əzizbəyov” adına kolxozun ümumi iclasının qərarı ilə iddiaçıya istifadə etmək və ev tikmək üçün verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evinə dair iddiaçının adına Hüquqların Dövlət Qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2134/2023 nömrəli qərardadı ilə Balakən rayonu Yeni Şərif bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, Balakən rayonu Yeni Şərif kəndi ərazisində fəaliyyət göstərmiş “Əzizbəyov” adına kolxozun ümumi iclasının qərarı ilə ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun 1 il müddətinə özgəninkiləşdirilməsi şərtilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1957-ci il tarixdə Balakən rayonunun Yeni Şərif kəndində doğulmuşdur. Azərbaycan vətəndaşı olmuşdur. Hərbi xidmət keçdikdən sonra 1980-cı ilin əvvəllərində təhsil almaq məqsədilə Rusiya Federasiyasının Saratov şəhərinə getmişdir. 1982-ci ildə qeydiyyatda olduğu Azərbaycan Respublikasının Balakən rayonunun Yeni Şərif kəndi ərazisində fəaliyyət göstərmiş “Əzizbəyov” adına kolxozun ümumi iclasının qərarı ilə ona istifadə etmək və ev tikmək üçün 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. 1994-cü ildə həmin torpaq sahəsində 1 mərtəbəli 5 otaqlı ümumi sahəsi 120 kv.m olan yaşayış evi tikdirmişdir. Təhsil aldığı müddətdə və sonralar hər il Yeni Şərif kəndinə ailəsi ilə birlikdə gəlib getmişdir. 1996-cı ildən sonra Rusiya vətəndaşlığını qəbul etmişdir. Hal-hazırda mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinə dair hüquqmüəyyənedici sənəd olan “Çıxarış" almaq istəyir. Bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 727 nömrəli və Balakən rayon Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş 3-48-7RA/2-B-3xx-xx/2023 saylı arxiv arayışlarına əsasən 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, ünvan 1i ünvanında fərdi yaşayış evinin yerləşdiyi 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmalı İddiaçı xarici ölkə vətəndaşıdır. Buna görə də ərizədə qeyd olunan məsələyə baxılması mümkün olmamış və bu barədə iddiaçıya 11 05.2023-ci tarixli, **********01 nömrəli məktub göndərilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, torpaq sahəsinin planında göstərilən ərazinin ölçüləri ilə iddiaçının faktiki istifadə etdiyi ərazinin ölçüləri arasında konfiqurasiya fərqi olduğundan texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşmə vəziyyəti, ölçüləri ilə iddiaçının faktiki istifadə etdiyi ərazinin ölçülərinin uyğun olmaması qeyd edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - X2 filialının xx.xx.2022-ci il tarixli 727 nömrəli arxiv arayışından görünür ki, Balakən rayonu Yeni Şərif kənd Əzizbəyov adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 359-cu sırada İddiaçı cəmi torpağı 0,25, həyətyanı torpaqların ümumi sahəsindən bölməsində əkinlər 0,20, bağlar və digər çoxillik giləmeyvə əkinlərinin sahəsi 0,03, tikililər, kolluqlar, meşəliklər və yarğanlar altında olan sahələr 0,02 olması qeyd edilmişdir. - Balakən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-7RA/2-B-3xx-xx/2023 nömrəli arxiv arayışından və xx.xx.2023-cü il tarixli 3-48-7RA/2-81/2023 nömrəli məktuba əlavə olunmuş 1996-2000-ci illər üzrə 423 nömrəli şəxsi hesab vərəqəsindən görünür ki, Balakən rayon Yeni Şərif kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1996-2000-ci illər üzrə təsərrüfat üzvü İddiaçı göstərilmiş, evin tikildiyi il 1994-cü il, cəmi torpaq sahəsi 0,25 ha qeyd olunmuşdur. - iyul 2006-cı il tarixli, 60 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Balakən rayonu Yeni Şərif kəndində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti İddiaçı İsrəfil oğlu olmuş, evin yerləşdiyi torpaq sahəsinin faktiki və sənəd üzrə ölçüsü 2500 kv.metr, tikildiyi il 1994-cü il qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir:
1. iyul 2006-cı il tarixli, 60 inventar nömrəli texniki pasportda göstərilən ərazinin hər hansı bir koordinatı olmadığına görə iyul 2006-cı il tarixli, 60 inventar nömrəli texniki pasportda qeyd edilmiş 2500 kv.m torpaq sahəsi iddia olunan torpaq sahəsi ilə eyni ərazi olmasını müəyyən etmək olmamışdır.
2. iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır.
3. torpaq sahəsinə dair elektron baza məlumatlarında iddiaçının adına hər hansı bir sənəd aşkar edilmədiyinə görə sənəd üzrə vəziyyəti ilə istifadə vəziyyəti arasındakı uyğunsuzluğa dair müqayisəli sxemin tərtib edilməsi mümkün olmamışdır. Ancaq iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
4. Kompleks yerquruluşu layihəsində və TEKUİS- də olan məlumatlar idarə tərəfindən hazırlanmadığına görə kompleks yerquruluşu layihəsində yaşayış məntəqəsi və TEKUİS-də kənd təsərrüfatı təyinatlı qeyd edilməsinin səbəbləri məlum deyildir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iyul 2006-cı il tarixli, 60 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin texniki göstəriciləri və torpaq sahəsinin yerləşmə vəziyyəti ilə, iddia olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin texniki göstəriciləri və torpaq sahəsinin yerləşmə vəziyyəti ilə uyğun gəlibgəlməməsi ilə bildirilmişdir ki, həmin texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşmə vəziyyəti, ölçüləri və torpaq sahəsinin planında göstərilən ərazinin ölçüləri ilə iddiaçının faktiki istifadə etdiyi ərazinin ölçüləri uyğun deyildir.
Əsaslandırma hissəsi:
Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası ... 3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ ...
4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı:
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3), o cümlədən həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış (2.5) hüquqların əldə edilməsini təsdiq edən sənədlər olaraq müəyyən edilmişdir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarında olan Balakən rayonu Yeni Şərif kənd Əzizbəyov adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabı və Balakən rayon Yeni Şərif kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitabları əsasında müəyyən edilir ki, iddiaçıya məxsus təsərrüfatın istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,25 hektardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3 və 2.5-ci bəndləri baxımından həm Qaytanlanmış torpaq kitabında əks olunmuş məlumatlar, həm də təsərrüfatbaşına kitablarda əks olunmuş məlumatlar iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün birbaşa hüquqi əsasdır. İddia olunan torpaq sahəsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş torpaq sahəsi olması (1982-ci ilin “Qaytanlanmış torpaq” kitabı) işin mübahisəsiz halıdır. Odur ki, sözügedən torpaq sahəsinin təyinatı ilə bağlı elektron baza məlumatlarını cavabdeh orqan yalnız istinad olunan Fərmanın 2-ci bəndinin tələbləri baxımından yoxlamalıdır. Yəni, iddia olunan torpaq sahəsinin hüququn əmələ gəldiyi anda magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi müəyyən olunarsa cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. İş materialları ilə müəyyən olunur ki, iddia olunan torpaq sahəsində iddiaçıya məxsus fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd edilmiş torpaq sahəsinin planı ilə faktiki istifadə vəziyyəti arasında konfiqurasiya fərqi olsa da, hər bir halda sözügedən sənəddə qeyd edilmiş tikiliyə nəzərən iddia olunan torpaq sahəsi ilə texniki pasportda qeyd edilmiş daşınmaz əmlak obyektinin eyni ərazi olmasını müəyyən etmək mümkündür. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. İddiaçının Azərbaycan Respublikasının vətəndaşı olmaması ilə bağlı cavabdeh orqanın imtina dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüququ digər dövlətin vətənaşlığını qəbul edənədək yaranmış, lakin iddiaçı torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Hazırda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsi həmin hüququn dövlət qeydiyyatına alınmasına hüquqi əsas yaradır. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanını verib-verməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). 38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). Hazırkı halda, iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində bu hüququ qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla daimi istifadəyə verilmişdir (bu hal tərəflər arasında mübahisələndirilmir). İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin, iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Topraq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir. Odur ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ, iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2130/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe öz əksini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayonu Yeni Şərif kəndi ərazisində fəaliyyət göstərmiş “Əzizbəyov” adına kolxozun ümumi iclasının qərarı ilə ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun 1 il müddətinə özgəninkiləşdirilməsi şərtilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.