Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-270/2024 28.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mərhum X2 “Şəhid”, iddiaçıya isə “Şəhid ailəsi” statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi; Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xidmətdə olarkən 25 may 2017-ci il tarixində ölmüş X2 “Şəhid”, özünə isə “Şəhid ailəsi” statusu verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə xx.xx.1985-ci il təvəllüdlü əri, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, leytenant X3 xidmətdə olarkən, 25 may 2017-ci il tarixində hazırda cəmiyyətdə “Tərtər işi” adı ilə tanınan və istintaqı təzələnən cinayət işi zamanı heç bir əsas olmadan tam qanunsuz şəkildə guya dövlətə xəyanət ittihamlarının araşdırılması adı ilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, ona qarşı ağır işgəncələr verilmiş və bu işgəncələrin nəticəsində qətlə yetirilmişdir. Bu faktlar öz təsdiqini Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il və 13 mart 2019-cu il tarixli hökmləri ilə tapmışdır. X1 xidmət etdiyi hərbi hissə və faktiki xidmət yeri düşmənlə üzbəüz döyüş şəraitində olan vəziyyətdə olmuşdur. X2 qarşı törədilmiş cinayətkar əməllər əslində heç bir araşdırma aparmaq məqsədilə deyil, birbaşa qəsdlə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünə qarşı atılmış addım olub. Baş vermiş bu cinayət əməlləri nəticəsində ona və azyaşlı övladlarına ağır mənəvi zərər vurulmuşdur, bu elə bir zərərdir ki, onun aradan qaldırılması mümkün deyil. Bununla belə, ona Şəhid statusunun verilməsi müəyyən mənada təsəlli verə, vurulan mənəvi zərərin ağırlığını qismən yüngülləşdirə bilər. Cavabdeh xx.xx.2023-cü il tarixli iddia tələbinə münasibətində qeyd etmişdir ki, mərhum leytenant X3 xx.xx.2017-ci il tarixdə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında "Ürək-damar çatışmazlığı, tənəffüs çatışmazlığı” xəstəliyindən vəfat etdiyi üçün Azərbaycan Respublikası müdafiə nazirinin 29 dekabr 2017-ci il tarixli, 0947 nömrəli əmri ilə 25 may 2017-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının siyahısından çıxardılmış hesab edilmişdir. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 4.1-cı bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Həmin qaydaların 1.2.6.-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZ-İ 864629 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2017ci il tarixdə vəfat etmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 0947 nömrəli əmrindən çıxarışdan və xidmət dəftərçəsindən görünür ki, leytenant X3, N nömrəli hərbi hissənin tank bölüyünün sabiq komandiri "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinin “a" bəndinə müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan aşağıda adları çəkilən zabitlər vəfat etdiyi üçün göstərilən tarixlərdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinin siyahısından çıxarılmış hesab edilmişdir. (xx.xx.2017-ci il tarixdə ürək-damar çatışmazlığı, tənəffüs çatışmazlığı nəticəsində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. xx.xx.2017-ci il tarixdə Ucar rayonu, Şahlıq kənd qəbiristanlığında dəfn olunub. Həyat yoldaşı: Mirzəliyeva (Xəlilova) Günay Kamal qızı, 1987-ci il təvəllüdlü Qızı: Aylin. 2011-ci il təvəllüdlü, Ailəsinin ünvanı: Ucar rayonu, Şahlıq kəndi. Sənədləri qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinə göndərilsin. Əsas: N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq olunmuş vəfat etməsi haqqında məlumat, qaytarılmaz itkilərin adlı siyahısı və Naftalan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 iyul 2017-ci il tarixli AZ-İ 864629 nömrəli ölüm haqqında şəhadətnamə. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 12 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant X3, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan (N nömrəli hərbi hissənin tank bölüyünün sabiq komandiri) 25 may 2017-ci il tarixdə “ürık-damar çatışmamazlığı, tənəffüs çatışmamazlığı” nəticəsində vəfat etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0947 nömrəli əmrinə əsasən xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinin siyahısından çıxarılmış hesab edilmişdir. Sənədləri qeydiyyat üçün SHXÇDX-nin Ucar Rayon Şöbəsinə göndərilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0947 nömrəli əmrindən çıxarış (d/o-65) - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularının barəsində Azərbaycan Respublikası CM-nin 274 və s. Maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinin istintaqı zamanı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, məhrum X1 Azərbaycan Respublikası CM-nin 274-cü və ya digər maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün barəsində aparılan cinayət təqibinə bəraətverici əsasla, yəni Azərbaycan Respublikası CPM-nin 39.2-ci (təqsirliliyi sübuta yetirilmədiyi üçün) maddəsinə əsasən xx.xx.2018-ci il tarixli qərarla xitam verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə etirazında məhkəmə iclasının nümayənədəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı, cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2-ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir. Döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji) təminatı. Beləliklə iş materialları ilə müəyyən olunur ki, mərhum leytenant X3 25 may 2017-ci il tarixdə “ürək-damar çatışmamazlığı, tənəffüs çatışmamazlığı” nəticəsində vəfat etdiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 12 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinin siyahısından çıxarılmışdır. X4 vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu iş materialları ilə sübut etmir. İddiaçı, özü də X4 vəfat etməsinin səbəbini onun qanunsuz olaraq azadlıqdan məhrum edilməklə ağır işgəncələrə məruz qalması ilə əsaslandırır. Odur ki, X4 hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da, müəyyən edilməlidir. Hazırkı işdə isə X4 xx.xx.2017-ci il tarixdə vəfat edərkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində hərbi hissənin döyüş təminatını və döyüş tapşırığını yerinə yetirməsi sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “25 may 2017ci il tarixdə ölmüş mərhum X2 “Şəhid”, iddiaçıya isə “Şəhid ailəsi” statusu verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-270/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-270/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver