Məhkəmə qərarları › İş №2-1(116)-2661/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2661/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2661/2024 29.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu, Aran qəsəbəsi ərazisində 0,01 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax rayonu, Aran qəsəbəsi ərazisində 0,01 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli olmaqla (avtoyuyucu və iaşə obyektinin) qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçının mülkiyyətində olan Yevlax rayon Aran qəsəbəsi ərazisində yerləşən 0,01 ha torpaq sahəsi (məqsədli istifadə növü-sahibkarlıq) üzərində mülkiyyət hüququ Yevlax Rayon Aran Bələdiyyəsinin adına dövlət reyestrində qeydiyyata alınaraq MA seriyalı ******* reyestr nömrəli Çıxarış verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli Şəhadətnamədən görünür ki, sözügedən torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayonu Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə keçirilmiş açıq müsabiqə nəticəsində iddiaçı tərəfindən satın alınmışdır. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ idiaçının adına daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, MA seriyalı xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti başçsının 18 noyabr 2011-ci il tarixli 231 saylı Sərəncamı ilə 2 (iki) mərtəbəli olmaqla “Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” 28 fevral 2004-cü il tarixli 18 saylı qərarının tələblərinə əməl edilməklə təqdim olunmuş layihə əsasında yuyucu sexinin və iaşə obyektinin tikintisinə razılıq verilmişdir. Yevlax Şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş İnşaat Pasportundan da görünür ki, X5, X1, Yevlax su Kanal idarəsi, X8 Sahəsi və 12 saylı ərazi X4 Şöbəsi tərəfindən rəylər alınmış və sahibkarlıq obyektinin layihəsi 2011-ci il tarixdə təsdiq edilmişdir. “X2" MMC ilə tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 046177 nömrəli naryaddan görünür ki, xx.xx.2011-ci il tarixli 239914 saylı Texniki şərtə əsasən qeyri-yaşayış sahəsində yeni SMART kart tipli sayğac quraşdırılaraq möhürlənmişdir. Ona məxsus qeyri-yaşayış sahəsi Yevlax Şəhər icra Hakimiyyəti tərəfindən xx.xx.2014-cü il tarixli 65 nömrəli qərar ilə istismara qəbul edilmiş və bu barədə xx.xx.2014-cü il tarixdə obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi aktı təsdiq edilmişdir. O, cavabdehə ərizə müraciət edərək, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin cavabdeh, xx.xx.2024-cü il tarixli məktub ilə onun müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman müəyyən edilmişdir kı, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı 01 oktyabr 2014-cü il tarixində təsdiq edilmişdir. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli qərarı ilə "Tikinti obyektinin istismarına icazənin vahid forması" təsdiq edilmişdir ki, təqdim edilən qəbul aktı Nazirlər Kabinetinin qərarından sonrakı tarixdə verilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Tikinti obyektinin istismarına icazədə nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 103-cü maddəsində öz əksini tapmışdır. Cavabdehin imtinası ilə bağlı olaraq bildirir ki, qeyd edilən sənədin tələb olunan qaydada uyğun tətib edilərək təqdim edilməsi inzibati orqanların məsuliyyət sferasına aid olduğundan və müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələrinin fiziki şəxsin üzərinə qoyulması yolverilməzdir. Belə ki, həmin nəticələri aradan qaldırılması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalı və onun ziyanına təfsir olunmamalıdır. Şəxsin üzərinə bununla bağlı mütləq öhdəliyin qoyulması və ya inzibati icraatın müvafiq səlahiyyətli orqan tərəfindən inzibati aktın mahiyyətinə təsir etməyən şəkildə qüsurlu həyata keçirilməsinin neqativ nəticələrinin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman müəyyən edilmişdir ki, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı 01 oktyabr 2014-cü il tarixində təsdiq edilmişdir. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli qərarı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir ki, təqdim edilən qəbul aktı Nazirlər Kabinetinin qərarından sonrakı tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir, Tikinti obyektinin istismarına icazədə nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 103-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.4-cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin vahid forması Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Yuxanda qeyd olunanları nəzərə alaraq vətəndaşın müraciətinin icrası mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi Aktı, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 231 nömrəli Sərəncamı, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi “AZƏRMEMARLAYİHƏ” Dövlət Baş Layihə X6 Filialı tərəfindən tərtib edilmiş və Yevlax şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmiş layihə, cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi mahiyyət etibarilə də əsaslıdır. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Yevlax rayonu, Aran qəsəbəsi ərazisində 0,01 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdır. İddia olunan qeyri-yaşayış binasının inşası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minəndən sonra başa çatmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçının, sözgedən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün istinad olunan Qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetirilməlidir. İş materiallarında olan, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyeystrindən çıxarışdan görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsi üzərində iddiaçının tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Yevlax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 231 nömrəli Sərəncamı ilə həmin torpaq sahəsində 2 mərtəbəli olmaqla təqdim edilmiş layihə əsasında yuyucu sexinin və aişə obyektinin tikintisinə razılıq verilmişdir. Sözügedən tikilinin layihəsi Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi “AZƏRMEMARLAYİHƏ” Dövlət Baş Layihə X6 Filialı tərəfindən tərtib edilmiş və Yevlax şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2014-cü il tarixdə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı verilmiş və sözügedən qeyri-yaşayış sahəsi istismara qəbul edilmişdir. Cavabdehin iddia tələbinə qarşı dəlili tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli qərarı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilsikdən sonra - 01 oktyabr 2014-cü il tarixində təsdiq edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, istismara qəbul aktı ilə tikinti obyektinin istismarına icazə sənədi məzmunca eyni məsələləri həll edən hüquqi sənədlərdir. Belə ki, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həlledici olan tikintisi başa çatmış obyektin tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün müəyyən olunmasıdır. Qanunvericilikdə hüququn qeydə alınması üçün istismara qəbul aktının və ya tikinti obyektinin istismarına icazə sənədinin tələb olunmasının əsas məqsədi də məhz həmin halın təsdiq edilməsidir. İddiaçı tikinti obyektinin istismara qəbul aktını təqdim etdiyindən, o, qanunvericilikdə tələb olunan müvafiq sənədi təqdim etmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Formaya görə təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, tikinti obyektinin istismarına icazə verilməsi rayon icra hakimiyyətinin başçısına həvalə edilmişdir. Hazırkı işdə də, məhz tikilinin istismara qəbuluna icazə buna səlahiyyətli olan orqan - Yevlax şəhər İcra hakimiyyəti tərəfindən verilmiş, cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin tikinti obyektinin istismara qəbul aktından qeyd edilən məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək Yevlax şəhər İcra hakimiyyəti vəzifəsi olmuşdur. Odur ki, müvafiq sənədin düzgün tərtib edilməməsinin mənfi hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan tikilinin naturada sahəsi 100 kv.m təşkil edir. İddia olunan tikilinin 72 kv.m hissəsi ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0.01 ha torpaq sahəsi üzərində, qalan 28 kv. m hissəsi Yevlax rayonu Aran bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi üzərində yerləşir. Təqdim edilmiş yerquruluşu planından görünür ki, iddia olunan tikilinin yerləşmə vəziyyətinin konfiqurasiyası ilə iddiaçıya məxsus çıxarışın elektron bazada yerləşmə vəziyyəti arasında fərqlər mövcuddur. Odur ki, torpaq sahəsinin ilkin yerləşmə vəziyyətinin müəyyən edilməsi üçün iddiaçıya məxsus çıxarışın tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri cavabdeh orqandan sorğu edilmişdir. Cavabdeh orqan tərəfindən müvafiq sənədlər məhkəməyə təqdim edilsə də, ********** qeydiyyat nömrəli çıxarışın elektron bazada yerləşmə vəziyyətini konkret müəyyən etməyə imkan verən yerquruluşu sənədələri təqdim edilməmişdir. Odur ki, torpaq sahəsinin ilkin yerləşmə vəziyyətinin müəyyən olunması mümkün olmamışdır. Cavabdeh orqan tərəfindən ********** qeydiyyat nömrəli çıxarışın elektron bazada yerləşmə vəziyyətinin faktiki istifadə vəziyyətindən fərqli olması əsaslandırılmamış, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında çıxarışla faktiki istifadə arasında mövcud olan konfiqurasiya fərqlərinin dürüstləşdirilməklə aradan qaldırılmasının mümkünlüyü bildirmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan hal cavabdeh orqanın imtina dəlili kimi də göstərilməmişdir. Torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı qəbul edilmişdir. Həmin Fərmanın 2.4 və 2.5-ci bəndlərinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunması, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Odur ki, cavabdeh orqan Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələbləri baxımından faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasını yerquruluşu qaydasında aradan qaldırmalıdır (nəzərə alınmalıdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi istinad olunan Fərmanın başlıca məqsədlərindən biridir). Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan tikinti obyekti üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” (Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1435/2023 nömrəli qərarında yuxarıda qeyd olunmuş hüquqi mövqe öz əksini tapmışdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Yevlax rayonu, Aran qəsəbəsi ərazisində 0,01 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli (avtoyuyucu və iaşə obyektinin) qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Yevlax İnzibati Məhkəməsi (Yevlax şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Yevlax Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar