Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2650/2024 07.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan iddiaçı – İddiaçı cavabdeh – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «ehtiyata buraxılma haqqında əmrin ləğv edilməsi, ehtiyata buraxılma əsasının dəyişdirilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 2016-cı ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamış, 30 may 2017-ci il tarixli 1136 nömrəli əmrlə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə istinadən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma haqqında əmrin ləğv edilməsi, ehtiyata buraxılma əsasının dəyişdirilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçı mövqeyini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), onun ehtiyata buraxılması haqqında əmr qanunsuzdur və ləğv edilməlidir. Eləcə də ona məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanıb ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya münasibəti belədir ki (iddia ilə bağlı məhkəməyə təqdim olunmuş vəsatətə əsasən), iş üzrə icraata xitam verilməlidir. Belə ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə iddiaya baxılmış və məhkəmə aktları qəbul olunmuşdur. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iş materiallarına tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayır. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-in 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. MPM-in 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-949/2023 saylı iş üzrə 21 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə qənaətini mübahisə predmeti olan əmrə (inzibati akta) münasibətdə iddia müddətinin buraxılması ilə əsaslandırmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-275/2023 saylı iş üzrə 20 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin “iddianın mümkün sayılmaması haqqında” 21 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə cavabdeh inzibati orqanın “iş üzrə icraata xitam verilməsi” ilə bağlı mövqeyi ilə razılaşmır və vurğulayır ki, İPM-in 1.2-ci maddəsi və və MPM-in 261.0.2-ci maddəsi tətbiq olunmaqla hazırkı iş üzrə icraata xitam verilməsi yolverilən sayıla bilməz. Bu qənaət ondan irəli gəlir ki, işin halları ilə bağlı mübahisənin mümkünlük məsələsinə qiymət verilməsi üçün İPM-in müddəaları yetərlidir. Məhkəmə hazırkı işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək aşağıdakıları diqqətə çəkir: 1) Göründüyü kimi, İddiaçı əvvəllər də hazırkı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi və məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi tələbini irəli sürərək eyni əsaslarla iddia qaldırmış, birinci instansiya məhkəməsi tərəfindən müvafiq qərardadla iddia mümkün sayılmamış və yuxarı instansiya məhkəməsi tərəfindən həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, İPM-in 78-ci maddəsinin tələbi baxımından, iddiaya yenidən baxılması yolverilməzdir. İddiaçının dəlili ilə bağlı həmçinin nəzərə alınmalıdır ki, bu xüsusata müvafiq ərizə üzrə İPM-in Xİİ fəslində təsbit edilmiş “yeni açılmış hallar üzrə icraat”la bağlı müddəalara müvafiq baxılması da mümkün deyil (iddiaçının yeni dəlili (sübutu) bundan əvvəlki inzibati məhkəmə icraatı zamanı da məlum idi). Bu səbəbdən, ona bu barədə ərizə ilə müraciət etməsinin də tövsiyə olunmasını məhkəmə məqsədəuyğun saymamışdır. 2) Hazırkı məhkəmə icraatında iddiaçı əvvəllər irəli sürdüyü tələbdən əlavə “ehtiyata buraxılma əsasının dəyişdirilməsi”ni də tələb edir. Həmin tələbin əvvəlki iddiada qoyulan “əmrin ləğvi” və “məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi” tələbləri ilə uzlaşmamasını məhkəmə formal xəta qismində qiymətləndirir. Bu tələb üzrə iddianın da mübahisələndirmə haqqında iddiaya aid olduğunu nəzərə alaraq, məhkəmə həmin qəbildən olan iddialarla bağlı bəzi xüsusatları qeyd edir. İnzibati məhkəmə icraatında iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş bütün şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin inzibati orqan olması ilə bağlı şərtlər, eləcə də inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Bu şərtlərdən biri də iddianın qanunla müəyyən edilmiş müddətdə verilməsidir. Ona görə də, hazırkı iddiaya münasibətdə digər şərtlərlə yanaşı, iddianın iddia müddətinə dair normalara riayət olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. İPM-də “mübahisələndirmə haqqında” iddialara münasibətdə iddia müddəti nəzərdə tutulmuş və bu müddət inzibati aktın təqdim edildiyi və ya bu barədə məlumatın verildiyi vaxtdan 30 gün müəyyən edilmişdir. Hazırkı iş üzrə cavabdehin inzibati aktı 30 may 2017ci il tarixlidir və həmin inzibati akt (əmr) xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Bu qənaət həm də ondan irəli gəlir ki, o, sonuncu vəzifəsini icra etmədiyi halda, xidməti münasibətlərdə digər nəticələrin (o cümlədən, xidmət yerinə gəlməməyə görə, lazımi qaydada icra etməməyə görə intizam məsuliyyəti) yaranma ehtimalı böyük olmuşdur. Halbuki, belə nəticələrdən heç biri olmamışdır. Belə olan halda, iddia 7 ildən artıq müddət sonra qaldırıldığından, iddia müddəti ötürülmüş qiymətləndirilir. İPM-in 13-cü maddəsi baxımından buraxılmış prosessual müddətin bərpasına gəldikdə isə, hazırkı iş üzrə İPM-in 24.4-cü maddəsində göstərilən hallar (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar) olmadığından, müddətin bərpası barədə vəsatətin təqdim edilməsi iddiaçıya tövsiyə olunmamışdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 15.5-ci bəndində qeyd edilir ki, İPM-in 45.5.1 və 78-ci maddələrində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «ehtiyata buraxılma haqqında əmrin ləğv edilməsi, ehtiyata buraxılma əsasının dəyişdirilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2-1(116)-2650/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2650/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver