Məhkəmə qərarları › İş №2-1(116)-2704/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2704/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2704/2023 17.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.1958-ci il təvəllüdlü X3 Azərbaycan SSR-də İsmayıllı rayonu Talıstan kəndində anadan olmuş, milliyyətcə azərbaycanlıdır. Valideynləri Azərbaycan Respublikası vətəndaşı olmuş və vəfat etmişlər. İddaçı Talıstan kənd orta məktəbi Azərbaycanda bitirib və Azırbaycan SSR hərbi xidmətə çağırılmış və hərbi xidməti başa vurmuşdur. Anadan olduğu müddətdən İsmayıllı rayonu Talıstan kəndində qeydiyyatda olmuşdur. 1999-cü ildə Azərbaycan Respublikası Aqrar İslahat Komissiyasını İsmayıllı Rayon Aqrar İslahat Komissiyası tərəfindən qeydiyyatda olduğu İsmayıllı rayonu Talıstan kəndində iddiaçı və ailə üzvlərinə torpaq payı almışdır. 2001-ci il 2 yanvaradək İsmayıllı rayonunda yerləşən Əhəng sexində fəhlə kimi fəaliyyət göstərmişdir. Bundan sonra 2002-ci ildə əmək fəaliyyəti ilə bağlı Rusiya Federasiyasına getmiş və orada müvəqqəti qeydiyyata düşmüş, Rusiya Federasiyasında vətəndaşlıq üçün müraciət etmiş və 2005-ci il tarixdə vətəndaşlıq qəbul etmişdir. 2007-ci ildə iddiaçı Rusiya Federasiyasından Azərbaycan Respublikasına dönmüş və xx.xx.2007-ci ildə İsmayıllı rayonunda müvəqqəti qeydiyyata düşmüş və bu günə qədər Azərbaycan Respublikasını tərk etməmişdir. 01 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Rerpublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı münasibətində (etiraz) bildirmişdir ki, iş materialları ilə müəyyən olunur ki, o, iddiaçı Rusiya Federasiyası vətəndaşlığını qəbul etmiş və və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir. Göründüyü kimi iddiaçı DMX-nın araşdırmasına qədər RF-nın vətəndaşı olmuş və heç bir vətəndaşsızlıq halında olmamışdır. Bütün bu səbəblərdəndə ərizənin icrası mümkün olamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. JN-269 kod 40724018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, X4 və ailə üzvlərinə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 60 saylı qərarı ilə 0.86 ha torpaq sahəsi verilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.

3. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Talıstan kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 5-54-31/2-94/2023 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.1958-ci il tarixdə İsmayıllı rayonu Talıstan kəndinə anadan olmuşdur.Doğulduğu tarixdən etibarən nümayəndəliklərə aid olan təsərrüfatbaşına uçot kitablarında atasıı X2 (2010-cu ildə vəfat edib) təsərrüfatında qeydiyyata olmuşdur. 2002-ci ildə Rusiya Federasiyasına gedərək Rusiya Federasiyasının vətəndaşlığını qəbul etsə də, qeydiyyatdan çıxaması haqqında nümayəndəliyə gec məlumat verildiyi üçün, iddiaçı 2006-2010-cu illərə aid təsərrüfatbaşına uçot kitablarından qanuna müvafiq qaydada silinməsi aparılmışdır. İddiaçı 2007-2008-ci il üçün ərazidə müvəqqəti qeydiyyat vəsiqəsi ilə yaşamış, daha sonra bir neçə il Bakı şəhərində fərdi əməklə məşğul olduqdan sonra, yenidən Talıstan kəndinə qayıdaraq, bu günədək qeydiyyatda olmadan daimi kənddə yaşamışdr.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun. 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 6-cı maddəsində Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər təsbit olunmuşdur: 1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydalarına əsasən : 2.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa;

4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; Göründüyü kimi iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7dək) Azərbaycan Respublikasının vətəndaşı olduğuna,həmçinin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmasına dair heç bir məlumat mövcud deyildir.Digər tərəfdən iddiaçının Rusiya Federasiyası vətəndaşı olduğu və ölkə ərazisinə həmin pasport vasitəsilə giriş-çıxışının olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddia təmin edilməməlidir. Oxşar işlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1415/2021 saylı və 2-1(102)-240/2022 saylı qərarlarında da qeyd olunan hüquqi mövqe təsbit edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar