Məhkəmə qərarları › İş №2-1(116)-2706/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2706/2025

25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2706/2025 25.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: I.İŞİN HALLARİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi- Sosial Ekspert Komissiyasına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “hərbi travması ilə bağlı olaraq 2-ci dərəcə əlillik dərəcəsinin müəyyən edilməsi, əlilliyin müddətsiz müəyyən edilməsi, 2024-cü ilin iyun ayından etibarən bu günədək hərbi travma ilə bağlı 2-ci dərəcə əlillik üzrə pensiya məbləğinin yenidən hesablanaraq birdəfəlik qaydada ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli,2-1(112)-6659/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı 02 iyul 2025-ci il tarixdə teleqram göndərərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsini göstərmiş və əlilliyin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-2706/2025 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - O, Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı 1992-1993-cü illərdə Ağdamda həyata keçirilən hərbi əməliyyatlarda iştirak etmiş və hərbi xidmətdə olduğu zaman travma almışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 25 aprel 2018-ci il tarixli, xxxxxxxQ00002 reyestr nömrəli Qərarına əsasən, Ağdam RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin iyun ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “odlu silah mərmi partlayışından sonrakı başın təpə nahiyəsinin sol yarısından, sol qaşın tüklü hissəsinə qədər uzanan bir ədəd, başın təpə nahiyəsində iki ədəd, sağ budun yuxarı 1/3-nin arxabayır səthində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 396 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 412 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli k/329 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Hərbi əməliyyatlar zamanı aldığı travma hərbi travma olsa da, bu fakt 2018-ci ildə müəyyən olunmuşdur. Lakin 2000-ci ildən 2019-cu ilədək mülki şəxs kimi ikinci dərəcə əlil kimi tanınaraq ona pensiya təyin edilmişdir, 2019-cu ildən etibarən pensiya məbləği hərbi travma nəticəsində alınmış əlilliyə görə müəyyən olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən, xx.xx.2019-cu ildə ikinci dərəcə əlillik hərbi travma ilə bağlı olaraq təyin edilmişdir. Lakin hərbi travma ilə bağlı əlillik dərəcəsinin təyinindən 2024-cü ilin iyun ayında əsassız olaraq imtina edilmiş və pensiya məbləği müvafiq olaraq azaldılmışdır. 2020-ci il 26 sentyabr tarixində Sosial Xidmətlər Agentliyinin 15 saylı Mingəçevir filialı tərəfindən ikinci dərəcə əlillik üzrə vəsiqə təqdim edilmişdir. AR Səhiyyə Nazirliyinin Ambulator kitabçasından (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışına əsasən, qısa anamnez: Nəsli psixi xəstəliklə ağırlaşmayıb. İlkin inkişafı adi olub. Müharibə zamanı kəllə-beyin travması alıb, hərbi hospitalda müalicə alıb. Vəziyyəti ilə əlaqədar ilk dəfə AR SN RPX-ya qəbul olunub. xx.xx.2024-cü il tarixində Həkim Məsləhət Komissiyasına təqdim olunub. Qeyd edir ki, müvafiq müddətlərdə hər il psixiatriya xəstəxanasında müalicə alır. xx.xx.2024-xx.xx.2024cü il tarixlərdə Ağdam X1 müalicə almışdır. AR Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin Həkim Psixiatr Komissiyasının 164 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinə əsasən, diaqnoz kimi Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozulması, koqnitiv fuunksiyaların enməsi ilə F 07.0 müəyyən olunmuşdur. Lakin 08 yanvar 2025-ci il tarixdə cavabdeh tərəfindən 2-ci dərəcə əlilliyin müəyyən olunmasından əsassız olaraq imtina olunmuşdur. Hesab edir ki, cavabdeh ona əlilliyin müddətsiz təyin edilməsini aradan qaldırmaq məqsədilə əlilliyin təyin edilməsindən imtina etmişdir ki, bu müddətdə yaranmış müddət aralığından istifadə edərək müddətsiz əlillik təyinindən imtina etsin. Halbuki, 2000-ci ildən etibarən fasiləsiz qaydada 2-ci dərəcə əlil hesab olunmuş və buna müvafiq pensiya təyin olunmuşdur. İddia ərizəsinə hərbi biletin surətləri və xəstəlik kitabçasından çıxarışların surətləri əlavə olunur.Hesab edir ki, cavabdehin qərarı əsassız və qanunsuzdur və buna görə də ləğv olunaraq onun hərbi travması ilə bağlı olaraq 2-ci əlillik dərəcəsinin müəyyən edilməsi, əlilliyin müddətsiz müəyyən edilməsi, 2024-cü ilin iyun ayından etibarən bu günədən hərbi travma ilə bağlı 2-ci dərəcə əlillik üzrə pensiya məbləğinin yenidən hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi öhdəliyi cavabdeh qurumların üzərinə qoyulmalıdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinin sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X2 25 oktyabr 2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Baş-beynin diffuz travması. Üzvi (İ QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Ağdam rayon sakini xx.xx.1956-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 795 nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Odlu silah mərmi partlayışından sonrakı başın alın nahiyyəsinin sol yarısından, sol qaşın tüklü hissəsinə qədər uzanan bir ədəd, başın təpə nahiyyəsində iki ədəd, sağ budun yuxarı 1/3-nin arxa-bayır səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əllərində əsmə, başında sanki "quş oxuyurmuş" kimi səslər, belində ağrı, bədənində keyimə, qıcolma tutmaları, özünə qapanma hallarından, konfliktə meyilli olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında tutma zamanı ətraflarında yığılma hissinin olduğunu, bəzən arterial təzyiqinin yüksəldiyini, televizora baxan zaman orda danışılanlara, geyinilən geyimə əsəbləşdiyi üçün televizoru sındırdığını, medikamentoz preparatlardan “Depakine” qəbul etdiyini bildirmişdir. Müayinə zamanı sağ budun yuxarı 1/3-də, başın təpə nahiyəsində çapıqlar izlənilmiş, ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Təqdim olunmuş tibbi sənədlərdə qeyd olunan diaqnozların üzvi əsasını təsdiqləyən baş beynin instrumental müayinə nəticələri təqdim olunmamış, təqdim olunan hərbi qərarda kəllə-beyin travması təsdiqlənməmişdir. Nevroloji statusunda tutmalarını əllərdə və ayaqlarda ayda bir və ya iki dəfə yığılmaların olması kimi təsvir etmiş, təqdim edilən EEQ müayinə nəticəsinə əsasən paroksizmlər müşahidə olunmamış, şikayətlərinə müvafiq olaraq hal-hazırda heç bir dərman qəbul etmədiyini, qıcolma zamanı huşunun aydın olduğunu qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, öz baxımı qaydasında olmuş, ünsiyyətə daxil olmuş, verilən suallara advekat, dolğun cavablar vermiş, intelektual-mnestik funksiyalar yaşına və sosial-məişət şəraitinə uyğun olmuş, baş beynin instrumental müayinə nəticələrini (KT, MRT) təqdim etməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 238 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Təqdim edilən diaqnoz 1 il müddətində qüvvədədir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13089538 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Ləng dalğalar” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Biokimyəvi analizinin nəticəsi “Kreatinin (qanda) 96.2 mkmol/l (norma 62-115 mkmol/l), Sidik cövhəri 5.3 mmol/l (norma 8.3 mmol/l)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Hesab edirik ki, birinci instansiya məhkəməsi etirazda qeyd edilən halları nəzərə almalı və iddianı təmin etməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. II. X8: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2.İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 8.Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 33.Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. M a d d ə 69. Məhkəmə qərarının forması və məzmunu 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası”. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları. İİİ. Məhkəmənin Mövqeyi: İddianın mümkünlüyü: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri ünvan 1 ünvanıdır. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. İddia tələbi əlilliyin müəyyən olunması şəklində ifadə edilsə də, məhkəmə hesab edir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan 038384 nömrəli vəsiqədən görünür ki, vəsiqə Sosial Xidmətlər Agentliyinin 15 saylı Mingəçevir filialı tərəfindən verilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən ikinci qrup əlil olduğu qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdə müayinə olunmuş, “Keçirilmiş qapalı kəll beyin travmasından sonrakı vəziyyət,tez-tez təkrarlanan vegetativ damar pareoksizmləri ilə.Xr pankreatit.Xr pielonefrit” diaqnozu ilə müddətsiz (səbəb: Ümumi xəstəlik) ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixində müayinə olunmuş, göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə müayinə olunmuş, “S06 Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri.Tez-tez təkrarlananvegetativ damar proksizinlərlə. Ağırlaşma F06.6 Üzvi mənşəli emosional labil [astenik] pоzuntu, Kəskin asteno-nevrotik sindrom,koordinator və spastik pozğunluqlarla Ağırlaşma G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, tez-tez təkrarlanan vegetativ damar proksizimlərlə,(hipertonik tipli) Yanaşı xəstəliklər N11.8 Digər xroniki tubulointerstisial nefritlər, xroniki pielonefrit Yanaşı xəstəliklər K86.1 Digər xroniki pankreatitlər, xroniki pankreatit” diaqnozu ilə beş il müddətinə (səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. İş materiallarında olan Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 795 nömrəli qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993cü ilin iyun ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: ‘Odlu silah mərmi partlayışından sonrakı başın alın nahiyyəsinin sol yarısından, sol qaşın tüklü hissəsinə qədər uzanan bir ədəd, başın təpə nahiyyəsində iki ədəd, sağ budun yuxarı 1/3-nin arxa-bayır səthində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 396 nömrəli göndərişi, xx.xx.2018- ci il tarixli 412 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli k/329 nömrəli canlı şəxsin məhkəmə - tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK- nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olan İddiaçı arxiv məlumatına görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionar rejimli müalicədə olub. Diaqnoz: Üzvi (1 Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-2706/2025 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi”-nin ekspertlərinə həvalə edilmişdir. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi”-nin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunmuş 5042 nömrəli ekspert rəyindən görünür ki,İ Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, koqnitiv funksiyaların enməsi ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, baş ağrılarından əziyyət çəkməsi, yaddaşının zəifləməsi, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu. Koqnitiv funksiyaların enməsi ilə F07.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ.Yekun hissə: İnzibati iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertiza zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Sual:İddiaçı qoyulmuş “S06.2-Baş beynin diffuz travması, F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzci (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları” diaqnozu düzgündürmü? (əyani müayinə zamanı aşkar edilirmi?). Cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, koqnitiv funksiyaların enməsi ilə” (F07.0) aşkar edilir. İddiaçı qoyulmuş “S06.2- Baş beynin diffuz travması”, F07.0-Üzvi mənşəli şəxsiyyə pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funsksiyaların enməsi ilə, G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları” diaqnozu düzgündür. İş materiallarında cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ağdam rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2025-ci il tarixli, 2-1(116)-2706/2025 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra – Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı (xxxxxxx) xx.xx.2024-c¸ il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı şəxs ünsiyyətə normal daxil olmuş, intellektualmnestik funksiyalar yaşa uyğun olduğu müəyyənləşdirilmişdir, koqnitiv pozuntular qeydə alınmamışdır. Bu səbəbdən müvafiq həyat fəaliyyəti kateqoriyalarının (özünə qulluq bacarığı, ünsiyyət bacarığı, davranışına nəzarət etmə bacarığı, əmək fəaliyyəti bacarığı, istiqamət seçmə bacarığı) məhdudlaşması müşahidə olunmamışdır. Nə şəxsin adına rəsmiləşdiriləngöndərişdə, nə də əyani müayinədə dayaq-hərəkəti aparatı tərəfindən patofunksional pozuntu qeyd olunmadığından, bununla əlaqəli həyat fəaliyyəti kateqoriyalarında (sərbəst hərəkət etmə bacarığı, əmək fəaliyyəti bacarığı, ünsiyyət, üzünə qulluq bacarığı da) hər hansı defisit müəyyən olunmamışdır. Nəzərinizə çatdırırıq ki, Respublika Psixiatriya xəstəxanası tərəfindən müəyyən olunan diaqnoz əyani müayinədə öz təsdiqini tapmamış, o cümlədən göndərişdə qeyd olunan XBT kod (G90.8) üzrə xəstəlik və ya patofunksional pozuntularda da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyinatı nəzərdə tutulmamışdır. Həmçinin S06.2 XBT kodu üzrə meyarların 6.1. bəndi, F07.0 XBT kodu üzrə isə meyarların 7.6.2. bəndində nəzərdə tutulan patofunksional ağırlaşmalar isə müayinə zamanı vətəndaşda aşkar edilməmişdir. İş materiallarında olan “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə həkim-psixiatr Aynur Musayeva tərəfindən müayinə olunmuş və t.e.d. professor Fuad İsmayılova məruzə edilmişdir. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, yaddaşın zəifləməsi ilə F07.0 Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi”-nin 5042 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı qoyulmuş “S06.2- Baş beynin diffuz travması”, F07.0-Üzvi mənşəli şəxsiyyə pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funsksiyaların enməsi ilə, G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları” diaqnozu düzgündür. Məhkəmə qeyd edir ki, S06 XBT kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə sinir sistemi xəstəlikləri- başın travmaları (S02-S09) olaraq 6-cı (6.1) bənddə nəzərdə tutulmuşdur. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 6.1-ci bənddə qiymətləndirmə üçün on hal fərqləndirilmişdir. 6.1.4-cü bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % (psixi təzahur edən pozuntularla baş beynin əzilməsi, kontuziyası) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz və barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları nəzərə alınmaqla onun sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.1.4-cü bəndi əsasında qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz (3.1.2) müəyyən edilmişdir. Məhkəmə diqqətə çəkir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində Bakı 2 nömrəli X2 25 oktyabr 2024-cü il tarixli göndərişində göstərilən xəstəlik xüsusatlarını təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında iddiaçının əlillik vəziyyətinin Bakı 2 nömrəli X2 göndərişi əsasında qiymətləndirildiyini bildirmişdir. Cavabdehin imtinasını əsaslandırmaq üzrə təqdim etdiyi dəlil (diaqnozun əlillik əlaməti təyin etməməsi) formal mülahizələrə söykənən haldır. Daha dəqiq desək, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 6-ci bölməsində 6.1-ci maddəsinin (bənd 6.1.4) S02-S09 XBT kodu altında nəzərdə tutulur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq iddiaçıya müvafiq əlillik təyinatından imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 65 – 80 % pozulması ilə) müəyyən edilməlidir. İş materiallarında olan Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 795 nömrəli qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993cü ilin iyun ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: ‘Odlu silah mərmi partlayışından sonrakı başın alın nahiyyəsinin sol yarısından, sol qaşın tüklü hissəsinə qədər uzanan bir ədəd, başın təpə nahiyyəsində iki ədəd, sağ budun yuxarı 1/3-nin arxa-bayır səthində bir ədəd köhnə çapıq toxumaları” “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2019-cu ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əlilik səbəbi Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.5.2.1 yəni Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən edilməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nin 65-80 faizinin (İİ dərəcəli məhdudlaşma halının) müəyyən edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 65-80 faizinin müəyyən olunması öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar