Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-265/2024 06.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cəmi 27 il 03 ay 20 gün iş stajı müddətinin sosial sığorta stajına əlavə edilməklə ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “cəmi 27 il 03 ay 20 gün iş stajı müddətinin sosial sığorta stajına əlavə edilməklə ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı xx.xx.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1976-1978-ci illər ərzində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən təxris olunub qayıtdıqdan sonra xx.xx.1978-ci il tarixdən, xx.xx.2023-cü il tarxədək müəyyən fasilələrlə ümumi 25 il 03 ay 20 gün əmək fəaliyyətində olmuşdur. Bu hal rəsmi olaraq hazırda əmək fəailiyyətində olduğu idərə və müəssisələrin möhürü ilə təsdiq olunmaqla əmək kitabçasında qeyd edilmişdir. Ona görə də, o, işlədiyi, yəni əmək fəaliyyətində olduğu 25 il 03 ay 20 gün müddət və həqiqi hərbi xidmətdə olduğu iki il müddət ilə birlikdə cəmi 27 il 03 ay 20 gün müddətin ümumi sosial siğorta stajına əlavə edilməsi və buna uyğun təqaüdün (pensiyanın) təyin edilməsi məqsədi ilə cavabdehə müraciət etsə də, müraciəti mümkün hesab olunmadığından qeyd olunan dövrlərin əmək stajını ümumi əmək stajına əlavə etməmiş və bu barədə məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-93961/2023 nömrəli məktubla imtina edilmişdir. İmtinanın əsasları kimi iddiaçı tərəfindən təqdim edilən arxiv arayışlarına və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər" altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajı (xx.xx.1976-cı il tarixdən 25 05.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və 01.09 2021-ci il ta ridən 18.04 2023-cü il tarixədək övladı X4 qulluq etdiyi dövrlər nəzərə alınmaqla) qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajından az (04 il 11 ay 07 gün) təşkil etdiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Hüquqi əsaslar: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunla müəyyən olunmuş yaş həddinə çatması ilə yanaşı Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: > fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; > azı 25 il sosial sığorta stajı olduqda. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildiririk ki, 01.01,2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı tərəfindən təqdim edilən Yevlax Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli Ns 230/10, Ns 231/10 saylı arxiv arayışlarına və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.2021 -ci il tarixdən xx.xx.2023-cü il tarixədək övladı X4 qulluq etdiyi dövrlər nəzərə alınmaqla) 4 il 11 ay 7 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"nın 7.1-ci maddəsinə əsasən bu əsasnamənin 3.10-cu bəndinə (əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir) uyğun olaraq dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Məlumat üçün bildiririk ki, İddiaçı əmək kitabçasının xx.xx.2021-ci il tarixdə açılmasına baxmayaraq işə girmə və işdən çıxma əmrləri ötən dövr üzrə daxil edilərək doldurulmuşdur. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulduğu (əmək kitabçasının dublikat olduğu qeyd edilmədiyi və 1992-ci il tarixədək qeydlər latın qrafikalı əlifbadan, möhürdən istifadə edilərək doldurulduğundan) üçün İddiaçı əmək kitabçasında qeyd olunan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın (bundan sonra-Qayda) 4 1.6- cı maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə dövrü qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MElS-in “Sosial ödənişlər" altsistemində olan məlumatlar əsasında sığorta stajına daxil edilir. Məlumat üçün bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının övladı X4 qulluq etdiyi dövrlər sığorta stajına daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər" altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilərək ödənilir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki. xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 93961/2023 nömrəli məktub qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışları, H3 ******* nömrəli hərbi bilet, ******* nömrəli əmək kitabçası, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş əmrlərin surəti. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. Bunun üçün iddiaçı əmək fəaliyyətində olduğu müddətin və 1976-1978-ci illər ərzində həqiqi hərbi xidmətdə olduğu illərin, cəmi 27 il 03 ay 20 gün iş stajı müddətinin sosial sığorta stajına əlavə edilməsini tələb edir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sözügedən əmək kitabçası xx.xx.2021-ci il tarixdə doldurulmuş, işə girmə və işdən çıxma əmrləri barədə qeydlər ötən dövrlər üzrə daxil edilmişdir. Cavabdeh orqan iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulduğunu (əmək kitabçasının dublikat olduğu qeyd edilmədiyi və 1992-ci il tarixədək qeydlər latın qrafikalı əlifbadan, möhürdən istifadə edilərək doldurulduğundan) bildirərək həmin əmək kitabçasında icra edilmiş qeydlərin mötəbərliyini mübahisələndirmişdir. Məhkəmə cavabdeh orqanın mövqeyi ilə razılaşaraq qeyd edir ki, ******* nömrəli əmək kitabçası xx.xx.2021-ci il tarixdə doldurulduğundan, 1978(1988)-ci ildə işdən azad olma barədə qeyddə düzəliş olduğundan, həmin qeyd imzalanmadığından hər bir halda həmin əmək kitabçasında icra edilmiş qeydlər ilkin əmrlərlə müqayisəli yoxlanılmalıdır. Eyni zamanda əmək kitabçasının doldurulduğu tarixdən 3 il keçdiyindən belə yoxlamanın aparılması və ilkin sənədlərin əldə edilməsi praktiki cəhətdən mümkün olmalıdır. Əmək kitabçasından görünür ki, iddiaçının Yevlax ƏMX Kombinatında xx.xx.1978-ci ildə işə qəbul olunmasına və xx.xx.1988 (1978)-ci ildə işdən azad olunmasına, Vüsal İRF Kombinatında xx.xx.1993-cü il tarixli 31 nömrəli işə qəbul olunmasına və xx.xx.2001-ci il tarixli 04 saylı işdən azad olunmasına dair qeydlər icra edilmiş, "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir. Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatı əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin hüquqi ünvanı Yevlax şəhəri, Nizami küçəsi ev 52 olmaqla xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN-lə vergi uçotuna alınmışdır. Müəssisənin rəhbəri X1r. Hal-hazırda müəssisənin fəaliyyəti aktivdir. Məhkəmə tərəfindən "xxxx" ASC-yə sorğu ünvanlanaraq iddiaçının Yevlax ƏMX Kombinatında xx.xx.1978-ci ildə işə qəbul və xx.xx.1988 (1978)-ci ildə işdən azad olunmasına dair əmrlərin, həmçinin Vüsal İRF Kombinatında xx.xx.1993-cü il tarixli 31 nömrəli işə qəbul və xx.xx.2001-ci il tarixli 04 saylı işdən azad olunmasına dair əmrlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi tələb edilmişdir. Tələb olunan sənədlər, o cümlədən əmrlər kitabı müəssisə tərəfindən məhkəməyə təqdim edilməmiş, müəssisənin rəhbəri X5 tərəfindən əmrlər kitabında iddiaçı barəsində qeydlərin icra edildiyi səhifələrin fotoşəkilləri WhatsApp proqramı vasitəsilə göndərilmişdir. Təqdim edilmiş fotoşəkillər əsasında iddiaçının əmək kitabçasında icra edilmiş qeydlərə dair ilkin məlumatlar yoxlanılmış və müəyyən edilmişdir ki, Yevlax ƏMX Kombinatında xx.xx.1978-ci il tarixdə verilmiş 79№-li əmrin məzmunu işçilərin müxtəlif səbəblərlə işdən azad edilməsi barədə olmuşdur. Həmin əmrin 3-cü paraqrafında işdən azad edilənlərin siyahısından sonra boş sətirə aşkar fərqli xəttə və fərqli qələmlə iddiaçının adı yazılmışdır. xx.xx.1988-ci il tarixə aid əmrdə isə sürücülərin Ağdam 5№-li avtomobil dəstəsinə köçürülməsi barədə başqa məzmunlu əmrdən sonra boş sətirə aşkar şəkildə başqa qələm və xətlə iddiaçının adı yazılmışdır. Faktiki olaraq həmin əmrin iddiaçıya heç bir aidiyyəti olmamış, iddiaçı barəsində qeydlər ayrıca paraqrafda göstərilməmişdir. Vüsal İRF Kombinatında xx.xx.1993-cü il tarixli 31 nömrəli işə qəbul əmrinə nəzər saldıqda müəyyən olunur ki, paraqraf 1-də digər şəxsin işdən azad olunması barədə əmrdən sonra aşkar şəkildə başqa qələm və xətlə iddiaçının adı yazılmışdır. Həmin əmrin paraqraflara bölünməsi onu göstərir ki, müxtəlif şəxslərə aid əmrlər eyni paraqrafda yazılmamış, iddiaçının adı boş sətirə sonaradan əlavə edilmişdir. xx.xx.2001-ci il tarixli 04 saylı işdən azad olunma barədə əmrdən görünür ki, əmrin boş sətirlərinə iddiaçı ilə birgə digər şəxslərin adları aşkar fərqli xəttə və fərqli qələmlə sonradan əlavə edilmişdir. Aşkar edilmiş faktlar iddiaçının əmək kitabçasının mötəbər sübut qismində qəbul edilməsini mümkünsüz edir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cəmi 27 il 03 ay 20 gün iş stajı müddətinin sosial sığorta stajına əlavə edilməklə ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.