Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-275/2021 09.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun, Məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı1 Cavabdehnə qarşı “şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında olan şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında olan şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı doğum haqqında şəhadətnaməsini itirdiyi üçün özünə dair başqa heç bir sənədi yoxdur. İddiaçı doğum haqqında şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan ona verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 22.08.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən vətəndaşlıq vəziyyəti aktrarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərə əsasən bildirilmişdir ki, şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsi Şöbənin imkanı xaricindədir. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyi iddiaçıya tövsiyyə etmişdir. Məhkəmənin 07 oktyabr 2020-ci i l tarixli, 2-1(116)-1492/2020 nömrəli sərəncamı tərəflərə göndərilmiş, sərəncamla cavabdeh orqandan iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirilməsi, iddiaçının doğum haqqında akt qeydinin təsdiq edilmiş surəti və iddiaçının ailə vəziyyətinə dair arayışı, İddiaçı1 isə özünə aid sənədlərin (hərbi bilet, ümumvətəndaş pasportu, nikah haqqında şəhadətnamə, valideynlərinin doğum haqqında şəhadətnamələri və s.) əsli və ya notarial qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. İddiaçı məhkəməyə 30.10.2020-ci il tarixdə məktub ünvanlayaraq qeyd etmişdir ki, 1993-cü ildə onun anadan olduğu Ağdam rayonu ermənilər tərəfindən işğal olunduğu üçün o, atası və anası onlara aid sənədləri evdən götürə bilməmişlər. Bu səbəblə də sərəncamda qeyd olunan sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı məktubuna qardaşı və atasının “Ölüm haqqında” şəhadətnamələrinin surətini, özünün “Doğum haqqında” şəhadətnaməsinin surətini əlavə edərək məhkəməyə ünvanlamışdır. Cavabdeh orqan məhkəməyə ünvanladığı 27.10.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, X3 nikahı və övladları haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və akt qeydləri aşkar olunmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iddiaçı bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh orqan məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və iddiaçının məhkəməyə ünvanladığı ərizələri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan 380152 nömrəli “Öülm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 05.07.1992-ci ildə Əsgəran rayonunda ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 05.07.1992-ci ildə 201-ci nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan 344792 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 23.02.2009-cu ildə vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında 27.02.2009-cu ildə 117-ci nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan ******* nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı1 29.09.1967-ci ildə Ağdam rayonunda anadan olmuşdur. AtasıX6, anası X1r. Sənəd Ağdam rayon zaqs bürosu tərəfindən 29.10.1967-ci ildə verilmişdir. İş materiallarında olan Cavabdeh 29.09.2015-ci il tarixli arayışından görünür ki, X4 07.03.2010-cu ildə vəfat etmişdir. İş materiallarında olan 443 nömrəli akt qeydinin surətindən görünür ki, İddiaçı1 29.09.1967-ci ildə Ağdam şəhərində anadan olmuşdur (sənəddə adı “Cəmil” olaraq qeyd edilmişdir). İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin 07.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Xidmətin Mingəçevir şəhər şöbəsinin qeydiyyat sənədlərində 1967-ci il təvəllüdlü İddiaçı1 adı yoxdur və bu səbəbdən tələb etdiyiniz sənəd surətinin göndərilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı 29.06.2021-ci il tarixli məktubda qeyd edilir ki, İddiaçı1 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İddiaçıya 16.02.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq qeyd edilmişdir ki, iddia ərizəsi ilə əlaqədar məhkəmənin 07.10.2020-ci il tarixli 2-1(116)-1492/2020 nömrəli məktubuna əsasən iddiaçı özünə məxsus АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətini göndərmişdir. Onda doğum haqqında şəhadətnamənin surəti olduğu halda hazırkı iddianı qaldırmaqda məqsədi nədir? Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı göstərilməsi ona dəlalət edir ki, maraqlı şəxs dedikdə tək şəxsin özü deyil haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslərdə müraciət edə bilərlər. Belə ki, sadalanan şəxslərdən biri (qohum və s.) ona təkrar şəhadətnamə verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etməli, imtina olunduqda isə iddiaçı öz adından məhkəməyə iddia verərək, iddiaçının təkrar şəhadətnaməsinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürməlidir. Yuxarıda qeyd olunanlarla bağlı münasibət bildirməsi üçün iddiaçıya 30 gün vaxt verilmişdir. İddiaçı yardım məktubunu aldıqdan sonra məhkəməyə 16.03.2021-ci il tarixdə məktub ünvanlayaraq qeyd etmişdir ki, 16.02.2021-ci il tarixli məktubda qeyd olunan A3 seriyalı ******* seriyalı doğum haqqında şəhadətnamənin ksero surəti iddiaçıya məxsusdur. İddiaçı həmin sənədin əslini itirmiş, onu almaq üçün Cavabdehnə müraciət etmiş, ona şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnaməni verməkdən imtina olunmuş, bu haqda da iddiaçıya imtina məktubu verilib, izah olunub ki, şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnaməni yalnız məhkəmə qərarı əsasında əldə etmək mümkündür. Məhkəmə iddiaçıya yenidən 31.03.2021-ci il tarixdə yardım məktubu (ikinci yardım məktubu) ünvanlayaraq qeyd etmişdir ki, iddia tələbini yaxın qohumlarından biri qaldırmalı və tələb də “Sizə şəxsiyyə vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qeyd edilməlidir. Qeyd edilənlərlə bağlı münasibət bildirməsi üçün iddiaçıya 10 gün vaxt verilmişdir. Məhkəməyə 21.04.2021-ci il tarixdə İddiaçı2 tərəfindən ərizə daxil olmuş və ərizədə İddiaçı1 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin verilməsi xahiş edilmişdir. Məhkəmənin 26.05.2021-ci il tarixdə keçirilən iclasında iddiaçıya yenidən məktub yazılmasına zərurət yarandığından məktuba cavab gələnədək iclas təxirə salınmışdır. Məhkəmə iddiaçıya 26.05.2021-ci il tarixdə yenidən (üçüncü yardım məktubu) yardım məktubu ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı2 21.04.2021-ci il tarixli ərizə ilə müraciət etsə də, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən ərizəsi İnzibati Prosessual Məcəllənin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir. İddiaçı2 ərizəsində iddiaçı, cavabdeh göstərilməmişdir. Həmçinin, İddiaçı2 tərəfindən Cavabdehnə də müraciət olunmayıb. Odur ki, İddiaçı2 ilk öncə Cavabdehnə müraciət etməli, inzibati orqan tərəfindən imtina verilərsə, həmin imtina məktubunu məhkəməyə göndərməlidir. İddia tələbi də “şəxsiyyət vəsiqəsi olmadan qardaşım İddiaçı1 doğum haqqında şəhadətnaməsinin mənə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qeyd olunmalıdır. Yuxarıda qeyd olunanlarla bağlı münasibət bildirilməsi üçün iddiaçıya və İddiaçı2 10 gün vaxt verilmişdir. Yardım məktubu iddiaçı və İddiaçı2 tərəfindən 03 və 04 iyun tarixlərində alınmasına baxmayaraq məktubda qeyd olunanlarla bağlı münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya və İddiaçı2 yenidən 24.06.2021-ci il tarixdə (dördüncü yardım məktubu) məktub ünvanlanmış, həmin məktuba da münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində deyilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsində deyilir ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İşdən görünür ki, İddiaçı1 doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə ərizə ilə Cavabdehnə müraciət etmiş, lakin həmin Şöbə təkrar şəhadətnamə verməkdən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, iddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim etməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı göstərilməsi ona dəlalət edir ki, maraqlı şəxs dedikdə tək şəxsin özü deyil haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslər də müraciət edə bilərlər. Belə ki, sadalanan şəxslərdən biri iddiaçıya təkrar şəhadətnamə verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etməli, imtina olunduqda isə öz adından məhkəməyə iddia verərək, iddiaçının təkrar şəhadətnaməsinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.7-ci bəndinin ikinci cümləsinə əsasən, 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin Qaydanın 9.8-ci bəndinə əsasən, qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Göründüyü kimi, mövcud normalarda şəxsiyyət vəsiqəsi təqdim edilmədən təkrar şəhadətnamənin verilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, İddiaçı1 şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə məhkəməyə hazırkı iddianı verən şəxsin İddiaçı1 olmasını da müəyyən etmək mümkün deyil. Hazırkı iddianın məhkəmə qərarı ilə təmin ediləcəyini ehtimal etsək belə, bu qərarın icrasının hansı qaydada həyata keçiriləcəyi, doğum haqqında təkrar şəhadətnamənin kimə təqdim ediləcəyi, qərarın icrası üçün gələn şəxsin İddiaçı1 olub-olmamasının necə müəyyən ediləcəyi məlum deyil. Bu səbəbdən iddianız mümkün sayıla bilməz. İddiaçının doğum haqqında təkrar şəhadətnaməni almaqda məqsədi onu polis orqanlarına təqdim etməklə şəxsiyyət vəsiqəsi almaqdan ibarət olduğuna görə izah edilmişdir ki, şəxsiyyət vəsiqəsi təqdim etmədən doğum haqqında təkrar şəhadətnamə almağı mümkün olmasa da, doğum haqqında şəhadətnamə təqdim etmədən şəxsiyyət vəsiqəsi alması mümkündür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 23.10.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə" ilə aşağıdakılar müəyyən edilmişdir. 2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. 2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. 2.7. Vəsiqə verən orqanın məsul əməkdaşı vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) barədə ərizə-anketinin düzgün doldurulduğunu yoxlayır. Vətəndaşın ərizə-anketindəki məlumatlar ondan əlavə sənəd tələb edilmədən, İAMAS-da toplanılan və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, X8 Sistemi və digər dövlət informasiya resursları tərəfindən İAMAS-a təqdim olunan məlumatlar əsasında yoxlanılır. 2.8. Vətəndaşın ərizə-anketindəki hər hansı məlumatın İAMAS-da toplanılan məlumatlar əsasında yoxlanılması mümkün olmadıqda, həmin şəxs barədə toplanılmış müvafiq fərdi məlumatlar İAMAS vasitəsilə bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş aidiyyəti dövlət informasiya sisteminə ötürülür və həmin sistem tərəfindən zəruri məlumatlar müəyyən edilərək İAMAS-a təqdim edilir. 2.9. Vəsiqə verən orqanın məsul əməkdaşı vətəndaşın ərizə-anketi üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşın fotoşəkli və əl-barmaq izləri ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. Bundan başqa, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununda deyilir ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (1.1-ci maddə). Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. (1.2-ci maddə) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3-cü maddə). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4-cü maddə). İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz (24.5-ci maddə). Sadalanan normaların birgə təhlilindən görünür ki, şəxs şəxsiyyət vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanlarına müraciət etdiyi zaman doğum haqqında şəhadətnaməsini təqdim edə bilmədikdə, həmin orqan başlanmış inzibati icraat çərçivəsində özü bu sənədi əldə etməli və şəxsiyyət vəsiqəsinin verilməsi məsələsini həll etməlidir. Ona görə də iddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün yaşayış yeri üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanına müraciət edə bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə tərəfindən iddiaçıya ünvanlanan yuxarıda sadalanan ilk yardım məktubuna münasibət bildirilsə də, məktubda qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. İkinci yardım məktubu da cavablandırılmasına baxmayaraq, məktublarda qeyd edilən nöqsanlar tam olaraq aradan qaldırılmamış və bu barədə yenidən məktublar tərtib edilərək ünvanlanmışdır. Məhkəmə tərəfindən göndərilən sonuncu (3-cü və 4-cü) məktublar isə ümumiyyətlə cavablandırılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı1 Cavabdehnə qarşı “şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında olan şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-275/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-275/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver