Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-270/2021 26.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ona yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. İddiaçı xx.xx.1997-ci il tarixdən “Azərbaycanmeşəsənaye” ƏİB xxxx kombinatında sürücü işləmiş, xx.xx.2002-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçının kombinatda işləməsinə dair onun əmək kitabçasında qeydlər aparılmışdır. İddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2019-cu ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh orqanın rəhbərinin xx xxxxxx 2020-ci il tarixli əmrinə əsasən iddiaçıya təyin edilmiş pensiya ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Cavabdeh orqan iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********4 nömrəli imtina məktubunda pensiyanın dayandırılmasına əsas olaraq qeyd etmişdir ki, əmək kitabçasında Kombinatda işləməsinə dair qeydlər köhnə sovet dövrünün möhüründən istifadə edilməklə təsdiq edilmişdir. Həmin iş dövrünün sosial sığorta stajının yoxlanılması ilə əlaqədar sorğular göndərilmiş, lakin stajın düzgünlüyü barədə müvafiq məlumatlar əldə edilməmişdir. Köhnə möhürdən istifadə olunaraq iş stajının təsdiqlənməsi həmin staja dair şübhələr yaratdığından iddiaçının kombinatda işlədiyi illər onun stajından çıxarılmış və bu səbəblə də tələb edilən sosial sığorta stajı tamamlanmadığı üçün pensiyanın ödənişi dayandırılmışdır. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçı qeyd edir ki, o, xx.xx.1997-ci ildə “Azərbyacanmeşəsənaye ƏİB xxxx kombinatına” sürücü kimi işə qəbul olunmuş, həmin müəssisədən xx.xx.2002-ci il tarixində isə öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.2019-cu il tarixində isə cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya yaşa görə əmək pensiyası aşağıda qeyd olunan səbəblərdən dayandırılmışdır; İddiaçının öz ərizəsində də qeyd etdiyi kimi “DSMF tərəfindən İsmayıllı rayon filialında aparılan yoxlamalar nəticəsində iddiaçının əmək kitabçasında qeyd olunan dövrlərdə işə girmə və işdən çıxma barədə qeyd edilən əmrdə kombinatın möhürünün kiril əlifbasında olması əsas gətirilmişdir. Nəticədə xx xxxxxxxx 2020-ci il tarixdən etibarən yaşa görə verilmiş əmək pensiyası dayandırılmışdır. Nəzərinizə çatdırırıq ki, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası qanuni əsaslarla dayandırılmışdır. İddiaçının qeyd edilən illərdə “Azərbaycanmeşəsənaye ƏİB xxxx” kombinatında işləməsi ilə bağlı İsmayıllı rayon filialının direktoru vəzifəsini icra edən Əyyub Musayev tərəfindən iş stajının yoxlanılması ilə bağlı Abşeron xidmət nümayəndəliyinə mübahisəli iş stajının yoxlanılması məqsədilə sorğu göndərilmişdir. xx.xx.2020-ci il tarixdə daxil olmuş sorğuya verilən cavabda iddiaçının xx.xx.1997-xx.xx.2002-ci illərdə qeyd olunan müəssisə, yəni “xxxx”xxxx“xxxx ASC mövcud olmuş, həmin müəssisə hal-hazırda isə fəaliyyət göstərmədiyindən və sənədlərinin saxlandığı ünvan məlum olmadığından sorğu həmin hissədə icra edilə bilməmişdir. Bundan əlavə, xx xxxxxx 2020-ci il tarixdə iddiaçının pensiyasının dayandırılması və aparılmış yoxlamaların nəticələri barədə ünvanladığımız məktuba Fondun Daxili nəzarət departamentində də baxılmışdır. Verilən cavabda qeyd olunur ki, iddiaçının “Əmək Pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı da müəyyən olunmamışdır. Bununla yanaşı xx.xx.1997-xx.xx.2002-ci illərə dair sosial sığorta stajı öz təsdiqini tapmamış, yaşa görə əmək pensiyası hüququ olmadan qanunsuz olaraq yaşa görə əmək pensiyası təyin edilmiş və nəticədə 3629,50 manat artıq ödəmə yaranmışdır. Tərəfimizdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2020-ci il tarixində göndərilmiş sorğuda qeyd olunur ki, “Azərbaycanmeşəsənaye” İB-nin xxxx Kombinatının bazasında xx.xx.1997-ci il tarixində “Bakı Mebel Hissə” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 100% özəlləşdirilmişdir. Qeyd olunanaları ümumiləşdirsək, bir daha aydın olur ki, iddia tələbi əsassız və qanunsuzdur. Cavabdeh orqanın pensiyanın dayandırılması ilə bağlı qəbul etdiyi qərar qanuna uyğun olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan cavabdehin xx xxxxxxxx 2020-ci il tarixli Qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının 1997-2000-ci illərə dair iş stajının düzgünlüyünün yoxlanılması mümkün olmamış və minimum pensiya təyin olunması üçün tələb olunan 17245.17 manat pensiya kapitalı olmadığı üçün yaşa görə təyin olunmuş pensiya ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Azərbaycanmeşəsənaye” ƏİB xxxx kombinatında sürücü işləmişdir. İş materiallarında olan 984619 nömrəli pensiya işinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixli, 546 nömrəli Qərara əsasən xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan iddiaçının əmək kitabçasında 1997-2002-ci illərə dair iş dövrü qüvvədə olmayan möhürlə təsdiq edildiyi üçün həmin illər onun sosial stajından çıxarılmış və cavabdeh orqan tərəfindən onun pensiyası xx.xx.2020-ci il tarixli qərarla xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********76 nömrəli məktubundan görünür ki, xxxx Kombinatının bazasında xx.xx.1997-ci il tarixində “Bakı Mebel Hissə” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 100% özəlləşdirilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçıya təyin olunmuş pensiyanın dayandırılması barədə qərar xx.xx.2020-ci ildə qəbul edilmiş, iddiaçıya xx.xx.2020-ci il tarixli məktubla məlumat verilmiş, ona mübahisəli qərar verilməmiş, pensiyanın dayandırılması səbəbi məktubla izah edilmiş, mübahisəli qərar elan olunmamış və ya təqdim edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində Şəki İnzibati Məhkəməsinə poçt vasitəsi ilə iddia ərizəsini göndərmiş, iddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək Pensiyaları haqqında Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi xx.xx.1997-xx.xx.2002-ci illərdə qeyd olunan müəssisə, yəni “xxxx”xxxx“xxxx” ASC mövcud olmuş, həmin müəssisə hal-hazırda isə fəaliyyət göstərmədiyindən və sənədlərinin saxlandığı ünvan məlum olmadığından sorğu həmin hissədə icra edilə bilməmişdir. Həmçinin iddiaçının “Əmək Pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı da müəyyən olunmamışdır. İşin hallarında görünür ki, xxxx Kombinatının bazasında xx.xx.1997-ci il tarixində “Bakı Mebel Hissə” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır, yəni xx.xx.1997-ci il tarixində iddiaçı ora işə qəbul olunanda “xxxx Kombinatının” ştampının vurulması mümkünsüz idi, hətta onun əmək kitabçasına köhnə ştamp vurulduğu nəzəri baxımdan mümkün hesab olunsa belə, xx.xx.2002-ci il tarixində “xxxx Kombinatının” kiril əlifbası ilə azərbaycan və rus dilində olan möhürünün vurulması mümkün deyildi. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" xx xxxxxx 1991-ci il Qərarına əsasən, Azərbaycan dilində latın qrafikasına keçid 1992-cı ildən başlamışdır. Lakin, iddiaçının təqdim etdiyi əmək kitabçasında 1997-ci ildəki qeyd rus dilində, 2002-ci ildəki qeyd isə kiril qrafikalı Azərbaycan dilində yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bu da məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının əmək kitabçasında xx.xx.1997-xx.xx.2002-ci illərdə xxxx Kombinatında işləməsinə dair qeydlər sonradan doldurulmaqla heç bir ilkin sənədlərə (əmr kitabları və s.) əsaslanmadan yazılmışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən mübahisəli qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl olunmuş, nəticədə qanuni və əsaslı qərar qəbul edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ona yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-270/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-270/2021
26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver