Məhkəmə qərarları › İş №2-1(116)-2741/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2741/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2741/2025 23.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2025-ci il tarixdən iki il müddətinə OFP-yə görə birinci dərəcə məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2025-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və oğlu xx.xx.2009-cu il təvəllüdlü X4 əlillik dərəcəsinin müəyyən edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, ərizə təqdim edərək iddiaçı qismində oğlu xx.xx.2009-cu il təvəllüdlü X2 tanınmasını, iddia tələbini dəqiqləşdirərək, xx.xx.2025-ci il tarixdən iki il müddətinə OFP-yə görə birinci dərəcə məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, X6 (təvəllüdü xx.xx.2009) uşaqlıqdan ağır xəstəlikdən əziyyət çəkir. xx.xx.2023-cü il tarixində AR TƏBİB-in X1 müayinə olunaraq “Yeniyetmə yaşında başlayan emosional pozuntu” (F-98.8) diaqnozu qoyulmuş və psixiatr qeydiyyatına alınması tövsiyə edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində Şəki Rayon Psixiatr Xəstəxanasında eyni diaqnoz təsdiqlənmişdir. E.Balakişiyev dəfələrlə müxtəlif tibbi müəssisələrdə müalicə almışdır. Xəstəliyinin sağalması qeyri-mümkün olmasına baxmayaraq ona əlillik təyin edilməmişdir. xx.xx.2025-ci ildə AR Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında müayinədən keçmiş, lakin xx.xx.2025-ci il tarixli qərarla əlillik təyin edilməsindən imtina olunmuşdur. Qərarda qeyd edilmişdir ki, qoyulmuş diaqnoz əlillik əlaməti təyin etmir. Komissiya ona “Qarışıq dissosiativ (konversiyon) pozuntular, kompulsiv hərəkətlər və funksional tutmalar” diaqnozu qoymuşdur. Bu da xəstəxananın diaqnozu ilə üst-üstə düşmür. Xəstənin valideyni hesab edir ki, imtina qərarı qanunsuz və əsassızdır, çünki Emil anadangəlmə xəstədir və müalicəsi mümkün deyil. Bu da X5 və Şəki Rayon Mərkəzi Xəstəxanasından verilmiş sənədlərlə təsdiqlənir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçının övladı X2 əlillik vəziyyətinə Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Qarışıq dissosiativ (konversion) pozuntularr, Qarışıq dissosiativ konversiona pozuntu tez tez baş verən (həftədə 1-2dəfə) funksional tutmalarla və emosional pozuntularla Əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), əsasən kompulsiv hərəkətlər funksional tutmalarla və emosional pozuntularla Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Nəzərinizə çatdırırıq ki, X2 obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: - Şikayətləri: əsəbilikdən, yuxu və yaddaş pozğunluğundandır. - Dəri və görünən selikli qişaları :solğun - Dərialtı piy qatı : kafi inkişaf etmişdir. - Periferik limfa düyünləri : əllənmir. - Sümük-əzələ sistemi potologiya yoxdur. - Tənəffüs sistemi : ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. - Ürək-qan damar sistemi : Ürək tonları normaldır.AT 120/80 mm.c.süt. - Həzm sistemi : qarnı yumşaq ağrısızdır,qaraciyər və dalaq əllənmir. - Sidikcinsiyyət sistemi : pasternatski simptomu hər iki tərəfdə mənfidir. - Sinir sistemi(psixi status) :Zahirən gərgindir.Kontakta narazı halda qoşulur, verilən suallara ləng cavab verir. Hər şeydən narazıdır, aqressivdir, maraq dairəsi məhduddur.Yuxusu dərmanladır. Status lokalis( status prezent) Bir-neçə ildir ki, xəstədir.Dispanser qeydiyyatdadır.Daimi müalicə qəbul edir. Eyni zamanda bildirilmişdir ki, iddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan hal baş verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul etməyinizi xahiş edirik. Etirazda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na istinad edilmişdir. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu, xx.xx.2025-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sistemdən çıxarış, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli 3961 nömrəli məktubu və ona əlavə olunmuş 2217 saylı rəyi, Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubu. II. X11: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. M a d d ə 69. Məhkəmə qərarının forması və məzmunu 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası”. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları. III. Məhkəmənin Mövqeyi: İddianın mümkünlüyü: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İş materiallarından görünür ki, cavabdeh orqan sonuncu dəfə xx.xx.2025-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina etmişdir. Müvafiq imtina qərarı xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. Cavabdeh orqanın iddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan halın baş verməməsi, ona görə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndini nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsinə dair etirazının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı, ərizə təqdim edərək iddiaçı qismində oğlu xx.xx.2009-cu il təvəllüdlü X2 tanınmasını, iddia tələbini dəqiqləşdirərək, xx.xx.2025-ci il tarixdən iki il müddətinə OFP-yə görə birinci dərəcə məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. Sözügedən formal uyğunsuzluq məhkəmənin iclas protokolunun qərardadı ilə aradan qaldırılmışdır. Məhkəmə qeyd edir ki, əsl iddiaçı olan X6 yetkinlik yaşına çatmadığınıdan hər bir halda o məhkəmədə qanuni nümayəndəsi (əvvəlki İddiaçı tərəfindən ) vasitəsilə təmsil olunacaqdı. Əvvəlki iddiaçının (iddiaçının qanuni nümayəndəsi) hüquqi marağı da yetkinlik yaşına çatmayan uşağına əlilliyin təyin edilməsindən ibarətdir. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçı X2 yaşayış yeri Şəki şəhəri, M.F.Axundov küç., ev 14/10-dur. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciətiniz əsasında xx.xx.2025-ci il tarixində 10 nömrəli Tibbi-sosial ekspert komissiyasının həkim- ekspertləri tərəfindən E.Balakişiyev əyani müayinə olunub. Bu barədə tərtib edilən akt baxılması üçün X7-sosial ekspert komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq, xx.xx.2025-ci il tarixindən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025ci il tarixli 3961 nömrəli məktubu və ona əlavə olunmuş 2217 saylı rəyindən görünür ki, yoxlanılan şəxsin obyektiv müayinəsi. Yoxlanılan şəxsin obyektiv müayinəsi onun vəziyyətinin somatik, nevroloji və psixi cəhətdən qiymətləndirilməsindən ibarətdir. Şikayətləri: Yoxlanılan şəxs yuxusuzluqdan, əsəbilikdən, yaddaşının zəifləməsindən, başında küydən, əhvalının enməsindən şikayət edir. Somatik statusu: Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və gözə görünən selikli qişalar adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Sol qolunun said nahiyəsində özünə yetirmiş olduğu köhnə kəsik izləri müşahidə edilir. Nevroloji status: Mərkəzi sinir sistemi tərəfindən ocaqlı üzvi zədələnmə əlamətləri qeyd edilir. Psixi status: Zahirən gərgin və narahat görünür. Düşüncəsi kobud pozulmayıb. Bələdliyi zamana, məkana, özünə görə kifayət həcmdədir. Ünsiyyətə həvəssiz, qıcıqlı tərzdə daxil olur. Verilən suallara mahiyyətinə uyğun, əsasən qısa cavablar verir. Nitqi ardıcıldır. Bəzən bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, eyni fikir üzərində fiksasiya olunur. Müayinə zamanı produktiv psixopatolojı əlamətlər (qavrama pozuntuları, sayıqlama ideyaları və s.) aşkar olunmur Əhvali-ruhiyyə fonu dəyişkəndir. Affektiv reaksiyalara meyllidir. Qıcıqlara qarşı həssaslığı yüksəlmişdir, gözlənilməz emosional reaksiyalar qeyd olunur. İntellektual pozuntular müəyyən edilmir. Yaddaşı ilə əlaqədar bir sıra şikayətlər təqdim edir. Müayinə zamanı kobud yaddaş pozuntusu qeyd olunmur. Diqqəti tez yayınır, emosional gərginlik fonunda konsentrasiyası çətinləşir, assosıativlik zəifləyir. Hərəkətlərində vaxt-vaxt kompulsıv xarakterli sayrışan ritual elementlərifəl hərəkətlərinin təkrarı) izlənilir. Sayıqlama səviyyəsinə çatmayan obsessıv düşüncələr mövcuddur(hər şeydən iyrənir, buna görə çox vaxt yemək yemir, atasından başqa hər kəsin çirkli olduğunu, ona toxunsalar ziyan verəcəklərini düşünür). Yuxusu pozulmuşdur. Qərarsızlıq, impulsiv meyllər, emosional partlayışlar müşahidə olunur. Kompulsiv ritual davranışlar gündəlik həyat fəaliyyətini məhdudlaşdırır. Funksional tutmaları təsvir edir, obyektiv müayinə zamanı epileptik tutmalardan differensasiya olunur. Özünü qiymətləndirmə qeyri sabitdir, özünə qarşı tənqidi münasibət qismən qorunub. Nəticə hissə: Yoxlanılan şəxs X4 qoyulmuş “Qarışıq dissosiativ (konversion) pozuntular, tez-tez baş verən (həftədə 1-2dəfə) funksional tutmalarla və emosional pozuntularla (F44.7), Uşaq yaşında digər emosional pozuntular (F93.8), Əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), funksional tutmalarla və emosional pozuntularla (F42.1)” diaqnozu əyani müayinə zamanı öz əksini tapır. İş materiallarında olan Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, əlillik dərəcəsinin müəyyən edilməsi üçün Emil Balakişiyevə qoyulmuş F44.7- Qarışıq dissosiativ (konversion) pozuntular, qarışıq dissosiativ pozuntu tez-tez baş verən (həftədə 1-2dəfə) funksional tutmalarla və emosional pozuntularla və F42.1- Əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), funksional tutmalarla və emosional pozuntularla diaqnozları Əlilliyin müəyyən olunması meyarları”nın 7.5 maddəsinin 7.5.1.1. bəndinə düşür. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. İddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi ona qoyulmuş diaqnozlara dair F44.7 (Qarışıq dissosiativ (konversion) pozuntularr, Qarışıq dissosiativ konversiona pozuntu tez tez baş verən (həftədə 1-2dəfə) funksional tutmalarla və emosional pozuntularla), F93.8 (Uşaq yaşında digər emosional pozuntular, emosional pozuntular) və F42.1 (Əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), əsasən kompulsiv hərəkətlər funksional tutmalarla və emosional pozuntularla) XBT kodlarına istinad etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə F44-F42 XBT kodları 7.5-ci bənddə (Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular) təsnif edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-2741/2025 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-yə həvalə edilmişdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli 3961 nömrəli məktubu və ona əlavə olunmuş 2217 saylı rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs X3 Qarışıq dissosiativ (konversion) pozuntular, Qarışıq dissosiativ konversiona pozuntu tez tez baş verən (həftədə 1-2dəfə) funksional tutmalarla və emosional pozuntularla, Uşaq yaşında digər emosional pozuntular, emosional pozuntular, Əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), əsasən kompulsiv hərəkətlər funksional tutmalarla və emosional pozuntularla ilə müəyyən edilir. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndərişdə qeyd edilmiş diaqnozlar düzgündür. Müəyyən edilir ki, “Qarışıq dissosiativ (konversion) pozuntularr, Qarışıq dissosiativ pozuntu tez tez baş verən (həftədə 1-2dəfə) funksional tutmalarla və emosional pozuntularla və əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), əsasən kompulsiv hərəkətlər funksional tutmalarla və emosional pozuntularla” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.5.1.1-ci bənddə (2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)) nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35–60% həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) müəyyən edilmişdir. Məhkəmə diqqətə çəkir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən iddiaçı X2 barəsində Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli göndərişində göstərilən xəstəlik xüsusatlarını təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında iddiaçı X2 əlillik vəziyyətinin Şəki Rayon Psixiatriya Xəstəxanasının göndərişi əsasında qiymətləndirildiyini bildirmişdir. Cavabdehin imtinasını əsaslandırmaq üzrə təqdim etdiyi dəlil (diaqnoz əlilik təyin etmir) formal mülahizələrə söykənən haldır. Daha dəqiq desək, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində 7.5-ci maddəsinin (bənd7.5.1.1) F-42.1 və F-44.7 kodu altında nəzərdə tutulur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq iddiaçı X4 müvafiq əlillik təyinatından imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 35 – 60 % pozulması ilə) müəyyən edilməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2025-ci il tarixdən 2 il müddətinə OFP-nın İ-ci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh PHŞ-nin üzərinə iddiaçı X4 xx.xx.2025-ci il tarixdən 2 il müddətinə OFPnin birinci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar