Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-27/2022 24.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X3 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17A (indiki 75) saylı fərdi yaşayış evinin üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən Bankın adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehə qarşı məhkəməyə müraciət edərək, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17A (indiki 75) saylı fərdi yaşayış evinin üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən Bankın adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı ASC-yə ipoteka qoyulmuş X3 mülkiyyətində olan İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində 17A nömrəli fərdi yaşayış evinə X11 Məhkəməsinin 1-62/2007 saylı, 06.12.2007-ci il tarixli icra vərəqəsi ilə tutma yönəldilməsi qət edilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar əmlak hərraca çıxarılmış və "xxxx" MMC tərəfindən açıq hərrac təşkil olunmuş, lakin əmlak hərracda satılmamışdır. Qanunvericiliyə uyğun olaraq əmlak İddiaçı ASC-yə təklif olunmuş və sifarişçi İsmayıllı rayon İcra və probasiya şöbəsi ilə tələbkar İddiaçı ASC arasında 07.08.2019-cu il tarixli Y- 215/1 saylı “Hərracın nəticələri haqqında yekun protokol” bağlanmış, fərdi yaşayış evi Bank tərəfindən alınmışdır. Bundan sonra Bank tərəfindən hərrac protokolu İsmayıllı rayon icra və probasiya şöbəsi tərəfindən təsdiq edilmişdir. Daha sonra müvafiq prosedura əsasən əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçirilməsi üçün cavabdehə müraciət olunarkən, 05.10.2020-ci il tarixli məktuba əsasən müraciətin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh 01.12.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, X5 məxsus İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi 75 saylı (17A deyil) ünvanda yerləşən fərdi yaşayış evinin yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. X5 məxsus İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi 75 saylı ünvanda yerləşən fərdi yaşayış 29.03.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********78-10301). Qeyd olunan səbəbə görə də müraciətin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmiiəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 11.04.2022-ci il tarixli 2-1(116)-27/2022 nömrəli qərardadı ilə X7 məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Məhkəmə tərəfindən İddiaçı ASC-yə 20.05.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, A.Ağayevin adına aparılmış qeydiyyat və çıxarış qüvvədə olduğundan, həmin qeydiyyat və çıxarış ləğv edilmədən hazırkı tələb üzrə iddiaya mahiyyəti üzrə baxılması mümkün deyildir. Belə ki, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 75 ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində 29.03.2019-cu il tarixli qeydiyyat aparılmış və ********** qeydiyyat nömrəsi ilə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Yardım məktubunda qeyd olunanlarla əlaqədar iddiaçıya münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi 23.05.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, hazırda məhkəmənin icraatında olan inzibati iş üzrə iddia İPM-in tələblərinə əsasən mümkün hesab edilməlidir. Belə ki, İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı ərizəsində göstərilənlərlə əlaqədar iddianın mümkünlüyü məsələsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka verən X7 arasında bağlanmış 21/S-03 nömrəli 08.06.2005-ci il tarixli “İpoteka müqaviləsi”nin surətinə əsasən: 1.1-ci bənd – 24 dekabr 2003-cü il tarixli 21/S saylı kredit müqaviləsinə əsasən “ipoteka saxlayan” “Zarat” KFT-yə 54 (əlli dörd) ay müddətinə 200.000.000 (iki yüz milyon) manat məbləğində kredit verir. 1.2-ci bənd – “Borcalan”a veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilməsi bu müqavilə üzrə ipoteka predmeti olan fiziki şəxs X5 məxsus (İsmayıllı rayonu X2 və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyata alınmış 4898 reyestr saylı, inventar nömrəsi 861 olan Qeydiyyat vəsiqəsinə əsasən ümumi sahəsi 82,8 kv.m olan) İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi 17a nömrəli yaşayış evi ilə təmin edilir. 1.3-cü bənd – ipoteka qoyulan əmlak tərəflərin razılığı ilə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində qiymətləndirilir. 2.2-ci bənd - əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, “ipoteka saxlayan” ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. X11 Məhkəməsinin 1-62 2007 nömrəli iş üzrə 06.12.2007-ci il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, İddiaçı ASC ilə cavabdeh “Zarat” kəndli fermer təsərrüfatı arasında bağlanmış 24.12.2003-cü il tarixli 21/S saylı kredit müqaviləsi ləğv edilmiş, borc tələbinin öhdəliyin icrasının təminatı kimi ipoteka qoyulmuş X8 məxsus olan, İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən yeməkxana binası, X9 məxsus olan, İsmayıllı şəhəri Q.Əsədov küçəsində yerləşən 50 saylı və X5 məxsus olan İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17 A saylı yaşayış evinə yönəldilməklə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracdan satılması hesabına ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin “Hərracın nəticələri haqqında” 07.08.2019-cu il tarixli Y-215/1 nömrəli protokolundan görünür ki, X5 məxsus İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17 A saylı fərdi yaşayış evi İddiaçı ASC-yə satılmışdır. Eyni zamanda cavabdehin etiraz məktubuna əlavə edilmiş JN-1713F kod 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon AİK-nın 25.11.2003-cü il tarixli 111 nömrəli qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi X5 verilmişdir. Həmçinin, RX seriyalı ******* nömrəli 29.03.2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 75 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Cavabdehin 06.12.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 17A (indiki 75) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları, uqodiyası (məqsədli istifadə növü) həyətyanı, mülkiyyət növü xüsusi, hüquq sahibi X6r. Cavabdehin 06.12.2021-ci il tarixli məktubuna əlavə edilmiş 29.03.2019-cu ildə tərtib olunmuş Texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 75 ünvanında yerləşən fərdi yaşayış evi X3 mükliyyətindədir. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 75 ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində 29.03.2019-cu il tarixli qeydiyyat aparılmış və ********** qeydiyyat nömrəsi ilə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda, mülkiyyətçinin dəyişməməsinə baxmayaraq, mübahisəli daşınmaz əmlak yenidən, ipoteka müqaviləsinin bağlanmasına və həmin müqavilə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına, daşınmaz əmlakın açıq hərracda satılmasına baxmayaraq, yeni əsasla A.Ağayevin adına aparılmış qeydiyyat və çıxarış qüvvədə olduğundan, həmin qeydiyyat və çıxarış ləğv edilmədən hazırkı tələb üzrə iddiaya mahiyyəti üzrə baxılması mümkün deyildir. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, üçüncü şəxsin adına aparılmış qeydiyyat və çıxarış qüvvədə olduğundan həmin qeydiyyat və çıxarış ləğv edilmədən iddia mümkün hesab edilməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17A (indiki 75) saylı fərdi yaşayış evinin üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən Bankın adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-27/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-27/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver