Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-269/2023 19.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X11 və üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay şəhəri, Şəhriyar küçəsi 7 nömrəli binanın 5 nömrəli mənzili üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri, Şəhriyar küçəsi 7 nömrəli binanın 5 nömrəli mənzili üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Göyçay şəhəri, Şəhriyar küçəsi 7 saylı binanın 5 saylı mənzili iddiaçının mərhum qardaşı X8 xüsusi mülkiyyətində olmuşdur. Qulam İsgəndərov xx.xx.2003-cü il tarixdə vəfat etmiş, sonuncunun vəfatından sonra ondan miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün iddiaçının mərhum anası Nazilə İsgəndorova və Qulam İsgəndərovun həyat yoldaşı X14 rayon Dövtət Notariat Kontoruna müraciət etmişlər. Göyçay rayon Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli 2V-66 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Qulam İsgəndərovdan miras qalmış mənzil üzərində Nazilə İsgəndorovanın və Səriyyə İsgəndərovanın vərəsəlik hüququ tanınmışdır. Bundan sonra Nazilə İsgəndorova və Səriyyə İsgəndərova mülkiyyətlərində olan Göyçay şəhəri, Şəhriyar küçəsi 7 saylı binanın 5 saylı mənzilini 22 avqust 2003-cü il tarixli, 4Ə-255 nömrəli bəxşetmə müqaviləsinə əsasən iddiaçıya bağışlamışlar. Həmin müqavilə əsasında sözügedən mənzil üzərində iddiaçı mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq, bu barədə 25 avqust 2003-cü il tarixli Qeydiyyat vəsiqəsi almışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********56 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizəyə əsas kimi Göyçay şəhəri, Şəhriyar küçəsi, 7 nömrəli binada yerləşən 5 nömrəli mənzil üzərində mülkiyyət hüququna dair Göyçay rayon X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixində verilmiş 1940 saylı qeydiyyat vəsiqəsi təqdim edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Göyçay şəhəri, Şəhriyar küçəsi, 7 nömrəli binada yerləşən 5 nömrəli mənzilə dair Göyçay rayon X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003cü il tarixində verilmiş 1940 saylı Qeydiyyat vəsiqəsi ilə bağlı Xidmətin 16 saylı Ucar Ərazi İdarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında heç bir məlumat aşkarlanmamışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, Göyçay şəhəri, Şəhriyar küçəsi, 7 nömrəli binada yerləşən 5 nömrəli mənzilə dair Göyçay rayon X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2003-cü il tarixli 1940 saylı Qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Göyçay rayon Notariat Konturunun xx.xx.2003-cü il tarixli 4Ə-255 nömrəli bəxşetmə müqaviləsi təqdim edilməklə təkrar müraciət olunacağı təqdirdə hüquqların dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********25 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-269/2023 nömrəli qərardadı ilə X7 məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb olunmuşdur. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməsinə etirazının olmadığını bildirmiş və qanuna müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan: İnventar nömrəsi 5976, qeyd nömrəsi 1940 olan “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”n yuxarı sol küncündə Göyçay rayon Notariat Kontorunun xx.xx.2003-cü il tarixdə təsdiq etdiyi 2V/66 nömrəli Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzilin X4 və X1 adlarına keçirildiyi qeyd olunmuşdur. Texniki pasportun yuxarı sağ küncündə isə Göyçay rayon Notariat Kontorunun xx.xx.2003-cü il tarixdə təsdiq etdiyi 4Ə/255 nömrəli Bəxşetmə müqaviləsi əsasında mənzilin X5 adına keçirildiyi qeyd olunmuşdur. Texniki pasportda digər şəxslərin adının üzərindən xəttə çəkilmiş və sonda X5 adı qeyd olunmuşdur (texniki pasportda adı “Fərqanə” kimi yazılmışdır). Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1940 nömrəli, xx.xx.2003-cü il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, Göyçay rayon Notariat Kontorunun xx.xx.2003-cü il tarixli, 4Ə/255 nömrəli bəxşetmə müqaviləsinə əsasən Göyçay şəhəri Şəhriyar küçəsi ev 7 mənzil 5 X5 mülkiyyətindədir (Qeydiyyat vəsiqəsində adı “Fərqanə” kimi yazılmışdır). Qeydiyyat vəsiqəsinin və Texniki pasportun əslləri məhkəməyə təqdim edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət notariat arxivinin X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/01-i-22 nömrəli məktubunda qeyd edilmişdir ki, Göyçay rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin qeydə alındığı teyestr kitabında sözügedən müqavilə barəsində qeydiyyatın aparıldığı müəyyən edilmiş, lakin həmin müqaviləyə dair notariat işi arxivə təhvil verilməmişdir. Cavabdehin etirazına əlavə edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktının surətində hüquq müəyyənedici sənəd qismində Qeydiyyat vəsiqəsi, sənədin verilmə tarixi xx.xx.2003, nömrəsi 1940, ünvan ünvan 1Daşınmaz əmlak üzərində mübahisə halı qeydə alınmadı, daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri aparıldı. Vətəndaşın təqdim etdiyi hüquq müəyyənedici ölçüləri ilə faktiki ölçülər eynilik təşkil edir. Daşınmaz əmlak heç bir kommunikasiya xətləri ilə kəsişmir” qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət notariat arxivi tərəfindən xx.xx.2022-ci il tarixli xx/xx-7774/11 nömrəli məktubla Göyçay rayon dövlət notariat ofisində xx.xx.2003-cü il tarixdə 4Ə-255 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin qeydə alındığı 4Ə indeksli reyestr kitabından çıxarış Məhkəməyə göndərilmişdir. Reyestr kitabından çıxarışa əsasən 255-ci sırada notariat hərəkətinin aparılmasında iştirak edən şəxslər və ya pnların nümayəndəsi, onların yaşayış yeri qrafasında X9 (Göyçay şəhəri, R.İsayev 116), X10 (Göyçay şəhəri, R.İsayev 116), X3 (Göyçay şəhəri, R.İsayev 116) adları, notariat hərəkətinin məzmunu qrafasında yaşayış evinin bəxşiş müqaviləsi göstərilmiş, hər üç şəxs tərəfindən 7-ci qrafada imzalanmışdır (iddiaçının adının qarşısında olan imza ilə şəxsiyyət vəsiqəsində olan imza eyni şəkildə icra edilmişdir). Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun: 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 13.11-ci maddəsinə görə Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan normaların işin faktiki hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmayaraq qeyd edir ki, iddiaçının mübahisəli mənzilə münasibətdə mülkiyyət hüququnun dövlət qeydiyyatına aınmasına dair tələbdən ibarət iddiası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh inzibati orqan öz imtinasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallarla əsaslandıra bilməmiş, bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə ki, faktiki olaraq iddiaçı ilə üçüncü şəxslər arasında bəxşetmə (bağışlama) müqaviləsinin bağlanması iş materialları və üçüncü şəxsin izahatı ilə öz təsdiqini tapmış, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının hüquqları qeydə alınaraq onun daına artıq 1940 nömrəli Qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Cavabdeh tərəfindən isə faktiki xarakterli hərəkətlərində səhvə yol verilərək iddiaçının müraciətinin təmin olunmasında imtina edilmişdir. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Göyçay şəhəri, Şəhriyar küçəsi 7 nömrəli binanın 5 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Göyçay şəhəri, Şəhriyar küçəsi 7 nömrəli binanın 5 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-269/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-269/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver