Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2675/2024 28.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən JN-0448 kod ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş 0,5982 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən JN-0448 kod ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş 0,5982 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və DƏDR-dən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən JN-0448 kod ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş 0,5982 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 25 saylı qərarı ilə Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 1.23 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin 1.23 hektar torpaq sahəsinə dair adlarına 2006-cı il tarixli JN-0448 kod 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. Dövlət Aktı əsasında xüsusi mülkiyyətlərinə olan torpaq sahələrindən 0,5982 hektar torpaq sahəsini X10, X6, X8 və X9 tərəfindən heç bir qanuni əsas olmadan özbaşına zəbt etmişlər, torpaq sahəsindən və həmin torpaq sahəsində olan müxtəlif meyvə ağaclarından (fındıq və şabalıd) hər il xeyli miqdarda gəlir əldə edir, bununla da onların həmin hərəkətləri nəticəsində iddiaçılara maddi ziyan dəymişdir. Bu hal torpaq sahəsi iddiaçılara verilən tarixdən bu günədək davam edir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)-10/2010 saylı qətnaməsi ilə İddiaçı1 cavabdeh X7 qarşı mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə törədilən maneələrə son qoyulması barədə iddiası təmin edilmiş JN-0498 kod 40614018 saylı dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,59 hektar torpaq sahəsindən istifadəsinə cavabdeh X10 tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli. 2(025)-329/2020 saylı qətnaməsi ilə İddiaçı1 cavabdeh X7 qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması tələbinə dair iddiası təmin edilmiş, iddiaçıların mülkiyyətinə verilmiş 1,23 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,5982 ha, yəni 0498C hissəsi (mütəxəssis tərəfindən tərtib olunmuş plana uyğun şəkildə) cavabdeh X4 qeyri-qanuni sahibliyindən alınaraq ona verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-1692/2020 saylı qətnaməsinə əsasən təmin edilməmiş, həmin qətnamədən kassasiya şikayəti verilməmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli. 2(025)-329/2020 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-154/2022 saylı qərardadı ilə X4 JN-0448 kod 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsinə dair iddiası mümkün sayılmamış, həmin qərardad qanuni qüvvəyə minmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)-10/2010 saylı və xx.xx.2020-ci il tarixli, 2(025)-329/2020 saylı qətnamələri qəbul edilmiş və qanuni qüvvəyə minmiş olsa da, oxşar xarakterli qanunsuz hərəkətləri X4 ailə üzvləri olan digər fiziki şəxslər həyata keçirirlər. Qeyd edilən qətnamələr X4 ailə üzvləri olan digər şəxslərə münasibətdə tətbiq edilə bilmədiyindən iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qəbələ rayon Mıxlıqovaq kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 xüsusi mülkiyyətində olan 0.5982 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin cavabdehlər X10, X6. X8 və X14, oğlundan alınıb iddiaçılara qaytarılması, iddiaçıların torpaq sahəsindən istifadə etmələrinə, torpaq sahəsini əkib becərməklərinə, torpaq sahəsində olan meyvə ağaclarının meyvəsini toplamaqlarına, torpaq sahəsinin kənarlarını hasarlamalarına maneə törədilməsinin və həmin torpaq sahəsinə daxil olmalarının cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Həmin iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış, alınmış mütəxəssis rəyində torpaq sahəsinin faktiki vəziyyəti ilə X2 X5 (TEKUİS) arasında uyğunsuzluq olduğu göstərilərək rəy verilməsindən imtina edilmişdir. Qeyd edilən rəyin verilməməsi iddialarının rədd edilməsinə əsas olacağını başa düşərək iddia ərizələrinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1213/2023 saylı qərardadı ilə iddia ərizələrinin geri qaytarılması qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsi 9 Savh Qəbələ Ərazi İdarəsinə müraciət edərək JN-0448 kod 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş 0.5982 hektar torpaq sahəsinin dövlət reyestrində adlarına qeydiyyata alınmasını və adlarına DODR-dən çıxarış və həmin torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsini xahiş etmişdirlər. 17 aprel 2024-cü il tarixli. 3-21-3-42/2- 2028/2024 saylı cavab məktubu ilə təqdim etdikləri ərizələrinə baxıldığı ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki İnventarlaşdırma işlərinin aparıldığı və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda mülkiyyətlərində olan torpaq sahəsinin başqa vətəndaşın istifadəsində olduğunun məlum olduğu, həmin şəxslərin torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılmasına icazə vermədiyi, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edildiyi bildirilmiş, bu səbəbdən "Daşınmaz Əmlakın dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qeyd edilən torpaq sahəsinin adlarına hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını bu cür əsaslandırmışdır: - İddiaçı1 müraciəti əsasında Qəbələ rayonu, Mıxlıqovaq kəndində Ərazi idarəsinin mütəxəssisləri texniki inventarlaşma işlərinin aparılması məqsədi ilə olmuşdur. İddiaçı torpaq sahəsindən faktiki olaraq itifadə etmir. Torpaq sahəsi başqa vətəndaşın (X10) istifadəsindədir. Faktiki istifadəçi torpaq sahəsində texniki inventarlaşma işlərinin aparılmasına şərait yaratmadı. Torpaq sahəsi üzrəmdə mübahisə var. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mumkun olmamışdır Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, JN-0498 kod 40614018 nömrəli Dövlət Aktı, cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi, Qəbələ Rayon Məhkəməsi 2/0xx-xx/2010 nömrəli, xx.xx.2020-ci il tarixli 2(025)-329/2020 nömrəli, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)- 1692/2020 saylı qətnaməsi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçıların faktiki istifadələrində olan 1,23 ha torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı əsasında onların ümumibirgə mülkiyyətinə verilmiş və JN-0448 kod 40614018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İşin hallarından göründüyü kimi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı 40614018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ümümbirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınan torpaq sahələrindən 498C planşetində göstərilən 0,5982 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdır. Belə ki, həmin torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən Dövlət Aktı ilə rəsmiləşdirilmiş mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Hazırkı iş üzrə iddiaçıların məqsədi də, əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə yönəlmişdir. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili iddia olunan torpaq sahəsinin iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən istifadə edilməsi və torpaq sahəsi üzərində mübahisənin olmasıdır. Məhkəmə, cavabdeh orqanın dəlilinə münasibətdə qeyd edir ki, ərazinin başqa şəxs tərəfindən istifadə etməsi və torpaq sahəsi üzərində mübahisənin olması iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Belə ki, bu zaman cavabdeh orqanın araşdırmalı və qiymətləndirməli olduğu məsələ sözügedən torpaq sahəsi üzərində əmlak hüquqlarının hansı subyektə məxsus olması ilə bağlıdır. Bunun üçün isə cavabdeh orqan torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış hüququn mötəbərliyi kontekstində inzibati araşdırma aparmalı idi. İcraat materiallarından görünür ki, torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ dövlət tərəfindən tanınır. Həmin torpaq sahəsinin başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı görünür. İddiaçılara məxsus 0,5982 hektar torpaq sahəsini X10, X6, X8 və X3 heç bir qanuni əsas olmadan özbaşına zəbt etməsi iş materiallarında olan məhkəmə aktları ilə sübuta yetirilir. Belə ki, Qəbələ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-329/2020 nömrəli qətnaməsindən də görünür ki, İddiaçı1 cavabdeh X7 qarşı torpaq sahəsinin qeyriqanuni sahiblikdən geri alınaraq qaytarılması tələbinə dair iddiası təmin edilmiş, iddiaçıların mülkiyyətinə verilmiş 1,23 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,5982 ha, yəni 0498C hissəsi (mütəxəssis tərəfindən tərtib olunmuş plana uyğun şəkildə) cavabdeh X4 qeyri-qanuni sahibliyindən alınaraq ona verilməsi qət edilmişdir. Həmin icraat çərçivəsində sözügedən torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və iddiaçılara məxsus olmasına hüquqi qiymət verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə iddiaçıların adlarına tərtib edilmiş JN-0448 kod 40614018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, artıq qeydiyyata alınmış hüquqa dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmamışdır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə üzərinə Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən JN- 0448 kod ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 mülkiyyətlərinə verilmiş 0,5982 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.