Məhkəmə qərarları › İş №2-1(116)-2628/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2628/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2628/2024 30.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0.06 ha həyətyanı torpaq sahəsinin mülkiyyətin verilməsinə dair Şəhadətnamədə subyektlər siyahısına, eyni zamanda həmin şəhadətnamə əsasında hazırlanmış hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023 tarixində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan çıxarışda hüquq sahibləri siyahısına adının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək “0.06 ha həyətyanı torpaq sahəsinin mülkiyyətin verilməsinə dair Şəhadətnamədə subyektlər siyahısına, eyni zamanda həmin şəhadətnamə əsasında hazırlanmış hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023 tarixində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan çıxarışda hüquq sahibləri siyahısına adının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubunda iddiaçıya izah olunmuşdur ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 1995-ci ildə Faiq Əmirov küçəsinə rəsmi qeydiyyata düşmüşdür. Lakin 1996-ci ildə Aqrar islahat aparılan zaman iddiaçının adı məlum olmayan səbəbdən subyektlər siyahısına daxil edilməmişdir. Bu səbəbdən iddiaçının adı xx.xx.2005 tarixli 117 saylı qərar əasında verilən Şəhadətnamədə və çıxarışda subyektlər siyahısında görümür. İddia ərizəsindən aydın olur ki, iddiaçının cavabdeh orqana qarşı məhkəmə qarşısında irəli sürülmüş iki tələbi var:

1. 0.06 ha həyətyanı torpaq sahəsinin mülkiyyətin verilməsinə dair Şəhadətnamədə subyektlər siyahısına adının əlavə edilməsi,

2. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023 tarixində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan çıxarışda hüquq sahibləri siyahısına adının əlavə edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması Birinci tələbə münasibətdə məhkəmə izah edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmamışdır. Belə ki, işdə olan kod 40201004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2005-ci il tarixli, 117 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi Həsrətov Qurbanın, X1, X3 və X4 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçı, sözügedən Şəhadətnamənin subyekt tərkibi ilə razılaşmır və özünün də adının həmin Şəhadətnaməyə daxil edilməsini tələb edir. Lakin, iddiaçının adının daxil edilməsini tələb etdiyi kod 40201004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin subyekt tərkibinin dəyişdirilməsi üçün Zaqatala rayon AİK-nın xx.xx.2005-ci il tarixli, 117 saylı qərarı mübahisələndirilməlidir. Zaqatala rayon AİK-nın xx.xx.2005-ci il tarixli, 117 saylı qərarı inzibati akt hesab olunduğundan və hazırda qüvvədə olduğundan həmin qərar əsasında verilmiş sənədlərə düzəliş edilməsi mümkün deyildir. İddia ərizəsinin məzmunundan iddiaçı özü də qeyd edir ki, o, 1995-ci ildə Faiq Əmirov küçəsinə rəsmi qeydiyyata düşmüşdür və indiyə qədər həmin ünvanda qeydiyyatdadır. Belə olan halda o, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş hüquqi sənədlərin məzmunundan məlumatlı olmalı və tərtib edilmiş sənədlərin məzmunu ilə razılaşmadıqda qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mübahisələndirməli idi. İddiaçı, Zaqatala rayon AİK-nın xx.xx.2005-ci il tarixli, 117 saylı qərarı qəbul edildikdən və müvafiq Şəhadətnamənin hazırlanmasından 19 ilə yaxın müddət keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmiş, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. İkinci tələbə münasibətdə məhkəmə izah edir ki, iddia olunan torpaq sahəsi üzərində qeydə alınmış hüquqlar mövcuddur. Qeydiyyat nömrəsi ********** olan çıxarış JN- 1749A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında tərtib edilmişdir. Odur ki, ilkin qeydiyyatın aparılmasına dair Şəhadətnamə qüvvədə olduğundan və mübahisələndirilməsi imkanı itirildiyindən sözügedən çıxarışda hüquq sahibləri siyahısına iddiaçının adının əlavə edilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxılması mümkün deyil. Başqa sözlə, iddiaçı, tələbini “çıxarışda hüquq sahibləri siyahısına adının əlavə edilməsi” şəklində ifadə etsə də, nail olmaq sitədiyi hüquqi nəticə 0,06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasıdır. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarış hüquqların qeydə alınmasını rəsmiləşdirən sənəd olduğundan burada müvafiq əlavənin öz əksini tapması üçün iddiaçının adı subyekt qismində ilkin olaraq şəhadətnaməyə əlavə edilməlidir. Belə ki, ancaq ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış subyektlərin adları çıxarışda əks oluna bilər. Yuxarıda qeyd edildiyi kimi, iddia olunan torpaq sahəsi üzərində JN-1749A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə adları qeyd edilmiş subyektlərin ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və qeydiyyatın aparılmasına əsas olan sənədlər qüvvədə olduğundan iddiaçının həmin torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adının çıxarışa daxil edilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxıla bilməz. Beləliklə, çıxarışa iddiaçının adınının daxil edilməsi (ümumibirgə mülkiyyət hüququnun qeydə alınması) şəhadətnamədə subyektlər siyahısında iddiaçının adının olub-olmamasından asılıdır. İlkin tələbə münasibətdə mümkünlük şərtlərinin ödənilməməsi ikinci tələbin də, mümkünsüzlüyünə gətirib çıxarır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. Bununla belə iddiaçı, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0.06 ha həyətyanı torpaq sahəsinin mülkiyyətin verilməsinə dair Şəhadətnamədə subyektlər siyahısına, eyni zamanda həmin şəhadətnamə əsasında hazırlanmış hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023 tarixində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan çıxarışda hüquq sahibləri siyahısına adının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar