Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-264/2023 22.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş zəlzələdən zərər çəkmiş İsmayıllı rayonu Tircan kəndində yerləşən evinə dəymiş zərərin aradan qaldırılması üçün müvafiq səlahiyyətli komissiya tərəfindən baxış keçirilməsi, evinin zəlzələdən zərər görmüş evlər siyahısına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş zəlzələdən zərər çəkmiş İsmayıllı rayonu Tircan kəndində yerləşən evinə dəymiş zərərin aradan qaldırılması üçün müvafiq səlahiyyətli komissiya tərəfindən baxış keçirilməsi, evinin zəlzələdən zərər görmüş evlər siyahısına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı İsmayıllı rayon Tircan kəndində ailəsi ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. 2019-cu ilin fevral ayında Qobustan-Şamaxı-İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə baş vermiş zəlzələ nəticəsində iddiaçının yaşadığı İsmayıllı rayon Tircan kəndində yerləşən fərdi yaşayış evinin əsas daşıyıcı divarları bərpaolunmaz şəkildə çatlayaraq ev tamamilə yararsız hala düşmüşdür. İddiaçı lazımi orqanlara vaxtında məlumat vermiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Cavabdeh yaratdığı birgə komissiya evinə baxış keçirərək getmişlər. Lakin bu günədək heç bir əməli iş görülməmişdir. İddiaçı cavabdehə qarşı hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/1110 nömrəli imtina məktubunda qeyd etmişdir ki, İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində yaşayış evlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlər əsasında aidiyyəti dövlət qurumlarına müraciət edilmiş, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət yaradılmış komissiya yaşayış evlərinə baxış keçirmiş, komissiya rayon ərazisində işini yekunlaşdırmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən aslı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən vətəndaşların daşınmaz əmlaklarının sığortalanması icbaridir. Qanuna əsasən fiziki və hüquqi şəxslər əmlaklarını icbari qaydada sığorta etdirməyə borcludurlar. Belə olduğu halda hər-hansı təbii fəlakət nəticəsində daşınmaz əmlaka dəymiş ziyan müvafiq sığorta şirkətlərinin ayırdığı vəsait hesabına aradan qaldırılır. Həmin sosial proqram başa çatdığı üçün iddiaçıya köməklik göstərilməsi imkan xaricindədir. Cavabdeh məhkəmənin sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 02/671 nömrəli məktubunda qeyd etmişdir ki, 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ ilə əlaqədar vətəndaşlardan daxil olmuş bütün şifahi və yazılı müraciətlər ümumiləşdirilərək zəlzələnin nəticələrini qiymətləndirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiyaya təqdim edilmişdir. Mütəxəssislər təqdim edilmiş siyahılara əsasən yerlərdə baxışlar həyata keçirərək müvafiq rəylər vermiş, həmin rəylər əsasında qərarlar qəbul edilmişdir. Baxışın ümumi prinsiplərinə əsasən yaşayış evlərinin çöl divarlarında çatlar müşahidə olunduqda bina tam müayinə edilərək təmirə, bərpaya ehtiyac olduğu və ya qəzalı vəziyyətdə olması barədə müvafiq qərarlar verilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən rayona ezam olunmuş komissiya tərəfindən Tircan kəndində baxış keçirilərkən İddiaçı yaşayış evinə ilkin vizual baxış keçirilmiş, yaşayış evində heç bir çatın olmadığı müəyyən edilmişdir. İddiaçı yaşayış evində heç bir zədə aşkarlanmadığı üçün təmir, bərpa və ya qəzalı olması barədə komissiya tərəfindən qərar qəbul edilməmişdir. Komissiyanın rəyinin dəyişdirilməsi və fərdi yaşayış evinə təkrar baxış keçirilməsi RİH-nin səlahiyyətlərinə aid olmadığından vətəndaşın istəyinə uyğun köməkliyin göstərilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət yaradılmış komissiya yaşayış evlərinə baxış keçirmiş, komissiya rayon ərazisində işini yekunlaşdırmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-54/2-114/2023 nömrəli məktubuna iddia tələbinə dair etirazını əlavə etmişdir. Etiraz qeyd edilmişdir ki, İsmayıllı Rayon İcra Hakimiyəti üzərinə düşən vəzifəni yerinə yetirmiş, İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində yaşayış evlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlər əsasında aidiyyəti dövlət qurumlarına müraciət etmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəsislərindən ibarət yaradılmış komissiya yaşayış evlərinə baxış keçirmişdir. Zəlzələnin ilk günlərində vətəndaşların şifahi müraciətləri əsasında evlərə baxış keçirilmişdir. İşə əlavə edilmiş Cavabdeh başçısının Tircan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 mart 2021-ci il tarixli 15 saylı arayışı ilə də təsdiq olunur ki, iddiaçının evinə baxış keçirilmişdir. İddiaçı da iddia ərizəsində etiraf edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəsislərindən ibarət komissiya evinə baxış keçirərək getmişdir. Lakin bu günədək heç bir əməli iş görülməmişdir. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Cavabdeh məktublarını düzgün şərh etmədiyi üçun hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hər iki məktubda komissiya tərəfindən evinə baxış keçirildiyi, iddiaçıya məxsus yaşayış evinin qənaətbəxş olduğu vurğulanır. 05 fevral 2019cu ildə baş vermiş zəlzələ ilə bağlı yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifə yaşayış evlərinə dəymiş ziyanla bağlı bir ay ərzində daxil olmuş müraciətləri siyahıya almaq və aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə təqdim etmək olmuşdur. Zəlzələdən zərər görmüş evlərin müəyyən edilməsi və bununla bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifələrinə daxildir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət yaradılmış komissiya rayon ərazisində işini yekunlaşdırdığına və sosial proqram başa çatdığına görə evin zəlzələdən zərər görmüş evlər siyahısına salınması Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir. Göründüyü kimi, iddia tələbi cavabdeh İsmayıllı Rayon İcra Hakimiyətinə münasibətdə iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cu bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdır (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Qeyd olunanlara əsasən cavabdeh etiraz məktubunda iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdeh orqan onun müraciətini əsassız hesab edərək müraciətin təmin olunmasından imtina etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 5-54/2-114/2023 nömrəli məktubuna İsmayıllı RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin rayon icra hakimiyyəti başçısına təqdim etdiyi yazılı məlumat əlavə olunmuşdur. Məlumatda qeyd olunmuşdur ki, sözügedən məsələ Bakı İnzibati Məhkəməsinin icraatında olarkən araşdırılmış və Tircan kənd İƏD üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən məlum olmuşdur ki, Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya İddiaçı evinə xx.xx.2019xx.xx.2019-cu il tarixləri arasında baxış keçirmişdir. Əlavə olaraq qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasında baxış keçirdiyi evlərdən yalnız qəzalı, təmir və bərpa-gücləndirməyə ehtiyacı olan evləri siyahıya almışdır. Odur ki, vətəndaş İddiaçı evinə həmin tarixlərdə baxış keçirildiyi və qənaətbəxş hesab olunduğu üçün siyahıya alınmamış və müvafiq akt tərtib edilməmişdir. Məhkəmə işin hallarını aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından araşdıraraq hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: Maddə 28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində İsmayıllı rayonu Tircan kəndində yerləşən, zəlzələdən zərər çəkmiş yaşayış evlərinə Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasında baxış keçirdiyi evlərdən yalnız qəzalı, təmir və bərpa-gücləndirməyə ehtiyacı olan evləri siyahıya almışdır. İddiaçı evinə həmin tarixlərdə baxış keçirilmiş, hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi qənaətbəxş hesab olunduğu üçün siyahıya alınmamış və müvafiq akt tərtib edilməmişdir. İddiaçı, fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu bildirərək, cavabdeh orqandan yeni fərdi yaşayış evinin tikilərək, təmir edilməsini tələb etmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh orqan və ya FHN tərəfindən sözügedən fərdi yaşayış evinin hətta qəzalı olaraq qiymətləndirməsi belə o demək deyildir ki, onun yeni yaşayış sahəsi tikərək təmir etmək öhdəliyi vardır. Belə ki, qüvvədə olan qanunvericilik aktlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin 2019-cu ildə İsmayıllı rayonunda baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşdüyünə, zərər çəkdiyinə istinad etməsi həmin evin təmir olunması üzrə cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddianın təmin olunması üçün yetərli sayıla bilməz. Bununla yanaşı iş materialları ilə iddiaçıya məxsus fərdi yaşayış evinin məhz zəlzələ nəticəsində zərər çəkməsi öz təsdiqini tapmamışdır. Həmçinin qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 28-ci maddəsinin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş zəlzələdən zərər çəkmiş İsmayıllı rayonu Tircan kəndində yerləşən evinə dəymiş zərərin aradan qaldırılması üçün müvafiq səlahiyyətli komissiya tərəfindən baxış keçirilməsi, evinin zəlzələdən zərər görmüş evlər siyahısına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-264/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-264/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver