Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-262/2021 01.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdehnə qarşı “Cavabdeh Başçısının 01.07.2016-cı il tarixli 82 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, Cavabdeh başçısının 01 iyul 2016-cı il tarixli, 82 nömrəli sərəncamının etibarsız hesab olunaraq ləğv olunmasını, Ucar rayonunun Çiyni kəndi ərazisində olan X9 torpaqlarından kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığı inkişaf etdirmək üçün 15 (on beş) il müddətinə 100 (yüz) hektar torpaq sahəsinin İddiaçı ASC-yə icarəyə verilməsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 30.09.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh başçısının 27.09.2005-ci il tarixli, 108 saylı sərəncamına əsasən “xxxx” ATSC (hazırda İddiaçı ASC) ilə Ucar RİH arasında 27.09.2005-ci il tarixdə 10 nömrəli “torpaq icarəsi müqaviləsi” bağlanılmışdır. Müqaviləyə əsasən 100 (yüz) hektar torpaq sahəsi 15 (on beş) il müddətinə kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlıqla məşğul olmaq məqsədilə “xxxx” ATSC-nin icarəsinə verilmişdir. İddia ərizəsində iddiaçı bildirir ki, onun xəbəri və iştirakı olmadan Cavabdeh başçısının 01.07.2016-cı il tarixli 82 nömrəli sərəncamı ilə birtərəfli qaydada 27.09.2005-ci il tarixli 10 nömrəli “torpaq icarəsi müqaviləsi”nə xitam verilmişdir. İddiaçı 27.09.2005-ci il tarixli 10 nömrəli “torpaq icarəsi müqaviləsi”nin 5-ci bəndinə (müqaviləyə edilmiş əlavə və dəyişikliklər danışıq aparan tərəflərin nümayəndələrinin imzası ilə yazılı formada olduqda etibarlı sayılır) əsaslanaraq hesab edir ki, Cavabdeh başçısının 01.07.2016-cı il tarixli 82 nömrəli sərəncamı müqavilənin şərtlərinə zidd olmaqla bərabər qanunsuz, ədalətsiz və əsassızdır. Məhkəməyə 22.02.2021-ci il tarixdə daxil olmuş ərizəsində iddiaçı Cavabdeh başçısının 01.07.2016-cı il tarixli 82 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 22.02.2021-ci il tarixli, 2-1(116)-262/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 03.05.2021-ci il tarixli, 486 nömrəli məktubda qeyd edilir ki, Ucar Rayonu İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2005-ci il tarixli 108 nömrəli Sərəncamı ilə “xxxx" X10 Cəmiyyətinə rayonun Çiyni kəndi ərazisində olan X9 torpaqlarından kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığı inkişaf etdirmək üçün 15 (on beş) il müddətinə 100 (bir yüz) hektar torpaq sahəsi ayrılmış və bununla bağlı 27.09.2005-ci il tarixli, 10 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 2.13cü bəndinə görə icarəçi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etməli, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etməlidir. Lakin baxış keçirilərkən həmin torpaqlardan təyinatı üzrə istifadə olunmadığı müəyyən edilmişdir. Ona görə də bu barədə İddiaçı ASC-yə 20 iyun 2016-cı il tarixli, 341 nömrəli məktubla xəbərdarlıq edilmiş və məktub İddiaçı ASC-nin məsul şəxslərinə təhvil verilmişdir. Lakin icarəçiyə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, torpaqdan qanunvericiliyin tələblərinə uyğun istifadə olunması təmin edilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1 -ci bəndinin 5-ci abzasında qeyd olunur ki, torpaqdan məqsədli, təyinatına görə istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilə bilər. Bu səbəbdən də Ucar Rayonu İcra Hakimiyyəti Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 3-cü bəndinə əsaslanaraq “xxxx” X10 Cəmiyyətinə verilmiş torpaq sahəsi üzərində icarə hüquqlarının xitam verilməsini məqsədəmüvafiq hesab etmişdir. Odur ki, Ucar Rayonu İcra Hakimiyyətinin 01 iyul 2016-cı il tarixli, 82 saylı Sərəncamına əsasən Rayon İcra Hakimiyyəti ilə “xxxx” X10 Cəmiyyəti arasında bağlanılmış 27 sentyabr 2005-ci il tarixli 10 nömrəli torpaq icarəsi müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək 22.02.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə etdiklərini və 28.04.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul olunmamasını xahiş etdi. Protokol qərardadı ilə 28.04.2021-ci il tarixli ərizənin icraata qəbul edilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. İddia ərizəsinə surəti iddiaçı tərəfindən əlavə edilən 27.09.2005-ci il tarixli, 10 nömrəli icarə müqaviləsindən görünür ki, 100 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıqla məşğul olmaq üçün 15 il müddətinə “xxxx” ATSC-nin (hazırkı İddiaçı ASC) icarəsinə verilmişdir. İcarə müqaviləsini icarəyə verən tərəfindən Ucar RİH başçısı X4, icarəçi tərəfindən isə “xxxx” ATSC-nin sədri X3 imzalamışdır. İcarə müqaviləsinə əsasən JN-8291 kod 90406028 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə tərtib edilmişdir. İddia ərizəsinə surəti iddiaçı tərəfindən əlavə edilmiş Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin X5 Qeydiyyatı İdarəsinin X1 ünvanladığı mart 2020-ci il tarixli, **********424900 nömrəli məktubdan müəyyən edilir ki, “xxxx” ATSC 05.01.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının 01 nömrəli, 24.05.2007-ci il tarixli protokoluna əsasən cəmiyyətin adı İddiaçı ASC-yə dəyişdirilmiş və bu fakt 29.05.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Cavabdeh başçısının 01 iyul 2016-cı il tarixli, 82 saylı Sərəncamının surətindən müəyyən edilir ki, həmin sərəncama əsasən Cavabdeh ilə “xxxx” X10 Cəmiyyəti arasında bağlanılmış 27 sentyabr 2005-ci il tarixli 10 nömrəli torpaq icarəsi müqaviləsinə xitam verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh orqan məhkəməyə 27.05.2021-ci il tarixdə AZ6100/********** nömrəli teleqram ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Cavabdeh başçısının sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Mübahisəli sərəncamın iddiaçıya 2016 və ondan sonrakı illərdə təqdim olunmasına dair sübut yoxdur. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və əsaslıdır. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində, torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları isə həmin Məcəllənin 75-ci maddəsində nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində deyilir ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: (abzas 1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; (abzas 2) torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; (abzas 3) hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; (abzas 4) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: (abzas 5) əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; (abzas 6) istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; (abzas 7) torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; (abzas 8) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; (abzas 9) istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; (abzas 10) dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; (abzas 11) torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; (abzas 12) torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; (abzas 13) torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. (abzas 14) Həmin Məcəllənin 73-cü maddəsinin 3-cü bəndində deyilir ki, bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Bundan başqa, həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndində deyilir ki, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsizistifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin Məcəllənin 75-ci maddəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Cavabdeh öz sərəncamında Torpaq Məcəlləsinin müvafiq maddələrinə istinad etməmiş, yanlız müqavilənin 2.13-cü bəndinə istinad etmişdir. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq üzərində icarə hüququna yalnız məhkəmə tərəfindən xitam verilə bilər. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən cavabdeh Ucar RİH-in belə bir səlahiyyəti yoxdur. Bundan başqa, həmin iki halda, torpaq sahələri üzərində icarə hüququna xitam verilməsi haqqında qərar verilməzdən əvvəl, buraxılmış nöqsanların (pozuntuların) aradan qaldırılması üçün vaxt müəyyən edilmiş olmalı və həmin xəbərdarlıqdan sonra tədbir görülməmiş olmalıdır. Cavabdeh iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulduğunu hesab edirdisə, bu barədə iddiaçıya xəbərdarlıq etməli, pozuntuların aradan qaldırılmasını ondan tələb edərək ona müəyyən bir müddət verməli, həmin müddət ərzində pozuntular aradan qaldırılmadığı halda, müvafiq iddia ilə məhkəməyə müraciət etməli idi. Lakin hazırkı işdə nöqsanların aşkar edilməsi barədə cavabdehin tərtib etdiyi akt mövcud deyil, nöqsanların aradan qaldırılması üçün iddiaçıya xəbərdarlıq edilməsi və bunun üçün konkret müddət təyin edilməsi barədə sübut yoxdur. Beləliklə, cavabdeh mübahisələndirilən 01.07.2016-cı il tarixli 82 №-li sərəncamı qəbul edərkən maddi hüquq normalarının tələblərini pozaraq, iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh başçısının 01.07.2016-cı il tarixli 82 nömrəli sərəncamı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Başçısının 01.07.2016-cı il tarixli 82 nömrəli sərəncamı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-262/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-262/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver