Məhkəmə qərarları › İş №2-1(116)-269/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-269/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-269/2024 15.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayonu Baş Göynük kəndi ərazisində Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 saylı qərarı ilə ona və ailə üzvlərinə ayrılmış 7120,03 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində onun ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Baş Göynük kəndi ərazisində Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 saylı qərarı ilə ailə üzvlərinə ayrılmış 7120,03 kv.m və 23500,44 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahələri üzrə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı və ailə üzvlərinə Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə torpaq sahələri ayrılmışdır. Belə ki, Şəki rayonu Baş Göynük kəndi ərazisində Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002ci il tarixli, 05 saylı qərarı ilə 7120,03 kv.m və 23500,44 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahələri verilmişdir. Qeyd olunan torpaq sahələri üçün iddiaçının əri X11 adına A 047624 və A 043648 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri verilmişdir. Torpaq sahələrinə iddiaçının əri X11 adına sənəd işlənsə də, həmin torpaq sahələri ailə üzvlərinin - İddiaçı, X19, X12, X7, X13 və X3 birgə mülkiyyətinə verilmişdir. İddiaçının əri X19 xx.xx.2007-ci ildə vəfat etmişdir. Uzun illərdir həmin torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilmədiyi üçün iddiaçı və ailə üzvləri dövlətin verdiyi subsidiyadan istifadə edə bilmir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-C-0005/xx-xx/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, qeydiyyata alınması istənilən torpaq sahələri X19, İddiaçı, X12, X7, X13 və X3 ümumi birgə mülkiyyətdədir və həmin torpaq sahələrinin mülkiyyətçilərindən biri olan X12 xarici ölkə vətəndaşıdır. Azərbaycan Respublikasının Torpaq Qanunvericiliyinin 48.3-cü maddəsinə əsasən “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər”. Qeyd olunanları nəzərə alaraq Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0,712 ha və 2,35 ha torpaq sahələrinin xarici ölkə vətəndaşının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-2494/2023 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda qeyd olunan dəlilləri əsas gətirməklə iddia tələbinə dair yazılı etirazını bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2151/2023 nömrəli qərardadı ilə X12, X7, X13 və Musayeva (Mustafayeva) Nişanə Aslan qızı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar. Belə ki, mübahisəli torpaq sahələri Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə İddiaçı, X19, X12, X6, X14 və Musayeva (Musatafayeva) Nişanə Aslan qızının ümum ibirgə mülkiyyətinə verilmişdir. X19 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Bu səbəblə X12, X6, X13 və Musayeva (Mustafayeva) Nişanə Aslan qızının inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Şəki rayonu Baş Göynük kəndi ərazisində Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 saylı qərarı ilə ona və ailə üzvlərinə ayrılmış 7120,03 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində onun ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2007-ci ildə verilmiş 000809 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 047624 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 05 nömrəli qərarı ilə 7120,03 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X15 ayrılmışdır. Sənəd dövlət torpaq kadastrı kitabında xx.xx.2009-cu ildə 3522-ci nömrə ilə uçota alınmışdır. 242762 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. X21 filialının 3-48-DA-12/F/2-214/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Şəki ŞİH başçısının Baş Göynük kəndi üzrə icra nümayəndəliyinin 2001- 2005-ci illərə dair təsərrüfatbaşına kitabından X11 təsərrüfatının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, X12 həmin illərdə X11 təsərrüfatında qeydiyyatda olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-2428/2023 nömrəli məktubuna əlavə olunmuş X19 və ailə üzvlərinə məxsus subyektlər siyahısından çıxarışdan görünür ki, siyahıda 1356-cı sırada X19, İddiaçı, X12, X7, X17 və X4 adları qeyd olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1859/2023 nömrəli məktubuna əlavə olunmuş Baş Göynük və Baş Şabalıd kəndlərində xx.xx.1996-cı ildən yaşayan pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısının təsdiq olunmuş surətindən görünür ki, siyahıda 900-cü sırada ailə başçısı olaraq X11 adı yazılmış, ailə üzvləri qrafasında İddiaçı, X12, X7, X13 və X5 adları qeyd olunmuşdur. Məktuba Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarış da əlavə olunmuşdur. Məktuba əlavə olunmuş Şəki rayon AİK tərəfindən təsdiq edilmiş Baş Göynük kəndində xüsusi mülkiyyətə verilən pay torpaqlarının siyahısının təsdiq olunmuş surətindən görünür ki, siyahıda 1356-cı sırada X11 adı yazılmış, qanuni həyətyanı qrafasında 0,29, faktiki istifadədə qarafsında 0,87, cəmi qrafasında 0,58 qeyd edilmişdir. Məktuba əlavə olunmuş subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, siyahıda 1097-ci sırada X19, İddiaçı, X12, X7, X13, X9 və X1 adları yazılmış, qanuni istifadəsində olan həyətyanı sahə qrafasında 0,29 qeyd edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-3503/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, torpaq sahələrinin döngə nöqtələri, koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planı №1 və №2-də göstərilmişdir. №1 nömrəli yerquruluşu planında göstərilən torpaq sahəsi 7194 kv.m olub kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası əkin olmaqla xüsusi mülkiyyətə aiddir. Torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək üçün ayrılmışdır ki, İddiaçı mülkiyyətindədir və **********1480 nömrəli plan ölçü sənədində göstərilən torpaq sahəsi ilə faktiki istifadə edilən torpaq sahəsinin coğrafi yerləşməsi eyni olub qismən üst-üstə düşür. Başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üstəüstə düşmür. Torpaq sahəsi Baş Göynük kəndindən uzaqlıqda yerləşdiyindən başqa şəxslər tərəfindən istifadə edilir. Yerquruluşu planı №2 göstərilmiş torpaq sahəsi 28816 kv.m olub kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası əkin olmaqla xüsusi mülkiyyətə aid, kənd təsərrüfatı məhsulları istehsal etmək üçün ayrılmışdır ki, İddiaçı mülkiyyətində olub **********0158 nömrəli plan ölçü sənədində göstərilən torpaq sahəsi ilə faktiki istifadə edilən torpaq sahəsinin coğrafi yerləşməsi eyni olub qismən üstüstə düşür. Başqa şəxslərin mülkiyyətində olan və Hüquqların Dövlət Reyestrində qeydiyyata alınmış **********61 nömrəli çıxarışla 1340 kv.m, **********78 nömrəli çıxarışla 3515 kv.m, **********46 nömrəli çıxarışla 446 kv.m iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehin həmin məktubuna əlavə olunmuş dövlət torpaq kadastrı kitabından çıxarışdan görünür ki, 3522 nömrəsinin qarşısında Toraq sahəsinin yerləşdiyi ərazi və kodu qrafasında A№047624 qeyd edilmiş hüquq əldə edən fiziki şəxs olaraq X19 göstərilmişdir. Məhkəmə iclasında iş üzrə mütəxəssis qismində dindirilmiş X2 izahatında mübahisəli torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyini, rəydə qeyd olunan “plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə faktiki istifadə edilən torpaq sahəsinin coğrafi yerləşməsi eyni olub qismən üst-üstə düşür” ifadəsinin isə faktiki torpaq sahəsinin ölçüsünün sənəd üzrə göstərilən ölçüdən çox olması ilə əlaqədar olduğunu bildirmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası ... Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ ... Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. Lakin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təsbit edilmişdir. Başqa sözlə, torpaq islahatı zamanı iddiaçı ilə birlikdə ümumi birgə mülkiyyətçilərdən biri olmuş X12 Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsi əvəzsiz olaraq ona verilmiş, torpaq sahəsi əvəzsiz olaraq ona verildiyindən mülkiyyət hüquqlarının qeydə alınmasına digər mülkiyyətçilərlə bildirkdə onun da qanuni gözləntisi yaranmış, lakin o, torpaq üzərində mülkiyyət hüquqlarını qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Bu isə onunla birlikdə torpaq sahəsi ümumi birgə mülkiyyətinə verilmiş iddiaçı və digər şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanını veribverməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər-hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). Hazırkı halda, ümumi birgə mülkiyyətçilərdən birinin ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla daimi istifadəyə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı iddiaçının ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçının ailə üzvlərindən biri olan X12 həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. H.Musayevin ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə, bu isə öz növbəsində iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Lakin üçüncü şəxs H.Musayevin hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Topraq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi ona da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-2130/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Şəki rayonu Baş Göynük kəndi ərazisində Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 saylı qərarı ilə ona və ailə üzvlərinə ayrılmış 7120,03 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində onun ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Çıxarışın verilməsi zamanı X12 xarici ölkənin vətəndaşı olduğundan ona münasibətdə torpaq sahəsinin 1 (bir) il ərzində özgəninkiləşdirilməsi şərti nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Şəki rayonu Baş Göynük kəndi ərazisində Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılmış 7120,03 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində İddiaçı ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar