Məhkəmə qərarları › İş №2-1(116)-268/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-268/2020

26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-268/2020 26.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1969-cu il tarixdə Göyçay rayonu Yeniarx kəndində anadan olmuşdur. 1987-89-cu il tarixdə Sovet ordusunda həqiqi hərbi xitmət keçmişdir. 1992-ci ilin martnoyabr ayı tarixlərində N saylı hərbi hissənin tərkibində Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Laçın Goranboy, Füzuli Ağdərə rayonunun Drambon, Paqosoqomer, Kaçaqot, Çaldıran yüksəkliyi, Füzuli rayonunun Uryandağ, Aşağı Veysəli, Yuxarı Veysəli, Kuropatkıno, Muğanlı, Əmirallar kəndləri, Qulmətəpə yüksəkliyi, Goranboy rayonu Bala Çambaz yüksəkliyi, Böyük çambaz, Buzluk Baş Kənd, Şamprituk dağ, Gülüstan, Talış kəndləri, Laçın rayonunun Bala Kirs, Böyük Kirs, Vaqazin Ərdəşəvi, Təzə kənd, Qozlu, Finqə, Turabxan, Tigik-1 Tigik-2, Zerti, Armudlu, Laçın dağ, Şiş təpə yüksəkliyi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Bunu təsdiq edən hərbi biletində və sənədlərində qeydlər var. Həmçinin qeyd edir ki, N saylı hərbi hissənin keçmiş komandiri kapitan Ramiz Abbasov həlak olduğuna görə N nömrəli hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin arxivinə təhvil verilməyib. Bunu həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsi 24.06.2019-cu il tarixli arayışında da qeyd edib. Ancaq əlində olan sənədləri və onunla birlikdə Qarabağ müharibəsində döyüşmüş şahidlər təsdiq edir ki, o Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin şahidlər hazırda Qarabağ müharibəsi əlilləri və veteranlarıdırlar. Həmçinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan verilmiş cavab məktubunda qeyd edilib ki, "Respublika Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işi istintaq edilməsinə və ya təqsirləndirici material olmasına dair məlumat müəyyən edilməmişdir." Bu fakt onun Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyini təsdiq edir. Sənədlərdə bütün bunlar qeyd edilib. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 13.09.2019-cu il tarixli imtina məktubu göndərilmişdir. İmtina məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"-ya daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, "Mərkəzi arxivin” 24.06.2019-cu il tarixli 9/2-8593 nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin sənədləri Mərkəzi Arxivə daxil olmadığına, hərbi biletinizin 6-cı səhifəsində tərxis olunmağınız barədə əmrin nömrəsi olmadığına və tərxis olmağınızın səbəbi məlum olmadığına görə sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir.” Bu cavab məktubu subut edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"-nın 13.09.2019-cu il tarxli cavab məktubu əsassızdır, qeyri qanunidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" nın 13.09.2019-cu il tarixli cavab məktubunu qeyri qanuni hesab edir və hesab edir ki, aşağıda qeyd olunananlara əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 13.09.2019-cu il tarixli iclasının cavab məktubu əsassız hesab edilməli və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliy cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Belə ki, hərbi biletinin 6-cı səhifəsində N saylı hərbi hissənin tərkibində Qarabağın azadlığı uğrunda Ağdərədə gedən döyüşlərdə iştirak etməyi qeyd edilib. Həmçinin döyüşlər zamanı fərqləndiyi üçün N nömrəli hərbi hissənin komandiri ona xidməti xasiyyətnamə vermişdir ki, surətini iddiasına əlavə edir. Həmçinin onun N saylı hərbi hissənin tərkibində Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyini Qarabağ müharibəsi əlilləri və veteranları olan aşağıda adlarını qeyd etdiyi şahidlər-təsdiq edə bilərlər. O, həmin şahidlərlə birlikdə N saylı hərbi hissənin tərkibində Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Onlar buna şahiddirlər. Cavabdehin etirazının dəlilləri: Mərkəzi Arxivin 24.06.2019-cu il tarixli 9/2-8593 nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin sənədləri Mərkəzi Arxivə daxil olmadığına, hərbi biletin 6-cı səhifəsində tərxis olunmağı barədə əmrin nömrəsi olmadığına və tərxis olmağı səbəbi məlum olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə iclasında iddiaçı iddiasının təmin edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli ş/v-nin surəti,НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 13.09.2019-cu il tarixli 1/S-12454 nömrəli imtina məktubu, MN İşlər İdarəsi Mərkəzi Arxivin 24.06.2019-cu il tarixli ***-**** nömrəli arxiv arayışı,Azərbaycan Respublikası SHXÇDX-nin Göyçay rayon şöbəsinin 03.04.2017-ci il tarixli SB-159 nömrəli arayışı aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, hərbi bilet şəxsin döyüşlərdə iştirakını sübut edən sənəddir. İşdə olan Azərbaycan Respublikası SHXÇDX-nin Göyçay rayon şöbəsinin 03.04.2017-ci il tarixli SB-159 nömrəli arayışından görünür ki, iddiaçı 13.03.1992-ci ildə keçmiş Göyçay rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar Azərbaycan Ordusu sıralarına göndərilmiş, 13.03.1992-ci il tarixdən 23.11.1992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Ağdam, Goranboy, Füzuli, Laçın rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. Lakin MN İşlər İdarəsi Mərkəzi Arxivin 24.06.2019-cu il tarixli ***-**** nömrəli arxiv arayışındangörünür ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün iddiaçının xidməti barədə araşdırma aparmaq mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar