Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-27/2021 02.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Üçüncü şəxs Ağdaş rayon Güvəkənd bələdiyyəsinin nümayəndəsi X1, Üçüncü şəxs X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X6, Ağdaş rayon Güvəkənd bələdiyyəsi, X8) “Ağdaş rayon “Zəhmət” kolxozunun 20 yanvar 1990-cı il tarixli, 11 saylı qərarı ilə və Dövlət torpaq kadastrı kitabında 11 iyul 2013-cü il tarixdə 689 nömrəli qeydə alınmış seriya A, 441174 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən onun mülkiyyətinə verilmiş 0.15 hektar torpaq sahəsinin ətrafında yerləşən Ağdaş rayonu, Binələr bələdiyyəsinin balansında olan çatışmayan 0.0275 hektar boş torpaq sahəsinin hesabına mülkiyyət hüququ əsasında adına qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağdaş rayon “Zəhmət” kolxozunun 20 yanvar 1990-cı il tarixli, 11 saylı qərarı ilə və Dövlət torpaq kadastrı kitabında 11 iyul 2013cü il tarixdə 689 nömrəli qeydə alınmış seriya A, 441174 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən onun mülkiyyətinə verilmiş 0.15 hektar torpaq sahəsinin ətrafında yerləşən Ağdaş rayonu, Binələr bələdiyyəsinin balansında olan çatışmayan 0.0275 hektar boş torpaq sahəsinin hesabına mülkiyyət hüququ əsasında adına qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Ağdaş rayon “Zəhmət” kolxozunun 20 yanvar 1990-cı il tarixli 11 saylı kolxoz üvzlərinin ümumi iclasının 11 saylı qərarı ilə ona Ağdaş rayonu, Güvəkənd kəndi (sonradan həmin ərazi Binələr kəndinə verilmişdir) ərazisində 0.15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçıya verilmiş 0.15 hektar həyətyanı torpaq sahəsi Ağdaş rayon “Zəhmət” kolxozunun məsul şəxsləri tərəfindən Güvəkənd kəndi ərazisində əkin üçün yararsız olan torpaq sahəsindən naturada ayrılaraq ona təhvil verilmişdir. Torpaq sahəsi naturada iddiaçıya tanıdıldıqdan sonra həmin 0.15 hektar həyətyanı torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə iddiaçı orada yaşayış evi inşa etdirərək yaşamağa başlamış və qanunla müəyyən olunmuş torpaq vergisini ödəmişdir. Qeyd olunan həyətyanı torpaq sahəsindən və yaşayış evindən hazırda müvəqqəti olaraq iddiaçının mərhum qardaşının ailə üzvləri yaşayırlar. İslahat zamanı iddiaçıya məlum olmayan səbəblərdən Aqrar İslahat Komissiyasının qərarı ilə həmin 0.15 hektar torpaq sahəsi əvəzsiz olaraq onun mülkiyyətinə verilmədiyindən, müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon Torpaq şöbəsi tərəfindən Dövlət torpaq kadastrı kitabında 11 iyul 2013-cü ildə 698 nömrə ilə iddiaçının adına qeydə alınmış və bu barədə adına seriya A, 441174 nömrəli 11 iyul 2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” işlənərək verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.15 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 16.07.2019-cu il tarixli, **********60 nömrəli imtina məktubunda qeyd etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanarkən məlum oldu ki, torpaq sahəsinin naturada mövcud vəziyyəti ilə sənəd üzrə olan vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, Ağdaş rayon “Zəhmət” Kolxozunun 20.01.1990-cı il il tarixli, 11 saylı iclas protokoluna əsasən torpaq sahəsi sənəd üzrə 0.15 ha olmasına baxmayaraq, faktiki olaraq yerində 0.1225 ha təşkil edir. Faktiki mövcud olan 0.1225 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə iddiaçının etirazını nəzərə alaraq, sənəd üzrə olan 0.15 ha tcrpaq sahəsinin mülkiyyətə verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən iddiaçının ərizəsinin icrasından imtina edilir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 25.12.2019-cu il tarixli, **********48 nömrəli məktubda qeyd edilir ki, İddiaçı faktiki istifadə etdiyi Ağdaş rayonu, Binələr kəndində yerləşən 0.15 ha torpaq sahəsinə müayinə baxışı keçirilmiş, mütəxəssis tərəfindən zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Ağdaş rayon Zəhmət Kolxozunun 20.01.1990-cı il il tarixli, 11 saylı iclas protokoluna əsasən sənəd üzrə 0.15 ha həyətyanı torpaq sahəsi ayrılmasına baxmayaraq faktiki olaraq istifadə etdiyi 0.1225 ha-nı təşkil edir. Torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olub fərdi yaşayış evinin inşası üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi olub hər tərəfdən fiziki sərhədlə əhatə olunmuş və üzərində tikintialtı sahəsi 113,3 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evi vardır. Həmin sahə və onun üzərində yerləşən fərdi ev dövlət reyestrində qeydiyyata alınması üçün İddiaçı rəsmi razılığı ilə rəsmiləşdirilə bilər. A 441174 saylı Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 0,15 ha torpaq sahəsinin 0.0275 ha hissəsinin 0,0136 hektarının döngə nöqtələrinin koordinatları bələdiyyə torpaqlarının üzərinə, digər 0,0139 hektarının döngə nöqtələrinin koordinatları isə onun qonşusu X3 mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşür. Məhkəmənin 04.12.2019-cu il tarixli, 2-1(84)-1417/2019 nömrəli qərardadı ilə X6 və Ağdaş rayon Güvəkənd bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında üçüncü şəxs Ağdaş rayon Güvəkənd bələdiyyəsinin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X8 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilən Ağdaş Rayon Dövlət Arxivinin 16.04.2013-cü il tarixli, 76 nömrəli sənədindən müəyyən edilir ki, Ağdaş rayon “Zəhmət” kolxozunun 20 yanvar 1990-cı il tarixli, 11 nömrəli ümumi iclasında Binələr kənd sakini İddiaçı 0.15 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İddia ərizəsinə əlavə edilən 1990-cı ilin noyabr ayında “Zəhmət” kolxozunda təftiş komissiyasının sədri R.Rəfiyev, baş aqronom Allahverdi Rzayev, sahə briqadiri A.İsmayılov və mühasib köməkçisi V.Mamedovun iştirakı ilə tərtib edilən Aktdan müəyyən edilir ki, İddiaçı ərizəsi və ailə vəziyyəti nəzərə alınaraq, Azərbaycan SSR Nazirlər Sovetinin 16 iyun 1990-cı il tarixli, 259 nömrəli və Ağdaş rayon XDS-in 17 iyun 1990-cı il tarixli 14 nömrəli qərarına əsasən İddiaçı Güvəkənd sahəsində əkin üçün yararsız olan torpaq sahəsindən 0.15 ha torpaq sahəsi verilmişdir. İddia ərizəsinə əlavə edilən digər sənədlərdən görünür ki, iddiaçı ərizə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova müraciət edərək, həyətyanı torpaq sahəsinin plan-ölçü sənədinin tərtib edilməsini xahiş etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin 17.04.2013-cü il tarixli, 191 nömrəli rəyinə əsasən İddiaçı həyətyanı torpaq sahəsinə plan-ölçünün işlənməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən Ağdaş Rayon “Zəhmət” kolxozunun 20.01.1990-cı il tarixli, 11 saylı iclas protokoluna əsasən 1500 kv.m həyətyanı torpaq sahəsinə dair A seriyalı, 441174 nömrəli Plan və ölçü sənədi tərtib edilmişdir. Sənəd torpaq kadastrı kitabında 11.07.2013-cü il tarixdə 689 nömrə ilə qeydə alınmışdır. İddia ərizəsinə əlavə edilən Ağdaş Rayon İcra Hakimiyyətinin 15.08.2019-cu il tarixli, 08/M-82-113 nömrəli məktubundan görünür ki, iddiaçı ərizə ilə həmin orqana müraciət etmiş, lakin ona tövsiyyə edilmişdir ki, istifadəsində olan 0.15 ha torpaq sahəsinin çatışmayan 0.0275 ha hissəsinin həyətə bitişik bələdiyyə balansında olan torpaq sahəsi hesabına ayrılması məqsədilə məhkəməyə müraciət edə bilər. İş materiallarında olan JN-040F nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ağdaş rayon AİK-nın 30.03.1998-ci il tarixli 07 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi üçüncü şəxs X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19.04.2021-ci il tarixli, **********81 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçının A seriyalı 441174 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin koordinatları və sahəsi sxemdə göstərilmişdir. İddiaçının faktiki istifadə etdiyi 1130 kv.m torpaq sahəsi A seriya 441174 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən iddiaçıya məxsus 1500 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin dəqiq sahəsi 1130 kv.m-dir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi fiziki sərhədlərlə (hasarla) digər sahələrdən ayrılmışdır. Hasar daxilində olan torpaq sahəsinin ölçüsü 1130 kv.m-dir. İddiaçının tələbində qeyd olunan torpaq sahəsinin 20 kv.m hissəsi X4 istifadəsindədir. Həmin 20 kv.m torpaq sahəsi iddiaçıya məxsus 1500 kv.m torpaq sahəsindən kənarda yerləşir. İş materiallarında olan üçüncü şəxs Ağdaş rayon Güvəkənd bələdiyyəsinin nümayəndəsi, sədri X2 24.05.2021-ci il tarixli iddia tələbinə münasibət məktubunda qeyd etmişdir ki, İddiaçı məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, üçüncü şəxs X8 onun hasarına bitişik inşa etdirdiyi ət dükanının yerləşdiyi torpaq sahəsinin ona məxsus olmasını bildirsə də, həmin sənədlərin ya ona, ya bələdiyyəyə, ya da ki, cavabdeh orqana təqdim etməmişdir. Bələdiyyənin, yəni X1 bildirdiyinə görə ət dükanı yerləşən ərazi bələdiyyə tərəfindən guya Çingiz Şixalıyevə satılmamış və ya icarəyə verilməmişdir. İddiaçı göstərdikləri yanlışdır. X2 ona elə sözlər deməmişdir. X2 bildirir ki, Çingiz Şıxəliyevin ət dükanı yerləşdiyi 0.01 ha torpaq sahəsi Ağdaş rayon Binələr bələdiyyəsinin 25.09.2003-cü il tarixli qərarına əsasən ona verilmişdir. Həmin sahə DTXK-nın baş mütəxəssisinin 09.10.2013-cü il tarixli rəyinə əsasən Ağdaş - Pirəzə avtomobil yolunun sağ tərəfində ayrılmışdır. Torpaq sahəsi 17.10.2003-cü il tarixdə Çingiz Şıxəliyevə təhvil verilmişdir. Həmin torpaq sahəsinə görə Çingiz Şıxəliyev tərəfindən bələdiyyənin büdcəsinə 77000 (yetmiş yeddi min) manat pul ödəmişdir (qəbz 70). Buna görə X2 bildirir ki, həmin torpaq sahəsi sənədlərə əsasən Çingiz Şıxəliyevin mülkiyyətindədir. Bundan əvvəllər də bu kimi iddialar olmasına baxmayaraq Ağdaş Rayon Məhkəməsinin 29.06.2020-ci il tarixli qərarı ilə iddiaçı eyni tələblə 2004-cü ildə məhkəmədə iddia qaldırıldığından və onun iddiası məhkəmənin 04.02.2004-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edildiyindən iş üzrə icraata xitam verilmişdir. X2 əlavə olaraq qeyd edir ki, göstərilmiş torpaq sahələrinin onun əhatə etdiyi bələdiyyə ərazisində 2015-ci ildən sonra olduğunu nəzərə alınarsa, 2003-cü ildə Şıxəliyev Çingizə və bundan 10 il sonra İddiaçı torpaq sahələrinin ölçülərək verilməsi zamanı həmin torpaqlar X1 nəzarəti altında olmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. İş üzrə üçüncü şəxs X5 ünvanlanan bildiriş və digər sənədlər poçt xidməti tərəfindən geri qaytarılmışdır. Belə ki, sözügedən şəxs ünvanda yaşamır. Məhkəmə iddiaçı və cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Torpaq islahatı haqqında Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının sənəd üzrə torpaq sahəsi 0.15 ha qeyd olunsa da, onun faktiki istifadəsində olan torpaq sahəsinin dəqiq sahəsi 1130 kv.m-dir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi fiziki sərhədlərlə (hasarla) digər sahələrdən ayrılmış və hasar daxilində olan torpaq sahəsinin ölçüsü 1130 kv.m-dir. İddiaçı özünə ayrılmış torpaq sahəsini hazırda mövcud olan vəziyyətdə qəbul etmiş, hasar çəkmiş və fərdi yaşayış evi inşa etmişdir. Cavabdehin 11.10.2019-cu il tarixli məktubuna əlavə edilən yerquruluşu sxemindən çıxarışda da onun torpaq sahəsi xəritədə 343BB qeyd olunmaqla sahəsi 0.13 ha yazılmışdır. İddiaçının plan-ölçü sənədi alınması üçün etdiyi müraciətə əlavə etdiyi xəritədən çıxarışda da onun torpaq sahəsi 343BB qeyd olunmuş, lakin sahə yazılmamışdır. Ümumiyyətlə Ağdaş rayon “Zəhmət” kolxozunun 20 yanvar 1990-cı il tarixli, 11 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə sxem tərtib olunmamış, verilmiş həyətyanı torpaq sahəsi Ağdaş rayon “Zəhmət” kolxozunun məsul şəxsləri tərəfindən Güvəkənd kəndi ərazisində əkin üçün yararsız olan torpaq sahəsindən naturada ayrılaraq iddiaçıya təhvil verilmiş, həmin vəziyyətdə onun tərəindən qəbul edilmiş və torpaq sahəsi naturada iddiaçıya tanıdıldıqdan sonra həmin həyətyanı torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə iddiaçı orada yaşayış evi inşa etdirərək yaşamağa başlamışdır. Ona görə bələdiyyə mülkiyyətində olan 0.0275 hektar boş torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınması tələbi əsassızdır. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X6, Ağdaş rayon Güvəkənd bələdiyyəsi, X8) “Ağdaş rayon “Zəhmət” kolxozunun 20 yanvar 1990-cı il tarixli, 11 saylı qərarı ilə və Dövlət torpaq kadastrı kitabında 11 iyul 2013-cü il tarixdə 689 nömrəli qeydə alınmış seriya A, 441174 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən onun mülkiyyətinə verilmiş 0.15 hektar torpaq sahəsinin ətrafında yerləşən Ağdaş rayonu, Binələr bələdiyyəsinin balansında olan çatışmayan 0.0275 hektar boş torpaq sahəsinin hesabına mülkiyyət hüququ əsasında adına qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəylərinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəylərinin verilməsinə çəkilən xərcə görə 311 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X10 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-27/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-27/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver