Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2681/2024 25.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Lətif oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı (orta ixtisas təhsilli - qaynaqçı, işləməyən), cavabdehin nümayəndəsi X1 (ixtisası: hüquqşünas, vəzifəsi: Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının böyük mütəxəssisi) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Mingəçevir ş., Natəvan küçəsi, döngə 1, ev 1) cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (yerləşdiyi yer: Bakı ş., Nərimanov rayonu, A.M.Cümə küçəsi 60) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1964-cü il təvəllüdlüdür, 1981 – 1982-ci illərdə peşə təhsili almışdır. 1983 – 1985-ci illərdə keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmət keçmişdir. İddiaçı əmək fəaliyyətinə 20 iyul 1982-ci il tarixdən Azərbaycan DRES Tikinti Quraşdırma İdarəsində 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsindən başlamış və hərbi xidmətdən sonra 18 iyul 1985-ci il tarixdən 1 avqust 1987-ci il tarixədək yenidən İdarədə həmin vəzifədə fəaliyyətini davam etdirmişdir. 1 avqust 1987-ci il tarixdən 15 noyabr 1989cu il tarixədək 4-cü dərəcəli elektrik qaynaqçısı, 15 noyabr 1989-cu il tarixdən 1 iyul 1991ci il tarixədək 6-cı dərəcəli elektrik qaynaqçısı, 1 iyul 1991-ci il tarixdən 1 may 1992-ci il tarixədək Azərenerji TİTQB-də 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 1 may 1992-ci il tarixdə Azərbaycan DRES TQİ-yə keçirilmiş və orada qaynaqçı kimi 20 oktyabr 1994-cü il tarixədək işləmişdir. Sonradan elektrik qaynaqçısı kimi 20 oktyabr 1994cü il tarixdən 27 sentyabr 1995-ci il tarixədək Qafqazenerji TQB-nin Azərbaycan filialında, 1 noyabr 1995-ci il tarixdən 14 mart 1996-cı il tarixədək Uzaq Şimal rayon İnzibati Ərazisi Nijnevostovsk Quraşdırma İdarəsi ASC-də, 15 mart 1996-cı il tarixdən 16 aprel 1997-ci il tarixədək yenidən Qafqazenerji TQB-nin Azərbaycan filialında işləmişdir. İddiaçı 1982 – 1995 və 1996 – 1997-ci illərdə elektrik qaynaqçısı işləməsini nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan isə, həmin məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya müvafiq dövrdə işlədiyi müddət güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə iş stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki (iddia ərizəsinə əsasən), onun 20 iyul 1982-ci il tarixdən 27 sentyabr 1995-ci il tarixədək və 15 mart 1996-cı il tarixdən 16 aprel 1997-ci il tarixədək işlədiyi qaynaqçı vəzifəsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verir. İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona pensiya təyinatı aparılmasından imtinasını mübahisələndirir. Cavabdeh iddiaya etiraz edir və mövqeyini belə əsaslandırır ki (iddiaya qarşı yazılı etiraza əsasən), «Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsinə əsasən şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə daxil edilir. Diplomunun surətinə əsasən İddiaçı 1 sentyabr 1981-ci il tarixdən 15 iyul 1982-ci il tarixədək texniki peşə məktəbində təhsil almışdır. Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə Əsasnamə»nin 8-ci bəndinin və 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 4.1.1.4-cü yarımbəndinin məzmunundan görünür ki, qanunvericiliklə yalnız əyani təhsil müddətinin ümumi iş stajına daxil edilməsi nəzərdə tutulmuşdir. İddiaçının təqdim etdiyi diplomda onun əyani təhsil alması ilə bağlı qeyd olmadığı kimi, iddiaçı tərəfindən əyani təhsillə bağlı əlavə sənəd təqdim edilmədiyindən, onun təhsil aldığı dövrlər sığorta stajına daxil edilməmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, iddiaçı 1995 – 1996, 1996 – 1997ci illərdə Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olmuşdur. «Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında» 13 iyun 1995-ci il tarixli 1057 nömrəli Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqavilənin təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gələn tərəflərin səlahiyyətli orqanları şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər. «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında» 26 aprel 2022-ci il tarixli Müqavilənin 12-ci maddəsinin 1-ci bəndinə görə razılığa gələn tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Hər iki dövlətin səlahiyyətli orqanları tərəfindən müqavilənin icrasının təmin edilməsi məqsədilə inzibati saziş bağlanmadığından, sözügedən müqavilə qüvvəyə minməmişdir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40.320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 36.218,50 manat təşkil edir. İddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi və onun təmin olunmasını xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. İmtina barədə məktub 21 may 2024-cü il tarixə, iddia ərizəsinin poçt xidmətinə təqdim olunması 24 iyun 2024-cü il tarixə, məhkəməyə daxil olması isə 2 iyul 2024-cü il tarixə, yəni imtina tarixindən 40 gün müddət keçdiyi vaxta təsadüf etsə də, cavabdeh tərəfin həmin imtinanın iddiaçıya 21 – 25 may 2024-cü il tarixləri arasındakı günlərdə hər hansı (rəsmi və ya elektron) qaydada təqdim olunmasına dair sübut və ya dəlili olmadığından, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə məcburetmə haqqında iddia ilə bağlı iddia müddəti buraxılmamış hesab edilir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Mingəçevir şəhəri, X.Natəvan küçəsi, döngə 1, ev 1-dir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtinası qanuna zidd sayılmalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 13 iyun 1995-ci il tarixli 1057 nömrəli «Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında» Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər. Azərbaycan Respublikasının 8 iyul 2022-ci il tarixli 579-VİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə»nin 9-cu maddəsinin 1-ci bəndinə görə bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, hər bir Razılığa gələn Tərəf öz qanunvericiliyinə uyğun olaraq onun ərazisində əldə edilmiş sığorta stajına (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalına – Azərbaycan Respublikası üçün) görə pensiya təyin edir. Müqavilənin 9-cu maddəsinin 2-ci bəndinə görə Razılığa gələn Tərəflər pensiya hüququnun müəyyən edilməsi zamanı onların ərazisində, habelə keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının və X3 Sosialist Respublikasının ərazisində əldə edilən sığorta stajını (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalını – Azərbaycan Respublikası üçün) nəzərə alırlar. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olan digər respublikaların, habelə digər dövlətlərin ərazilərində əldə edilmiş sığorta stajı nəzərə alınmır. Müqavilənin 12-ci maddəsinin 1-ci bəndinə görə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Razılığa gələn Tərəflərin kompetent təşkilatları (səlahiyyətli orqanları) bu Müqavilənin və eyni zamanda bu Müqavilənin tətbiqinə dair inzibati Sazişin həyata keçirilməsi məqsədilə Razılığa gələn Tərəflərin qanunvericiliyinə uyğun müəyyən edilmiş etibarlı üçüncü tərəflər vasitəsilə həyata keçirilə biləcək elektron qarşılıqlı əlaqə haqqında razılaşma imzalaya bilərlər. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35-ci (Ümumi peşələr) bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur. Məhkəmə ilk növbədə diqqətə çəkir ki, İddiaçı Azənerjitikinti Quraşdırma ASC-nin verdiyi “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışda qeyd olunmuşdur ki, İddiaçı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində iş stajı 1982 – 1995-ci illərdə 12 il 11 ay 10 gün təşkil edir. Bundan başqa, iş materiallarında olan A 765865 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1 sentyabr 1981-ci il tarixdən 15 iyul 1982-ci il tarixədək Mingəçevir şəhəri 39 nömrəli texniki peşə məktəbində peşə təhsili almışdır. Bununla da işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1964-cü il təvəllüdlüdür, 25 il sığorta stajına malik 60 yaşına çatmış şəxs kimi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, iddiaçı 1 sentyabr 1981-ci il tarixdən 15 iyul 1982-ci il tarixədək texniki peşə məktəbində təhsilini əyani formada alması barədə sənəd təqdim etməmişdir, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir (qeydə alınan pensiya kapitalının tələb olunan 40.320 manat məbləğinin qarşılığında 36.218,50 manat təşkil etməsi), eləcə də «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında» imzalanmış 26 aprel 2022-ci il tarixli Müqavilə, onun 12-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan inzibati sazişin bağlamaması səbəbindən qüvvəyə minməmişdir, qeyd olunan səbəblərdən iddiaçının peşə təhsili aldığı müddət və əmək kitabçasındakı qeydlər üzrə Rusiya Federasiyasında işlədiyi dövr sığorta stajına daxil edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə tərəflərin dəlil və sübutlarına qanunvericiliyin tələbləri baxımından qiymət verərək iddiaçının dəlillərini əsaslı sayır, cavabdehin mövqeyi ilə razılaşmır. Məhkəmə qənaətini aşağıdakılarla əsaslandırır: 1) «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə qeyd edir ki, aparılmış inzibati icraatda iddiaçı 1981 – 1982-ci illərdə Mingəçevir şəhəri 38 nömrəli texniki peşə məktəbində təhsil almasına dair diplomun surətini təqdim etsə də, inzibati orqan həmin müddəti onun əyani təhsil formasında keçirilməyinə dair sübut təqdim edilməməsi səbəbi ilə sığorta stajına daxil etməməkdə haqlı sayıla bilməz. Belə ki, iddiaçı 10 ay yarım müddət texniki peşə təhsili almışdır və peşə təhsilinin qiyabi formada təşkili praktik hal deyil, bundan başqa da inzibati orqan onun təhsilinin əyani olmasını təkzib edən heç bir sübut və ya dəlil gətirmədən diplom üzrə dövrü sığorta stajına daxil etməmişdir. Bundan başqa, peşə təhsili aldığı müəssisədən təhsilin əyani olmasını əks etdirən arayışın alınması pensiya təyin olunmasını istəyən şəxsin üzərinə qanunla qoyulan vəzifə deyil və belə sənədin alınmasını inzibati icraatda inzibati orqan özü də təmin edə bilərdi. Odur ki, belə xüsusat iddiaçı üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın texniki peşə təhsili dövrü ilə bağlı dəlilini formal mülahizələrə söykənən hal qismində qiymətləndirir və diqqətə çəkir ki, bu, «İnzibati icraat haqqında» Qanunun 15, 19, 24-cü maddələrinin tələblərinə ziddir. 2) «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2022-ci il tarixdən sonrakı dövrdə qüvvədə olan tələbləri nəzərdə tutur ki, 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik kişilər 60 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Yəni, qüvvədə olan qanunvericilik normaları göstərilən iş stajlarına malik olan 60 yaşına çatmış kişilərə münasibətdə başqa şərt, o cümlədən “fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən həddə toplanması” şərtini qoymur. Odur ki, cavabdehin “müvafiq həddə pensiya kapitalının toplanmaması” ilə bağlı dəlili də əsassızdır. 3) Cavabdeh inzibati orqanın “pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilənin tətbiqinə dair inzibati sazişin bağlanmaması” dəlilinə gəldikdə isə vurğulanmalıdır ki, «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında» 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə Azərbaycan Respublikasının 8 iyul 2022-ci il tarixli 579-VİQ nömrəli Qanunu ilə təsdiq edildiyi halda, həmin Müqavilənin tətbiqinə dair sazişin bağlanmaması Razılığa gələn tərəflərdən birinin ərazisində əmək fəaliyyəti ilə məşğul olan sığortaolunanın digər Razılığa gələn tərəfin ərazisində pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Belə olan halda, İddiaçı 1995, 1996, 1997-ci illərdə Rusiya Federasiyasındakı əmək fəaliyyəti üzrə sığorta stajına Azərbaycan Respublikasında 1 yanvar 2002-ci il tarixədək əmək fəaliyyəti üzrə staja münasibətdə qoyulan şərtlər, yəni “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” tələbinin mütləq olmaması şamil edilməlidir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının 1995 – 1997-ci illərdəki iş stajının sosial sığorta stajına daxil edilməməsinə əsas mövcud deyil. Belə olan halda, iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə stajı, eləcə də 25 ildən artıq ümumi iş stajı toplanmış olduğundan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan, yəni 9 aprel 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı onun 1995 – 1997-ci illərdə elektrik qaynaqçısı vəzifəsində işlədiyi müddət sığorta stajına daxil edilməklə hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 52, 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı onun 1995 – 1997-ci illərdə elektrik qaynaqçısı vəzifəsində işlədiyi müddət sığorta stajına daxil edilməklə hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2-1(116)-2681/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2681/2024
25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver