Məhkəmə qərarları › İş №2-1(116)-264/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-264/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-264/2020 11.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1nə qarşı “Cavabdeh2 iki uşağı-09.10.2004-cü il təvəllüdlü X7 və 31.08.2006-cı il təvəllüdlü X8 ilə birlikdə 16.01.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında mülkiyyətdə olub ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçının oğlu X4 20 dekabr 2003-cü ildə Cavabdeh2 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Toydan sonra Cavabdeh2 ona məxsus olan ünvan 2 ünvanına gəlin gəlmişdir və həmin evə pasport qeydiyyatına alınmışdır. Onların birgə nikahlarından 09 oktyabr 2004-cü ildə Səid və 31.08.2006-cı ildə Ömər adlı iki uşaqları anadan olmuşdur. Onların ailə münasibətləri pisləşdiyindən aralarında qeyd edilmiş nikah Ağdaş rayon məhkəməsinin 25 yanvar 2013-cü il tarixli qətnaməsi ilə pozulmuş, iki nəfər uşaqlar anasının yanında saxlanılmışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tam onun, 01603 hektar həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında digər ailə üzvlərinin adına 16.01.2014-cü ildə DƏDRX-nin 17 saylı Ərazi idarəsində adlarına qeydə alınmışdır və bu barədə adlarına RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ağdaş rayon məhkəməsinin 12.11.2014-cü il tarixli qətnaməsi ilə cavabdehin iki nəfər uşaqları ilə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış evinə istifadə hüququ tanınmış və onun uşaqları ilə birlikdə həmin evə köçürülməsi, eləcə də tərəfindən ona 5000 manat kompensasiya ödənilməklə onun iki nəfər uşaqları ilə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin qətnamə icra edilmişdir. Cavabdeh həmin vaxtdan iki nəfər uşaqları ilə birlikdə evdən çıxıb öz valideynlərinin yanına getmişdir. Cavabdeh və uşaqları həmin yaşayış evində qeydiyyatda olduqlarından dəfələrlə ondan uşaqları ilə birlikdə xüsusi mülkiyyətimdə olan həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxmalarını cavabdehdən xahiş və tələb etsədə, o könüllü olaraq evdən qeydiyyatdan çıxmamışlar. Cavabdehin uşaqları ilə birlikdə xüsusi mülkiyyətində olan yaşayış evindən qeydiyyatdan çıxarılmaları barədə ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdeh orqana, yəni Cavabdeh1 Qeydiyyat və X3 müraciət etmişdir. Lakin Qrupdan ona bildirmişlər ki, qeydiyyatdan çıxmalı olan vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədi və qeydiyyata düşəcəkləri yaşayış sahəsinin sənədlərini daimi yaşayış yeri üzrə Qeydiyyat və X3 təqdim etməklə ərizə ilə müraciət etməlidirlər. Ona görə də aidiyyəti məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bütün bunlar Cavabdeh1 tərəfindən müraciətinə cavab olaraq ünvanına göndərilmişdir. 07.10.2019-cu il tarixli, 8/13214709M-3219 saylı məktubla təsdiq olunur. Vətəndaş könüllü olaraq ərizə və ona əlavə edilmiş sənədlərlə özləri şəxsən Qrupa müraciət etmədikdə onların qeydiyyatdan çıxarılması yalnız qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında mümkündür. Cavabdeh və iki nəfər uşaqlarının xüsusi mülkiyyətimdə olan fərdi yaşayış evimdən könüllü olaraq qeydiyyatdan çıxmaması, cavabdeh orqanın isə mübahisə ilə əlaqədar hərəkətsizliyi nəticəsində, yəni təqdim etdiyim sənədlər əsasında cavabdehi uşaqları ilə birlikdə həmin evdən qeydiyyatdan çıxarmaması mülkiyyətçi kimi mülkiyyət hüququ əsasında mülkiyyətində olan fərdi yaşayış evi barəsində onun təyinatına uyğun olaraq qanunla müəyyən edilmiş qaydada sahiblik, istifadə və sərəncam vermək hüquqlarını istəyinə uyğun həyata keçirmək kimi hüquqlarını pozmuşdur. İddiaçı 11.02.2020-ci il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsinə dair ərizə verib, “Cavabdeh2 iki uşağı-09.10.2004-cü il təvəllüdlü X7 və 31.08.2006-cı il təvəllüdlü X8 ilə birlikdə 16.01.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında mülkiyyətdə olub ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli ş/v surəti, 08.10.2019-cu il tarixli 4031 nömrəli və 30.09.2019-cu il tarixli 3842 nömrəli Azərbaycan Respublikasının Ağdaş rayon İcra Hakimiyyətinin Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışları, 25.01.2013-cü il tarixli 2(014)- 12/2013 nömrəli Azərbaycan Respublikasının Ağdaş rayon Məhkəməsinin qətnaməsinin təsdiqlənmiş surəti, 13.02.2015-ci il tarixli Azərbaycan Respublikasının Ağdaş rayon Məhkəməsinin qərardadının surəti, AZ-İ seriyalı 332981 nömrəli Azərbaycan Respublikasının Nikahın X1 təstiqlənmiş surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surəti, 07.10.2018-ci il tarixli 8/13214709M-3219 nömrəli imtina məktubu, 16.12.2019-cu il tarixli 2/132-18342-1219 nömrəli Cavabdeh1 məktubu, 24.12.2019-cu il tarixli ərizə, 11.02.2019-cu il tarixli iddia tələbinin dəqiqləşdirmə barəsində ərizə aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Cavabdehə və 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 mülkiyyət hüququ ilə tam olaraq iddiaçının mülkiyyətindədir. Hazırkı mübahisədə həqiqətən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Ağdaş Şəhər Rayon Polis Şöbəsinin üzərinə Cavabdeh2 iki uşağı- 09.10.2004-cü il təvəllüdlü X7 və 31.08.2006-cı il təvəllüdlü X8 ilə birlikdə 16.01.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar