Məhkəmə qərarları › İş №2-1(116)-267/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-267/2022

10.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-267/2022 10.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “xx.xx.2006-cı il tarixli JN-777A saylı Şəhadətnamənin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız sayılması və ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1575,7 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixli JN- 777A saylı Şəhadətnamənin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız sayılması və ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1575,7 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, 25 oktyabr 1989-cu il tarixli müqavilə əsasında ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini iddiaçının anası X1 almış və bir müddətdən sonra iddiaçıya bağışlamışdır. Bundan sonra Oğuz Rayon İcra Hakimiyyəti başçısının 27 mart 1998-ci il tarixli 53 saylı sərəncamına əsasən həmin ev ilə tiraltı olan ev də iddiaçıya satılmışdır. Qeyd edilən evə iddiaçının adına iyul 2004-cü il tarixli Texniki pasport və 22 dekabr 2004-cü il tarixli Qeydiyyat vəsiqəsi hazırlanmışdır. İddiaçı göstərilən evə və həmin evin yerləşdiyi 1575,7 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq iddiaçının adına dövlət reyestrindən çıxarış verilməsini cavabdehdən xahiş etmişdir. Araşdırma nəticəsində aydın olmuşdur ki, əvvəllər Oğuz şəhər A.Padarlı küçəsində yaşamış iddiaçının qardaşının və ailə üzvlərinin adına 0,13 ha torpağa Şəhadətnamə hazırlanmışdır. 23 mart 2006-cı il tarixli JN-777A saylı həmin Şəhadətnamə əsasında cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Göstərilən çıxarışa plan-ölçü sənədi hazırlanan zaman həmin sənədin iddiaçının mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə hazırlandığı məlum olmuşdur. Ona görə də plan-ölçü sənədi hazırlanmamışdır. İddiaçı ilk öncə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edərək, Oğuz şəhərində yerləşən ona məxsus torpaq sahəsinə dair arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin təqdim edilməsini xahiş etmiş, lakin xx.xx.2020-ci il tarixli **********69 nömrəli cavab məktubunda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və tabeliyində olan "xxxx" MMC-nin arxivlərində saxlanılan X12 Komissiyasının qərarına əsasən tərtib edilmiş və Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq edilmiş həyətyanı və pay torpaq sahələri almaq hüququ olan subyektlər siyahısında onun adına dair hər hansı bir məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. İddiaçı həmçinin hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********76 nömrəli imtina məktubunda qeyd etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyəti daxilində deyildir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********24 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Oğuz Rayon Məhkəməsinin 01 iyun 2020-cı il tarixli, 2-(054)-160/2020 saylı qətnaməsi və JN-777 A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhədətnamə əsasında X8 və ailə üzvlərinin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. X8 və ailə üzvlərinin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətin icrası mümkün olmamışdır. Torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayş məntəqələri torpaqları olmaqla həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Faktiki istifadədə olan torpaq sahəsi 0,15 hektar təşkil edir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-267/2022 nömrəli qərardadı ilə X8, X6, X9 və X7 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkilinə, iddiada ləğv olunmasını tələb edilən şəhadətnamənin Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı əsasında verildiyi, çıxarışın isə həmin şəhadətnamə və Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(054)-160/2020-ci il tarixli qətnaməsi əsasında verildiyi bildirilmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq, şəhadətnamənin verilməsinə əsas olmuş qərarın ilkin olaraq mübahisələndirilməli olduğu, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın mümkün sayılmamalı olduğu izah edilmişdir. Həmçinin iddiaçının nümayəndəsinin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyil. İddiaçının vəkili (nümayəndəsi) öz izahatında məhkəmənin mövqeyi ilə razılaşmadığını bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İşin hallarının tədqiqi ilə müəyyən olunur ki, iddiaçı Şəhadətnaməni və onun əsasında verilmiş çıxarışı mübahisələndirməklə faktiki olaraq inzibati məhkəmə icraatı qaydasında Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarını mübahisələndirməkdədir. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X11 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X12 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X11 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X11 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X11 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X12 komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X12 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X11 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X11 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X11 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X10 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, X2 qərarları inzibati akt olduğundan, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Oğuz rayonu Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X10 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X10 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir. Sadalanan normalardan görünür ki, sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası X11 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, rayon və yerli X2 səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə xx.xx.1995-ci ildə X11 Komissiyası yaradılmış, xx.xx.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra xx.xx.2005-ci ildə Azərbaycan Respublikası X11 Komissiyası, xx.xx.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir. Göründüyü kimi, hazırda cavabdehə qarşı irəli sürülən tələb həmin orqanın səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər aqrar islahat komissiyalarına məxsus olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. Digər tərəfdən Oğuz rayon AİK qərarı ilə verilmiş şəhadətnamənin X5 məxsus olması faktı Oğuz Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnamə ilə təsdiq edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə ilk növbədə şəhadətnamənin verilməsinə əsas olmuş qərar mübahisələndirilməlidir ki, Aqrar İslahat Komissiyasının qərarı mübahisələndirilə bilməz. İddiaçı faktiki olaraq iddia tələbində şəhadətnaməni mübahisələndirmiş olsa belə, sözügedən şəhadətnamənin tərtib olunmasına səbəb olmuş Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarını bilavasitə mübahisələndirmiş olur ki, bu da yuxarıda sadalanan normaların tələbinə əsasən yolverilməzdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “xx.xx.2006-cı il tarixli JN-777A saylı Şəhadətnamənin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız sayılması və ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1575,7 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar