Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2702/2023 28.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi iş stajı, o cümlədən 2006-cı ildən sonrakı illər üzrə ödədiyi sosial haqları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1960-cı ildə Şəki rayonu Baş Küngüt kəndində anadan olmuşdur. Uzun illər kolxozda tütünçülüklə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü ilə kimi pensiya yaş həddi 63 yaş nəzərdə tutulmuşdur. İddiaçının 2006-cı ilə kimi olan iş stajı kolxoz dövründə tütünçü kimi işləməsinə görə olub. Həmin dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı siyahıda yer almışdır. Buna baxmayaraq iddiaçı 60 yaşı bitəndən sonra güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etməmişdir. Bundan başqa iş materiallarına əlavə etdiyi qəbzlərdən göründüyü kimi o, xx.xx.2004-cü ildə 7000 manat, xx.xx.2014-cü ildə 34 AZN torpaqdan sosial sığorta haqqı, xx.xx.2020-ci ildə 60 manat, xx.xx.2021-ci ildə 60 manat, xx.xx.2022-ci ildə 60 manat, xx.xx.2023-cü ildə 82,8 manat sosial sığorta haqqı ödəmişdir. İşə əlavə etdiyi fərdi uçot vərəqəsindən göründüyü kimi, 29,6 manat və 24 manat ödənişlər mövcuddur. Buna görə də iddiaçı hesab edir ki, müxtəlif illərdə köçürdüyü ödənişlər nəzərə alınmalı, sığorta ili kimi götürülməli və ona yaşa görə pensiya təyin edilməlidir. İddiaçı hazırkı tələblə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-152321/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilmiş əmək kitabçasının surətinə əsasən iddiaçının sığorta stajı 21 il 3 ay təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 21 il sığorta stajına uyğun olaraq 19.449,36 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 9,84 manat olmaqla, ümumilikdə 19.459,20 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40,320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildirilir ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib.Təqdim edilmiş mədaxil qəbzlərinə əsasən 2014, 2020-2023-cü illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna sorğu göndərilmişdir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan və sözügedən sorğuya cavab verildikdən sonra sonra iddiaçının sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli 3- 17-1/2-225577/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı pensiya yaş həddinə, yəni 63 yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə çatması ilə yanaşı qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq;azı 25 il sosial sığorta stajı olduqda. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı tərəfindən təqdim olunan əmək kitabçasının surətinə əsasən sığorta stajı 21 il 3 ay təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 21 il sığorta stajına uyğun olaraq 19449,36 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 9,84 manat olmaqla, ümumilikdə 19459,20 manat təşkil edir ki, bu məbləğ İddiaçı pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Bildirilir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin İddiaçı tərəfindən təqdim olunan və iş materiallarına əlavə edilən mədaxil qəbzlərinə əsasən xx.xx.2014-cü il tarixdə 34 AZN, xx.xx.2020-ci il tarixdə 60 AZN, xx.xx.2021-ci il tarixdə 60 AZN, xx.xx.2023-cü il tarixdə isə 82,80 AZN məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilməsi qeyd olunmuşdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.10-cu maddəsinin məzmununda qeyd olunduğu kimi məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh etiraz məktubunda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh həmçinin xx.xx.2023-cü il tarixdə şəxsi elektron kabinet vasitəsilə etiraza əlavə təqdim edərək qeyd etmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi torpaq mülkiyyətçisi kimi xx.xx.2004-cü il tarixdə 7000 AZN, xx.xx.2014-cü il tarixdə 34 AZN, xx.xx.2020-ci il tarixdə 60 AZN, xx.xx.2021-ci il tarixdə 60 AZN, xx.xx.2023-cü il tarixdə isə 82,80 AZN məbləğində məcburi dövlət sosial sığorta haqqı ödədiyini qeyd edərək ona ümumi iş stajı, o cümlədən ödədiyi sosial sığorta haqqlarını nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir Məhkəmə sorğusu əsasında iddiaçının ödəmiş olduğu xx.xx.2014-cü ilə dair 28 nömrəli qəbzlə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Şəki şəhəri üzrə Maliyyə Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-23-57/2-228/2-2023 nömrəli arayışı təqdim edilmişdir. Sözügedən arayış əsasında müvafiq olaraq araşdırma aparılmışdır. Belə ki, Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinin xx.xx.2023cü il tarixli 3-17-1/3-1-93339/2023 nömrəli məktubuna əsasən araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya ehtiyatlarında İddiaçı tərəfindən 2014-cü il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat”lar (Forma B2) və təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3), həmçinin həmin il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. Bildirilir ki, 2014-cü il üzrə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, lakin sığortaedən tərəfindən yuxarıda qeyd edilən dövr üzrə müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatlar İddiaçı fərdi şəxsi hesabında əks olunmamışdır. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Məlumat üçün bildirilir ki, İddiaçı tərəfindən 2018-ci ilin İİİ rübü üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”a əsasən hesablanmış məcburi dövlət sosial sığorta haqqına uyğun ödənilmiş məcburi dövlət sosial sığorta haqları onun **********908 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmuşdur. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı il 1 yanvar tarixindən başlayaraq aparıldığından həmin tarixdən əvvəlki dövrlər üçün sığortaolunanların xeyirlərinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış hesabatların inteqrasiyası ilə bağlı yaranmış uyğunsuzluqlara dair birgə fəaliyyət haqqında 2022-ci il 16 fevral tarixli Razılaşma Protokoluna uyğun olaraq, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etməklə fəaliyyət göstərən sığortaedən İddiaçı tərəfindən 2020-2023cü illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların Nazirliyin elektron informasiya ehtiyatlarına fərdi uçot prinsipləri əsasında ötürülməsi üçün tərəfimizdən Xidmətə ünvanlanmış 2023-cü il 10 oktyabr tarixli 3-17-1/2-234346/2023 nömrəli müraciət əsasında Fonda təqdim ediləcək ödənilmiş məcburi dövlət sosial sığorta haqları onun fərdi şəxsi hesabında əks olunacaqdır. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh etiraz məktubuna əlavəsində qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı çərçivəsində xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “ümumi iş stajı, o cümlədən 2006-cı ildən sonrakı illər üzrə ödədiyi sosial sığorta haqqı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair yeni ərizə təqdim edərək, “ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz və ona əlavəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia ərizəsinə əlavə olunmuş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ 63 yaşda, yəni xx.xx.2023-cü il tarixdə yaranmışdır. İş materiallarında olan 961 nömrəli xx.xx.1979-cu ildə doldurulmuş “Kolxozçunun əmək kitabçası”nın surətindən görünür ki, iddiaçı 1978-1999-cu illərdə Şəki rayon Baş Küngüt kənd “Karl Marks” adına kolxozda kolxozçu işləmişdir. APP 099476 nömrəli xx.xx.2004-cü il tarixli Məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzinə əsasən iddiaçı DSMF Şəki şəhər şöbəsinə 2003-cü il üçün pay torpaqlarına görə sosial sığorta haqqı olaraq 7000 manat ödəniş etmişdir. xx.xx.2014-cü il tarixli 28 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən torpaqdan sosial sığorta haqqına görə 34 manat vəsait ödənilmişdir. xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı Şəki poçt filialının Baş Küngüt poçt şöbəsi vasitəsilə DSMF-nin Yevlax şöbəsinin hesabına 60 manat vəsait ödəmişdir. xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı Şəki poçt filialının Baş Küngüt poçt şöbəsi vasitəsilə DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 60 manat vəsait ödəmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı Şəki poçt filialının Baş Küngüt poçt şöbəsi vasitəsilə DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 60 manat vəsait ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı Şəki poçt filialının Baş Küngüt poçt şöbəsi vasitəsilə DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 82 manat vəsait ödəmişdir. Qəbzlərin əslləri iddia ərizəsinə əlavə edilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş X2 filialının xx.xx.2017-ci il tarixli 148 nömrəli arxiv arayışından görünür ki, iddiaçı “Karl Marks” adına kolxozda 1978-ci ildə 90 gün, 1979-cu ildə 251 gün, 1980-ci ildə 250 gün, 1981-ci ildə - (qeyd yoxdur), 1982-ci ildə 3 gün, 1983-cü ildə 303 gün, 1984-cü ildə 217 gün, 1985-ci ildə 287 gün, 1986-cı ildə 309 gün, 1987-ci ildə 314 gün, 1988-ci ildə 320 gün, 1989-cu ildə 304 gün, 1990-cı ildə 306 gün, 1991-ci ildə 305 gün, 1992-ci ildə 311 gün, 1993-cü ildə 306 gün, 1994-cü ildə 310 gün, 1995-ci ildə 311 gün, 1996-cı ildə 313 gün, 1997-ci ildə 312 gün, 1998-ci ildə 313 gün və 1999-cu ildə 232 gün işləmişdir. Nəzərə almaq lazımdır ki, şəxslərin kolxozda iş günləri adam günü kimi hesablanır və iş stajı müəyyən edilmiş illik minimum adam günü normasına müvafiq olaraq müəyyən edilir. İş materialları ilə iddiaçının kolxozda iş stajı tam illik normanın ödənilməsi kimi nəzərə alınsa belə 1978-1999-cu illər aralığında iddiaçının sığorta stajı 21 ildən artıq olmayacaqdır ki, bu da qanunla müəyyən edilmiş əmək pensayasının təyin edilməsinə əsas verən 25 illik minimum normadan azdır. Odur ki, iddiaçının tələbi onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qədər qeydə alınmış və ya alınmalı olan pensiya kapitalının olub-olmaması çərçivəsində araşdırılmalı və tələbə hüquqi qiymət verilməlidir. Maliyyə Nazirliyinin Şəki Şəhəri üzrə Maliyyə Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-23- 57/2-228/2023 nömrəli Məhkəmənin sorğusuna cavab məktubunda qeyd olunur ki, Şəki Rayonu Baş Küngüt kənd sakini İddiaçı 03 mart 2014-cü il tarixli 28 nömrəli qəbzlə 34 (otuz dörd) manat torpaqdan sosial sığorta haqqını ödəmiş və 04 mart 2014-cü il tarixdə Şəki Şəhəri üzrə Maliyyə Şöbəsi həmin məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki Rayon X1 Kitabında 122100 (İşəğötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial ayırmaları) maddəsi üzrə uçota götürmüş və cari günün gəlirləri üzləşmə aktı ilə qarşılıqlı razılaşdırılmış qaydada təsdiq edilmişdir. Maliyyə Nazirliyinin Şəki Şəhəri üzrə Maliyyə Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-23- 57/2-245/2023 nömrəli məktubunda qeyd olunur ki, Şəki Rayon Baş Küngüt kənd sakini İddiaçı 03 mart 2014-cü il tarixli 28 nömrəli qəbzlə 34,00 (otuz dörd) manat torpaqdan sosial sığorta haqqı, 24 İyul 2018-ci il tarixli 000KOMS182051376 istinad nömrəli “29,60 (iyirmi doqquz manat altmış qəpik) manat və 19 sentyabr 2018-ci il tarixli 000KOMS182621553 istinad nömrəli 23,60 (iyirmi üç manat altmış qəpik) manat DSFMnin Şəki şöbəsinin hesabına ödəmişdir. Belə ki, Şəhəri üzrə Maliyyə Şöbəsi həmin məbləğləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki Rayon X1 Kitabında 122100 (İşəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial ayırmaları) maddəsi üzrə uçota götürmüş və həmin günlərin gəlirləri üzləşmə aktı ilə qarşılıqlı razılaşdırılmış qaydada təsdiq edilmişdir. Bununla yanaşı iddiaçı tərəfindən APP 099476 nömrəli xx.xx.2004-cü il tarixli Məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzinin əsli məhkəməyə təqdim edilmişdir ki, həmin qəbzə əsasən də iddiaçının DSMF Şəki şəhər şöbəsinə 2003-cü il üçün torpaq sahəsinə görə sosial sığorta haqqı olaraq 7000 manat ödəniş etməsi müəyyən edilmişdi. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54- İİİQ nömrəli Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; ... “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 250-İQ nömrəli Qanununa əsasən: Maddə 4. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq; ... 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla müəyyən edilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. Yuxarıda göstərilən normaların təhlili onu deməyə əsas verir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici tərəfindən müəyyən edilmiş iki mühüm şərtə cavab verməlidir 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qədər qeydə alınmış və ya qeydə alınmalı olan pensiya kapitalının mövcud olması. 1 iyul 2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qadınlar üçün pensiya yaşı 63 yaş müəyyən edilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 63 yaşının bitdiyi xx.xx.2023-cü il tarixdə artıq yaranmışdır. İkinci şərtə münasibətdə isə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixədək APP 099476 nömrəli xx.xx.2004-cü il tarixli “Məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi”nə əsasən DSMF Şəki şəhər şöbəsinə 2003-cü il üçün 7000 manat (köhnə nominalla), 03 mart 2014-cü il tarixli 28 nömrəli qəbzlə 34,00 (otuz dörd) manat torpaqdan sosial sığorta haqqı ödənişi həyata keçirilmiş, ödənişlər iş materialları ilə öz təsdiqini tapmışdır. İnzibati orqan tərəfindən isə həmin ödənişlərin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmaması, onun konstitusion səviyyədə tanınan sosial təminat hüququnun, yəni pensiya hüququnun məhdudlaşdırılması üçün əsas qismində çıxış edə bilməz. Bununla yanaşı cavabdehin iddiaya qarşı müvafiq B2 və B3 hesabatlarının iddiaçı tərəfindən təqdim edilməli olması, lakin təqdim edilməməsi kimi formal xarakterli tələblərdən irəli gələn arqumentləri əsassızdır. Vəsaitin iddiaçının fərdi hesabında düzgün əks olunması isə iddiaçının vəzifəsi olmadığından onun ziyanına şərh edilə bilməz. İşin faktiki hallarında yuxarıda qeyd olunan normaların tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, hər iki tələb iddiaçıya münasibətdə ödənilməkdədir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-2702/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2702/2023
28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver