Məhkəmə qərarları › İş №2-1(116)-271/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-271/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-271/2024 17.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayonu Lələpaşa kənd ərazisində Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı və Qax rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə ayrılmış 1.1 ha pay torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu Lələpaşa kənd ərazisində Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı və Qax rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə ayrılmış 1,10 ha pay torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə kənddə yaşayan hər bir ailə üzvülərinə 1,10 ha pay torpaq sahəsi ayrılmışdır. Həmin islahat gedən dövrlərdə iddiaçı Mingəçevir şəhərinə ərə getdiyi üçün İslahat komissiyası onu subyektlər siyahısına salmamış və nəticədə adı pay torpaq alanların siyahısına olmamışdır. Müraciəti əsasında Qax rayon bələdiyyəsinin 26 mart 2005-ci il tarixli, 03 saylı qərarı ilə iddiaçıya torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan sonra Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 saylı qərarı ilə iddiaçını subyektlər siyahısına əlavə edərək, Qax rayon Lələpaşa kənd bələdiyyə torpağının ehtiyat fondundan pay torpaq sahəsi verilməsi qərara alınmışdır. 2005-ci ildə iddiaçıya 1,1 ha torpaq sahəsi ayrılmışdır. Həmin dövrdən bu günə kimi onun faktiki istifadəsində və sahibliyindədir. Uzun illərdir həmin torpaq sahəsini Daşınmaz Əməlakın Dövlət Reyestrində qeydiyyata aldırmamışdır İddiaçı həmin torpaq sahəsinin adına qeydiyyata alınması və adına daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etmişdir.Cavabdeh tərəfindən ərizənin icrasından imtina edilərək, iddiaçının məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ərizəyə əlavə olunan sənədlərin yoxlanılması zamanı Aslanova (İmamova) Zeynəb Yusif qızına Lələpaşa bələdiyyə torpağının ehtiyat fondundan bir pay torpaq sahəsi verilməsi barədə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli iclas protokolundan çıxarış qərarı və həmin qərarın arxiv çıxarışı, həmçinin Aslanova (İmamova) Zeynəb Yusif qızına bir pay torpaq sahəsinin verilməsi barədə Qax rayon Lələpaşa bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 saylı iclas protokolundan arxiv çıxarışı olsa da, Qax rayon Aqrar İslahat Komissiyasının qərarının tarixi torpaq islahatı başa çatdıqdan sonrakı dövrə aid olduğundan, X2ndan ayrılmış torpaq sahəsinin koordinatlarının əks olunduğu təsdiqlənmiş hər hansı sxem və ya plan ölçü sənədi təqdim olunmadığından, sözügedən təsərrüfatda islahat aparılan dövrdə vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumat mövcud olmadığından iddia tələbinin icra edilməsi mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli iclas protokolundan görünür ki, iddiaçıya Qax rayon Lələpaşa Bələdiyyə torpağı ərazisindən bir pay torpaq verilmiş və iddiaçının adı subyektlər siyahısına daxil edilmişdir.

3. Qax rayon Lələpaşa bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 saylı iclas protokolundan görünür ki, iddiaçıya bələdiyyə ərazisindən bir pay torpaq sahəsi verilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qax rayonu Lələpaşa kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında İddiaçı adı, eləcə də Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarı aşkar edilməmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-1238/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı naturada göstərdiyi torpaq sahəsi faktiki olaraq 11826 kv.metrdir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında X3 kateqoriyasına aid, uqodiyası çoxillik əkmələr kimi göstərilmiş Tasmalı bələdiyyəsinin (Lələpaşa kəndi) mülkiyyətində olan ərazidir. İddiaçının nümayəndəsinin bildirdiyinə görə hal-hazırda həmin torpaq sahəsi iddiaçı tərəfindən istifadə olunur. Döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi məhkəmə tərəfindən təqdim olunan sxemdə göstərilən torpaq sahəsi ilə qismən uyğunluq təşkil edir. Faktiki istifadə olunan torpaq sahəsi DWG (Mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu planına) faylına əsasən BEF (X2)-na aid əraziyə düşür. NECAS (yeni kadastr sistemi) proqramında Hüquqların dövlət reyestrində qeydiyyatı aparılmış torpaq sahələri ilə üst-üstə düşməsi yoxdur.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil.Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia əsassızdır. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin 2-ci yarımbəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin birinci abzasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin tərkibinə daxil edilmişdir. Həmçinin qanunverici orqan müəyyən etmişdir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir və torpaq torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı istifadə etdiyi 1,10 ha pay torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı, islahat gedən dövrlərdə Mingəçevir şəhərinə ərə getdiyi üçün İslahat komissiyası onu subyektlər siyahısına salınmadığını və nəticədə adı pay torpaq alanların siyahısına olmadığını bildirir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax rayonu Lələpaşa kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında İddiaçı adı, eləcə də Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarı aşkar edilməmişdir. İddiaçının torpaq sahəsindən istifadə etməsi, ona həmin torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun yaranması əsası kimi istinad etdiyi Qax rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə mülkiyyətinə 1.1 ha torpaq sahəsi verilmişdir. Tərtib edilmiş mütəxəssis rəyinə əsasən, sözügedən torpaq sahəsi torpaq sahəsi TEKUİS məlumat bazasında X3 kateqoriyasına aid, uqodiyası çoxillik əkmələr kimi göstərilmiş Tasmalı bələdiyyəsinin (Lələpaşa kəndi) mülkiyyətində olan ərazidir. İddiaçının nümayəndəsinin bildirdiyinə görə hal-hazırda həmin torpaq sahəsi iddiaçı tərəfindən istifadə olunur. Məhkəmə araşdırması zamanı iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair hüququmüəyyənedici sənədin və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən texniki sənədin tərtib olunmadığı müəyyən edilmişdir. Həmçinin,iddia olunan torpaq sahəsinin pay normasına dair hər hansı məlumat aşkar olunmamışdır. Yuxarıda qeyd olunan hallara əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun yarandığına dair əsaslar mövcud olmadığından iddia təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında”Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayonu Lələpaşa kənd ərazisində Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı və Qax rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə ayrılmış 1.1 ha pay torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar