Məhkəmə qərarları › İş №2-1(116)-2654/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2654/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2654/2023 31.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “X6 adı qeyd olunmadan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 adı qeyd olunmadan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 20 nömrəli qərarı ilə Ucar şəhərindən, iddiaçının mərhum atası X3, iddiaçıya və ailə üzvülərinə fərdi yaşayış evi tikmək üçün 500 kv.m torpaq sahəsi verilmişdir. Həmin qərarda X10 adlı şəxsə də torpaq sahəsi verildiyi qeyd edilmişdir. Lakin iddiaçının həmin adda hər hansı yaxını olmamışdır. Həmin şəxsin ata adı iddiaçının atasının adı ilə “Güləhməd” kimi göstərilsə də, onun belə adda bir qardaşı olmamışdır. Bundan başqa həmin şəxsin soyadı “Məmmədov” kimi göstərilmiş, lakin iddiaçının atasının soyadı “Abdullayev” olmuşdur. Beləliklə, həmin şəxsin adı qərarda artıq yazılmışdır ki, həmin adda şəxs də heç bir zaman iddiaçı və onun ailə üzvləri ilə yaşamamış və nə o, nə də ailə üzvüləri həmin adda şəxsi tanımır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-2628/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Ucar şəhəri, Zərdabi küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılmış və qeydiyyat üçün zəruri olan inventarlaşdırma işləri aparılmışdır. Torpaq sahəsinin AN-014978 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsinin planı və ölçüsündə göstərilən məlumatlar baza məlumatları ilə eynidir və X6 torpaq sahəsi üzərində mülkiyyət hüququ Ucar rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 20 saylı qərarına əsasən qeydiyyata alınmışdır. Ərazi idarəsinin elektron baza məlumatlarında X6 adının texniki səhv yazılması ilə bağlı heç bir məlumat aşkarlanmamışdır. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2654/2022 nömrəli qərardadı ilə X15, X12, X13 və Mahmudova (Abdullayeva) Nərgiz Famil qızı hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı onları təmsil etmək səlahiyyətini təsdiq edən etibarnamələrini məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Həmçinin iddiaçının onları təmsil etmək hüququna dair etibarnaməsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “X6 adı qeyd olunmadan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş: Ucar rayon notariat ofisinin cavabdehə ünvanladığı 02 nömrəli xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsəsi İddiaçıdur. Ucar RİH başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1250 nömrəli xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı qeydiyyatda olmaqla yaşadığı Ucar şəhəri Həsən bəy Zərdabi küçəsi ev 39 (yeni qaydalarla AZ6100 ünvan 3 ünvanında Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə olan təsərrüfatbaşına uçot kitabına əsasən X10 adlı şəxsin qeydiyyatı yoxdur, olmayıb və yaşamır. A seriyalı 014978 nömrəli DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Ucar rayon AİK-nın xx.xx.2000-ci il tarixli 20 nömrəli qərarı ilə 500 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X3 ayrılmışdır. Ucar rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-10-336 nömrəli məktubunda qeyd olunur ki, Ucar rayon Qeydiyyat şöbəsinin arxivində X7 adlı şəxs barədə heç bir məlumat aşkar olunmamışdır. X2 isə Göyçay rayonunun Çərəkə kəndində iki uşağı olmuş və həmin uşaqların doğumu barədə akt qeydləri hazırda Göyçay rayon Qeydiyyat şöbəsinin arxivində saxlanılır. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-466/2023 nömrəli məktubunda qeyd olunur ki, X6 Əhalinin Dövlət Reyestrinin X1 Sistemində heç bir məlumat aşkarlanmamışdır. Məktuba əlavə olunmuş Əhalinin Dövlət Reyestrindən çıxarışlardan görünür ki, X4 xx.xx.1927-ci ildə Göyçay rayonunda anadan olmuş, xx.xx.2019-cu ildə vəfat etmişdir. Həyat yoldaşı X14 xx.xx.1932-ci ildə Ucar rayonunda anadan olmuş, xx.xx.2019-cu ildə vəfat etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3418/2023 nömrəli məktubundan görünür ki, Ucar şəhəri adlı siyahısında (DBF) 1287-ci qrafada X4, X17, X10, X11, X15, X18, X19 və X9 olmaqla ailə tərkibi qeyd olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3415/2023 nömrəli məktubuna A seriyalı 014978 nömrəli DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş surəti əlavə olunmuşdur. Məktuba əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən mübahisəli torpaq sahəsi “Ucar rayonu Ucar yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planı”nda 1287A nömrə ilə işarələnmişdir və yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, həyətyanı sahə uqodiyalı, xüsusi mülkiyyətə aid torpaq sahəsidir. İddiaçının naturada göstərdiyi 0,0726 ha torpaq sahəsi “Ucar rayonu Ucar yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planı”nda 1287A nömrə ilə işarələnmiş torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3797/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, idarənin elektron məlumat bazasında mövcud olan, “Ucar rayonu Ucar yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planı”nda göstərilən 1287A nömrə planda (0,05 ha) işarələnmiş torpaq sahəsi Ucar şəhəri ərazisində xüsusi mülkiyyətə verilmiş həyətyanı torpaq sahələrinin “adlı siyahı”sında X4 və ailə üzvlərinin adı qeyd edilmişdir. Ucar RİH başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1781 nömrəli məktubunda qeyd olunur ki, şəhər nümayəndəliyində Ucar şəhəri üzrə qaytanlanmış torpaq kitabı heç bir vaxt olmayıb, bu gün də mövcud deyil. Bildirilir ki, ünvan 1 ünvanında fərdi yaşayış evi mövcudur, ev 1990-cı ildə inşa edilmiş, ümumi sahəsi 199 kv.m, yaşayış sahəsi 121,6 kv.m, köməkçi sahəsi 77,4 kv.m, 2 mərtəbəli, 6 otaqlı olmaqla mərhum X2 adınadır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddia tələbində qeyd edilən ünvan 1 ünvanında yerləşən mübahisəli torpaq sahəsi “Ucar rayonu Ucar yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planı”nda 1287A nömrə ilə işarələnmişdir və yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, həyətyanı sahə uqodiyalı, xüsusi mülkiyyətə aid torpaq sahəsidir. İddiaçının naturada göstərdiyi torpaq sahəsi faktiki olaraq 0,0726 ha olmaqla iddia tələbində göstərilən 0,05 ha-dan çoxdur. Torpaq sahəsi faktiki olaraq iddiaçı və ailə üzvlərinin istifadəsindədir. Subyektlər siyahısında X6 adı göstərilsə də, məhkəmə araşdırması ilə belə bir şəxsin mövcudluğu və ya iddiaçının ailə üzvü olması aşkar edilməmişdir. İddiaçıya ailə üzvləri ilə birlikdə qeyd olunan ölçüdə torpaq sahəsinin ayrılması işin mübahisəsiz halıdır. Belə ki, cavabdehin imtinası, mübahisəli torpaq sahəsinə dair dövlət reyestrində saxlanılan məlumatların yoxlanılması zamanı X6 adının baza məlumatlarında aşkar edilməsi ilə bağlı olmuşdur. Sözügedən şəxsə münasibətdə isə məhkəmə tərəfindən heç bir məlumat aşkat edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə X6 adı qeyd olunmadan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzərində İddiaçı ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X6 adı qeyd olunmadan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzərində İddiaçı ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar