Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2680/2024 21.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “11 saylı Cəzaçəkmə Müəssisəsinə əvvəlki işlədiyi vəzifəsinə işə bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının əmək haqqı cədvəlinə uyğun hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “11 saylı Cəzaçəkmə Müəssisəsinə əvvəlki işlədiyi vəzifəsinə işə bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının əmək haqqı cədvəlinə uyğun hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, 11 saylı Cəzaçəkmə Müəssisəsində xx.xx.2017-ci il tarixdən X2 inspektoru vəzifəsinə işə qəbul olunmuş və 2023-cü ilin iyun ayına kımı orada çalışmışdır. O, xəstəliyi ilə bağlı büllütendə olmuş, büllüten bitdikdən sonra rəsmi olaraq işinə davam etmək üçün müəssisəyə qayıtdıqda 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şakir Qənıyev ona bildirmişdi ki, işə davamiyyətsizlik səbəbi ilə ona töhmət elan olunur. Belə ki, guya o, əsassız iş buraxıb. Büllüteni təqdim etdikdə isə bülletenin Baş idarədə araşdırılacağı, X1 bu işlə məşğul olacağı və həmin araşdırma bitənə qədər işə gəlməməsi bildirilmişdir. Bundan sonra o, X1 inspektoru, Ədliyyə Mayoru Fəxri adlı əməkdaş tərəfindən idarəyə dəvət olunmuş və ondan işə getməməyinin səbəbi soruşulduqda o, büllütendə olduğunu bildirmiş və ona büllüten sənədini təqdim etmişdir. Fəriddən bununla bağlı hər hansı bir izahat alınmamışdır. O da bu məsələyə aydınlıq gətirilməsi ilə bağlı kadrlar Şöbəsinin rəisi Əflatun müəllimlə görüşmək istəmiş, o isə səbəbsiz onu qəbul etməyərək, sözünü X1 əməkdaşları vasitəsi ilə ona göndərərək, Fəridin xidməti vəsiqəsini təqdim etməsini söyləmiş, onun təyinatını başqa bir müəssisəyə dəyişəcəklərini və yeni təyinat zamanı ona yeni vəsiqə təqdim edəcəklərini bildirmişdir. Baş idarədə Fəxri və Nizamı adlı əməkdaşların təkidi ilə xidməti vəsiqəsi ondan alınmış və ona təyinat verilənə qədər, gözləməli olduğu bildirilmişdir. O vaxtdan da onların dediyi kimi oturub gözləmiş, lakin hələ də onun təyinatı verilməmişdir. Belə ki, 2023-cu ilin iyun ayından əmək haqqı almadan təyinatını gözləmişdir. Bu məsələ ilə bağlı dəfələrlə Əflatun və Xidmət rəisi Mirsaleh Seyidovun qəbullarına getməyinə baxmayaraq, heç bir vəzifəli şəxs onu qəbul etməmişdir. Hər dəfə cavabsız olaraq Baş idarədən geri qaytarılmış və orada ona demişlər ki, “get gözlə məsələ araşdırılacaq”. O da məcbur qalıb bu işə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə rəsmi olaraq ərizə ünvanlamışdır. Ərizəni xx.xx.2024-cü il tarixdən rəsmi poçt vasitəsi ilə ünvanlasa da, yenə də heç bir cavab verilməmişdir. Sonda məcbur qalıb idarəyə getmiş və təsadüfən Mirsaleh müəllimlə görüşmüş və ona məsələni bildirdikdə Mirsaleh müəllim onun İdarəyə qəbuluna gəldiyindən xəbərsiz olduğunu bildirmiş və sonra bu məsələ ilə ciddi məşğul olcağını bildirmişdir. Bundan sonra Mirsaleh müəllimin köməyi ilə axır kı, ərizəsinə cavab verilmiş, xidməti davranışlarında yol verdiyi nöqsanlarla əlaqədar xx.xx.2023-cü il tarixdən ədliyyə orqanlarından xaric edilməsi bildirilmişdir. O, uzun müddətdir işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Ailəlidir, yetkinlik yaşına çatmayan övladı var. O, işdən azad olunarkən əmək müqaviləsinə xitam verilmə barədə əmrlə tanış olmamış, ona heç bir sənəd təqdim edilməmişdir. İddiaçı, Əmək Məcəlləsinin müvafiq bəndlərinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, iddiaçının cavabdeh orqana əmək kitabçasının təqdim edilməsi ilə bağlı dəfələrlə müraciət etsə də, ona nə əmək kitabçası nə də digər sənədlər təqdim edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı vəsatətində hazırkı iddia tələbinin “mübahisələndirmə haqqında” iddia növünə uyğun olmasını və iddiaçı tərəfindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmamasını bildirərək iddianın mümkünsüz sayılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından görünür ki, hazırkı tələblə iddiaçının nail olmaq istədiyi hüquqi nəticə 11 saylı Cəzaçəkmə Müəssisəsinə əvvəlki işlədiyi vəzifəsinə işə bərpa edilməsinə və xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının əmək haqqı cədvəlinə uyğun hesablanaraq ödənilməsinə nail olmaqdır. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş icraat materialları ilə müəyyən olunur ki, iddiaçı, xx.xx.2013-cü il tarixdə Penitensiar Xidmətdə kiçik rəis heyəti kimi qulluğa qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə isə orta rəis heyətinə keçərək 11 saylı cəzaçəkmə müəssisəsinin Rejim-Nəzarət Şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. Nəhayət, xx.xx.2023-cü il tarixli 34/i saylı əmrlə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Bu tarixdən etibarən iddiaçı ilə cavabdeh orqan arasında əmək münasibətləri faktiki olaraq sonlanmışdır. xx.xx.2023-cü il tarixində qəbul edilmiş əlverişsiz inzibati aktın qüvvəyə minməsi ilə iddiaçı artıq ədliyyə orqanlarında qulluq keçən şəxs statusunu itirmiş və əmək funksiyalarının icrası ilə məşğul olmamışdır. Cavabdeh orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin davam etdirilməsi ilə bağlı heç bir tələb irəli sürülməmiş, onun işə davamiyyətinə nəzarət olunmamış və hər hansı xidməti tapşırıq verilməmişdir. Bu hallar onu göstərir ki, xx.xx.2023-cü il tarixli inzibati akt iddiaçı üçün həm hüquqi, həm də faktiki nəticələr doğurmuşdur. İddiaçı, onun işdən azad olunması ilə bağlı qəbul edilmiş inzibati aktı mübahisələndirmədən birbaşa “işə bərpa və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi” tələblərini irəli sürmüşdür. Lakin, hüquqi baxımdan belə tələblərin irəli sürülməsi üçün ilk növbədə iddiaçının işdən azad edilməsi haqqında inzibati aktın hüquqi qüvvəsini itirməsi zəruridir. Məlum olduğu kimi, işçinin işdən azad edilməsi ilə bağlı əmr hüquqi qüvvədə olduğu müddət ərzində həmin qərarın hüquqi nəticələri qüvvəsini saxlayır. Yalnız bu inzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi və uğurlu nəticələnməsi halında iddiaçının əvvəlki iş yerinə bərpa edilməsi və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələblərinə mahiyyət üzrə baxılması mümkün ola bilər. Əks halda, qüvvədə olan inzibati aktın şərtləri ilə hüquqi statusu müəyyən olunmuş şəxs üçün əmək münasibətlərinin bərpası və ya buraxılmış müddət üçün əmək haqqının ödənilməsi mümkün deyil. Odur ki, hazırkı mübahisə ilə bağlı ilk növbədə irəli sürülməli olan düzgün tələb - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2023-ci il tarixli, 34/i saylı əmrinin ləğv edilməsi” ilə bağlı olmalıdır. Həmin tələb isə “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı, xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 34/i saylı əmri ilə sözügedən qurumun X2 inspektor vəzifəsindən xaric edilmişdir. Yəni, o, artıq həmin tarixdən işdə hesab edilmirdi və faktiki olaraq əmək funksiyalarının icrası ilə məşğul deyildi. İddiaçının xx.xx.2023-cü il tarixindən işdə olmaması və ötən müddət ərzində onun əmək funksiyalarını yerinə yetirməməsi, bu müddətdə cavabdeh tərəfin əmək funksiyalarının icrası ilə bağlı iddiaçıya hər hansı tələb irəli sürməməsi və eyni zamanda işə davamiyyətlə bağlı heç bir əsaslandırılmış izahatın istənilməməsi iddiaçının işdən azad edildiyindən faktiki xəbərdar olduğunu göstərir. İddiaçının vəkilinin məhkəməyə təqdim etdiyi ərizədə onun işdən azad olunması faktından yalnız xx.xx.2024-cü il tarixində cavabdeh orqanın göndərdiyi məktubla xəbərdar olduğunu iddia etməsi məntiqə uyğun deyildir. Çünki işdən azad edildiyi tarixdən etibarən iş yerinə getməməsi, əmək funksiyalarını yerinə yetirməməsi və cavabdeh orqanın da işə davamiyyətlə bağlı onunla heç bir şəkildə əlaqə saxlamaması obyektiv reallıqdan xəbər verir. Bundan əlavə, qanunvericilik və işəgötürənlə işçi arasında əmək münasibətlərində mövcud olan təcrübə belə bir halın məhz işçinin işdən azad edildiyindən məlumatlı olduğunu ehtimal etməyə əsas verir. İddia ərizəsinin 1 il müddət keçdikdən sonra verilməsinin cavabdeh orqandan məlumatın əldə edilə bilinməməsi və heç bir əsas olmadan bu müddəti təyinat almaq ümidi ilə gözləməklə əsaslandırılmasını məhkəmə İPM-nin 38.1-ci maddəsinin tələblərinə uyğun hesab etmir. Belə ki, iddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Odur ki, ötən bir il müddətində iddiaçının işdən azad edilməsindən məlumatsız olduğunu iddia etməsi ağlabatan deyil və işin faktiki halları ilə uyğunluq təşkil etmir. İşin yuxarıda sadalanan hallarından iddiaçının xx.xx.2023-cü il tarixdən işdən azad edilməsindən məlumatının olması aşkar göründüyündən, həmin əmrlə bağlı məlumatın iddiaçıya xx.xx.2024-cü il tarixdə verilməsi iddia müddətinin axımının həmin tarixdən hesablanmasına səbəb olmur. Buna görə məhkəmə hesab edir ki, hətta iddia tələbi cavabdeh orqanın xx.xx.2023cü il tarixli əmrinin ləğv edilməsi şəklində ifadə edilsə belə, yenə də, İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmış olacaqdır. Bu isə iddia tələbinin qeyri-mümkün sayılması üçün əsasdır. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. https://e-qanun.az/framework/46956 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. Bununla belə iddiaçı, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, iddiaçının vəkili inzibati işə iştirakının olmadan baxılmasını xahiş etmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş əlverişsiz inzibati akt mübahisələndirilmədən işə bərpa tələbi irəli sürüldüyündən, o cümlədən iddiaçının işdən azad edilməsi ilə bağlı inzibati aktın mübahisələndirilməsi imkanı itirildiyindən iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “11 saylı Cəzaçəkmə Müəssisəsinə, əvvəlki işlədiyi vəzifəsinə işə bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının əmək haqqı cədvəlinə uyğun hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2680/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2680/2024
21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver