Məhkəmə qərarları › İş №2-1(116)-2647/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2647/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2647/2024 07.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “Rusiya Federasiyasının Cənubi X1 tərəfindən “Psixologiya” ixtisası üzrə təqdim olunan ДВС ******* nömrəli 27 iyun 2003-cü il tarixli diplomun (kvalifikasiyanın) tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Rusiya Federasiyasının Cənubi X1 tərəfindən “Psixologiya” ixtisası üzrə təqdim olunan ДВС ******* nömrəli 27 iyun 2003-cü il tarixli diplomun (kvalifikasiyanın) tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qəsa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xarici dövlət ali təhsilə aid kvalifikasiyanın tanınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixdə müraciətin təmin edilməsindən imtina haqqında qərar qəbul etmişdir. İddiaçı, cavabdeh orqanın həmin qərarını mübahisələndirmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Diplomun (kvalifikasiyanın) tanınması ilə bağlı iddia tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh orqan məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, iddiaçı, elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində xx.xx.2023-cü il tarixli əmrlə onun müraciəti barədə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2023 -cü il tarixli akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. Azərbaycan Respublikasının “Vətəndaşların müraciəti haqqında” qanunun 3.0.12-ci maddəsinə əsasasən elektron müraciət - müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciətdir. Həmin qanunun 6.7-ci maddəsinə əsasən “Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir. Azərbaycan Respublikasının "Elektron İmza və elektron sənəd haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən “Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir. Həmin qanunun 28.1-ci maddəsinə əsasən “Elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir”. Qanunun 28.2-ci maddəsinə əsasən “Elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir". Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” qanunun 62.2-ci maddəsinə əsasən Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İnzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya məxsus və iddiaçının İnzibati orqana müraciət etdiyi elektron ünvanına həmin tarixdə yerləşdirilmişdir. Buna qarşılıq iddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Halbuki, İPM-in müvafiq tələbinə əsasən bununla bağlı ən geci xx.xx.2023-cü il tarixinə qədər məhkəməyə müraciət olunmalı idi. Odur ki, iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə cavabdehin xx.xx.2024-cü il tarixli məktubu təqdim edilmiş və bildirilmişdir ki, onun müraciətini cavabdeh orqan yenidən şablon üzrə cavablandırmış və faktiki olaraq ərizəsi üzrə icraatı təzələyərək əvvəllər qəbul olunmuş qərarını qüvvədə saxlamışdır. İddiaçının qənaətinə görə cavabdeh orqan İİHQ-nun 35.2-ci maddəsinə əsasən təkrar ərizəsini yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borclu olduğu halda şablon cavab verməklə onun hüquqlarının təmin edilməsindən imtina etməyə çalışmışdır. Məhkəmə tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli məktubunun məzmunu tədqiq edilmişdir. Həmin məktubdan görünür ki, faktiki olaraq iddiaçıya onun xarici ali təhsil ixtisasının tanınması ilə bağlı elektron müraciətinin nəticəsi barədə xx.xx.2023-cü il tarixli, NAOO013599 nömrəli inzibati aktın təqdim olunması, müraciətinə dair yekun qərar haqqında elektron inzibati aktı əldə etmək üçün şəxsi kabinetinin elektron sənədlər bölməsinə daxil olması barədə məlumat verilmişdir. Həmçinin “İnzibatı icraat haqqında" Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, elektron üsulla göndərilmiş inzibati aktın göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılması barədə iddiaçıya məlumat verilmiş və imtina qərarından inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququnun olması izah edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya izah edilmişdir ki, istinad etdiyi cavabdehin xx.xx.2024-cü il tarixli məktubu onun müraciətinə verilmiş imtina cavabı və ya əvvəlki imtina qərarına şikayət instansiyasında baxılaraq ilkin qərarın qüvvədə saxlanılması barədə qərar kimi qiymətləndirilə bilməz. Cavabdeh orqan iddiaçının qeyd etdiyi kimi ərizə üzrə icraatı təzələməmiş, o cümlədən əvvəllər qəbul olunmuş qərarın qüvvədə saxlanılması ilə bağlı hər hansı yeni inzibati akt qəbul etməmişdir. Cavabdeh orqanın həmin məktubunun mahiyyəti elektron kabineti açaraq verilmiş imtina qərarının əldə etməsi ilə bağlı iddiaçıya istiqamətin verilməsindən ibarətdir. Məhkəmənin qənaətinə görə iddiaçı, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddia müddətinin buraxılmasından yan keçmək məqsədilə cavabdehə müraciət etmiş və cavabdeh orqanın müraciətə mahiyyəti üzrə baxaraq yeni imtina cavabını verəcəyini, bununla da iddia tələbinin irəli sürülməsi üçün prossesaul müddətin axımının sonuncu cavab məktubundan hesablanacağını güman etmişdir. Bununla belə cavabdeh orqan iddiaçının müraciətinə mahiyyəti üzrə yenidən baxmamış, əvvəlki cavaba istinad edərək, verilmiş imtina cavabının iddiaçının elektron kabinetində olmasını və şəxsi kabinetinin elektron sənədlər bölməsindən əldə etməsini tövsiyə etmişdir. Odur ki, məhkəmə hazırkı iddia tələbinin irəli sürülməsi üçün İPM-nin 38.2-ci maddəsində nəzərdə tutulmuş prossesual müddətin buraxılması qənaətinə gəlmiş və iddiaçının nümayəndəsinə İPM-nin 24.1-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə vermək vermək hüququnun olması izah edilmişdir. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-nin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçının nümayəndəsi “prossesual müddətin bərpası haqqında” ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli verilən imtina qərarını elektron şəxsi kabineti işlədə bilməmə səbəbli öyrənə bilməmişdir. Növbəti dəfə ərizə ilə müraciət edəndə artıq üstündən 1 il keçdiyinə görə əvvəlki tarixə yönləndirilmiş cavabı almışdır. Ona yenə imtinanın səbəbləri aydın deyil və 2024-cü il tarixli Ali Məhkəmənin diplomların tanınması ilə bağlı verdiyi qərarlardan sonra məhkəməyə müraciət etməli olmuşdur. Odur ki müddətin buraxılması səbəblərinin üzrlü hesab edilərək bərpa edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları(İddiaçıya müvafiq imtina qərarı verilərkən qüvvədə olmuşdur): 2.2. Tanınmaya dair müraciətlər elektron qaydada edilir, TMİS-də qeydiyyata alınır və hər bir ərizəçiyə sistemdə şəxsi kabinet yaradılır. Müraciət Agentliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər. 2.3. Ərizəçinin ərizəsində tanınmanın məqsədi qeyd edilir. Ərizəçi TMİS-ə müraciət edərkən aşağıdakıları təsdiq edir: 2.3.1. təqdim edilmiş sənədlərin və məlumatların doğruluğunu; 2.3.2. onun barəsində məlumatların alınması üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına, aidiyyəti orqanlara (qurumlara) və ya təhsil müəssisəsinə sorğuların göndərilməsinə razılığını. 2.4. Ərizəçinin elektron müraciətinə aşağıdakı sənədlərin surətləri əlavə edilir: 2.4.1. ərizəçinin şəxsiyyət vəsiqəsi, pasportu və ya şəxsiyyətini təsdiq edən digər sənədlər; 2.4.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası və onun əlavəsi; 2.4.3. tanınma üçün müraciət olunan təhsil səviyyəsinə (pilləsinə) qəbul olunmaq üçün istifadə olunan təhsil sənədi; 2.4.4. ərizəçi tədris müddətində bir təhsil müəssisəsindən digərinə və ya təhsil müəssisəsi daxilində bir ixtisasdan digərinə köçürüldüyü halda, onun təhsil aldığı müddətdə digər təhsil müəssisəsində və ya digər təhsil proqramında tədris olunmuş fənlərə (toplanılmış kreditlərə) dair arayış; 2.4.5. akademik transkript və ya akademik arayış (qismən tanınma üçün müraciət olunduqda); 2.4.6. tanınmaya görə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd. 3.1. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. İstinad olunan “Qaydalar”-ın yuxarıda sadalanan bəndlərindən görünür ki, tanınmaya dair müraciətin edilməsi və həmin müraciətlərə dair qəbul edilmiş qərarların müraciət edənə çatdırılması tamamilə elektronlaşdırılmış qaydada həyata keçirilir. Faktiki olaraq iddiaçı, tanınmaya dair müraciətini elektron qaydada edir və bu müraciətin nəticəsi olaraq onun sistemdə şəxsi kabinet yaradılaraq müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçiyə qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə etmək və müraciətinin statusunu izləmək imkanı yaradılır. Ərizəçi TMİS-ə müraciət edərkən təqdim edilmiş sənədlərin və məlumatların doğruluğunu, onun barəsində məlumatların alınması üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına, aidiyyəti orqanlara (qurumlara) və ya təhsil müəssisəsinə sorğuların göndərilməsinə razılığını təsdiq etməklə tələb olunan sənədlərin surətlərini elektron müraciətinə əlavə edir. Odur ki, ilkin müraciəti zamanı yuxarıda qeyd edilən prosedurları ardıcıllıqla yerinə yetirmiş iddiaçının elektron şəxsi kabineti işlədə bilməməsi səbəbi ilə imtina cavabından məlumatsız olmasını məhkəmə inandırıcı və ağlabatan hesab etmir. Buna görə də, hazırkı iddia tələbi üzrə müddətin axımı mübahisələndirilən qərarın elektron kabinetə yerləşdirilməsi nəzərə alınmaqla xx.xx.2023 -cü il tarixdən hesablanmalıdır. Bundan baçqa iddiaçı, İPM-nin 24.2-ci maddəsinə əsasən həm də, müddətə əməl olunmasına mane olan halların 15 gün ərzində aradan qalxdığını da sübuta yetirməlidir ki, hazırkı işdə ümumiyyətlə nə müddətə əməl olunmasına mane olan halların mövcudluğu, nə də həmin halların 15 gün ərzində aradan qalxmasını təsdiq edən sübutlar yoxdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti üzürsüz səbəblərdən ötürüldüyündən prossesual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır.. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası keçirilərək iddiaçının dinlənilmə hüququnun təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçının nümayəndəsi tərəfindən verilmiş “prossesual müddətin bərpası” barədə ərizə təmin edilmir. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “Rusiya Federasiyasının Cənubi X1 tərəfindən “Psixologiya” ixtisası üzrə təqdim olunan ДВС ******* nömrəli 27 iyun 2003-cü il tarixli diplomun (kvalifikasiyanın) tanınması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar