Məhkəmə qərarları › İş №2-1(116)-264/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-264/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-264/2024 21.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X1rşı “müayinə olunduğu tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının xəstəliyinin əlillik meyarlarına uyğun olması məhkəmə tərəfindən müəyyən edilərək, əlilliyinin bərpa edilməsi, əlillik dərəcəsinin 2022-ci ilin yanvar ayından fasiləsiz hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin yanvar ayından Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş əlillik dərəcəsi ləğv edilərək İddiaçı ödənilən təqaüd dayandırılmış və əlillik alt sistemində İddiaçı əlillik təyinatı ləğv edilmişdir. İddiaçı Cavabdehnə müraciət edərək, onun xəstəliyinin əlillik meyarlarına uyğun olması müəyyən edilərək, əlilliyinin bərpa edilməsi, əlillik dərəcəsinin 2022-ci ilin yanvar ayından fasiləsiz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Həmin müraciətə cavabdeh tərəfindən cavab verilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “müayinə olunduğu tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 28 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Göyçay rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod).Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 1220 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ körpücük üstü nahiyənin kor qəlpə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ qolunda ağrıdan şikayət etmişdir. Müayinə zamanı yuxarı ətrafları simmetrik, reflekslər canlı çağrılmış, əzələ gücü və tonusu normal, hipotrofiya, atrofiya, parezqeyd edilməmiş, hərəkətlər tam olmuşdur. Təqdim edilmiş hərbi biletində “AR MM Hərbi cinayətlər törətmiş şəxslərin Amnistiyası” haqqında xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın hərbi xidmətinin ləğv edilməsi barədə məlumat yazılmışdır.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasinda iştirak etməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə vəsatət verərk yenidən ekspertiza təyin edilməsini xahiş etmişdir.Göstərilən vəsatətdə təqdim edilən rəyin əsassızılığının nədə ifadə olunduğu qeyd edilməmiş,təkrar ekspertizanın zəruriliyi öz təsdiqini tapmamışdır.Odur ki,vəsatət təmin edilmədiyindən işə hazırkı tədqiqat materiallarına əsasən baxılması mümkün hesab edilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2011ci il tarixdə müayinə olunmuş və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2014cü il tarixdə müayinə olunmuş və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2015ci il tarixdə müayinə olunmuş və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016cı il tarixdə müayinə olunmuş və ona 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022cu il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2023-cü il tarixli **********5 nömrəli Qərarı; - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2142/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 5235/2023 nömrəli rəyi . Əsaslandırma hissəsi: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndinə görə birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T803/2023 nömrəli rəyində deyilir: 1971-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: l-3.Vətəndaş İddiaçı adına tərtib edilmiş Azərbaycan Respublikası MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1220 nömrəli qərarından görünür ki, o, 30.09-xx.xx.1992-ci il tarixlərdə “Sağ körpücükaltı nahiyənin kor qəlpə yaralanması”diaqnozu ilə Respublika Klinik Xəstəxanasında müayinə və müalicədə olmuşdur. Qeyd edilən diaqnoz onun məhkəmə-tibbi müayinəsi zamanı həmin nahiyədə aşkar edilmiş çapıq toxumanın varlığı ilə təsdiq olundu. Diaqnozla əlaqədar onun əlavə müalicəsinə ehtiyac yoxdur, belə ki, yara tam sağalmış yerində çapıq toxumalar əmələ gəlmiş və əyani müayinədə yuxarı ətraflarda, parez, paraliç, atrofiya müəyyən edilməmişdir. İddiaçının hazıkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onun hazırkı sağlamlıq durumunda yara tam sağalmış, yerində çapıq toxumalar əmələ gəlmişdir. Həmçinin,rəyə əsasən müəyyən edilir ki,əvvəllər mövcud olmuş yara sağaldığından iddiaçının müalicəsinə ehtiyac olmadığı müəyyən edilmişdir. Yəni iddiaçıya əvəllər əliliyin təyin olunmasına əsas verən diaqnoza uyğun olaraq əlilik təyin edilmiş,müayinə zamanı hazırda həmin diaqnozun mövcud olmadığı aşkar edilmişdir. Nəticə etibarı ilə iddiaçının orqanizminin funksiyalarının pozulması,əlilik əlamətinin təyininə əsas mövcud deyildir.Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Şəxsə onun barəsində təyin olunmuş diaqnoz əsasında əvəllər onun əlilliyinin müəyyən edilməsi faktı növbəti müayinədə də əlillik dərəcəsinin təyin edilməsinə özü-özlüyündə (qeyd-şərtsiz) əsas ola bilməz. Əks hal əlilliyin təyin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan təkrar müayinə müddətlərinin tətbiqinə zidd olardı. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2654/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan mövqe) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X1rşı “müayinə olunduğu tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar