Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-262/2024 08.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “iddiaçının 16 noyabr 2009-cu il tarixindən "xxxx" ASC-nin direktoru vəzifəsindən azad olunması qeydinin avtomatlaşdırılmış vergi informasiya sistemində qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “16 noyabr 2009-cu il tarixindən "xxxx" ASC-nin direktoru vəzifəsindən azad olunması qeydinin avtomatlaşdırılmış vergi informasiya sistemində qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı, hazırkı tələblə cavabdeh orqana müraciət edərək, 16 noyabr 2009-cu il tarixdən "xxxx" ASC-nin direktoru vəzifəsindən azad olunması qeydi barədə avtomatlaşdırılmış vergi informasiya sistemində qeydiyyat aparılmasını xahiş etmiş, lakin müraciəti təmin edilməmiş, izah edilmişdir ki, "xxxx" ASC-nin səlahiyyətli şəxsi vergi orqanına müraciət etməlidir. "xxxx" ASC-nin səlahiyyətli şəxsi "xxxx" ASC-nin drektorlar Şurasının sədri işləyən X2 barəsində Göyçay rayon Məhkəməsinin 1(046)-64/2022-nömrəli, 19 iyul 2022-ci il tarixli qərarı ilə axtarış elan edilərək, onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, iddiaçı, 01,09.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək Göyçay "xxxx" ASC-də rəhbər vəzifəsində işləmişdir. Öz ərizəsi ilə işdən azad olunmuşdur. Göstərilənlərə baxmayaraq, onun adı Vergilər Nazirliyinin Uçot və Qeydiyyat bazasından çıxarılmamışdır. Bundan sonra o, cavabdeh 9-saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən - İddiaçı 16 noyabr 2009-cu il tarixdən "xxxx" ASC-nin direktoru vəzifəsindən azad olunmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 06 noyabr 2020-ci il tarixli, 2(046)-34/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı 16 noyabr 2009-cu il tarixdən "xxxx" ASC-nin direktoru vəzifəsindən azad olunması müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-678/2021-nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə Göyçay Rayon Məhkəməsinin 06 noyabr 2020- ci il tarixli, 2(046)- 34/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının 16 noyabr 2009-cu il tarixdən "xxxx" ASC-nin direktoru vəzifəsindən azad olunması müəyyən edilmişdir. Qeyd edilmişdir ki, İddiaçı "xxxx" ASCnin səhmdarlarının 26 iyul 2006-cı il tarixdə keçirilmiş ümumi yığıncağında Cəmiyyətin İdarə Heyətinin sədri seçilmiş, səhmdarların 25 iyun 2009-cu il tarixli ümumi yığıncağında yenidən 3 il müddətə Cəmiyyətin İdarə Heyətinin sədri seçilmiş, lakin 2009-cu ilin noyabrında həmin vəzifədə fəaliyyətini davam etdirmək istəməmiş və işdən azad edilməsi barədə ərizə vermiş, onun səlahiyyətlərinin icrası Cəmiyyətin İdarə Heyətinin sədr müavini Təhməz Qasımova keçmişdir. "xxxx" ASCnin İdarə Heyətinin sədr müavinin xx.xx.2009-cu il tarixli, 22 saylı əmri ilə İddiaçı işdən azad olunması rəsmiləşdirilmiş və bu məsələnin Cəmiyyətin ümumi yığıncağının təsdiqinə təqdim olunması qərara alınmışdır. "xxxx" ASC-nin Müşahidə Şurasının sədri Vüqar Qasımov barəsində həbs qətimkan tədbiri seçildiyindən və o, axtarışa verildiyindən Cəmiyyətin ümumi yığıncağı keçirilmir, nəticədə onun hüquqları pozulur. 2009-cu il tarixdən İddiaçı AQROTEXSERVİS ASC ilə heç bir əlaqəsi yoxdur. Bu hal tərəflər arasında predusiyal əhəmiyyətə malik olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. "xxxx" ASC-nin Nizamnaməsinin 11.5-ci bəndində müəyyən olunur ki, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması Cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. ASC-nin səhmdarlarının 25 iyun 2009-cu il tarixdə keçirilmiş ümumi yığıncağında X2 yenidən 3 il müddətinə Cəmiyyətin Direktorlar şurasının sədri vəzifəsinə seçilmişdir. Göründüyü kimi, Cəmiyyətin Direktorlar şurasının sədri Vüqar Qasımov səhmdarların ümumi yığıncağını çağıraraq iddiaçının işdən azad edilməsi və ASC-nin İdarə Heyətinin yeni sədrinin seçilməsi məsələlərini müzakirəyə çıxarıb həll etməli olduğu halda, üzərinə düşən vəzifəni yerinə yetirməkdən yayınmışdır. X1 Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə 3 il müddətinə seçilmiş və hər bir halda onun səlahiyyət müddəti 2012-ci ilin iyulundan bitmişdir. Göründüyü kimi iddiaçının müraciətinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Belə ki, cavabdeh (inzibatı orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Göyçay Aqrotexservis” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2006-ci il tarixli 1 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı cəmiyyətin İdarə heyyətinin sədri vəzifəsinə təyin olunmuşdur (əmr etiraza əlavə olunur). Vergi orqanı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində dövlət qeydiyyatında rəhbər dəyişikliyinin aparılması üçün məlumat dəyişikliyini təsdiq edən sənədləri (müvafiq ərizə forması, yeni rəhbərin təyin olunması haqqında iclasın qərarı, rəhbərin şəxsiyyət vəsiqəsinin surəti) vergi orqanına təqdim olunması ilə bağlı cəmiyyətə xx.xx.2023-cü il tarixli **********889900 nömrəli məktub göndərilməsinə baxmayaraq və qanunvericiliklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi İddiaçı bildirilsə də, bu günə qədər cəmiyyət tərəfindən vergi orqanına təsis sənədlərində dəyişiklik ilə bağlı heç bir sənəd təqdim olunmamışdır. Məlumat üçün bildiririk ki, İddiaçı cavabdeh “Göyçay Aqrotexservis" Açıq Səhmdar Cəmiyyətinə müstəqil tələb irəli sürməyən ücüncü şəxs 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı onun “Göyçay Aqrotexservis" Açıq Səhmdar Cəmiyyətinin direktoru vəzifəsindən azad olunması ilə bağlı dəyişikliyin qeydiyyata alınması üçün vergi orqanına müraciət olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə" iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu İİ tarixli 2(046)-744/2019 saylı qətnaməsinə əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru vəzifəsindən azad edilməsi ilə bağlı dəyişikliyin qeydiyyata alınması üçün 9 saylı Ərazi Vergilər idarəsinə müraciət olunması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qərara alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru vəzifəsində işlədiyini qeyd etsə də, həmin tarixə təsadüf etməyən dövrdə yəni sonrakı dövrdə belə müəssisənin rəhbəri qismində vergi orqanına rəsmi müraciət ünvanlamışdır ki, bu hal onun sözügedən müəssisədə rəhbər vəzifəsində işləməsinin sübutudur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik qeydiyyata alınmalıdır. Qeyd olunan Qanunun 9.2-ci və Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasan isə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Beləliklə, İddiaçı iddia ərizəsi tamamilə əsassızdır və təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı iddiasının təmin edilməməsini, qeyd olunan hüquqi şəxsdə rəhbər dəyişikliyinin aparılması öhdəliyinin cəmiyyətin üzərinə qoyulması barədə Qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - xx.xx.2006-cı il "xxxx" ASC-nin 1 №-li əmrindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədri təyin olunmuşdur. - Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-34/2020 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı xx.xx.2009-cu il tarixdən "xxxx" ASC-nin direktoru vəzifəsindən azad olunması müəyyən edilmiş, İddiaçı "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi ilə bağlı dəyişikliyin qeydiyyata alınması üçün Azərbaycan Respublikası 9 saylı Ərazi Vergilər İdarəsinə müraciət olunması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)- 678/2021 nömrəli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-34/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Hüquqi şəxs haqqında məlumatdan görünür ki, vergi ödəyicisinin tam adı Göyçay "xxxx" ASC, dövlət qeydiyyat sənədinin nömrəsi 0706-G4-364, tarixi xx.xx.1997-ci il, əsas fəaliyyə növü- digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət, rəhbəri- İddiaçı, faktiki ünvanı- AZ2300 ünvan 1ssəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının reyestrdə onun barəsində olan məlumatların dəyişdirilməsinə tələb hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsin məhkəmə qarşısında hüququnun pozulduğunu bəyan etməsi və həmin pozuntu ehtimalının mövcud olması iddianın mümkün sayılması üçün yetərlidir. Həmçinin, iddia əsaslıdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun Maddə 9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.2-3. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 107. Səhmdar cəmiyyətində idarəetmə 107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.1. cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; 107.1.2. cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 107.1.3. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; Maddə 107-1. Səhmdarların ümumi yığıncağının çağırılması 107-1.1. Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. 107-1.2. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). Nəzərə alınmalıdır ki, hüquqi şəxslərin dövlət reyestri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun məqsədləri və mənası anlamında Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatların (qeydlərin) məcmusundan və ya toplusundan ibarətdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması tələb edilir. Həmin normanın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun məqsədləri, eləcə də istinad olunan qanun anlamında hüquqi şəxslərin dövlət reyestrinin anlayışı və mahiyyəti baxımından təfsirinə görə, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatın dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasını şərtləndirən hüquqi fakt kimi qiymətləndirilməlidir. Hüquqi faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının artıq xx.xx.2009cu il tarixdən "xxxx" ASC-nin direktoru vəzifəsini icra etmədiyi, eləcə də həmin vəzifəni icra etmək niyyətində olmadığı və bununla bağlı muxtar hüququna əsaslanan azad iradəsini ifadə etdiyi görünür. Bununla belə iddiaçının işdən azad olunması rəsmiləşdirilməsinə və bu məsələnin Cəmiyyətin ümumi yığıncağının təsdiqinə təqdim olunmasına baxmayaraq, iddiaçının iradəsindən asılı olmayan hallara görə Cəmiyyətin ümumi yığıncağı keçirilməsi baş tutmamışdır. İş materiallarından görünür ki, iddiaçı, "xxxx" ASC-nin Nizamnaməsinin 14.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixdə 3 il müddətinə "xxxx" ASC-nin sədri vəzifəsinə təyin olunmuşdur. Müəyyən olunmuş 3 illik müddət bitdikdən sonra onun yenidən eyni vəzifəyə seçilməsi iş üzrə materiallarla təsdiq olunmur. Bu zaman həm də, iddiaçının iradə ifadəsi də nəzərə alınmalıdır. Belə ki, qeyd olunan hallar hüquqi şəxsin rəhbəri və qanuni təmsilçisi barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi fakt kimi qiymətləndirilməlidir. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, reyestr məlumatları hüquqi şəxslərə münasibətdə formal vəziyyətin deyil, real və hüquqi cəhətdən işlək vəziyyətin əks etdirilməsi məqsədini daşıyır. Həmin məqsədlər baxımından, iddiaçının Cəmiyyətin idarə heyətinin sədri seçildiyi 2006-cı il tarixdən 3 il keçdikdən sonra yenidən sədr seçilməsinin təsdiq olunmadığı və özünün də səlahiyyət müddəti bitdikdən sonra səlahiyyətini davam etdirmək niyyətində olmadığı ilə bağlı iradəsi nəzərə alındıqda, həmin müddət bitdikdən sonra reyestrdə iddiaçı barəsində ASC-nin sədri və qanuni təmsilçisi kimi məlumatların saxlanılmasına haqq qazandırıla bilməz. Hazırkı mübahisəyə münasibətdə iddiaçının ASC-nin sədri və qanuni təmsilçisi kimi ona aid məlumatların dəyişdirilməsini tələb hüququ yuxarıda istinad olunan normalara əsaslanan nizamnamədən (ən azından 3 illik müddətin keçməsi ilə bağlı) və vəzifə seçimi ilə bağlı onun muxtar hüququndan (heç kim iradəsi ziddinə vəzifədə qalmağa məcbur edilə bilməz) irəli gəlir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-548/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqe). Cavabdeh orqanın - iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru vəzifəsində işləmədiyi dövrdə müəssisənin rəhbəri qismində vergi orqanına rəsmi müraciət ünvanlaması ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən müraciətin məhz iddiaçı tərəfindən edilməsi iş materialları ilə müəyyən olunmur. Cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, hüquqi şəxsin bazasında qeyd edilmiş məlumatlar əsasında gələn bütün məktublar avtomatik olaraq iddiaçının adında görünür. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan həmin dəlili də tamamilə əsassız olmuşdur. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin üzərinə İddiaçı 16 noyabr 2009-cu il tarixindən "xxxx" ASC-nin direktoru vəzifəsindən azad olunması qeydinin avtomatlaşdırılmış vergi informasiya sisteminə daxil edilməsi öhdəliyi qoyulur. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-262/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-262/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver