Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-268/2023 03.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlillik (61-80 faiz) verilməsi (əlillik müddətinin uzadılması) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlillik (61-80 faiz) verilməsi (əlillik müddətinin uzadılması) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçıya 01 oktyabr 2016-cı ildən bel fəqərəsinin sınığı, L2-L3 fəqərəsinin kompression qəlpəli yerdəyişən sınığı, hər iki daban sümüyünün yerdəyişən sınığı və dirsək sıxıntısının az yerdəyişən sınığı, xx.xx.2015 c/əməliyyat L2-L3 fəqərəsinin transpedikulyar fiksasiyası, hər iki daban sümüklərinin ekstramedulyar osteosintezi xx.xx.2015-ci il, hər iki aşıq daban sümüklərinin açma bükmə kontrakturası daimi kökcük ağrı sindromu, dəmir defisitli anemiya diaqnozu ilə ikinci dərəcəli əlillik verilmiş, əlilliyin müddəti 01 oktyabr 2021-ci il tarixə müəyyən edilmişdir. 01 oktyabr 2021ci ildən sonra cavabdeh iddiaçının əlillik müddətinin uzadılmasından imtina etmiş, əsas kimi isə əlavə müalicəyə ehtiyacının olması, diaqnoz və ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikada əlavə müayinə və müalicə olunmasına ehtiyacın olması göstərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəmə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Mingəçevir 2 nömrəli Şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarının, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S32 - Onurğa...; Diaqnozun mətni: Bel fəqərəsinin sınığı L2-L3 fəqərəsinin kompression qəlpəli yerdəyişən sınığı, hər iki daban sümüyünün yerdəyişən sınığı və dirsək çıxıntısının az yerdəyişən sınığı. xx.xx.2015 c/əməliyyat L2-L3 fəqərəsinin transpedikulyar fiksasiyası hər iki daban sümüklərinin ekstramedulyar osteosintezi xx.xx.2015 .Hər iki aşıq-daban sümüklərinin açma bükmə kontrakturası daimi kökcük ağrı sindromu. Dəmir defisitli anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Bel fəqərəsinin sınığı L2-L3 fəqərəsinin kompression qəlpəli yerdəyişən sınığı, hər iki daban sümüyünün yerdəyişən sınığı və dirsək çıxıntısının az yerdəyişən sın...” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və səbəbi: Ümumi xəstəlik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarnın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S32 - Onurğa...; Diaqnozun mətni: Bel fəqərəsinin sınığı L2-L3 fəqərəsinin kompression qəlpəli yerdəyişən sınığı, hər iki daban sümüyünün yerdəyişən sınığı və dirsək çıxıntısının az yerdəyişən sınığı. xx.xx.2015 c/əməliyyat L2-L3 fəqərəsinin transpedikulyar fiksasiyası, hər iki daban sümüklərinin ekstramedulyar osteosintezi xx.xx.2015. Hər iki aşıq-daban sümüklərinin açma bükmə kontrakturası daimi kökcük ağrı sindromu. Dəmir defisitli anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Bel fəqərəsinin sınığı L2-L3 fəqərəsinin kompression qəlpəli yerdəyişən sınığı, hər iki daban sümüyünün yerdəyişən sınığı və dirsək çıxıntısının az yerdəyişən sın...” səbəbi ilə beş il müddətinə əlillik verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarının, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S32 - Onurğa...; Diaqnozun mətni: Əsas diaqnoz S32.0 Bel fəqərəsinin sınığı, hər iki daban sümüklərinin sınığından sonrakı vəziyyət. L2-L3 fəqərə sınığından sonrakı vəziyyət (xx.xx.2015) L2-L3 fəqərələrinin transpedikulyar funksiyası əməliyyatı. xx.xx.2021 ETTOİ-da arayışın - **********/3419 diaqnozu təsdiqlənmişdir. Ağırlaşma S92 Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, hər iki daban sümüklərinin ekstramedulyar osteosintezi Ağırlaşma R52.2 Digər daimi ağrı, daimi ağrı sindromu Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, onurğanın hərəkət məhdudluğu. dayaqhərəkət funksiyasının pozulması Ağırlaşma M24.5 Oynaqların kontrakturası, hər iki aşıq baldır oynağının rigid kontrakturası. Yanaşı xəstəliklər G55.1* Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və kökcük ağrı sindromu Yanaşı xəstəliklər K86 Mədəaltı vəzinin digər xəstəlikləri, xroniki pankreatit Yanaşı xəstəliklər H52.2 Astiqmatizm, OU-zəif dərəcəli astiqmatizm; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Diaqnoz və ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikada əlavə müayinə və müalicə olunmasına ehtiyac var” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyəti Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli sonuncu göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Diaqnoz və ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikada əlavə müayinə və müalicə olunmasına ehtiyac var” səbəbi ilə əliliyin təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarfna əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası İnzibati Prosessual Məcəllənin (“İPM”) tələbləri baxımından mümkün iddiadır. (İPM 2.2.2, 35.1) “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də, müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edən məhkəmə hesab edir ki, iddia əsassızdır. İddiaçının cavabdehə ilkin müraciət etiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunurdu. Həmin Əsasnamənin: 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 16 hal sadalanmışdır. 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə əsasən isə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Qeyd olunan bənddə üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün 9 hal sadalanmışdır. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Odur ki, iş üzrə iddiaçıya təyin edilmiş diaqnozun doğruluğunun yoxlanılması və diaqnozun əlillik təyin edilməsinə əsas verib-verməməsinin araşdırılması məqsədilə ekspertiza təyin edilmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T 561/2022 nömrəli ekspert rəyində qeyd olunur ki, 1988-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə, və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30 - S39 - Qarının, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S32 - Onurğa...; Diaqnozun mətni: Əsas diaqnoz: S32.0 Bel fəqərəsinin sınığı, hər iki daban sümüklərinin sınığından sonrakı vəziyyət. L2-L3 fəqərə sınığından sonrakı vəziyyət (xx.xx.2015) L2-L3 fəqərələrinin transpedikulyar funksiyası əməliyyatı. xx.xx.2021 ETTOİ-da arayışın **********/3419 diaqnozu təsdiqlənmişdir. Ağırlaşma: S92- Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, hər iki daban sümüklərinin ekstramedulyar osteosintezi. R52.2-Digər daimi ağrı, daimi ağrı sindromu. R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, onurğanın hərəkət məhdudluğu, dayaq-hərəkət funksiyasının pozulması; M24.5-Oynaqların kontrakturası, hər iki aşıq baldır oynağının rigid kontrakturası. Yanaşı xəstəliklər G55.1* Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və kökcük ağrı sindromu. Yanaşı xəstəliklər: K86-Mədəaltı vəzinin digər xəstəlikləri, xroniki pankreatit. H52.2- Astiqmatizm, OU-zəif dərəcəli astiqmatizm” diaqnoz onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında düzgün müəyyən edilmişdir. Qeyd edilən sınıqlar əməliyyat olunduqlarından və xəstə uzun müddətli müalicə aldığından sınıq yerlərində döyənəklər əmələ gəlmiş, reablitasiya müalicəsindən sonra isə xəstəliyin ağırlaşmalarının ilkin vəziyyəti tam aradan qalxmışdır və buna görə də həmin xəstəliklər hazırda əsasnamənin bəndlərində nəzərdə tutulmuş xəstəliklərin əhatə dairəsinə düşmədi. Odur ki, yuxarıda qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların hər hansı bir bəndini aid etmək mümkün olmadı. İddiaçıya xx.xx.2023-cü il tarixdə məktub ünvanlanaraq, bildirilmişdir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1872/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə edilmişdir. Məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş T 561/2022 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, ekspertizada məhkəmə-tibb eksperti ilə yanaşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi də iştirak etmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə onunla əlaqə saxlanılmış, ekspertizanın Agentliyin nümayəndəsinin iştirakı ilə aparıldığı və müvafiq rəyin məhkəməyə daxil olduğu bildirilmiş, iş üzrə Agentliyin nümayəndəsinin iştirakı olmadan təkrar ekspertizanın keçirilməsi ilə bağlı məhkəmənin mövqeyinə münasibəti və təkrar ekspertiza təyin olunacağı təqdirdə tibbi müayinədə iştirak edib-etməyəcəyi şifahi şəkildə soruşulmuşdur. O, telefon danışığı zamanı təkrar müayinəyə getmək istəmədiyini bildirmiş və işə məhkəməyə təqdim olunmuş ekspert rəyinə əsasən baxılaraq qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya yuxarıda göstərilənlərə və təkrar ekspertiza təyin olunacağı təqdirdə tibbi müayinədə iştirak edib-etməyəcəyi ilə bağlı yazılı münasibətini məhkəməyə təqdim etməsi təklif olunmuş, əks təqdirdə, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyi”nin xx.xx.2022-ci il tarixli, T 561/2022 nömrəli ekspert rəyinə əsasən işə mahiyyəti üzrə baxılaraq qanunamüvafiq qərar qəbul ediləcəyi bildirilmişdir. Lakin iddiaçı tərəfindən məktubda qeyd olunanlara yazılı münasibət bildirilməmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmı vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. 97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. 97.4-1. İşdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə yuxarıda göstərilən əsaslardan çıxış edərək hesab edir ki, iş üzrə iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar iş materialları və qanunvericiliyin tələblərinə əsasən öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də, həmçinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarlarda əlilliyin təyini üçün əsas deyil. Həmçinin iş materiallarına əlavə edilmiş ekspert rəyinə əsasən də diqanozun düzgün müəyyən olunduğu, qeyd edilən sınıqlar əməliyyat olunduqlarından və xəstə uzun müddətli müalicə aldığından sınıq yerlərində döyənəklərin əmələ gəldiyi, reablitasiya müalicəsindən sonra isə xəstəliyin ağırlaşmalarının ilkin vəziyyəti tam aradan qalxdığı müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlillik (61-80 faiz) verilməsi (əlillik müddətinin uzadılması) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-268/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-268/2023
03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver