Məhkəmə qərarları › İş №2-1(116)-2657/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2657/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2657/2023 06.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə sahibkarlığın inkişafı məqsədi ilə mərhum X2, Çayarxı bələdiyyəsi ərazisində Şirvanmest yolunun şərq hissəsində yerləşən 0.12 ha torpaq sahəsinə dair mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə sahibkarlığın inkişafı məqsədi ilə mərhum X2, Çayarxı bələdiyyəsi ərazisində Şirvanmest yolunun şərq hissəsində yerləşən 0.12 ha torpaq sahəsinə dair mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2657/2023 nömrəli qərardadı ilə Göyçay rayon Çayarxı Bələdiyyəsi hazırkı iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilməklə hüquqi varisi kimi Göyçay rayon Qarabaqqal Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə Çayarxı bələdiyyəsinin alqı-satqı predmeni olan, Çayarxı bələdiyyəsi ərazisində Şirvanmest yolunun şərq hissəsində olan yararsız torpaq sahəsindən sahibkarlığın inkişaf məqsədi ilə 0.12 ha torpaq sahəsi iddiaçının babası mərhum X1. Bundan başqa həmin qərarla X3 torpaq sahəsinin normativ qiymətdən az olmamaq şərti ilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə onun dəyərini Çayarxı bələdiyyəsinin bankdakı xüsusi hesabına ödəməsi və ödəmə barədə qəbzi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinə təqdim edilməsi tələb edilmiş, satılan torpaqların dəyəri ödənildikdən sonra nümunəsi torpaqların alğı-satqısı qaydalarına əlavədə göstərilın nümunə əsasəlnda torpaq alqı-satqısına dair üç nüxsədən ibarət akt tərtib edilməsi və onu qeudiyyata alınması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsindən, X6 aldığı torpaq sahəsinə aid kadastr planının hazırlanıb verilməsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş etmişdir. X8 qeyd olunan hesaba xx.xx.2006-cı il tarixli 16 saylı qəbzlə ödəniş etmiş, bundan sonra onunla Bələdiyyə arasında xx.xx.2006-cı il tarixli 391 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt tərtib edilərək, təsdiq olunmuşdur. xx.xx.2006-cı il tarixdə isə 0.12 ha torpaq sahəsinə dair X6 adına yerquruluşu planı tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmişdir.İddiaçının babası X8 xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra torpaq sahəsindən iddiaçının atası X11 tərəfindən istifadə etmişdir. İddiaçının atası xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra isə torpaq sahəsi iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş və torpaq sahəsindən istifadə edərək ona sahiblik etmişdir.İddiaçı həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi müraciətinə xx.xx.2023-cü il tarixdə verdiyi imtina məktubunda verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.12 ha sahibkarlıq torpaq sahəsinin Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə Çayarxı bələdiyyəsinin DTXK-nın Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 391 nömrəli torpaqların alqısatqısına dair aktı yerquruluşu planı əlavə edilmişdir. Həmçinin bildirilir ki, sözügedən torpaq sahəsi **********49 reyestr nömrəli çıxarışla üst-üstə düşür. Bu səbəbdən də vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. xx.xx.2006-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Göyçay rayon Çayarxi Bələdiyyəsinə 180 AZN ödəniş edilmişdir.

3. AZ-T 126543 seriya nömrəli iddiaçıya aid “Doğum haqqında Şəhadətnamə”in surəti;

4. Az-İİ 052210 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir;

5. Göyçay rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli 749 nömrəli məktubundan görünür ki, X6 qanuni vərəsəsi X9r.

6. Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarının təsdiqlənmiş surətindən görünür ki, X7 0.12 ha torpaq sahəsi ayrılmışdır.

7. MH ******* seriya nömrəli nömrəli Çıxarışdan görünür ki, Göyçay rayon Çayarxı kəndində yerləşən 0.06 ha yaşayış məntəqələri torpaqları kateqoriyalı torpaq sahəsi X4 mülkiyyətində olmuşdur.

8. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı “Göyçay rayon Çayarxı Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə X7 Göyçay rayon Çayarxı Bələdiyyəsi ərazisindən 0.12 ha torpaq sahəsi ayrılmış, iddiaçı 180 manat bələdiyyənin hesabına ödəmişdir

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4068/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Göyçay rayon Çayarxı Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə iddiaçıya satılmış 0.12 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş, Göyçay rayon Çayarxı Bələdiyyəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqayırma sxemində koordinatlar mövcud olmadığı üçün 0.12 ha torpaq sahəsinin xüsusiyyətlərini(naturada sahəsi, təyinatı (kənd təsərrüfatı təyinatlı olduqda yararlı və ya az yararlı olması), uqodiyası, statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və s) müəyyən etmək mümkün olmadı.İddiaçının idarənin mütəxəssislərinə naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi, üzərində tikili mövcud olan 0.1196 ha torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyalı uqodiyası tikinti altında olan torpaqlar (islahat uqodiyası, örüş) olmaqla bələduiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Əlavə olaraq bildiririk ki, naturada göstərilən 0.1196 ha torpaq sahəsinin 0.0157 ha hissəsi X4 **********49 reyestr nömrəli çıxarışla sahinkarlıq məqsədilə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Naturada aparılmış çölölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunmuşdur.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə X6 şəxsi mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi onun nəvəsi İddiaçı istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçının mərhum babası tərəfindən torpağın dəyəri xx.xx.2006ci il tarixli qəbzə əsasən Göyçay rayon Çayarxı Bələdiyyəsinin hesabına ödənilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia tələbi “mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi ifadə olunsa da iddiaçının hüquqi marağı həmin əmlakın mərhuma məxsus olmasının qeydə alınmasından ibarətdir.X6 torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmadan vəfat etdiyindən vərəsəsi,hazırkı iş üzrə iddiaçının həmin əmlakın mərhuma məxsus olmasını tələb etmək hüququ yaranmışdır. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili - həmin torpaq sahəsinə dair alğı-satqı aktının tərtib olunmaması ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alğı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alğı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alğı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsinin mərhum X7 məxsusluğu haqqında elektron arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar